Azərbaycan
bölgədə sülhyaratma
missiyasını uğurla həyata keçirir
Prezident İlham Əliyevin avqustun 12-də Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfəri, açılışlarda iştirakı və görülən işlərlə tanış olması, eləcə də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi böyük əks-səda doğurmuşdur. Qobustanda “Diri Baba” türbəsində aparılan yenidənqurma, “Basqal” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində görülən və icrası nəzərdə tutulan tikinti-bərpa işləri, “Ağsu Aqropark”ın fəaliyyəti ilə tanış olan, “Basqal Resort & Spa” otelinin və Ağsuda Gənc Sənətkarlar Mərkəzi ilə Dövlət Rəmzləri Muzeyinin açılışını edən dövlətimizin başçısı regionların inkişafının dövlət siyasətində prioritet olduğunu bir daha nümayiş etdirmişdir.
Cənab İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə siyasi analitiklərin daha çox diqqətini cəlb etmişdir. Sosial infrastruktur layihələrindən, ərzaq təhlükəsizliyindən ətraflı bəhs edən dövlət başçısı, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda görülən işləri nəzərə çatdırmış və Ermənistan– Azərbaycan münasibətləri müstəvisində cari vəziyyətdən danışmış, erməni təxribatlarının heç bir nəticə verməyəcəyini bildirmişdir: “Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır. “Qisas” əməliyyatı təkcə şəhidimizin qisasının alınması məqsədi daşımırdı. Digər məqsədlər, vəzifələr Ali Baş Komandan kimi mənim tərəfimdən qarşıya qoyulmuşdu və bütün vəzifələr icra edildi”.
Erməni hərbi birləşmələrinin Qarabağı birdəfəlik tərk etməli olduğunu bir daha vurğulayan cənab İlham Əliyev demişdir ki, bu, bir öhdəlikdir, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib. İstənilən halda biz buna nail olacağıq və nail oluruq. Eyni zamanda, Azərbaycan tərəfi Ermənistanı Xankəndi ilə birləşdirən yeni alternativ yolu çəkib qurtarmış və qarşı tərəfə vaxt vermişdir ki, bu il avqust ayının sonuna qədər Laçın şəhəri, Zabux və Sus kəndlərini boşaldaraq geri qaytarsın. Artıq ermənilərin bu istiqamətdə məqsədyönlü ətalətdən çıxması və həmin əraziləri boşaltmağa başlaması müşahidə olunur. Keçmiş məcburi köçkünlərimizin oraya qaytarılmasına gəlincə isə, Prezident bu məsələdə də prinsipial mövqe tutulduğunu bildirmişdir: “Biz Laçına qayıtmalıyıq, Zabuxa, Susa qayıtmalıyıq. Mən Dövlətqaçqınkoma göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar və biz onları yaxın zamanlarda öz doğma yerlərinə qaytaracağıq”.
Müsahibədə cənab İlham Əliyev bir nüansı da açıqlamışdır ki, artıq Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Bu, bir həqiqətdir. Azərbaycan hakimiyyəti isə, əksinə, öz təsir imkanlarını durmadan artırır. Əlbəttə, fərəh doğuran haldır.
Həm bölgədəki cari vəziyyətin şərhi, həm də yüksək diplomatik məharətlə qarşı tərəfə verilən mesajlar göstərir ki, Azərbaycanın Cənubi Qafqazda möhkəm sülhə nail olmaq cəhdləri ardıcıl surətdə reallaşmaqdadır. Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycan bölgədə sülhyaratma missiyasını da uğurla həyata keçirir.
Seyfəddin
ƏLİYEV,
Politoloq, YAP Masallı rayon
təşkilatının sədri
Xalq qəzeti.- 2022.- 14 avqust.- S. 4.