“Xalq qəzeti”:
103 illik tarixi marafonda rekord göstərici
Bu gün qəzetimiz 30 mininci
sayını oxuculara təqdim edir
Respublikada qəzetçilik ənənələrinin
formalaşmasında, jurnalistikamızın inkişafında
“Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd
olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng
Azərbaycan mətbuatının bir çox görkəmli
nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini
keçmişlər. Müstəqilliyimizin
qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın
ictimai həyatında baş verən hadisələrə cəsarətlə
müdaxilə etmiş, bir çox problemlərin
aşkarlanmasında mühüm rol oynamışdır.
Amansız təcavüzkara qarşı
apardığımız ədalətli müharibə qəzetin
daimi mövzusuna çevrilmişdir. Bu gün qəzet müstəqil
Azərbaycanda hüquqi və demokratik dövlət
quruculuğu işində güclü səfərbəredici
rol oynayır”.
Heydər ƏLIYEV
Ümummilli lider
Azərbaycan coğrafi-siyasi mövqeyinə görə həmişə sivilizasiyaların qovuşma məkanı olmuş, Qərbin və Şərqin çox güclü təsirinə məruz qalmışdır. Qədim türk, Yunan-Roma mədəniyyətinin, antik sivilizasiyanın güclü təsiri altında elm, ədəbiyyat və incəsənətimiz özünəməxsus forma və məzmun çalarları qazanmış, böyük inkişaf yolu keçmiş, xalqımız dünya mədəniyyəti xəzinəsinə sanballı töhfələr vermişdir.
XX əsrdə dünya sivilizasiyasının inkişafında ciddi dəyişikliklər baş verdi. Bəşər tarixinin inkişaf vektorunu müəyyən edən bəzi ölkələr arasında güclənən qarşıdurma industrial sivilizasiya cəmiyyətini qanlı müharibələr və kütləvi qırğınlar dövrünə sürüklədi. Birinci Dünya müharibəsi (1914 –1918-ci illər) Avropa ölkələrində və Rusiyada vəziyyəti son dərəcə pisləşdirdi. 1917-ci ilin əvvəllərində Rusiya imperiyasında inqilabi böhran gücləndi. Fevralın 23-də Petroqradda 130 min fəhlə “Çörək!”, “Rədd olsun müharibə!” şüarları ilə küçəyə çıxdı. Ordu hissələrinin bir qismi etirazçılara qoşuldu. Martın 2-də çar II Nikolay hakimiyyətdən qardaşı Mixailin xeyrinə əl çəkdi. Bir gün sonra Mixail Romanov da hakimiyyətdən imtina etdi. Beləliklə, Romanovlar sülaləsinin hakimiyyəti başa çatdı.
Rusiya imperiyasının süqutundan sonra 1917-ci il martın 9-da Xüsusi Zaqafqaziya Komitəsi, 1917-ci il noyabrın 11-də Zaqafqaziya Komissarlığı (“Zaqafqaziya müstəqil hökuməti”) yaradıldı. Regionda yaranmış siyasi şəraiti müzakirə edən Zaqafqaziya Komissarlığı Zaqafqaziya Seyminin çağırılması haqqında qərar qəbul etdi. 1918-ci il aprelin 22-də Seym müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılması haqqında bəyannamə qəbul etsə də, mayın 26-da Gürcüstanın ZDFR tərkibindən çıxmasından sonra may ayının 27-də Tiflisdə Seymin türk-müsəlman nümayəndələri toplaşaraq Azərbaycan Milli Şurasını yaratdılar. Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçildi. May ayının 28-də Milli Şura Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul etdi.
İstiqlal bəyannaməsinin 5-ci bəndində deyilirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
Ölkə ərazisindəki bütün millətlərin nümayəndələri, siyasi və ictimai təşkilatlar bu hüquqdan sərbəst bəhrələnməyə başladılar.
Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və bütün türk dünyasında ilk demokratik respublika idi. Bu respublikanın yaranması xalqımızın görkəmli ictimai-siyasi xadimlərinin və Azərbaycan mətbuatının apardığı ideya-siyasi və məfkurə mübarizəsinin milli-mədəni dirçəlişə, milli şüurun oyanışına və müstəqil dövlətçilik arzularının gerçəkləşdirilməsinə istiqamətlənmiş məntiqi sonluğu idi.
1905–1920-ci illərdə fəaliyyət göstərən çoxsaylı mətbuat orqanlarının tipologiyası zəngin olduğu kimi, mövzu dairəsi də çox geniş və rəngarəng idi. Dövlət müstəqilliyimizin qorunub saxlanılması, milli ordunun formalaşması, xarici təhlükələrin və hərbi müdaxilənin dəf edilməsi, separatizm meyillərinin qarşısının alınması, ölkənin ərazi bütövlüyünün, suverenliyinin təmin edilməsi, təfriqəçiliyə son qoyulması, neft uğrunda müxtəlif qruplaşmalar arasında şiddətlənən mübarizə mətbuatın gündəmində mühüm yer tuturdu. Milli-demokratik mətbuat cəbhəsində Məmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Məmmədhənifə Zeynallı, Əlabbas Müznib, Adil xan Ziyadxanov, Cəlil Məmmədquluzadə və başqaları daha çox fəallıq göstərirdilər. 200-ə yaxın mətbu orqanın nəşr olunduğu 1918–1920-ci illər Azərbaycanın mətbuat tarixində zəngin və maraqlı bir mərhələdir.
