Sosial sahədəki uğurlar
qarşıdakı dövrdə artmaqda davam edəcək
Biz əlavə gəlirlərimizin
demək olar ki, tam həcmini sosial sahəyə
yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet
sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün
də belədir. Azərbaycan vətəndaşlarının
rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik.
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Prezident İlham Əliyevin fərman və sərəncamları ilə hələ 2019- cu ildə Azərbaycanda 4,2 milyon insanı əhatə edən, onların sosial ödənişlərdə – əməkhaqları, pensiya, müavinət, təqaüdlərdə orta hesabla 100 faiz, bəzi istiqamətlər üzrə 2 dəfədən çox artımları, yeni sosial təminat növlərinin (müharibə veteranlarına, I dərəcə əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, Vətən müharibəsi qəhrəmanlarına və başqa şəxslərə. Prezidentin aylıq təqaüdlərinin) təsis olunmasını təmin edən, dövlət büdcəsindən illik əlavə olaraq 3 milyard manat vəsaitin ayrılmasını nəzərdə tutan inqilabi sosial islahatlar reallaşdırıldı.
Yada salaq ki, həmin il ərzində 2 dəfə – birincisi martın 1-dən, ikincisi isə sentyabrın 1-dən iki sosial paket icra edilmişdi. Dövlət başçımızın tapşırığı ilə 2022-ci ilin əvvəlindən 3,4 milyon insanı əhatə edən, illik maliyyə tutumu 2,1 milyard manata bərabər növbəti sosial paketin icrasına da start verildi. Bu, son üç il yarım ərzində ölkədə 4 milyon vətəndaşı əhatə edən üçüncü sosial islahat paketi oldu.
Bu genişmiqyaslı sosial islahatların davam etdirilməsi üçün dövlət başçısı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzaladı. Həmin sənəd sosial ödənişlərdə növbəti artımları nəzərdə tutan yeni islahat mərhələsinə başlanmasını təmin etdi və cənab Prezidentin 2021-ci ilin dekabr ayında imzaladığı 10 fərman və sərəncamla sosial islahatların yeni mərhələsi başlandı. Yeni sosial islahatlar mərhələsi 2,1 milyondan çox şəxsi əhatə edərək 2022- ci ilin əvvəlindən onlara sosial ödənişlərin artırılmasını təmin etdi və bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait ayrıldı.
Dövlət başçısının 2021-ci il 17 dekabr tarixli sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Bu artım, həm dövlət, həm də özəl sektor üzrə 400 min nəfər olmaqla, ümumən 800 min işçini əhatə etdi. Qeyd edək ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bu artım üçün illik əlavə maliyyə xərci 460 milyon manat olub. Minimum əməkhaqqı artımı orta aylıq və median əməkhaqqına da müsbət təsir etdi və vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə, orta hesabla, 20 faiz artıma imkan verdi.
Qeyd etməliyik ki, Prezident İlham Əliyev tərəfindən əlilliyi olan şəxslər və digər həssas qruplara daim xüsusi qayğı göstərilir və yeni sosial islahatların tərkib hissəsi olaraq 2021-ci il dekabrın 20-də imzalanan növbəti sərəncam və fərmanlarla onların müavinət və təqaüdlərinin artırılması da bunu bir daha təsdiq etdi. Müavinət və təqaüdlərdəki yeni artımlar 732 min şəxsi əhatə etdi, onların müavinət və təqaüdləri 2022-ci ilin əvvəlindən artırıldı. Bu artımlar üçün illik əlavə 200 milyon manat ayrıldı. Əlilliyə görə müavinətlər 2022- ci ilin əvvəlindən I dərəcə üzrə 150 manatdan 220 manata, II dərəcə üzrə 130 manatdan 180 manata, III dərəcə üzrə 110 manatdan 120 manata çatdırıldı. Beləliklə, son üç ildə aparılan islahatlar nəticəsində əlilliyə görə müavinətlər I dərəcə üzrə 2,7 dəfə, II dərəcə üzrə 3 dəfə, III dərəcə üzrə 2,3 dəfə artırıldı. Qeyd edək ki, həmin müavinətlərdən əlavə, ümumi səbəbdən I dərəcə əlilliyi olanlar Prezidentin aylıq təqaüdü olaraq 130 manat ödənişlə də təmin olunur. Müharibə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara isə Prezidentin aylıq təqaüdü olaraq I dərəcə üçün 400 manat, II dərəcə üçün 350 manat, III dərəcə üçün 300 manat ödənilir. Bu təqaüdlər cari ilin əvvəlində növbəti dəfə olmaqla orta hesabla 50 faiz artırılıb. Birinci dərəcə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də 60 faiz artırılaraq ilin əvvəlindən 80 manata çatdırılıb.
