Regional yüksəlişin Azərbaycan nümunəsi

 

Prezident İlham Əliyevin daxili siyasətinin əsas prioritetini Azərbaycanın iqtisadi inkişafı, bölgələrin dirçəldilməsi təşkil edir. 2003-cü ildən başlanan regionların sosial-iqtisadi inkişaf proqramları artıq öz müsbət nəticələrini göstərməkdədir. Bu gün ucqar rayonumuzda belə, kommunal ehtiyaclar, insanların sosial tələbatları ən yüksək səviyyədə təmin olunur. Eyni zamanda, rayonlarımızın mərkəzdən dotasiya asılılığının aradan qaldırılması üçün böyük iqtisadi layihələr həyata keçirilir. İllər boyu neft ölkəsi kimi tanınan Azərbaycan hazırda turizm sektoru, kənd təsərrüfatı və sənaye mallarının istehsalından gələn gəliri xeyli artıraraq nəhəng sənaye mərkəzinə çevrilib. Şübhəsiz ki, bu da bölgələrin iqtisadi yüksəlişinə müsbət təsir edib.

Ölkə rəhbərinin son dövrlərdə rayonlara təyin etdiyi yeni icra hakimiyyəti başçılarını qəbul zamanı onlara sosial-iqtisadi inkişaf məsələlərinə xüsusi əhəmiyyət vermələrini mühüm vəzifə kimi tapşırması, habelə bölgələrə hər bir səfərində ümumi iqtisadi durumdan tutmuş yol infrastrukturuna qədər bütün sahələrdə nəzərə çarpan problemlər haqqında şəxsən yerindəcə maraqlanması da regional inkişaf proqramlarının icrasını birbaşa nəzarətdə saxladığını göstərir.

Bölgələrin sosial-iqtisadi yüksəlişi sahəsində əldə edilən uğurları Prezident İlham Əliyevin bu prosesin gedişini vaxtaşırı izləməsi, qarşıya çıxan çətinliklərin aradan qadırılması ilə bağlı müvafiq struktur rəhbərlərinə müəyyən göstərişlər verməsi şərtləndirib. Başqa sözlə, ölkə rəhbərinin dövlət işlərinin, xarici siyasət sahəsindəki fəaliyyətin gərginliyinə baxmayaraq, yerlərdə görülən işlərə davamlı diqqət yetirməsi, bölgələrə səfəri zamanı bu məsələlərin qrafikində mühüm yer tutması regional nailiyyətlərin əldə edilməsinə əhəmiyyətli təsir göstərib.

Dövlət başçısının Qobustan, İsmayıllı və Ağsuya səfəri də bu baxımdan diqqət çəkir. Prezidentin səfəri çərçivəsində son dərəcə müasir üslubda tikilərək istifadəyə verilən obyektlər bu rayonlar üçun xüsusi əhəmiyyətə malikdir. İşə salınan yeni mərkəzlər, müəssisələr yaşayış sahələrinin müasirləşdirilməsi ilə yanaşı, yeni yerlərinin açılması birmənalı olaraq vətəndaş məmnunluğu yaradır.

İsmayıllı rayonunda müasir üslubda tikilərək istifadəyə verilən “Basqal Resort & Spaoteli isə respublikamızda turizmin inkişafı üçün ideal mərkəz kimi yüksək perspektivlər vəd edir.

Ölkə rəhbərinin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsi isə Azərbaycanın sosial-iqtisadi və siyası sahələrində əhəmiyyətli məsələlərin təhlili baxımımdan xüsusi maraq doğurdu.Son illərdə adları çəkilən rayonlarda böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edən dövlətimizin başçısı görülən işlərin əsas hissəsinin başa çatdığını diqqətdə çatdırdı.