Həmin dövrdə “Azərbaycan”, “İstiqlal”, “Açıq söz” kimi qəzetlər istər tarixi mənbə, istərsə də jurnalist peşəkarlığı, obyektivlik, operativlik, ümumtürk dünyasının birliyi ideyası baxımından daha çox fərqlənirdi. “Azərbaycan”, “Azərbaycan hökumətinin əxbarı” və rus dilində nəşr edilən “Azerbaydjan” qəzetləri hökumətin rəsmi mətbuat orqanları idi.
Bu dövrdə nəşr edilən qəzet və jurnalların əksəriyyəti siyasi partiyalara məxsus idi. Çeşidli təsnifata varmadan qeyd edək ki, ölkədə 42 gündəlik, 40 həftəlik qəzet nəşr olunurdu. Təkcə rus dilində çap edilən bolşevik təmayüllü qəzet, jurnal və bülletenlərin sayı 50-dən çox idi. Həmin dövrün ictimai-siyasi həyatında siyasiləşmə və qütbləşmə cəmiyyətin bütün təbəqələrini, etnik qrupları əhatə etdiyindən, kommunist ideologiyasının təsiri altına düşən siyasi qruplaşmalar və partiyalar getdikcə daha fəal təşkilatlanır, siyasi təbliğatı genişləndirir, yeni mətbu orqanlar təsis edirdilər. Bu prosesə rəvac verən amillərdən biri Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin mətbuatın fəaliyyətinin hüquqi bazasının yaradılması istiqamətində gördüyü işlər idi. “Mətbuat haqqında nizamnamə” parlamentin iclasında dəfələrlə müzakirə olunaraq təkmilləşdirilsə də “Hümmət”, “Əhrar”, “Sosialist fraksiyası” tərəfindən tənqidə məruz qalmışdı. Əslində, bu nizamnamə hətta çağdaş sivil hüquq normaları baxımından belə, mütərəqqi və demokratik sənəd idi.
Bu
demokratik sənədin müzakirəsi dövründə
meydana gələn mətbuat orqanlarından biri 1919-cu il avqustun 29-da bolşeviklərin gizli mətbəəsində
4 min nüsxə tirajla çap edilən “Kommunist” qəzeti
idi. Müsavat polisi gizli nəşrin yayımına sərt
reaksiya verdi. Tirajın
yarısı yayıldığından qalan hissəsi
müsadirə edildi, qəzetin nəşri qadağan olundu.
Dörd səhifəlik bu qəzet ideya-siyasi
baxımdan ciddi bir təhlükə
daşıyıcısı deyildi. Qəzetin həmin
sayının redaktorunun Ruhulla Axundov, yoxsa Əliheydər
Qarayev olması barədə aparılan müzakirələrə
zənnimcə, “Kommunist” qəzetinin 1929-cu il
29 avqust tarixli 201 (2707)-ci sayında qəzetin 10 illik yubileyi ilə
bağlı dərc edilən materiallar birdəfəlik son qoya
bilər. Yubiley materiallarının birində Ruhulla Axundovun
şəklinin altında açıq-aydın yazılıb:
“Qəzetin birinci müdiri Ruhulla Axundov”.
1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən
işğal olundu. Yeni hakimiyyəti təmsil edən
bolşeviklər həmin gün Kolyubakin (indiki Nigar Rəfibəyli)
küçəsində yerləşən Azərbaycan Xalq
Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin
redaksiyasına gəldilər. Qəzetin
redaktoru Ceyhun Hacıbəyli o vaxt Parisdə Versal Sülh
Konfransında iştirak etdiyinə görə, onu Üzeyir bəy
Hacıbəyli əvəz edirdi. Üzeyir
bəy vəzifəsindən azad edildi, Əliheydər Qarayev
redaktor vəzifəsinə təyin olundu. “Azərbaycan”
qəzetinin kollektivi yeni redaktorun rəhbərliyi altında
aprelin 30-da bərpa edilən “Kommunist” qəzetinin Azərbaycan
dilində nəşrinə başladılar. “Azərbaycan” qəzetinin Kolyubakin küçəsindəki
mətbəəsi də “Revkomun mətbəəsi”
adlandırılaraq “Kommunist”in sərəncamına verildi.
“Kommunist” ilk vaxtlar Müvəqqəti Hərbi İnqilab Komitəsinin,
AK(b)P MK-nın, 1921-ci il aprelin 13-dən Azərbaycan İnqilab
Komitəsinin və Bakı Sovetinin, həmin ilin may ayından
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi, AK(b)P MK,
Bakı Komitəsi və Bakı Sovetinin orqanı kimi fəaliyyət
göstərməyə başladı.
