İnsanlığa
zidd olan erməni cinayətləri
Erməni
havadarları, Ermənistanın arxasında dayanan
dairələr bunu bilməlidirlər, dərk
etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər
ki, biz hansı bəlanı
məhv etdik. Biz təkcə
öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu
vəhşixislətli qüvvələrdən təmizlədik.
Yenə də deyirəm, indi onlar artıq boynubükük
şəkildə yaşayırlar. Ancaq heç kim qarantiya verə bilməz ki,
yenə də baş qaldırmayacaqlar. Biz heç vaxt imkan verə bilmərik
ki, bizim bölgədə
erməni faşizmi baş
qaldırsın. Heç vaxt
imkan verə bilmərik ki,
Ermənistan yenə də Azərbaycan üçün
potensial təhdidə çevrilsin.
Əgər bunu görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir.
İlham ƏLIYEV
Azərbaycan Respublikasının Prezidenti
Ermənistan 30 il ərzində Azərbaycana qarşı törətdiyi təxribatlarla, vandal, barbar əməllərlə terrorçu dövlət olduğunu təsdiqlədi. Vətən müharibəsindən əvvəl və savaş dövründə işğalçı ölkənin silahlı qüvvələri regionun ən böyük strateji layihəsi olan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərinin Yevlax rayonu ərazisindən keçən hissəsinə raket zərbələri endirməkdən, Mingəçevir Su Elektrik Stansiyasını dağıtmağa cəhd göstərməkdən, Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Goranboy, Ağdam, Füzuli və Naftalanı bombalamaqdan belə çəkinmədi.
Ermənistan bu azğın, qəddar hərəkətləri, hərbi cinayətləri törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, müharibəni dayandırmaq məqsədi güddü. Bu vəhşiliyə baxmayaraq, nə xalqımız öz iradəsindən döndü, nə də ordumuz geri çəkildi. Silahlı Qüvvələrimiz dinc insanların, şəhidlərin qisasını döyüş meydanında aldı, Ermənistanın yaşayış məntəqələrinə atəş açmadı. Dövlətimizin başçısının vurğuladığ kimi, bu, bir daha xalqımızın böyüklüyünü, ləyaqətini göstərdi.
Ermənistan varlığı dövründə hər zaman faşizm ənənələrinə sadiq qalıb. Təkcə Azərbaycana deyil, digər ölkələrə qarşı da daim torpaq iddiası ilə çıxış edib, saysız-hesabsız terror aktları törədib, soyğunçu, talançı əməllərdən çəkinməyib. Bu ölkə işğalçı Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən, cəllad və satqın kimi tanınan Qaregin Ter-Arutyunyanı, qatı cinayətkar Dro adlandırılan Drastamat Kanayanı milli qəhrəman kimi dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxıb.
Ermənistanın ötən əsrin 80-ci illərinin sonlarında Azərbaycana qarşı başladığı yeni ərazi iddiası zamanı Qərbi Azərbaycandan iki il ərzində 250 mindən çox azərbaycanlı öz dədə-baba yurdundan didərgin salındı, 217 nəfər vəhşicəsinə öldürüldü, bu ölkədə etnik təmizləmə ilə yanaşı, 300-dən çox məscid, 500-dən çox qəbiristanlıq yerlə-yeksan edildi. Xocalı soyqırımı törədilməklə 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs ağlasığmaz vəhşiliklə qətlə yetirildi, 1275 nəfər girov götürüldü.
Onu da qeyd edək ki, bu gün Ermənistan Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməkdən boyun qaçırır.
Yeri gəlmişkən, Birinci Qarabağ müharibəsi zamanı çox sayda soydaşımız işgəncələrlə öldürülərək kütləvi məzarlıqlarda basdırılıb. Bütün bu vəhşiliklər isə 30 ilə yaxın müddətdə işğal altındakı tarixi torpaqlarımız azad olunduqdan sonra üzə çıxıb. Şuşa rayonunun Daşaltı, Xocavəndin Edilli, Ağdamın Sırxavənd, eləcə də Xocalı rayonunun Fərrux kəndləri və digər ərazilərdə aparılan müvafiq axtarış tədbirləri ilə insanlığa sığmayan bu qəddarlıq artıq sübuta yetirilib.
Bundan sonra da üzə çıxacağı şübhə doğurmayan digər kütləvi məzarlıqlar ermənilərin Qarabağda həyata keçirdiyi cinayətkar fəaliyyətin göstəricisidir. Bütün bu vəhşiliklər beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, haqlı şəkildə ermənilərin müharibə cinayəti hesab edilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında bu il yanvarın 1-nə olan məlumata əsasən, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınan 3890 nəfərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək, onların sonrakı taleyi barədə indiyə kimi məlumat verməyib.
Ermənistan tərəfindən tarixin müxtəlif dönəmlərində çox sayda soydaşımız işgəncələrlə öldürülərək kütləvi məzarlıqlarda basdırılıb. Erməni faşizmi tərəfindən 1918-ci ildə Bakı, Şamaxı, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də qətliamlar törədilib.
