Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi daim diqqətdə saxlanılır

 

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Te­leviziyasına verdiyi müsahibədə bu gün dünyada ciddi narahatlıq doğuran ərzaq təhlükəsizliyi ilə bağlı da fikirlərini diqqətə çatdırıb, respublikada bu istiqamətdə nəzərdə tutulan tədbirlər barədə geniş bəhs edib. Dövlətimizin başçısı, eyni zamanda, bazar iqtisadiyyatının bütün təməl prinsiplərinin Azərbaycanda tətbiqinə xüsusi önəm verildiyini vurğulayaraq, iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiya­sının uğurlu nəticələrlə müşahidə olunduğunu xatırladıb.

Mexanika üzrə fəlsəfə doktoru Emin Bağı­rov yuxarıda qeyd edilən bu fikirlə bağlı daha sonra dedi:

– Ölkə rəhbərinin bu fikirlərinə əsaslanıb deyə bilərik ki, hazırda Azərbaycanın ümumi daxili məhsulunun əksər hissəsi özəl sektor–həm yerli şirkətlər, həm də xarici investorlar tərəfindən formalaşdırılır. Belə olan halda dünyada cərəyan edən istənilən iqtisadi proses Azərbaycana təsirsiz ötüşmür. Bu baxımdan beynəlxalq aləmdə nəzərə çarpan ərzaq mallarının bahalaş­ması da ölkəmizdə özünü aydın büruzə verir.

Əlbəttə, bunun bir səbəbi də Azərbaycanın özünü 100 faiz əsas ərzaq məhsulları ilə təmin edə bilməməsi ilə əlaqədardır. Məsələn, hazırda respublikamızda ət məhsulları ilə təminat 90 faiz, quş əti ilə 80 faiz, süd məhsulları ilə 85 faiz təşkil edir. Ona görə də ərzaq məhsulları təchizatına tam nail olmaq üçün aqrar sek­torda ciddi tədbirlər həyata keçirilir. Kənd təsərrüfatının bütün sahələrində ardıcıl isla­hatlar aparılır. Ənənəvi olmayan heyvandarlıq dirçəldilir. Buğda ilə təminetmə əmsalının yüksəldilməsi qarşıya mühüm vəzifə kimi qo­yulur. Bunun üçün, ilk növbədə, dövlət dəstəyi ilə müasir, daha yüksək məhsuldarlığa imkan verən texnologiyaların, xüsusilə pilot suvarma sistemlərinin təşkili nəzərdə tutulur.

Xatırladım ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, qarşıya qoyulan məqsədi gerçəkləşdirmək üçün suvarma sistemlərinin 40 faizi dövlət tərəfindən subsidiyalaşdırıla­caq. Həmçinin, yerdə qalan vəsait güzəştli kreditlərlə təmin olunacaq. Bununla da 55-65 sentner səviyyəsində məhsuldarlıq əldə edən təsərrüfatların xüsusi çəkisinin genişlənməsi re­allaşacaq. Eyni zamanda, pilot suvarma texno­logiyalarını tətbiq edən təsərrüfatlar tərəfindən istehsal olunan ərzaqlıq buğdaya görə 2023-cü ildən məhsul subsidiyası da ayrılacaq.

Bütün bunlarla bərabər, işğaldan azad edilən torpaqlarımızın tədricən təsərrüfat dövriyyəsinə cəlb olunması hesabına həmin ərazilərdə də taxıl istehsalının artımına nail olunacaq.

Yeri gəlmişkən, Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanın buğda toxumuna tələbatı 114,5 min ton olub. Bunun isə 77 min tonu yerli istehsal, 6,5 min tonu isə idxal hesabına ödənilib. Son nəticədə təxminən 31 min toxuma əlavə ehtiyac yaranıb.