Marksistlərin,
sosialistlərin, mühafizəkarların,
ittihadçıların milli şüurun formalaşmasına
əngəl olduğu bir dövrdə Əli bəy
Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd
Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə kimi
ideoloqların təsiri altında formalaşan və “Azərbaycan”
qəzetinin kollektivində çalışaraq müstəqilliyin
qorunmasına, istiqlal düşüncəsinin dərinləşməsinə
önəmli töhfələr verən milli-demokratik ruhlu
ziyalılar uzun illər ərzində “Kommunist” qəzetinin
redaksiyasında xalqın milli maraqlarının gerçəkləşməsi
yolunda açıq və gizli mübarizənin fədailərinə
çevrildilər. 1920-ci illərdə
xalqın maariflənməsi, savadsızlığın ləğvi,
milli mədəniyyətin və ölkə
iqtisadiyyatının inkişafı, ümumbəşəri və
milli-mənəvi dəyərlərin bərəqərar olması
yolunda mücadilənin fədakar qəhrəmanları olan bu
ziyalılar ən çətin məqamlarda belə, “türkləşmək,
islamlaşmaq, müasirləşmək” prinsiplərini əldə
rəhbər tutan məfkurədən uzaqlaşmadılar.
Onların böyük qismi 1937–1938-ci illərdə
təqiblərdən, QULAQ düşərgələrindən,
həbsxanalardan qurtula bilmədilər. Bəzilərinin
dəfn olunduğu yer belə bu günə qədər məlum
deyil. Qəzetin beş baş redaktoru
1937-1938-ci illərdə repressiyaya məruz qalaraq güllələndi,
Əhməd Triniç isə 1936-cı ildə həbsxanada
intihar etdi.
İkinci
Dünya müharibəsinin sovet–alman cəbhələrində
davam etmiş 1418 günlük savaşların xronikası, o
dövrün ən mühüm fakt və hadisələrinin
ümumi mənzərəsi Azərbaycan mətbuatında
ardıcıl və ən əhatəli əksini “Kommunist” qəzetində
tapmışdır. Bütün sovet mətbuatı
kimi, Azərbaycanın dövri nəşrləri də,
öndə “Kommunist” qəzeti olmaqla, müharibənin ilk
günlərindən “dinc sovet həyatını pozan
azğın faşistlərə” qarşı siyasi-ideoloji
savaş elan etmişdi.
Müharibənin
ilk aylarında respublika hökumətinin qəbul etdiyi qərara
əsasən yerli mətbuat öz fəaliyyətini yenidən
qurmalı, iş üslubunu hərbi
qaydalara uyğunlaşdırmalı idi. Bu tələblərin
gerçəkləşdirilməsində aparıcı rol
“Kommunist” qəzetinə və Azərbaycan Dövlət
İnformasiya Agentliyinə həvalə olunmuşdu. Müharibə dövründə yaranmış kağız
qıtlığı və diğər çətinliklər
nəzərə alınaraq, bütün ittifaqda olduğu
kimi, Azərbaycanda da bir sıra sahə qəzetlərinin fəaliyyəti
dayandırılmış, əsas nəşrlərin
dövriliyi və səhifələrinin sayı
azaldılmışdı. Azərbaycan KP MK-nin və ali dövlət qurumlarının orqanı
olan, həftədə 5 dəfə nəşr edilən
“Kommunist” qəzeti isə günaşırı 4 və 2 səhifədən
ibarət çap olunmuşdu.
Faşist Almaniyasının SSRİ-yə qəfil
hücumu barədə xəbəri və Ali Baş
Komandanın xalqa müraciətini Azərbaycan oxucusuna ilk
olaraq “Kommunist” qəzeti çatdırmışdı. Qəzet həmin
sayında SSRİ xarici işlər naziri Molotovun
çıxışını, SSRİ-nin ayrı-ayrı
yerlərində hərbi vəziyyətin elan olunması barədə
sovet rəhbərliyinin qərarını da çap
etmişdi. Sonrakı aylarda və illərdə
müharibənin gedişi barədə Sovet Məlumat
Bürosunun gündəlik açıqlamaları “Kommunist”in hər
nömrəsində 1-ci səhifədə yerləşdirilirdi.
Müharibənin ilk günlərində Azərbaycanın
tanınmış ziyalılarının, şair və
yazıçılarının faşist hücumu əleyhinə
keçirilən mitinq və yığıncaqlardakı
çıxışları qəzetin səhifələrində
“Vətəni var qüvvəmizlə müdafiə edəcəyik”
başlığı altında oxuculara
çatdırılırdı. Alman faşizminə
qarşı mübarizə, ön və arxa cəbhənin ən
mühüm hadisələri barədə xəbərlər,
soydaşlarımızın, müxtəlif xalqlardan olan
döyüşçülərin qəhrəmanlığı
və əmək hünəri barədə yazılar qəzetin
səhifələrində geniş yer tuturdu.
O zaman
sovet mətbuatının baş şüarına
çevrilmiş “Hər şey cəbhə üçün,
hər şey qələbə üçün”
çağırışı “Kommunist” qəzetinin də fəaliyyətində
aparıcı istiqaməti təşkil edirdi. Qəzetin
manşetlərində, səhifələrin
başlıqlarında, müxtəlif səpkili
yazıların sərlövhələrində faşizmə
nifrət aşılayan, qələbəyə səsləyən
şüarlar böyük təsir gününə malik idi.
