Şuşanın bazarları

 

Orta əsrlər Azərbaycan memarlığının ən yaxşı üslub və ənənələri əsasında salınmış Şuşa qala şəhərinin bazarları da milli koloriti və bənzərsizliyi ilə seçilirdi. Şəhərin tarixi-memarlıq abidələri arasında önəmli yeri olan bu tikililər 28 illlik işğal dövründə erməni vandalizminə hədəf olmuş, tamamilə dağıdılmışdır. İndi biz bu bazarlar barədə onların tarixdə qoyduğu izlər əsasında söz aça bilir və həmin memarlıq abidələrini yerlə-yeksan etmiş ermənilərin vəhşiliklərini bir daha lənətləyirik.

Şuşanın binası qoyulandan və sonrakı dövrdə İrandan Avropaya, Av­ropadan İrana əsas karvan və ticarət yollarından biriburadan keçdiyi üçün şəhərdə müxtəlif təyinatlı bir neçə bazar yaranıb formalaşmışdı. Bazarlar əsas küçələrin kəsişdiyi yerlərdə tikilmişdi: xalça, ayaqqabı bazarı, qızıl, ləl-cəvahirat, qiymətli daşlar, əl işləri, hər növ əşyanın, müxtəlif peşələrə aid malların satıldığı böyük ticarət mərkəzi və sair. Şəhərin hər bir məhəlləsində də kiçik bazar­lar fəaliyyət göstərirdi və bunlara dabazarçe”, yəni “kiçik bazardeyilirdi. Bazarların əksəriyyəti üstüörtülü idi. On doqquzuncu əsrdə və iyirminci yü­zilliyin əvvəllərində Şuşada aşağıdakı əsas bazarlar mövcud idi.

Rastabazar” şəhərin baş ticarət küçəsi idi. Mərkəzdən keçən və Qala­nın eni boyu uzanan bu düz küçə ən böyük ticarət obyektlərindən sayı­lırdı. Şuşanın ən məşhur tacirlərinin arşın malı, ayaqqabı, paltar, dərzi, çəkməçi, qəssab, tərəvəz, bəzzaz, nüsxəbənd, papaqçı, əttar dükanları burda yerləşirdi. Küçənin həm baş­lanğıcında, həm də qurtaracağında kiçik meydança vardı. “Rastabazar”ın başlanğıcındakı sahə isə “Meydan” adlanırdı. Meydan kompleksində məscid, mədrəsə, hamam və digər binalar vardı.

Şeytanbazar” şəhər meyda­nındakı karvansaranın qarşısından başlayaraq “Cıdır düzü” istiqamətində uzanan ikinci düz küçədir. Burda, əsasən, dəmirçi və nalbənd dükanları yerləşirdi və o vaxt Şuşanın ən izdi­hamlı məkanlarından biri idi.

“Həftə bazarı” şəhərdə yalnız ba­zar günləri fəaliyyət göstərən yarmarka tipli bazar. Həftəbazarları arasında ticarət işlərini, əsasən, çarvadarlar və xırdavatçılar yerinə yetirirdilər.

Qapandibi” Şuşanın ilk böyük ticarət komplekslərindən biri idi. “Bö­yük bazar”, “Böyük tərəzi” deməkdir. Bəzən ora “Aşağı bazar” və ya “Aşağı meydan”, “Torpaq meydanı” da ad­landırılırdı. “Yuxarı meydanla “Aşağı meydan”ı (“Torpaq meydanı”nı) birləşdirən maili relyefli küçənin hər iki tərəfində yerləşirdi. Şəhərin şərq hissəsində geniş dairə şəklində olan bu meydanın ortasında dörd böyük kərpic sütunun üstündən böyük bir tərəzi asılmışdı. Burda yüzdən çox ikipudluq (32 kiloqramlıq) çəki daşları vardı. Bu çəki daşlarını axşamlar qulplarından zəncirlə bağlayıb, açarlayırdılar.

Meydanın bir tərəfində faytonlar, digər tərəfində isə arabalar dayanırdı. Bura Qarabağın kəndlərindən yemiş, qovun, qarpız, boranı, soğan, kələm və sair bostan bitkiləri, Daşaltıdan un məmulatları, Naxçıvandan duz, Təbrizdən xurma, Şərq və Avropa ölkələrindən, Rusiyadan, Qafqazın müxtəlif şəhərlərindən növbənöv çeşidli mallar gətirilir, qapanda çəkiləndən sonra alıcılara və satıcı­lara paylanılırdı. Bu qapanlarda eyni zamanda, qoyun, keçi, inək, camış, öküz kimi ev heyvanları və bir tondan artıq çəkisi olan taxıl məhsulları çəkilirdi. Qapanın ətrafı demək olar ki, həmişə yerlixarici mallarla dolu olurdu.

