“Böyük
fəxarət və qürur hissi ilə bəyan edirəm ki…”
Dövlət
başçısı xalqa Qələbə
sevincli müraciətini belə
başlamışdı
İyirmi səkkiz
il yarım işğal
altında olan Şuşa
azad edildi! Şuşa indi
azaddır! Biz Şuşaya
qayıtmışıq! Biz bu tarixi Qələbəni
döyüş meydanında qazandıq.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində
əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq.
Bu bizim şanlı Qələbəmizin,
Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq,
danışıqlar masası arxasında yox.
Azərbaycan Prezidenti İlham Əliyevin xalqa
müraciətindən
Şəhidlər xiyabanı, 8 noyabr
2020-ci il
Faşist Ermənistanı üzərindəki tarixi Qələbənin yaratdığı yeni reallıqları region həyatının bütün sahələrində görürük. Dostlarımız da, bədxahlarımız da həmin reallıqları qəbul edirlər. Başqa yol da yoxdur. Hamı – yəni Ermənistan da qəbul etməlidir və edəcək.
Bu sətirləri qələmə alarkən Prezident İlham Əliyevin son günlər Azərbaycan Televiziyasına verdiyi müsahibədə xatırlatdığı bir məsələni, daha doğrusu, yeni reallıqların ən mühüm istiqamətlərdən birini xüsusilə qabartmaq istəyirik: “Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur”. Ancaq otuz il idi ki, Azərbaycan tərəfinin nəinki Ermənistanla aparılan danışıqlarda, hətta istənilən tədbirdə qaldırdığı ilk məsələ Qarabağın işğaldan azad edilməsi olurdu. Fikrimizcə, 44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbənin bizə bəxş etdiyi sevinclərdən biri də məhz Qarabağ müzakirəsinin gündəliklərdən çıxarılması oldu.
Doğrudur, işğalşı tərəfdən belə cəhdlər son zamanlar da olub, amma dövlət başçımız buna heç vaxt razılıq verməyib. Çünki Ermənistanın artıq bu məsələyə heç bir aidiyyəti yoxdur. Bu bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir. Söhbət ancaq Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi barədə olur. Prezidentimiz xatırladır ki, onların hüquqları da, təhlükəsizliyi də Azərbaycan dövləti tərəfindən təmin ediləcək. O, nəyi deyirsə, onu da həmişə icra edir.
Qələbə sevinci. Fikrimizcə, bu yazıda qələmə aldığımız həmin ifadə bizim son iki əsrdəki ən böyük uğurumuzun yaratdığı sevinci tam əhatə edə bilmir. Ancaq dövlət başçımız 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciət edərkən, həmin sevinci tam ifadə edə bilmişdi: “ Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.
Dövlət başçımızın həmin sevincli anlarda Qələbənin danışıqlar masasında deyil, bilavasitə döyüş meydanında qazanıldığını xatırlatması da təsadüfi deyildi. Çünki o, dəfələrlə demişdi ki, bütün bəyanatlara rəğmən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır. Təəssüf ki, 30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Azərbaycan rəhbərliyi isə səbr və təmkinlə vaxtı, məqamı gözləyirdi.
Bizim haqq səsimizi dünyada hamı eşidirdi. Daha doğrusu, İlham Əliyevin elan etdiyi hücum diplomatiyası və informasiya müharibəsi fonunda biz haqq səsimizi bütün mötəbər təşkilatlara və dünya dövlətlərinə eşitdirə bilmişdik. Ancaq ikili standartlar müvafiq addımlar atmaq istəyənlərə ciddi şəkildə mane olurdu. Dövlət başçımızın da xatırlatdığı kimi, geridə qalan illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək, Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Prezident dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdi ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik: “Biz şəhidlər verərək bu Qələbəni qazandıq. Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”
Biz Şuşanın düşmən tapdağında qalması ilə necə barışa bilərdik? Axı bu şəhərin Azərbaycan tarixində xüsusi yeri var. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıblar, qurub – yaradıblar. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı, məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq.
Prezident Qələbə sevincindən, yeni reallıqlardan danışarkən qətiyyətlə bildirir ki, hələ qabaqda çox böyük vəzifələr vardır. İşğaldan azad edilmiş, barbar qonşular tərəfindən viranəyə çevrilmiş şəhər və kəndlərimiz başdan-başa yenidən qurulacaq. Bunun üçünsə biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmadan, güc toplayırıq və toplamışıq: “Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək”.
Dövlət başçımız Qələbə sevincini təkcə yuxarıda qeyd etdiyimiz müraciətdə deyil, 44 günlük müharibədən sonrakı əksər çıxış, nitq, bəyanat və müsahibələrində də dilə gətirmişdir. Məsələn, Prezident 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradındakı nitqində xatırladırdı ki, bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi: “Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik. Bu istehkamlar elə qurulmuşdu ki, Azərbaycan oradan keçə bilməsin, əsgərimiz oradan keçə bilməsin. Eyni zamanda, Dağlıq Qarabağ ərazisinin coğrafi relyefi də Ermənistan tərəfi üçün daha əlverişli idi. Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi”.
Prezidentin fikrincə, Şuşa şəhərinin azad edilməsi bizim tarixi nailiyyətimizdir: “Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi və işğaldan azad edilən sonuncu şəhər oldu. Şuşa işğaldan azad ediləndən sonra düşmənin beli qırıldı, düşmən təslim olmağa məcbur qaldı. Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan Bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi”.
... Və həmin gündən sonra Cənubi Qafqazda yeni reallıqlar yarandı. Məhz həmin reallıqların nəticəsidir ki, bu gün Ermənistanda “başını itirməyən” yoxdur. Biz əvvəlcə onların əsrlər boyu yaratdıqları miflərinin itirilməsini təmin etdik, sonra ordularının, nüfuzlarının, iqtisadi imkanlarının. Başlarını isə özləri itiriblər...
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 2.