“Kommunist”in 1941-ci il 24 iyun tarixli sayında dərc olunan “Qəhrəman
xalqın qüdrətli səsi” adlı məqalədə
sıralanan “Azğın düşməni axıradək məhv
edəcəyik”, “Vətənin
çağırışına səs verməyə
hazırıq”, “Əmək cəbhəsində namusla
çalışacağıq”, “Biz qalib gələcəyik”
kimi şüarlar insanları cəhbəyə səfərbərliyə,
düşmənə qarşı qətiyyətli mübarizəyə
çağırırdı.
Müxtəlif cəbhələrdə qəhrəmanlıqla
döyüşən Azərbaycan xalqının mübariz
övladları ilə bağlı oçerklər, bədii-sənədli
yazılar, geniş araşdırmalar respublika mətbuatında
daha çox “Kommunist” qəzetində dərc olunurdu. 1942-ci ilin 1
yanvar sayında “Kommunist” qəzeti Sovet İttifaqı Qəhrəmanı
İsrafil Məmmədovun qəhrəmanlığından bəhs
edən irihəcmli məqalə ilə çıxış
etmişdi. Stalinqrad qəhrəmanı Həzi
Aslanovun, cəsur təyyarəçi Hüseynbala Əliyevin
və digər soydaşlarımızın hünəri barədə
ilk yazıları da məhz bu qəzet oxuculara təqdim
etmişdi. Zəhmətkeşləri qələbəyə
töhfələrini artıtmağa ruhlandıran məqalə,
oçerk, müxbir yazısı, şeir və hekayələr
qəzetin bütün saylarında xüsusi yer tuturdu.
Cəbhənin və xalq təsərrüfatının
neftə ehtiyacının 75 faizini o dövrdə Bakı neft sənayesi
verirdi. Buna görə də qəzetdə aparıcı sənaye
mövzusu döyüş sursatı istehsalı ilə
yanaşı, neft hasilatının artırılması məsələləri
idi.
Müharibənin
gedişində Səməd Vurğun, Mir Cəlal, Süleyman
Rüstəm, Mehdi Hüseyn, Rəsul Rza, Mirzə İbrahimov,
Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əli Vəliyev
kimi söz ustadlarının imzaları “Kommunist” qəzeti səhifələrində
tez-tez görünürdü. Səməd Vurğunun “İgid
şahin”, cəbhəyə yollanan Azərbaycan
qızlarına ünvanlanmış “Şəfqət
bacısı” şeirləri o zaman dillər əzbəri olmuş,
ədəbiyyat və mətbuat tariximizə vətənpərvərlik
mövzusunda parlaq nümunələr kimi daxil olmuşdur. Qəzetin qələbəyə yönəlik bu fəaliyyəti
1945-ci ilin 9 mayında alman faşizminin məğlub olaraq
kapitulyasiya aktını imzalamasınadək davam etmişdi.
Qalib xalqın Zəfər təntənəsi də
qəzetdə layiqli əksini tapmışdır.
Böyük Vətən müharibəsi illərində
Azərbaycan xalqının göstərdiyi fədakarlıq
sonrakı illərdə tarixçi, iqtisadçı alimlər
tərəfindən tədqiq olunarkən ən çox istinad
edilən mənbə “Kommunist” qəzetində o dövrdə
çap edilmiş materiallardır. Görkəmli jurnalist
və mətbuat tarixçisi, müharibə vaxtı qəzet
redaktorunun müavini işləmiş Nəsir İmanquliyevin
“Kommunist” qəzeti Böyük Vətən müharibəsi
illərində zəhmətkeşlərin əmək qəhrəmanlığı
uğunda mübarizəsində” mövzusunda namizədlik
dissertasiyasında Azərbaycanın cəbhəyə
genişmiqyaslı köməyi redaksiyanın o dövr fəaliyyəti
prizmasından əhatəli
araşdırılmışdır.
Müharibə
zamanı “Kommunist” qəzetinin redaktoru olmuş Rza Quliyev o
dövrlə bağlı xatirələrini “Şanlı səhifələr”
kitabında belə ifadə etmişdir: “Müharibə şəraitində
qəzetin rol və əhəmiyyəti, məsuliyyət və
məqsədi ikiqat artıq idi. Məhz buna
görədir ki, biz qəzetin hər nömrəsi üzərində
çox fikirləşir, məqalə və yazıların,
sərlövhə və başlıqların hər dəfə
düşmənə qarşı mübarizəyə yönəldilməsinə
çalışır, fəhlələrə,
kolxozçulara və ziyalılara arxalanırdıq. Hamının nəzəri cəbhəyə
dikilmişdi. Buna görə də
respublikamızın zəhmətkeşləri Böyük Vətən
müharibəsi cəbhələrindən alınan müxtəlif
xəbərlərlə, Sovet Məlumat Bürosunun
yaydığı cəbhə yenilikləri və Ali Baş
Komandanın əmrləri ilə tanış olmaq
üçün qəzetin hər bir nömrəsini səbirsizliklə
gözləyirdilər”.
Həyatın bütün sahələrini yüksək
professionallıqla işıqlandırmaq, xalqı
respublikanın qarşısında duran vəzifələrin
yüksək səviyyədə həyata keçirilməsinə
səfərbər etmək baxımından ötən əsrin
70-ci illəri “Kommunist” qəzetinin fəaliyyətində yeni
və üstün bir mərhələ təşkil
etmişdir.