Müharibə və digər xüsusi səbəblərlə əlaqədar əlilliyi olanlara pensiya almadıqda, müavinət və təqaüd formasında yanvar ayından I dərəcə üzrə 700 manat, II dərəcə üzrə 530, III dərəcə üzrə 420 manat verilir. Bu da 2019- cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 2,5 və 2,2 dəfə çoxdur. Əmək pensiyası aldıqda isə bu şəxslərə orta hesabla aylıq I dərəcə üzrə 915 manat, II dərəcə üzrə 845 manat, III dərəcə üzrə 610 manat ödənilir. Bu məbləğlər isə 2019-cu illə müqayisədə dərəcələr üzrə müvafiq olaraq 72, 81 və 97 faiz çoxdur. Ümumi səbəbdən əlilliyi olan şəxslər üzrə sosial ödənişlərdə isə son 3 ildə bu artımlar dərəcələr üzrə müvafiq olaraq 50, 59 və 112 faizdir. İlin əvvəlindən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət də 150 manatdan 200 manata çatdırılıb. Onlara qulluğa görə 2019- cu ildə Prezidentin aylıq təqaüdü də təsis olunub ki, yeni fərmanla həmin təqaüd də 60 faiz artımla 50 manatdan 80 manata çatdırılıb.
Beləliklə, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial ödəniş 2019-cu ilin əvvəlində cəmi 82 manat idisə, yanvardan həmin məbləğdən 3,4 dəfə çox olmaqla onlar üçün müavinət (200 manat) və təqaüd (80 manat) formasında aylıq 280 manat sosial ödəniş edilir. Həmçinin yaşa görə müavinət 130 manatdan 180 manata çatdırılıb. Bununla da 2022-ci ildə pensiyaçılar üçün nəzərdə tutulan yaşayış minimumunu (176 manat) üstələyib. Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) 80 manatdan 100 manata, müddətli hərbi xidmətdə olan hərbçilərin uşaqlarına müavinət 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına müavinət 100 manatdan 120 manata çatdırılıb.
Qeyd etməliyik ki, Azərbaycan dövləti Vətən müharibəsində qüdrətli orduya malik güclü dövlət olduğunu əyani şəkildə nümayiş etdirməklə, eyni zamanda, müharibə dövründə və müharibədən sonra da güclü sosial siyasətə malik olduğunu göstərdi. Hələ müharibə zamanı Prezident İlham Əliyevin göstərişi ilə ölkədə bütün sosial proqramlar (o cümlədən, mənzillə, avtomobillə və s. təminat proqramları) da uğurla icra edilərək daha da genişləndi. Sosial müdafiə mexanizmləri arxa cəbhə rejiminə uyğun uyğun daha da çevikləşdi. Sosial təminat proseslərinin dayanıqlığı, sosial ödənişlərin davamlılığı və hər ay vaxtından daha tez həyata keçirilməsi təmin edildi. Müharibə davam etdiyi vaxtlarda belə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkənlərə sosial müdafiə, psixoloji dəstək və başqa işlər aparıldı.
