Birinin məşğulluğuna dəstək, o birinin sağalmasına kömək...

 

“Nəfəs” İctimai Birliyi yarandığı ilk gündən ətrafına könüllüləri toplayaraq fəaliyyət göstərir. İnsanlara yardım etmək, eyni maraqlar uğrunda birləşmək bu kollektivi bir araya gətirib. Ötən müddət ərzində ictimai birlik yüzlərlə insana və ailələrə maddi-mənəvi dəstək olub, onların arzularını reallaşdırıb. Təşkilatın məqsədi ölkəmizin sosi­al, ictimai və mədəni həyatında əhəmiyyətli işlər görərək dövlətə dəstək olmaqdır. Bugünlərdə Vətən müharibəsi qazisi üçün çox nəcib və faydalı bir işə imza atıldığını eşit­dik. Təşəbbüskarlardan biri, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva bununla bağlı dedi ki, söhbət tor­paqlarımızın işğaldan azad edilməsi uğrunda ordumuzun apardığı 44 günlük müharibədə şərəfli döyüş yolu keçən qazimiz Camal Alxasovdan gedir...

...Qubadlıda vəhşi düşmənlə ölüm-dirim savaşında ağır yaralanan Camal aldığı minamyot zərbəsindən hər iki ayağını itirir. Çox ağır vəziyyətdə Qubadlı səhra hospitalına gətirilən qazimizə ora­da ilkin yardım edilsə də, paytaxta çatdırılması məqsədəuyğun hesab edilir. Qazinin həyatını onu Bakıya – Silahlı Qüvvələrin Baş Klinik Hospi­talına çatdıraraq xilas edən şəxs isə Vətən müharibəsi boyunca könüllü olaraq ön cəbhədə yaralılarımıza tibbi xidmət göstərən “Huner Qroup”un təsisçisi və direktoru Ehtiram Quliyev olur.

Qazi ilə aralarında dərin mənəvi bağlılıq yarandığından, sağaldıqdan sonra da Camalı tez-tez ziyarət edən Ehtiram Quliyevə “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva da qoşulub. Qazinin məişət şəraiti ilə tanış olub, arzusunu, istəyini dinləyiblər. Hər iki şəxs əl-ələ verib Camalın istəyi üzrə onun ümdə arzu­sunu reallaşdırıblar. Belə ki, Sum­qayıt şəhərində yaşayan qazimizin məşğuliyyəti üçün evinin yaxınlığında ikimərtəbəli bina inşa olunub, təmir edilib və bütün lazımi avadanlıqlarla təchiz olunaraq təhvil verilib. Binanın birinci mərtəbəsində avtomobil və xalça yuma xidməti göstərilir, ikin­ci mərtəbədə isə mövsümə uyğun olaraq internet klubu fəaliyyətə başlayacaq.

Firəngiz Balakişiyeva deyir ki, dövlətimiz tərəfindən qazilərə və şəhid ailələrinin övladlarına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Onların mənzil, məişət və məşğulluq problemləri yetərincə həll edilir. Amma cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, həssas kateqoriyadan olanlara dövlətdən başqa hər bir məmur və vətəndaş da diqqət və qayğı göstərməlidir. Şəhid ailələrinə və qazilərə həssas yanaş­maq hər birimizin vətəndaşlıq və insanlıq borcudur. Biz də bu prinsipə sadiq qalaraq, qazimizin yaşayışı­nı dəyişdirmək istədik və buna nail olduq. Vətən müharibəsində sağlamlı­ğını itirən bütün qazilərimizə Allahdan şəfa diləyir, onlara minnətdarlığımızı bildirirəm. “Əzizim Camal, bu gün müstəqil Azərbaycan sənin ayaqları­nın üstündə irəliyə gedir! Odur ki, nə qədər canımızda can varsa, biz siz qazilərə borcluyuq və çox təşəkkür edirik!” – deyirəm.