Bu dövr 1969-cu ilin 14 iyulunda respublikanın ali rəhbərliyinə
gəlmiş Heydər Əliyevin öz Vətənini sivil
inkişafın ön mövqelərinə çıxarmaq
uğrunda start verdiyi tarixi mübarizənin miqyası və əzəməti
ilə müəyyən edilən bir intibahın “Kommunist” qəzetində
layiqincə əks olunması prosesini əhatə edir.
Qarşısına
qoyduğu möhtəşəm hədəflərə
çatmaqda kütləvi səfərbərliyin, mətbuatın
yaratdığı aşkarlıq mühitinin rolunu layiqincə
dəyərləndirən təşəbbüskar və
yüksək enerjili yeni rəhbər, ilk növbədə,
respublikanın aparıcı rəsmi dövri nəşri olan
“Kommunist” qəzetinin fəaliyyətinin yenidən qurulması,
texniki proseslərin müasirləşdirilməsi, tirajın
650 min nüsxəyə çatdırılması
üçün zəruri tədbirlər həyata
keçirmişdi. Bütün bunların
yekununda ulu öndər cəmiyyət həyatında qəzetin
rolunun və çıxışlarının təsirliliyini
yüksək səviyyədə təmin etmişdi.
Azərbaycan
rəhbərliyinə gəldiyi ilk 2 ayda ulu öndərin
atdığı ən önəmli addımlardan biri 1969-cu il sentyabrın 18-də qəzetin 50 illik
yubileyinin ən yüksək səviyyədə qeyd edilməsi
olmuşdu. Akademik Dram Teatrında keçirilən,
xaricdən və ittifaqın hər yerindən fəxri
qonaqların dəvət olunduğu bu yubiley təntənəsində
xalqımızın böyük oğlunun respublika miqyaslı
tədbirlərdə ilk dəfə Azərbaycan dilində
çıxış etməsi kommunist epoxasında yeni milli
bir dövrün başlanması barədə cəmiyyətə
önəmli bir mesaj kimi səslənmişdi. Yubiley
münasibətilə qəzetin keçmiş SSRİ-nin
nüfuzlu təltiflərindən olan “Qırmızı Əmək
Bayrağı” ordeninə layiq görülməsi bu gündəlik
anadilli ictimai-siyasi nəşrin yarıməsrlik fəaliyyətinə
verilən yüksək qiymət olmaqla yanaşı,
redaksiyanı Azərbaycanın həyatında başlanan
yüksəliş prosesini daha peşəkərcasına və
əhatəli əks etdirməyə
ruhlandırmışdı.
Ümummilli
lider Heydər Əliyevin davamlı təşəbbüslərindən
və gərgin fəaliyyətindən qaynaqlanan, 1969–1982-ci illəri
əhatə edən həmin intibah dövründə Azərbaycanın
kənd təsərrüfatının müasir aqrotexniki və
mexaniki əsaslarla yenidən qurulub inkişaf etdirilməsi, sənayenin
yeni istehsal sahələrini yaratmaqla medernləşdirilməsi,
sosial sferanın təzələnməsi və genişləndirilməsi,
milli-mədəni yüksəlişə nail olunması istiqamətlərində
qazanılan uğurlar nəinki “Kommunist” qəzetinin səhifələrində
mükəmməl əksini tapmış, eyni zamanda, redaksiya
kollektivi səfərbəredici, təşviqedici
çıxışları ilə bu tarixi tərəqqinin
önündə getmişdir.
Azərbaycanın
ittifaqın geridə qalmış respublikalarından biri
olmasına qısa müddətdə son qoyulması, 1 milyon
ton pambıq, 2 milyon ton üzüm istehsal edilməsi, yüzlərlə
yeni müasir müəssisə və obyekt yaradılması,
genişmiqyaslı abadlıq-quruculuq işlərinin nəticəsi
olaraq şəhər və kəndlərin simasının
tamamilə dəyişməsi, həyat tərzinin əsaslı
surətdə yüksəldilməsi kimi ümummilli tarixi
müvəffəqiyyətlərdə qəzetin
oynadığı önəmli rolu böyük rəhbər
o dövrdə də yüksək qiymətləndirmişdi,
sonralar da dəfələrlə məmnunluqla
xatırlamış və medianın milli maraqlara dərindən
bağlılığı örnəyi kimi qeyd etmişdir.
Sovet dövründə Azərbaycanın hərtərəfli
inkişafında zirvə təşkil etmiş həmin
dövr barədə tarixçilərin və digər tədqiqatçıların
sonrakı illərdə, elə bu gün də ən çox
müraciət etdiyi zəngin və mötəbər mənbə
“Kommunist” qəzetinin toplularıdır. Media tarixçiləri və
nəzəriyyəçiləri də mətbu fəaliyyətin
kütləviliyinə nail olunması, qəzetin həqiqi xalq
tribunasına çevrilməsi, dövri nəşrin cəmiyyət
həyatına təsirinin yüksəldilməsi kimi məsələlərdə
“Kommunist”in avanqard rolunu və canlı jurnalistika məktəbi
olmasını həmişə diqqətdə saxlamış
və kifayət qədər yüksək dəyərləndirmişlər.
