Dinamik inkişaf Azərbaycanı
daha da gücləndirir
Prezident İlham Əliyevin Azərbaycanın bölgələrinə daim səfər etməsi, müxtəlif təyinatlı sosial-iqtisadi müəssisələrin açılışı mərasimlərində insanlarla görüşməsi, onların qayğıları, problemləri ilə dərindən maraqlanması, bununla əlaqədar imzaladığı sərəncamlar, müvafiq strukturların nümayəndələrinə verdiyi tapşırıq və tövsiyələr xalq – Prezident birliyinin möhkəmlənməsində mühüm önəm daşıyır.
Bu qayğı və diqqət bölgələrimizə yeni nəfəs gətirməklə yanaşı, yeni inkişaf imkanları da açır, rayon mərkəzləri və kəndlərin tərəqqisi üçün yeni vəzifələr müəyyənləşdirir. Şübhəsiz ki, belə hal həm ölkənin getdikcə güclənməsinə, regionların inkişafına, əhalinin rifahının daha da yaxşılaşmasına, həm də xalq-iqtidar vəhdətinin sarsılmazlığına müsbət təsir göstərir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərləri də bu baxımdan xüsusi əhəmiyyəti ilə diqqət çəkir. Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanışlıq zamanı dövlətimizin başçısına və birinci xanıma bu ölkə əhəmiyyətli memarlıq abidəsinin bərpası ilə bağlı görülən işlər barədə verilən məlumat da bir daha göstərdi ki, Azərbaycanda tarixi yadigarlara ən yüksək səviyyədə qayğı göstərilir. Bu, təsadüfi deyil. Çünki Prezident İlham Əliyev bu məsələni daim diqqət mərkəzində saxlayır, bütün qədim maddi-mədəni dəyərlərə, eləcə də sovet vaxtında tikilən abidələrə xalqımızın milli sərvəti kimi yanaşır: “Bu abidələr bir daha onu göstərir ki, Azərbaycanın çox qədim tarixi, qədim mədəniyyəti var. Çünki ancaq yüksək mədəniyyətə sahib olan insanlar belə tikililər inşa edə bilərdilər…
Yeri gəlmişkən, Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsinin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.
Xatırladaq ki, abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva səfər çərçivəsində İsmayıllıda “Basqal Resort & Spa” otelinin açılışında iştirak edib, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində aparılan və icrası nəzərdə tutulan tikinti-bərpa işləri ilə tanış olublar. Dövlətimizin başçısı həmin gün, eyni zamanda, Ağsu şəhərindəki Gənc Sənətkarlar Mərkəzinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.
Bütün bunlar Azərbaycanın tarixi əzəmətinin qorunması ilə bərabər, həm də bu cür unikal məkanların gələcəkdə respublikamızın turizm mərkəzlərindən biri kimi tanınmasını şərtləndirir. Bu, ilk növbədə, ölkəmizdə turizm sənayesinə mühüm önəm verilməsi ilə bağlıdır. Çünki müstəqil Azərbaycan Respublikasında qeyri-neft sektorunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Dövlətimiz tərəfindən həyata keçirilən proqramlar və tədbirlər də müvafiq olaraq qeyri-neft sektorunun inkişafına kömək edir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olaraq turizm hökumətimizin hər zaman diqqət mərkəzindədir. Ölkəmizin təbii-coğrafi şəraiti, malik olduğu maddi-mənəvi resurslar, həmçinin tarixən formalaşmış adət-ənənələri bu sahənin inkişafı üçün zəmin yaradır.
Prezident İlham Əliyevin avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlığı isə bir daha göstərdi ki, hazırda ölkəmizin kənd təsərrüfatı aqroparkların yaradılması ilə yeni mərhələyə daxil olub. Bu müəssisələr qısa müddət ərzində aqrar sektorun, ümumilikdə ölkə iqtisadiyyatının inkişafına mühüm təsir göstərib. Respublikada aqroparkların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilib, vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verilməsi, lizinq əsasında ayrılan texnika və avadanlıqlara görə güzəştlərin tətbiq olunması sahənin tərəqqisini stimullaşdırıb.
