İqtisadi yüksəliş: güclü dövlət, yüksək rifah cəmiyyəti
Müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin ideyaları əsasında sürətli inkişaf yolunda inamla addımlayan respublikamız hazırda sosial-iqtisadi, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixi ərazi bütövlüyünü gerçəkləşdirməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.
Ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqilliyimizin ilk illərindəki müdrik siyasəti, eləcə də dövlətimizin başçısı İlham Əliyevin 19 illik gərgin səmərəli fəaliyyəti sayəsində Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını və müasirləşməsini, yeni sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini təmin edib.
Azərbaycan dünya miqyasında sabit və davamlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib.
Azərbaycan hazırda beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla reallaşdırılır. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradır. Bu layihələrin uğurla həyata keçirilməsi isə ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin edir.
Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin gerçəkləşməsində əhəmiyyətli rol oynayıb.
Son illərdə pandemiyanın ölkənin ixrac gəlirlərinə əhəmiyyətli təsirinə baxmayaraq, vaxtında görülən tədbirlər nəticəsində milli iqtisadiyyat qısa müddətdə yeni qlobal reallıqlara uyğunlaşdırılıb, makroiqtisadi sabitlik təmin edilib və Azərbaycan bu böhrandan ən az təsirlənən ölkələrdən biri olub.
Azərbaycan dövləti hazırda postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsi ilə iqtisadi artımın müasir və davamlı mənbələri hərəkətə gətirilir, milli iqtisadiyyatın innovasiya yönümü daha da gücləndirilir, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırır.
Son 19 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədə möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb.
Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli inteqrasiya edib.
Azərbaycan 4-cü Sənaye İnqilabının fəal mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük imkanlar məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz Ümumi Daxili Məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz artmasına nail olunub.
Son illər ərzində iqtisadiyyat iki qlobal maliyyə böhranından uğurla çıxıb, ölkə iqtisadiyyatı xarici təsirlərə davamlı olub. Belə ki, 2014‒2015-ci illərdə qlobal əmtəə bazarında neftin qiymətinin 3 dəfəyə qədər azalması, 2020-ci ilin əvvəllərindən isə başlanan və davam etməkdə olan pandemiya böhranı ölkədə makroiqtisadi sabitlik üçün ciddi təhdidlər yaradıb. Bütün bunlara baxmayaraq, çevik və səmərəli iqtisadi idarəetmə hesabına ölkədə makroiqtisadi sabitlik, həmçinin əhalinin rifahı və sağlamlığı qorunub. Keçən ilin sonuna valyuta ehtiyatlarımız təxminən, ÜDM-in həcminə bərabər olub ki, bu da milli iqtisadiyyatın xarici və daxili təsirlərə qarşı tam davamlılığını şərtləndirib.
Həyata keçirilən köklü institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib. Belə ki, 2012‒2021-ci illərdə qeyri-neft-qaz ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq, 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ilə 57,8 milyard manata, qeyri-neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.
Aparılan məqsədyönlü siyasət nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85 faiz olub. Pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8 faizə ensə də, artıq ötən il 83 faizi ötüb.
Ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı və infrastruktur təminatı inkişaf etdirilib. Mövcud torpaq, su və iqlim resursları əsasında ilkin kənd təsərrüfatı məhsullarının yerli istehsalı hesabına özünütəminetmə göstəricisi ümumilikdə məqbul səviyyəyə çatdırılıb.
Yerli istehsal potensialı ilə yanaşı, ölkədə ərzaq məhsulları ehtiyatlarının saxlanması üçün anbar infrastrukturunun və emal sənayesinin inkişafı üçün yaradılan baza da respublikamızın ərzaq təhlükəsizliyi baxımından müstəsna əhəmiyyət kəsb edir. Belə ki, təbii resursların çatışmazlığına görə, idxaldan asılılığımızın nisbətən yüksək olduğu məhsullar üzrə yerli emal sənayesinin və infrastrukturun yaradılması ölkənin ərzaq təhlükəsizliyini sabit şəkildə təmin etməyə imkan verir.
Hazırda ölkəmizin böyük uğur salnaməsi olan işğaldan azad edilən torpaqların sosial-iqtisadi sistemə səmərəli reinteqrasiyası təmin edilir. Bu strateji məqsədin həyata keçirilməsi üçün düşməndən təmizlənən ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpa-quruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi uğurla gerçəklədirilir.
İşğaldan azad edilən ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyat-kommunikasiya layihələri davamlı inkişaf üçün geniş imkanlar yaradır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq tədbirləri bu sahədə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hesablanan strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.
Azərbaycan dövlətinin daha da güclənməsi və yüksək rifah cəmiyyətinin sürətlə inkişafı bu hökumət qarşısında duran prioritet istiqamətdir. Bunun üçün yeni hazırlanan və mükəmməlliyi ilə diqqət çəkən ölkənin sosial-iqtisadi inkişaf modeli mühüm önəm daşıyır.
Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiyyatda neft gəlirlərindən sosial-iqtisadi məqsədlərə səmərəli istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Şübhəsiz ki, belə bir yüksək nəticənin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynayıb.
Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmun və strukturunun əhəmiyyətli dərəcədə yenilənməsi nəzərdə tutulub. Bununla əlaqədar qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəyi qarşıya mühüm vəzifə kimi qoyulub.
Yeni sosial-iqtisadi inkişaf modeli 2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyata keçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təmin edir. İdeologiyanın mərkəzində isə yaradıcı sahibkar, məhsuldar investisiyalar, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı və rəqabətli bazarlar durur.
Bu sosial-iqtisadi inkişaf modelinin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Birinci mərhələdə (2022‒2026-cı illər) sosial-iqtisadi inkişaf modelinin 2030-cu ilədək uğurla reallaşdırılması üçün təməl şərtlərin işə salınacağı planlaşdırılır. 2027‒2030-cu illəri əhatə edəcək ikinci mərhələdə isə milli iqtisadiyyatın keyfiyyətcə yeni simasının yaradılması respublikada rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji vəzifələrin gerçəkləşdirilməsini şərtləndirir.
Sonda bir məsələni də xüsusi qeyd etmək istərdik. Azərbaycan iqtisadiyyatının davamlı inkişafı işğaldan azad edilən ərazilərə Böyük Qayıdış məqsədinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin icrasını sürətləndirir. Bununla da Qarabağ və Şərqi Zəngəzurun yeni yaşayış sahələrinin təhlükəsizlik sistemi və infrastrukturla tam şəkildə əhatələnməsi gerçəkləşir.
Hazırda güclü iqtisadiyyata sahib dövlətimiz işğaldan azad edilən ərazilərdə beynəlxalq şəhərsalma qaydaları nəzərə alınmaqla yaşayış və qeyri-yaşayış kompleksləri inşa edir, müasir infrastruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçirir. Bu əsasda bütün bölgə qabaqcıl standartlara uyğun sosial-iqtisadi və mədəni infrastrukturla tam təmin edilir. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi qurulur. Sosial xidmət infrastrukturu bərpa olunur.
Bütün bunlarla yanaşı, düşməndən təmizlənən torpaqlarımızda regionda dairəvi iqtisadiyyata əsaslanan “ağıllı” biznes modellərinin yaradılması, mədənçıxarma sahəsində təbii ehtiyatların dövlət‒özəl tərəfdaşlığı çərçivəsində dövriyyəyə cəlb olunması, rəqabətqabiliyyətli infrastruktur əsasında aqrar istehsal, habelə aqrar emal sahələrinin formalaşdırılması, həmçinin rəqabətli turizm xidmətlərinin yaradılması da nəzərdə tutulur.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 14
avqust.- S. 9.