1990-cı illərin əvvəllərində Azərbaycanda
ictimai-siyasi mübarizə yeni mərhələyə qədəm
qoydu. Kommunist
partiyasının və sovet rejiminin sərt nəzarət
sisteminin çeşidli cəza tədbirlərinə, dövlət
təhlükəsizliyi orqanlarının gücləndirilmiş
iş rejiminə keçməsinə baxmayaraq, bütün
SSRİ məkanında imperiyanın çökməsinə,
süqutuna yönəlmiş proseslər millətlərin
öz haqları uğrunda mübarizəyə qalxmasına təkan
verdi. İmperiya özünüqoruma instinktinin
təsiri altında çirkli planlar tərtib edir, millətlər
arasına nifaq salaraq milli-azadlıq mübarizəsini
söndürməyə çalışırdı. Bir tərəfdən Kremlin, digər tərəfdən
dünyadakı erməni diasporunun dəstək verdiyi erməni
millətçilərinin qanlı separatizm hərəkatı
bir-birinin ardınca ağır cinayətlərə imza
atırdı. Ermənistanda yaşayan 200
mindən artıq soydaşımızın deportasiyası
ölkədə vəziyyəti daha da gərginləşdirdi.
Zəifləmiş inzibati amirlik sisteminin
başında duran milli təəssübkeşlik hissindən
uzaq müti icraçılar təbəqəsi durumun fərqində
deyildilər. Ölkə parçalanmaq və
dağılmaq ərəfəsində idi.
Sovet hakimiyyəti illərində yaranan və
dövrün ideoloji çərçivəsindən kənara
çıxmağa cəsarət etməyən qəzet və
jurnalların əksəriyyəti, habelə televiziya və
radio baş verən hadisələrin mahiyyətini anlasalar da bəzən
susmağa üstünlük verir, taleyüklü prinsipial məsələlərin
şərhindən, ona münasibət bildirməkdən
yayınırdılar.
1990-cı
il yanvarın 19-dan 20-nə keçən
gecə sovet ordu hissələrinin Bakıya yeridilməsi
qanlı qırğınla nəticələndi.
Azərbaycanın
bu ağır günlərində ulu öndər Heydər Əliyev
dövlət təhlükəsizliyi orqanlarının nəzarəti
altında yaşamasına baxmayaraq, oğlu İlham Əliyevlə
yanvarın 22-də Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək ölkənin ali siyasi rəhbərliyini baş vermiş
ağır faciədə ittiham etdi, qanlı
qırğının hüquqa, demokratiyaya, humanizmə və
hüquqi dövlət quruculuğu prinsiplərinə zidd
olduğunu bəyan etdi.
Ulu öndərin bu çıxışı çox mətləblərə
aydınlıq gətirdi. Azərbaycan xalqı da, ölkədə
nəşr edilən mətbuat orqanları da seçim
qarşısında idilər: ya avtoritar rejimin tələblərinə
boyun əyməli idik, ya da milli-azadlıq mübarizəsini
davam etdirərək müstəqil, demokratik, hüquqi dövlət
quruculuğu yolu ilə irəliləməli idik.
“Kommunist”
qəzetində çalışan milli-demokratik ruhlu peşəkar
jurnalistlər, milli maraqları hər şeydən uca tutan
ziyalılar dövrün, zamanın tələblərini dəyərləndirərək
düzgün seçim etdilər.
Qanlı Yanvar günlərində informasiya
blokadasını yararaq baş verən hadisələr
haqqında dünya ictimaiyyətinə informasiya verən ilk qəzet
yanvarın 25-də dərc edilən “Kommunist” qəzetinin əlavəsi
“Səhər” qəzeti oldu. “Səhər” qəzetinin
2 milyon tirajla dərc edilən həmin nömrəsində
redaksiyanın bəyanatı da çap olunmuşdu. Bəyanatda
deyilirdi: “Bakı qan içində, bütün dünyadan təcrid
olunmuş vəziyyətdədir. “Səhər”
qəzetinin əməkdaşları fövqəladə vəziyyət
şəraitində öz həyatlarını təhlükə
qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq
mümkün olmadığı üçün həmin materialları
müxtəlif vasitələrlə xarici kütləvi
informasiya vasitələrinə göndərməyə
çalışırıq. Ümid edirik
ki, dünya ictimaiyyəti günahsız xalqımıza
qarşı törədilən vəhşilikdən xəbərdar
olacaq, öz etiraz səsini ucaldacaqdır”.
Həmin nömrədə
20 Yanvarda şəhid olanların və yaralananların
siyahısı da dərc olunmuşdu. Qəzetin
çap olunmasına icazə verdiyinə görə fövqəladə
vəziyyət rejimi dövründə “Azərbaycan” nəşriyyatında
senzura məsələlərinə nəzarət edən
general-mayor Aleksandrova töhmət verilmişdi. İki gün sonra bu qəzet İranda, daha sonra
Pribaltika respublikalarında çap olunaraq yayıldı.