Aqroparklar torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, yeni istehsal və emal sahələrinin yaradılması, müasir suvarma sistemlərinin tətbiqi üçün innovativ və əlverişli mexanizmdir. Bu baxımdan həmin müəssisələrin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində rolu getdikcə gücləndirilir, sahibkarlığın inkişafı, kiçik, orta və iri təsərrüfatların qarşılıqlı faydalı əməkdaşlığı üçün əlverişli platformaya çevrilməsinə xüsusi önəm verilir.
Ümumiyyətlə, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.
Yeri gəlmişkən, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.
İndiyədək aqroparklara 1,3 milyard manat özəl
investisiya qoyulub. Bununla yanaşı, dövlət
tərəfindən aqroparklara
müvafiq dəstək
tədbirləri görülüb.
Belə ki, investisiya təşviqi sənədi almış
27 aqroparkdan 26-na texnika,
texnoloji avadanlıqlar
və qurğuların
idxalına görə
43,7 milyon manat dəyərində güzəşt
tətbiq olunub, 25 aqroparkın yaradılması
və ya fəaliyyətinin genişləndirilməsi
üçün 184,2 milyon
manat güzəştli
kredit verilib.
Prezident İlham Əliyev avqustun 12-də İsmayıllı
rayonunun Basqal qəsəbəsində Azərbaycan
Televiziyasına verdiyi
müsahibədə isə
əvvəlcə bu səfəri ilə bağlı təəssüratlarını
bölüşüb. Dövlətimizin başçısı bölgələrə
səfərlərinin müntəzəm
xarakter daşıdığını,
bunun yerlərdə həm vəziyyətlə
maraqlanmaq, həm də əlavə göstərişlər vermək
baxımından böyük
əhəmiyyətə malik
olduğunu bildirib.
“Gedən işlərə,
bildiyiniz kimi, özüm nəzarət edirəm və son illər ərzində bütün bölgələrdə
quruculuq-abadlıq işləri
daha geniş vüsət almışdır.
Bu gün Ağsu, İsmayıllı rayonlarına
səfərim çərçivəsində
burada görülmüş
və görüləcək
işlər haqqında
həm göstərişlər
verilmişdir, eyni zamanda, məruzələr
edilmişdir”,-deyə ölkə
rəhbəri vurğulayıb.
Azərbaycan Prezidenti müsahibəsində
son illərdə hər
iki rayonda böyük infrastruktur layihələrinin icra edildiyini, infrastruktur layihələrinin əsas
hissəsinin başa çatdırıldığını, istər qazlaşdırma,
istər elektrik enerjisi, istərsə də su təchizatı
və yolların tikintisi ilə bağlı çox böyük layihələrin
uğurla gerçəkləşdirildiyini
diqqətə çatdırıb.
Ölkə rəhbəri sosial infrastrukturla bağlı da böyük layihələrin reallaşdırıldığını
xatırladıb. Dövlət başçısı Ağsuda
və İsmayıllıda
160 çarpayılıq xəstəxana
tikildiyini, 100-ə yaxın
məktəb inşa edildiyini, ya da əsaslı şəkildə təmir
olunduğunu bildirib və iş yerlərinin yaradılmasına
da xüsusi əhəmiyyət verildiyini
qeyd edib.
Prezident İlham Əliyev müsahibəsində ərzaq
təhlükəsizliyi ilə
bağlı sualı da ətraflı cavablandırıb. Dövlətimizin başçısı ölkə iqtisadiyyatının
dünya iqtisadiyyatına
inteqrasiya edilərək
bazar iqtisadiyyatının
bütün təməl
prinsiplərinə əməl
olunduğunu və bunun nəticəsində mühüm uğurlar– ümumi daxili məhsulunun əksər hissəsinin yerli şirkətlər, xarici investorlar tərəfindən
əldə edildiyini söyləyib. Dövlət
başçısı belə
olan halda isə təbii ki, dünyada gedən istənilən iqtisadi prosesin Azərbaycana da təsirsiz ötüşmədiyini
bildirib: “Dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir. Bu il dünyanın
əksər ölkələrində
inflyasiya ikirəqəmli
inflyasiyadır. Bildiyiniz kimi,
inkişaf etmiş ölkələrdə inflyasiya
çox aşağı
səviyyədə olur.