Tədqiqatçıların araşdırmalarına əsasən, erməni cinayətkarlar tərəfindən həmin vaxt təkcə Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetirilib. O zaman Qubanın müsəlman əhalisi də erməni faşizminin soyqırımına məruz qalıb. Bu, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilən kütləvi məzarlıqla sübuta yetirilib.
Birinci Qarabağ müharibəsindən Vətən savaşınadək olan işğal dövründə Azərbaycan ərazilərində erməni barbarlığının, terror və vandalizmnin acı mənzərəsi indi də diqqət çəkir. Başdan-başa xarabalığa çevrilən şəhər və kəndlərimizin dəhşətli vəziyyəti ürək ağrıdır. Maddi-mədəniyyət abidələrimizin mənimsənilməsi, tarixi-mədəni təyinatına uyğun gəlməyən şəkildə istifadə olunması, məscidlərdə ev heyvanlarının saxlanılması, inanc yerlərinin əksər hallarda yerlə-yeksan edilməsi, yaşıllıqların məhv olunması işğalçının qəddarlığının miqyasından xəbər verir.
Düşməndən təmizlənən ərazilərdəki dağıntılar qeyd edildiyi kimi, Birinci Qarabağ müharibəsindən sonrakı dönəmdə törədilib. Əvvəlcə evlərin və sosial obyektlərin tikinti materialları, dam örtükləri və pəncərələri oğurlanıb, daha sonra isə Azərbaycanın mədəni irsi dağıdılıb, təbii sərvətləri talan olunub. Bütün bunları nəzərdə tutan dövlətimizin başçısı çıxışlarının birində deyib: “Bunu hansısa başqa planetdən gələn yadplanetli yox, erməni edib. Özü də Birinci Qarabağ müharibəsi dövründə yox, müharibədən sonra, məqsədyönlü şəkildə, barbar kimi, vəhşi kimi, vandal kimi, bir-bir evlərin kərpiclərini, daşlarını söküb aparıb özləri üçün daxmalar tikiblər”.
Xarici ekspertlər tərəfindən ermənilərin Azərbaycanda törətdikləri bu dağıntlar, vandal əməllər nəticəsində şəhər və kəndlərin yerlə bir edilməsi Xirosima və Naqasakiyə atılan atom bombasından yaranan dəhşətli vəziyyətə bənzədilib. Lakin Qarabağın atom silahı ilə deyil, Azərbaycan xalqına yönələn nifrətin gücü ilə bu hala salındığı vurğulanıb.
“Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko törədilən dağıntıların miqyasının ağlasığmaz olması barədə yazır: “Dünyada bəlkə ikinci elə yer yoxdur ki, vandalizm, nifrət və düşmənçilik bu qədər geniş miqyas almış olsun. Bu, hərbi cinayətdir, Ermənistanın hərbi və siyasi rəhbərləri buna görə beynəlxalq tribunalda cavab verməlidirlər. Belə əməlləri bağışlamaq mümkün deyil. Bu, insanlıq əleyhinə cinayətdir. Bir daha təkrar edirəm, bu, vəhşicəsinə törədilmiş hərbi cinayətdir. Ermənistanda Birinci və İkinci Qarabağ müharibələrini törətmiş siyasətçilər, 1 milyondan çox azərbaycanlını doğma yurdlarından qovmuş erməni hərbçiləri və yaraqlıları öz hərbi cinayətlərinə görə cavab verməlidirlər”.
Ağdama səfəri zamanı Rusiya Dövlət Dumasının Liberal-Demokrat Partiyasından olan deputatı Sergey Kalaşnikov isə bildirir ki, bütün dağıntılar, qəddarlıqlar çox acı təəssürat doğurur. İstənilən halda XXI əsrdə belə bir vəhşiliyin hər hansı təzahürü yolverilməzdir.
Ermənilərin yaşayış məntəqələrimizə, maddi-mədəni abidələrimizə düşmən münasibətinə, insanlıqla bir araya sığmayan vəhşi əməllərinə Qarabağ və Şərqi Zəngəzurun hər qarışında rast gəlinir. İşğalçı Qarabağ və ətraf rayonları demək olar ki, tamamilə xarabalığa çevirib, təbii sərvətlərimizi talan edib, qeyd edildiyi kimi, maddi-mədəni irsimizi dağıdıb, hətta təhqir etməkdən belə çəkinməyib.
Talan və məhv edilən dəyərlər nəinki ölkəmizin, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Buna baxmayaraq, bu cür barbarlığı, təəssüf ki, dünya birliyi susqunluqla qarşılayır, biganə münasibət sərgiləyir.
Vətən müharibəsindən ötən dövr ərzində də Ermənistanın Azərbaycana qarşı yönələn təxribatları ara vermir. Bu, əsasən, işğaldan azad edilən sahələrin uzun illər Ermənistan tərəfindən sistemli qaydada, Vətən müharibəsi dövründə isə xaotik şəkildə minalanması ilə bağlıdır. Hazırda düşməndən təmizlənən torpaqlarımız “barıt çəlləyi”ni xatırladır.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 16 avqust.- S. 7.