Firəngiz xanım deyir ki, həmişə şəhid ailələri və Vətən müharibəsi qazilərinin yanında olmaqdan şərəf və qürur duymuşam. “Bizə başucalığı gətirən şəhidlərimizin əmanətlərini qorumaq hər bir vətəndaşın borcudur. Qeyd edim ki, birliyimiz tərəfindən ötən il 300-dən çox şəhid və qazi ailəsi ziyarət olunub, 50-yə yaxın qazinin müayinə və müalicə xərcləri qarşılanıb, həmçinin 8 qazinin əməliyyatı həyata keçirilib. Eyni zamanda, 50-dən çox şəhid və qazi ailəsinə birdəfəlik maddi dəstək göstərilib və 1 şəhid övladı birlik tərəfindən himayəyə götürü­lüb. Aztəminatlı ailələrdən olan 62 tələbənin təhsil xərcləri ödənilib və 100-dən çox ailənin sosial qayğılarına dəstək göstərilib. Biz yardımsevər in­sanları bir araya toplayaraq ölkəmizin sosial, ictimai və mədəni həyatında əhəmiyyətli işlər görmək, xüsusi qayğıya ehtiyacı olan insanlara, heyvanlara, təbiətə, bir sözlə, bütün canlı aləmə yeni “nəfəs” vermək və bu şəkildə öz dəstəyimizi göstərmək istəyirik”.

Yeri gəlmişkən, xatırladaq ki, “Nəfəs” İctimai Birliyi iyun ayında Hadrut uğrunda gedən döyüşlərdə həyatından keçən qəhrəman şəhidimiz İbrahim Hüseynlinin ailəsinə də dəstək olub. Belə ki, dövlət tərəfindən ailəyə bağışlanan mənzili yaşayış üçün zəruri olan mebel və avadanlıqlarla təmin edib, yaşayış üçün hazır vəziyyətə gətiriblər. “Şəhidimizin özü kimi mərd yoldaşı Sürfanə xanımı və doğulduğu gündən etibarən himayəmizdə böyüyən, atasının son arzusuna əsasən, Alituran adı verilən balamızı yeni evinə köçürdük. Dəyərli ailəmizə yeni mənzilində qayğısız, sevincli günlər arzu edirik” – deyir Firəngiz xanım.

Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olan şəhid İbrahim Hüseynli Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğ­runda” və “Xocavəndin azad olunma­sına görə” medalları ilə təltif edilib.

...Gültəkin xanım barbar qonşularımızın təcavüzü nəticəsində uzun illər çadır şəhərciyində,yataqxanalarda yaşa­malı olub. Antisanitariya, aclıq, çətin şərait və digər problemlər nəticəsində dəfələrlə malyariya xəstəliyinə tutu­lub. Həyatda mübariz olub savaşmaq və təslim olmaq var. Gültəkin xanım birinci yolu seçib.

Firəngiz xanım məhz bu mübarizliyinə görə ona çox hörmət edir. “Onun, bəlkə bir çoxumuz kimi uşaqlıqdan bəxti gətirməyib” – deyir… Qara ciyəri fəaliyyətini dayandıran, ayaqları tutulan köçkün xanım uzunmüddətli müalicələrə baxmayaraq, ayaqüstə dura bilmir və yatağa bağlanır. Amma ümidini üzmür. Son anda “Nəfəs” İctimai Birliyinə zəng edir və deyir ki, qara ciyərim dəyişdirilməlidir, donorum qardaşım olacaq. Gültəkin, eyni zamanda, əməliyyat üçün müəyyən vəsaitə ehtiyac olduğunu bildirir. Bir neçə gün sonra lazımi vəsait xanımın hesabına köçürülür və Gültəkin əməliyyata girir... Bu gün sağalıb ayağa qalxan və gül balalarını bağ­rına basan Gültəkinin bu halından qürur duyan F. Balakişiyeva deyir: “Bütün çətin günlər artıq arxada qaldı, Gültəkin xanım!” Əlavə edir ki, mən ona həyatının qalan günlərini sağlam, xoş və firavan yaşamağı arzu edirəm. Qoy, həyat ondan aldığı uşaqlığını, sağlamlığını, gözəl günlərin əvəzini artıqlaması ilə geri versin.

Biz də deyirik, Allah sizin kimi insanlıq nümunəsi olan QHT rəhbərlərindən də razı olsun ki, dara düşənin harayına Simurq quşu kimi çatır, bu əməlinizlə, həm şəhid ailələri və qazilərə, həm də dövlətin apardığı sosial siyasətə dəstək olursunuz. Birinin məşğulluğuna dəstək, başqa­sının sağalmasına səbəb olursunuz. Birini himayənizə alır, digərinin təhsil xərclərini ödəyirsiniz. Bu yolda sizə uğurlar arzulayır, “işiniz həmişə avand olsun, Firəngiz xanım” – deyirik.

 

Zərifə BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2022.- 13 avqust.- S. 11.