İndi
biz, hətta o ölkələrdə
ikirəqəmli inflyasiyanı
görürük.
Ərzaq mallarının qiymətinin
qalxması da Azərbaycana bir növ, - əgər belə demək mümkündürsə, - idxal
olunub. Çünki biz hələ də
özümüzü tam, yəni
100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilmirik. Ancaq bu istiqamətdə
ardıcıl işlər
aparılır…”.
Prezident
İlham Əliyev sözügedən istiqamətdə
görülən tədbirlərin
nəticələrindən danışarkən, bu gün respublikada özümüzü ət
məhsulları ilə
90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin
etdiyimizi diqqətə
çatdırıb və
növbəti 3-5 il ərzində həmin göstəricilərin yüz
faiz səviyyəsinə
qaldırılacağına əminliyini ifadə edib. Dövlətimizin başçı daha sonra deyib: “Amma əfsuslar olsun ki, biz özümüzü
taxılla hələ
uzun illər tam təmin edə bilməyəcəyik. Özümüzü buğda ilə təminetmə əmsalı
Azərbaycanda bu ilin əvvəlinə 62 faiz idi. Məhz bu məqsədlə xüsusi proqram işlənib hazırlandı,
yeni növ subsidiyaların tətbiq edilməsinə start verildi
və bunun nəticəsində əminəm
ki, ərzaqlıq buğdanın Azərbaycanda
istehsalı kəskin
artacaq. Ancaq bu, vaxt tələb edəcək.
Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq
buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin
dünya bazarlarında
qalxması bütün
ölkələrə təsir
göstərir…”.
Ölkə rəhbəri dünyada ərzaq təhlükəsizliyinə
Rusiya–Ukrayna müharibəsinin
müəyyən təsir
göstərdiyinə baxmayaraq,
Azərbaycanda bu sahədə heç bir problemin nəzərə
çarpmadığını, rusiyalı tərəfdaşlarımızla
əldə edilən razılaşmalar nəticəsində
respublikamıza istənilən
qədər həm gübrə, həm də taxıl ixrac edildiyini bildirib.
Prezident İlham Əliyev müsahibəsində erməni
işğalından azad
edilən torpaqlarımızda
kənd təsərrüfatının
inkişafı ilə
bağlı görülən
və görüləcək
tədbirlər barədə
də ətraflı danışıb. Dövlətimizin
başçısı, eyni
zamanda, avqustun əvvəllərində erməni
təxribatı nəticəsində
Qarabağda qarşıdurma
baş verməsi ilə bağlı fikirlərini də bölüşüb: “Ermənistan
tərəfi növbəti
dəfə silahlı
təxribata əl atdı. Bu hərbi
təxribat nəticəsində
bir hərbçimiz şəhid oldu. Allah ona rəhmət
eləsin. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas”
əməliyyatı keçirərək
şəhidimizin qanını
aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq.
Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza
tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha
başa gəldi və onlar bunu
unutmamalıdır. Əgər
yenə də buna oxşar təxribat törədilərsə,
cavab da eyni olacaq və
heç kim
bizə mane ola bilməz, heç kim bizi durdura
bilməz. Biz öz torpağımızda istənilən
əməliyyatı istənilən
zaman apara bilərik…”.
Ölkə rəhbəri müsahibədə
10 noyabr 2020-ci il tarixli Bəyannamədə nəzərdə
tutulan tədbirlərin
Ermənistan tərəfindən
reallaşdırılması vəziyyəti haqqında
da fikirlərini diqqətə çatdırıb
və bu ölkəyə reallıqdan
irəli gələn mesajlarını da ünvanlayıb.
İlqar HƏSƏNOV,
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 14 avqust.- S. 1;
2.