Ermənistan odla oynamasın…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər çıxışı, hər müsahibəsi, hər müraciəti Azərbaycan dövlətinin daha da qüdrətlənməsinin, dövlətçiliyinin əsaslarının daha da möhkəmləndirilməsinin istiqamətlərini müəyyənləşdirir.
Dövlət başçımızın AzTV-yə müsahibəsində deyilən fikirlər də Azərbaycan dövlətçiliyinə sədaqətin ifadəsi kimi dinlənildi. Prezident müsahibədə ictimaiyyəti maraqlandıran bütün məsələlər haqqında ətraflı fikirlər səsləndirdi.
Dünyada narahatlıq doğuran problemlər, xüsusən müharibələr getdikcə həm artır, həm də dərinləşir. Bu isə özlüyündə ərzaqların qiymətinin artmasına səbəb olur. Ölkənin idxaldan asılılığının qarşısını almaq, bunu azaltmaq üçün mühüm strateji siyasət aparılmaqdadır. Ölkə başçısının “Mən hesab edirəm ki, təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox böyük nəticə olacaqdır. Ona görə taxılın qiymətinin dünya bazarlarında qalxması bütün ölkələrə təsir göstərir” fikirləri Azərbaycanda iqtisadi siyasətin mühüm konturlarını göstərir.
Ermənistanın Azərbaycana qarşı elan etmədən müharibəyə başlaması, torpaqlarımızın işğalı, bunun uzun müddət davam etməsi, işğalda olan torpaqlarımızdan hərbi məqsədlə istifadə etməsi nəticəsində Azərbaycanın kənd təsərrüfatına, bütövlükdə sənayesinə və iqtisadiyyatına kütləvi şəkildə ziyan vurmuşdur. Bu fəsadların aradan qaldırılması üçün dövlət proqramları işlənib hazırlanır. Onların yerinə yetirilməsi istiqamətində zəruri işlər aparılmaqdadır. Bu torpaqların istifadəyə tam yararlı hala gətirilməsi üçün mühüm işlər görülməkdədir. Ölkə başçısı müsahibədə bunların gerçəkləşəcəyini inamla bildirdi.
Vətən müharibəsi ordumuzun zəfəri ilə başa çatdıqdan sonra Kəlbəcər və Laçında da indi quruculuq işləri başlanıb. Quruculuq işlərinə bilavasitə heyvandarlıqdan və arıçılıqdan başlanılması da təbiidir. Bu başlanğıcın davamı, şübhəsiz, digər sahələr olacaq, Ölkə başçısı bunun dönməz proses olduğunu məntiqi vurğu ilə ifadə etdi.
Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı, üçtərəfli Bəyanat imzalandı. Lakin məğlub Ermənistan bu bəyanatın şərtlərini yerinə yetirmir. Azərbaycanın ərazilərində vaxtaşırı irili-xırdalı təxribatlar törədir. Ermənistan rəhbərliyinə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də nəticəsi olmayıb. Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatı da məhz buna görə aparıldı. Nəticə etibarilə Azərbaycanın Ordusu düşmənə sarsıdıcı zərbə endirdi, işğalçı dövlət bir daha dərk etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “odla oynamaq işğala meyilli Ermənistanı daha çətin vəziyyətlərlə üzləşdilər”. Düşmən də, ona havadarlıq edənlər də gördülər ki. “dəmir yumruq” yerindədir. Ermənistan yeni reallıqları qəbul etməlidir. Prezident cənab İlham Əliyevin “oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar, daha da gur səslə imdad diləyəcəklər”, ermənilər “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar oradan çıxmalıdır, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır” ... kimi fikirləri Ermənistana olduqca sərt xəbərdarlıqdır. Yerinə yetirilərsə, “Kitabi Dədə Qorqud”da deyildiyi kimi, xoş, yerinə yetirməzsə, son sözü Azərbaycan əsgəri deyəcək. Vətən müharibəsində, “Qisas” əməliyyatında dediyi kimi.
Azərbaycan Prezidenti cənab İlham Əliyev müsahibəsində dedi ki, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar...
Laçın bu gün təkcə siyasi arenada deyil, ictimaiyyətin də marağında, diqqətində olan ərazidir. Həm Rusiyanın sülhməramlıları ilə bağlı, həm ermənilərin oranı hələ də tam tərk etmədiklərinə görə, həm də ciddi qarşıdurmalar ehtimal edilən ərazi olduğuna görə. Bir məsəldə deyildiyi kimi, yağış necə yağır yağsın, arx öz yoluyla axacaq. Laçın da erməni silahlı birləşmələrindən təmizlənəcək, Laçında da Azərbaycanı sevməyənlər yaşamayacaq. Laçın da işğaldan azad edilmiş digər ərazilərimiz kimi yenidən qurulacaq.
Dövlət başçısının dediyi kimi, Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir. Əgər Qarabağda kimsə yenə də, bilmirəm, hansısa populizm naminə, yaxud da ki, indi, necə deyərlər, kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol”.
Laçın dəhlizi strateji yoldur. Bu, hər iki dövlətin marağında olan yoldur. Laçın dəhlizinə alternativ yol ilə bağlı Ermənistanın təxribatları mövcud vəziyyəti daha da gərginləşdirir.
Son iki ilin istər siyasi, istərsə də hərbi hadisələri Azərbaycanın güclü dövlət, Azərbaycan Ordusunun güclü ordu olduğunu təsdiqlədi. Azərbaycan ictimaiyyəti bu gücün qürurunu könül xoşluğu ilə yaşamaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin AzTV-yə müsahibəsi bu qüruru bir qədər də artırdı.
Səbinə
XASAYEVA,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2022.- 17 avqust.- S. 4.