Arpa toxumu çatışmazlığı isə daha böyük olub. Ötən il bu toxuma tələbat 67,3 min ton təşkil edib ki, bunun da 24,7 min tonu yerli istehsal, 1,6 min tonu isə idxal hesabına təmin edilib. Son nəticədə 41 min ton toxuma əlavə ehtiyac yaranıb. Qeyd edim ki, ənənəvi ola­raq Azərbaycanda hər il 550-600 min hektar ərazidə buğda əkilib. Bu gün ərzaqlıq buğda ilə təminetmə əmsalı 25 faiz təşkil edib.

Prezident İlham Əliyev müsahibədə özü­müzü taxılla hələ uzun illər tam təmin edə bilməyəcəyimizi, respublikada bu ilin əvvəlinə buğda ilə təminetmə əmsalının 62 faiz olduğu­nu da diqqətə çatdırıb. Buna görə də ölkədə xüsusi proqram işlənib hazırlandığını, yeni növ subsidiyaların tətbiqinə start verildiyini və belə addımların isə ərzaqlıq buğdanın Azərbaycanda istehsalının kəskin artacağına gətirib çıxaraca­ğına əminliyini ifadə edib. “Ancaq bu, vaxt tələb edəcək. Mən hesab edirəm ki, təqribən 3–4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir. Ancaq bugünkü vəziyyət ondan ibarətdir ki, təkcə qiymətdən söhbət getmir, eyni zamanda, taxıl qıtlığı yaşanır. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur…”,-deyə dövlətimizin başçısı vurğulayıb.

Ölkə rəhbəri ərzaq təhlükəsizliyi probleminin respublikada hiss olunmaması üçün taxıl və gübrənin Rusiyadan alınmasında heç bir çətinlik olmadığını, rusiyalı tərəfdaşlarımızla əldə edilən razılaşmalar nəticəsində Azərbaycana istənilən qədər həm gübrə, həm taxıl ixracının reallaşdırıldığını və bunun gələcəkdə də həyata keçiriləcəyini bildirib.

Yeri gəlmişkən, xatırladım ki, bu gün Azərbaycan dünyada həm də gübrə istehsalçısı kimi tanınır və hətta karbamid gübrəsini ixrac edir. Digər gübrələr isə idxal olunur.

Prezident İlham Əliyev müsahibədə ərzaq təhlükəsizliyi ilə bağlı sualı yekunlaşdıraraq, bu gün haqqında danışılan sahədə bütün problemlərdən tam sığortalanmaq üçün hazırda praktiki işlər aparıldığını, növbəti illərdə mövcud əkin sahələrində daha bol məhsul yetişdirmək üçün suvarma layihələri, subsidiyaların tədbiqi, düzgün aqrotexniki və digər tədbirlərin görülməsi hesabına məhsuldarlığın böyük dərəcədə artırılacağına əminliyini vurğulayıb. Bu məsələdə, eyni zamanda, artıq azad edilmiş torpaqlarda da əkin-biçinə başlanılmasının əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb: “Mənim göstərişimlə vaxt itirmədən əkin işləri aparılmışdır, minalardan təmizləmə işləri aparıl­mışdır. Hesab edirəm ki, gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda yetişdiriləcək məhsullar, o cümlədən ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində bizə böyük kömək göstərəcək”.

Sonda xatırladım ki, artıq azad edilən ərazilərdə əkin-biçin fəaliyyəti intensiv xarakter alıb. Bu il həmin torpaqlarda 50 min hektarda taxıl əkilib və məhsul yığımı da sona yaxınlaşıb. Bu sahələrdə məhsuldarlığın çox aşağı qeydə alınması isə təbii amillərlə bağlı olub. Çünki uzun illər bu torpaqlar istifadəsiz qalıb, suvarma infrastrukturu dağıdılıb. Ona görə də cari il o ərazilərdə taxıl dəmyə şəraitində yetişdirilib və ilk dəfədir ki, əkin aparılıb. Hər hektardan orta məhsuldarlığın təqribən 1 tondan aşağı olması məhz sadalanan amillərlə bağlı olub. Buna baxmayaraq, növbəti illərdə məhsuldarlığın daha da artırılacağı, əkin sahələrinin genişləndiriləcəyi nəzərdə tutulub.

 

Söhbəti qələmə aldı: V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 5.