Müharibədən sonrakı dövrdə isə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə əlilləri və iştirakçıları, erməni terrorundan zərər çəkənlər, onların yaxınları ilə bağlı çox geniş tədbirləri əhatə edən sosial dəstək paketinin icrasına başlandı. Bu dəstək paketi həmin insanların sosial təminat hüquqlarının operativ reallaşdırılması, onlara qanunvericilikdə nəzərdə tutulan sosial ödənişlərin e-sistemlər üzərindən proaktiv təyinatı, onların sosial – psixoloji dəstəklə, reabilitasiya xidmətləri və vasitələri, birdəfəlik maddi yardımla təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdılması, məşğulluq məsələlərinin operativ həlli, onlar üçün kiçik biznes imkanlarının yaradılması və digər dəstək istiqamətlərini əhatə edir. Ümumilikdə postmüharibə dövründə sosial dəstək paketi artıq 40 min insanı əhatə edib. Müvafiq zümrədən olanlara sosial dəstək yönümlü 46 min xidmət göstərilib. Belə ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə əlilləri olan 10 min 351 şəxsə 20 min 644 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təyin edilib.
Prezident İlham Əliyevin 2020- ci il dekabrın 30- da imzaladığı fərmanlarla növbəti dəfə olmaqla 2021- ci ilin əvvəlindən həmin sosial ödənişlər əhəmiyyətli şəkildə artırılıb: şəhid ailələri, müharibə əlilləri üçün Prezidentin aylıq təqaüdü orta hesabla 50 faiz, bəzi istiqamətlər üzrə 100 faizə yaxın artırılıb. Həmçinin Milli Qəhrəmanlar üçün təqaüd 1500 manatdan 1800 manata çatdırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü (2000 manat) təsis edilib. Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işləri də davam etdirilir. Onlardan artıq 2 min 400- dən çoxuna ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunub və onlara əlillik dərəcələrinə uyğun olaraq birdəfəlik sığorta ödənişi və elektron sistem üzərindən proaktiv qaydada aylıq sosial ödənişlərin (Prezidentin aylıq təqaüdü və əlilliyə görə müavinət, yaxud əlilliyə görə əmək pensiyası) təyinatları həyata keçirilib.
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, ölkəmizdə genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri olan 7 min 969 şəxsə 15 min 922 sosial ödəniş (Prezidentin təqaüdü, sosial müavinət, pensiya), həmçinin 2 min 772 müharibə iştirakçısına əlillik və 5 min 544 sosial ödəniş təyin olunub. Cari ilin ilk rübündə “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünün təyinatına da başlanılıb və proses yekunlaşıb.
Qeyd edək ki, həmin sosial ödənişlərin vətəndaşların müraciəti olmadan və onların sənədlər təqdim etmələrinə ehtiyac qalmadan, elektron sistem üzərindən proaktiv qaydada təyinatı həyata keçirilir.
Həyata keçirilən islahatlar çərçivəsində mühüm sosial dəstək tədbirlərindən biri də şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatıdır. Bu proqram 2021-ci ildə 5 dəfə genişlənib. Ötən il şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən daha 200 mənzil, postmüharibə dövründə isə 3200 mənzil verilib. Ümumən, ötən dövrdə 12 min 500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib. Bundan başqa, həmin dövrdə müharibə əlillərinin avtomobillə təminatı tədbirləri də davam etdirilib. 2021-ci ildə daha 164 nəfər müharibə əlilinə minik avtomobili təqdim edilib və bu günədək 7 min 400 nəfər müharibə əlili avtomobillə təmin olunub.