Mətbuat üzərində hərbi senzura və ciddi
siyasi senzura nəzarəti olmasına baxmayaraq, mətbuat
orqanları söz, fikir və məlumat azadlığı
yoluna doğru irəliləməkdə idi. Azad və müstəqil mətbuat
orqanlarının ilk təmsilçiləri olan “Azadlıq”,
“Aydınlıq”, “Vətən səsi” və digər qəzetlərin
fəaliyyəti “sovet xalqı”, “xalqlar dostluğu”, “beynəlmiləlçilik
tərbiyəsi” adı altında xalqları, millətləri
sümürgəçilik girdabına salan saxta ideoloji təbliğatın
zərərli mahiyyətinin ifşasında mühüm rol
oynadılar. Uzun illər ərzində
böyük bir məkanı xalqlar həbsxanasına
çevirən kommunist ideologiyası yaratdığı
totalitar rejimlə birlikdə dərin böhran keçirirdi.
Xaos, anarxiya, hakimiyyətsizlik girdabına
düşən cəmiyyət yaşam hüququnu
itirmişdi. Zaman xalqın gerçək
arzu və istəklərinin ifadəçisi kimi mətbuatın
fikir və söz azadlığı müstəvisində
müstəqillik ideyasının carçısına
çevrilməsini tələb edirdi.
Bu həqiqəti ilk anlayan mətbuat orqanlarından biri “Kommunist”
qəzeti idi.
Ermənistanın işğalçılıq
siyasətinin ifşası “Kommunist”in vətənpərvər
kollektivinin məslək və əqidə borcuna
çevrilmişdi.
Müstəqilliyə gedən yolun milli-azadlıq
mübarizəsindən keçdiyini yaxşı dərk edən
“Kommunist”in kollektivi bu yola qədəm qoyan ilk mətbuat
orqanları sırasında idi. Qəzetin kollektivi Kommunist
Partiyasının SSRİ-də qadağan olunmasından xeyli əvvəl
AKP MK-nın təsisçiliyindən imtina edərək
1991-ci il avqustun 27-dən sonra qəzetin
“Xalq qəzeti” adı ilə nəşrinə qərar verdi.
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə
hakimiyyətdə olan naşı və səriştəsiz
qüvvələrin yeritdiyi yarıtmaz siyasət üzündən
hüquqi, demokratik və qüdrətli dövlətin
yaradılması xoş ideya olaraq qalırdı. 1991 – 1993-cü illərdə
iqtisadi tənəzzül güclənmiş, siyasi böhran dərinləşmiş,
cəbhədə hərbi uğursuzluqlar artmış, ölkə
vətəndaş qarşıdurması və parçalanma həddinə
gəlmişdi.
1993-cü ilin iyununda xalqın təkidli tələbləri
ilə yenidən hakimiyyətə qayıdan ümummilli liderin
müstəqil Azərbaycanın inkişafı naminə
başladığı islahatların spektri çox geniş
idi. Onun ikinci
dəfə ölkəyə rəhbərlik etdiyi 1993 –
2003-cü illər ən yeni tariximizə bazar
iqtisadiyyatının mühüm seqmentlərindən olan
dövlət mülkiyyətinin özəlləşdirilməsi,
infrastrukturun yenilənməsi, Şərq – Qərb, Şimal –
Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin
həyata keçirilməsi, sahibkarlığın
inkişafı istiqamətində tədbirlər görülməsi,
sosial problemlərin kompleks həlli, elm, təhsil, səhiyyə,
mədəniyyət və digər sahələrdə
reallaşdırılan taleyüklü proqramlar “Xalq qəzeti”nin
dolğun işıqlandırdığı aktual mövzular
arasında xüsusi yer tuturdu.
Azərbaycanın sosial-iqtisadi siyasətinin strateji hədəfləri
– sosial yönümlü, diversifikasiyalı milli
iqtisadiyyatın formalaşdırılması və dünya
iqtisadi sisteminə inteqrasiyanın təmin olunması, habelə
gənc müstəqil dövlətin xarici siyasət
strategiyasının uğurları operativliklə geniş
oxucu auditoriyasına çatdırılırdı. Qəzetin
milli maraqlara bağlılığı, xalqa xidmət
amalı ulu öndər Heydər Əliyev tərəfindən
daim yüksək qiymətləndirilirdi. Ümummilli lider
1994-cü ildə qəzetimizin 75 illik yubileyi münasibətilə
redaksiyamıza ünvanladığı təbrik məktubunda
yazırdı: “Respublikada qəzetçilik ənənələrinin
formalaşmasında, jurnalistikamızın inkişafında
“Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd
olunmalıdır. Bugünkü çoxsəsli,
rəngarəng Azərbaycan mətbuatının bir çox
görkəmli nümayəndələri bu qəzetin
yaradıcılıq məktəbini keçmişlər.
Müstəqilliyimizin qazanılmasından sonra
da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş
verən hadisələrə cəsarətlə müdaxilə
etmiş, bir çox problemlərin aşkarlanmasında
mühüm rol oynamışdır. Amansız
təcavüzkara qarşı apardığımız ədalətli
müharibə qəzetin daimi mövzusuna çevrilmişdir.
Bu gün qəzet müstəqil Azərbaycanda
hüquqi və demokratik dövlət quruculuğu işində
güclü səfərbəredici rol oynayır”.