Regionlarda istər qazlaşdırma, elektrik enerjisi, su təchizatı, istərsə də yolların tikintisi ilə bağlı genişmiqyaslı tədbirlərin gerçəkləşdirildiyini bildirən Prezident İlham Əliyev yerlərinin açılması prosesinin də dövlətin daim diqqətində olduğunu xüsusilə vurğuladı. Ölkə rəhbəri həmçinin dövlət tərəfindən icra olunan layihələrin və eyni zamanda, özəl sektor üçün yaradılan şəraitin yeni yerlərinin açılmasına böyük təkan verdiyini də diqqətə çatdırdı. Dünyada mövcud olan ərzaq mallarının bahalaşmasının respublikamıza da təsirsiz ötüşmədiyini söyləyən ölkə başçısı bildirdi ki, biz 100 faiz əsas ərzaq məhsulları ilə özümüzü təmin edə bilmirik. Ancaq bu istiqamətdə vacib və ardıcıl işlər aparılır. Azad edilmiş ərazilərdə maldarlıq, bitkiçilik və kənd təsərrüfatının digər sahələri üçün çox münbit iqlim və təbii şəraitin olduğunu qeyd edən Prezident İlham Əliyev maksimum dərəcədə bundan səmərəli şəkildə istifadə etməyin vacibliyini vurğuladı.Son günlər təmas xəttindəki gərginlikdən danışan dövlətimizin başçısı Ermənistanın bu vəziyyətlə, yeni reallıqla barışmasının labüdlüyünə toxunaraq, qarşı tərəfin başqa yolu olmadığını söylədi və qeyd etdi ki, “Qisas” əməliyyatı Ermənistana bir daha onu göstərdi ki, bizi heç bir qüvvə, hər hansı bəyanat, açıqlama, telefon zəngi dayandıra bilməz. İkinci Qarabağ müharibəsi bunu sübut edib. Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz hədəflərimizə həmişə nail oluruq və ölkə kimi istəyimiz ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun.

Şübhəsiz ki, dövlət başçısının Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfəri bu bölgənin gələcək inkişafına müsbət təsir göstərəcəyi baxımından mühüm önəm daşıyır. Eyni zamanda, bu səfər həm də Azərbaycanın ciddi diplomatik məsələlərlə məşğul olduğu bir zamanda belə, ölkə rəhbərinin regionların sosial-iqtisadi inkişafını diqqətdə saxladığını göstərir.

Sonda onu da qeyd edim ki, bu gün Azərbaycanın bütün regionlarında olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da genişmiqyaslı tikinti, bərpa-quruculuq tədbirləri həyata keçirilir. Vətən müharibəsindən keçən iki ilə yaxın bir zaman ərzində sürətlə görülən işlər çox yaxın vaxtda dünənədək xarabalığı xatırladan bu bölgənin ölkənin inkişaf etmiş yaşayış məskəninə çevriləcəyindən xəbər verir.Füzuli, Laçın, Zəngilan hava limanlarının tikilməsi, Şuşa şəhərinin Türk dünyasının mədəni mərkəzinə çevrilməsi, Böyük İpək Yolunun bir hissəsi olan Zəngəzur dəhlizinin açılması bu bölgənin iqtisadi yüksəlişinə xüsusilə müsbət təsir edəcək.

Görülən işlər onu göstərir ki, Prezident İlham Əliyevin yürütdüyü daxilixarici siyasət Azərbaycanın yüksəlişinin təmin edilməsinə yönəlib. Bu siyasətin uğurlu nəticələri artıq özünü tam şəkildə göstərməkdədir. Bölgələrin sosial-iqtisadi inkişaf proqramının uğurla icrası isə Azərbaycanın regionda lider dövlətə çevrilməsi prosesinin zəruri tərkib hissəsinə çevrilib. Azərbaycanı inkişafa aparan bu yüksəlişin lideri isə heç şübhəsiz, Prezident İlham Əliyevdir.

 

Rəşad MAHMUDOV,

 

Milli Məclisin deputatı

 

Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 2.