Onu da qeyd edək ki, postmüharibə dövründə şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər də daxil olmaqla, 11 minə yaxın şəxsin aktiv məşğulluq proqramlarına, o cümlədən, 6,5 min şəxsin özünüməşğulluq proqramına cəlb olunması təmin edilib. Şəhid ailələrinə, müharibədə yaralanmış hərbi qulluqçulara mərkəzi və rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən 26 istiqamətdə xidmətlərin “bir pəncərə”dən, operativ, şəffaf, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim edildiyi vahid əlaqələndirmə mərkəzlərində 26 min şəxsə xidmətlər göstərilib. Sosial dəstək çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb. Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri 1 aprel 2022-ci il tarixə şəhid ailələri üzvləri, müharibə iştirakçıları və erməni terrorundan zərər çəkənlərdən ibarət 100 minədək şəxsi əhatə edib, onlara 166 min xidmət göstərilib.
Avqust ayının əvvəlindən Prezident İlham Əliyevin müharibə əlillərinə xüsusi qayğısını əks etdirən növbəti sosial dəstək proqramına start verildi. Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsinə başlanıldı. Proqram “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun qüvvəyə mindiyi 1997- ci il avqustun 2- dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuları və daxili işlər orqanları əməkdaşlarını, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir. Yeni sosial paketə görə, 1997-ci il avqustun 2- dək hərbi xidmətdə xəsarət alması barədə məlumatları aidiyyəti qurumlar tərəfindən müvafiq elektron sistemə daxil edilmiş, o cümlədən sığorta ödənişi alması üçün məhkəmə qətnaməsi olan 11 minədək şəxsə e-sistem üzərindən proaktiv qaydada ödəmə təyin olunaraq onların bank hesablarına köçürülüb. Bu barədə, habelə ödəməni hansı bankdan alacağına dair onlara SMS göndərilir. Birdəfəlik ödəmə almaq hüququ olan şəxs vəfat edibsə, həmin şəxsin vərəsəsinə proaktiv ödəniş həyata keçiriləcək. Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği I dərəcə əlilliyə görə, 8 min 800 manat, II dərəcə əlilliyə görə, 6 min 600 manat, III dərəcə əlilliyə görə, 4 min 400 manat təşkil edir. Qeyd edək ki, yeni birdəfəlik ödəmə ilə təminat Prezident İlham Əliyevin müharibə əlillərinə qayğısının növbəti təzahürüdür.
Ölkədə müharibə əlillərinin rebilitasiyası işləri də uğurla davam etdirilir. Xatırladaq ki, on bir min müharibə əlili və müharibə veteranı sosial – psixoloji dəstək və reabilitasiya proqramlarına cəlb olunub. Onlara 21 min reabilitasiya vasitəsi təqdim edilib. Artıq 200 nəfər Vətən müharibəsi əlili ən yüksək texnologiyalı dördüncü nəsil müasir protezlərlə təchiz olunub. Bundan əvvəl isə Qarabağ müharibəsi əlillərindən 130 nəfər də bu protezlərlə təmin edilmişdi. Yəni, son bir il yarımda bu protezlərlə təchiz edilən hərbçilərimizin sayı 330-a çatıb. Vətən müharibəsi əlillərindən protezləşməyən cəmi iki nəfər qalıb ki, onların da müalicə prosesi davam etdiyinə görə, hələlik texniki olaraq bu, mümkün deyil. Amma tam hazırlıq var və həmin iki nəfərin müalicəsi bitdikdən sonra protezləşmə Vətən müharibəsinin bütün qazilərini əhatə etmiş olacaq.
Bütün qeyd edilənlər Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə vətəndaş rifahının və məmnunluğunun təminatı istiqamətində ardıcıl olaraq mühüm layihələrin icra olunduğunu göstərir. İnanırıq ki, bütün sahələrdə olduğu kimi, sosial sahədə də ölkəmizin uğurları qarşıdakı dövrdə artmaqda davam edəcək, sosial proqramlar daha da genişləndiriləcək.
Zərifə BƏŞİRQIZI
Xalq qəzeti.- 2022.- 16
avqust.- S. 6.