Təcavüzkar
Ermənistanın 2016-cı il aprelin əvvələrində
cəbhə bölgəsində törətdiyi fitnəkarlığa
cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin
cinahlardan düşmənə sarsıdıcı zərbələr
endirərək, onun quldur birləşmələrini geri
çəkilməyə məcbur etməsi
xalqımızın Qarabağı hərbi yolla azad etməsinin
xülya deyil, gerçək bir vasitə olduğunu
bütün dünyaya nümayiş etdirdi.
“Xalq qəzeti” bu zəfəri öz oxucularına ictimai
rəydə düşmənin məğlubiyyət
zolağına daxil olmasının başlanğıcı,
Xalq – Lider – Ordu birliyini isə Qələbənin zəruri
şərti kimi təqdim etdi. Qəzetin bu mövzuda
çıxışlarında yaxınlaşan böyük Qələbənin
qarşısıalınmazlığı vurğulanır,
Aprel döyüşləri ölkəmizin düşmənə
sonuncu ciddi xəbərdarlığı kimi dəyərləndirilirdi.
Azərbaycanın
işğal edilmiş torpaqlarının dinc yolla geri
qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupunun
apardığı səmərəsiz sülh
danışıqlarının dalana dirənməsi,
işğalçı ölkənin yeni ərazilərin ələ
keçirilməsinə yönəlmiş sərsəm hədələrinin
artması ölkəmizin beynəlxalq hüquqa əsaslanmaqla
öz ərazi bütövlüyünü hərbi yolla təmin
etməsi zəruriliyini aktuallaşdırdı. Yaranmış
vəziyyətin mahiyyətinin xalqa
çatdırılması, perspektiv addımların
çevik informasiya təminatının işə
salınması bütün parametrləri ilə “Xalq qəzeti”nin fəaliyyətində müqəddəs vəzifə
olaraq ön plana çıxdı. Redaksiya siyasi-hərbi
qarşıdurmanın yeni mərhələyə daxil
olmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham
Əliyevin beynəlxalq məclislərdə, önəmli
forum və görüşlərdə “hərbi yol”un gündəmə
gəlməsini ifadə edən bəyanatlarına uyğun təbliğat
kampaniyası ilə cavablandırdı.
Tarixə “Aprel döyüşləri” adı ilə
daxil olmuş qələbənin yaratdığı
ümummilli ruh yüksəkliyi yaxınlaşan qəti
savaşda xalqın və ordunun Qələbəyə
inamını daha da gücləndirdi. Redaksiya jurnalist peşəkarlığını
və ekstremal şəraitdə təbliğatın önəmli
tələblərini öz fəaliyyətində hər zaman
uca tutdu. 2020-ci il sentyabrın 27-də
düşmənin törətdiyi irimiqyaslı təxribat səmərəsiz
sülh danışıqlarını süpürüb bir kənara
atdı. Azərbaycan xalqı Ali Baş
Komandanın rəşadətli Azərbaycan ordusuna “İRƏLİ!”
əmri verməsini misilsiz bir coşğu ilə
qarşılayaraq, dəmir yumruq kimi birləşdi.
44
günlük Vətən müharibəsinin xronikası,
dövlət başçısı İlham Əliyevin
müdrik sərkərdə və Ali Baş Komandan kimi
döyüş əməliyyatlarına məharətlə rəhbərlik
etməsi, baş verən hadisələrə çevik
reaksiyası, beynəlxalq auditoriyaya yönəlik informasiya
savaşı “Xalq qəzeti”nin müharibə dövrü fəaliyyətinin
əsas qayəsini təşkil etdi. Redaksiya
müqəddəs Vətən savaşının hədəflərini,
hərbi-siyasi təminatlarını, müharibə
dövrünün hər sahədə təzahür edən səfərbəredici
ruhunu müxtəlif səpkili yazılarla xalqa
çatdırmaq üçün fədakarlıqla
çalışdı.
Bu səylərimiz qəzetin səhifələində
mükəmməl əksini tapmaqla müharibənin əhatəli
və məzmunlu xronikasına çevrildi. Liderin
müdrikliyi və sərkərdəlik məharəti,
xalqın qalib gəlmək əzmi, nəticədə, ordunun
misilsiz qəhrəmanlığına qovuşaraq düşməni
diz çökdürdü. Ordunun cəbhədə
göstərdiyi qəhrəmanlığı operativliklə,
obyektivliklə, yüksək səviyyədə əks etdirən
Azərbaycan mediası və tarixi məqamlarda öndə
olmaq ənənəsinə sadiq qalan qəzetimizin kollektivi
informasiya müharibəsində də peşəkarlıq
nümunələri göstərdi.
Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə rəşadətli Azərbaycan
Ordusunun Vətən müharibəsində qələbə
qazanaraq azad etdiyi torpaqlarımızda bu gün misilsiz bərpa-quruculuq
işləri həyata keçirilir. “Xalq qəzeti”nin kollektivi bu böyük prosesin salnaməçisi
olmaqdan qürur duyur.
Həsən HƏSƏNOV,
“Xalq qəzeti”nin baş redaktoru
Xalq qəzeti.- 2022.- 14 avqust.- S. 1;
3; 4.