Qapandibinin ətrafında sənətkarlıq məhəllələri – boyaqçı­lar, qəssablar, dəmirçilər, papaqçı­lar, sərraclar, kəlağayçılar və sair yerləşirdi. OrdanBazar başı”na qədər dar küçənin sağ tərəfində cərgə ilə əsasən, dərzixanalar, baş­maqçı, çay, parça, sol tərəfində çay­xanalar, qəssabxana, cızbızxana, pi­tixana, yağ, bəzzaz, əllaf, əttar, düyü, ləbləbi, qənnadı, şirniyyat və cuhud­ların xırdavat dükanları sıralanırdı. Küçənin qurtaracağında böyük taxıl anbarları, eyni zamanda dəmirçixana, misgər və nalbənd dükanları düzül­müşdü. Bazarın arxa tərəfində isə neftduz dükanları vardı.

Bu azad və sərbəst məkanda şəhərin, əsasən, işsiz-gücsüz adam­ları toplaşır, xoruzbazlar xoruzlarını və bildirçinlərini, qoçbazlar qoçlarını və keçilərini döyüşdürür, itbazlar itlərini boğuşdururdular. Döyüşə bura­xılmazdan əvvəl sahibləri xoruzlarına istiotlu kişmiş yedirdir, onları qızışdı­raraq otun üstünə buraxırdılar. Xoruz­lar da bir-birinin üstünə atılıb döyüşür, biri o birinin başını vurub dəlməyincə, ya da heç olmasa, gözlərini vurub çıxarmayınca əl çəkmirdi. Xüsusi bəslənmiş qoçların isə başlarına həna yaxır, buynuzlarını yağlayır və göz dəyməsin deyə, boyunlarından göz­muncuğu asır, lentlə bəzəyib, meyda­na buraxırdılar. Onlar da kəllə-kəlləyə gələrək yorulub əldən düşənə qədər bir-birini al qana qərq eləməyincə aralaşmırdılar.

Xırda sənətkarların və tacirlərin məclislərində, küçələrdə, bazarlarda, iri ticarət meydanlarında çalıb-oxuyan gəzəyən musiqiçilərin əksəriyyəti vaxtaşırı “Qapandibi”nə gəlir, gündəlik ruzilərini qazanırdılar.

Bura İrandan, əsasən, yaz-yay ay­larında dərvişlər gəlir, meydan açıb, qəribə əhvalatlar uydurub danışır, bəzən də üz-üzə durub, bir-birləri ilə deyişir, meymun, ilan oynadıb, min cür hoqqadan çıxırdılar. Bəzən də kim istəsə, ilanla onu ovsunlayırdılar ki, həmin adamı daha başqa ilan çal­masın. Burdakı çayxanalar səhərdən axşama qədər hey dolub-boşalır, hərə qarşısına bir stəkan çay qoyub, onlara qulaq asırdı.

Əllərində mal satan dəllallar bazarı o baş-bu başa gəzib-dolaşır, sıra ilə düzülüb, müştəri gözləyən iranlı hamballar işsizlikdən bir-birləri ilə dərdləşir, bəziləri isə belində palan bir küncdə oturub, mürgü vururdular. Burda həmişə səs-küy olur, musiqi sədaları ətrafı bürüyür, sərxoş adam­ların səsi eşidilirdi. Tez-tez baş verən dava-dalaş, səs-küy, söyüşanor­mal insanlar bu bazarın siması idi.

Şəhərin bir dəstə işsiz-gücsüz adamı “Aşağı bazarda günlərini belə keçirirdi. Bura yığışanlara heç kəs dəyib-toxunmurdu. Yalnız dükanlar­dan vergi yığmaq üçün hərdənbir bazara vergi məmurları gəlirdi.

Bazarla üzbəüz Uğurlu bəy Cavanşirin karvansarası və yanında dəlləkxanası olan hamamı, iki baqqaliki əttar dükanı şəhərin qonaqla­rına daim mədəni xidmət göstərirdi. Hər cür ticarət və oyunlar gedən bu bazar meydanında həmişə qələbəlik olurdu.

Ötən yüzilliyin iyirminci illərinə qədər fəaliyyət göstərən “Qapandibi bazarı” şəhərin ən canlı alış-veriş meydanına çevrilmişdi. Bura uzun müddət Şuşanın satış bazası rolunu oynamış və şəhər iqtisadiyyatının inkişafına mühüm təsir göstərmişdir.

 

VASİF QULİYEV,

 

Şuşa” qəzetinin baş redaktoru

 

Xalq qəzeti.- 2022.- 14 avqust.- S.10.