Zəngəzur dəhlizi Azərbaycanın növbəti tarixi uğuru olacaqdır

 

Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilirbu, bizim növbəti tarixi uğurumuz olacaqdır

 

İlham ƏLİYEV

 

Azərbaycan Respublikasının Prezidenti

 

II Qarabağ müharibəsinin Azərbaycanın və ümumilikdə, regionun həyatındakı, tarixindəki rolu ilə bağlı, bu vaxta qədər baş verən, bundan sonra olacaq hadisələri təhlil edən yüzlərlə, minlərlə məqalə yazılmışdır. Respublikamızın hər nöqtəsində bu mözvular müzakirə edilir, gələcəkdə nələrin yaşanacağı ilə bağlı fikirlər səsləndirilir. Azərbaycanlılarla ermənilər Qarabağda və Şərqi Zəngəzurda birlikdə yaşaya biləcəklərmi? Ermənistanın təxribatları nə zaman səngiyəcək? Nə vaxt bu millət başa düşəcək ki, Cənubi Qafqazda tarazlıq dəyişib, artıq istədikləri kimi davrana bilməzlər?

Bügünlərdə erməni mətbuatında Azərbaycanla bağlı nələrin yazıldığını öyrənmək üçün bir az axtarış etdik. Yazılan məqalələrdən birini proqram vasitəsilə tərcümə edib oxumağa çalışdıq. Türkə qarşı nifrət, kin-küdurət püskürən, qəzəbindən ağzından köpük dağılan bir müəllif erməni xalqını inandırmağa çalışırdı ki, biz indi məğlub xalq, dövlət olsaq da, gün gələcək yaralı Ermənistan ayağa qalxacaq və bununla da hər şey dəyişəcək.

Əslində, məsələyə psixoloji yöndən yanaşsaq, bu anlayışı başa düşmək mümkündür. Məğlub bir xalqın əlində təsəllidən başqa bir şey yoxduronlar özlərini bu yolla inandırırlar ki, vaxt gələcək külək onların istiqamətində əsəcək. Lakin hər zaman olduğu kimi, bu dəfə də, önəmli bir nüansı gözdən qaçırırlar. Unudurlar ki, Azərbaycan onların xisləti ilə hərəkət edib, qadınla­ra, uşaqlara, qocalara və ümumilikdə, silahsız insanlara divan tutmayıb, qanunsuz şəkildə torpaq, ərazi iddi­ası irəli sürməyib. Biz heç bir haqsız savaşa girməmiş, özümüzün olmayan heç nəyə əl uzatmamışıq. Yəni, əslində, ortada intiqam tələb edən, revanşizmə ehtiyac duyulan heç bir məsələ yoxdur. Məmməd Arazın dediyi kimi, “Gərək nədir bu gərəksiz düşüncələrdən? Elə necə olmalıydı, elə də oldu”. Maraq­lıdır, bəs onlar özləri necə olacağını düşünürdülər? Yoxsa elə zənn edirdilər ki, Azərbaycan xalqı həmişəlik su­sub oturacaq, heç vaxt haqqını tələb etməyəcək? İndi də hər şey bitəndən, münaqişə həll ediləndən sonra bir ağıldankəm yerindən qalxıb deyir ki, bu xəmir hələ çox su aparacaq. Atalar yaxşı deyib: “Ac toyuq yuxusunda darı görər”.

Bu naxələf dövlətin unutduğu, bəlkə də anlaya bilmədiyi məsələlərdən biribudur ki, onların qarşısında ölkədəki iqtisadi vəziyyəti düzəltmək, şəraiti yaxşılaşdırmaq üçün çox yaxşı imkanlar mövcuddur. Bu da, əlbəttə ki, Zəngəzur dəhlizinin yaradılması və kommunikasi­yaların açılmasıdır.

Ümumiyyətlə, təkcə biz yox, xarici dövlətlər də başa düşə bilmirlər ki, nə səbəbdən Ermənistan onlar üçün yeni imkanlar yaradacaq, iqtisadiy­yatlarını dirçəldəcək dəhlizin açılması mövzusuna bu qədər etiraz edir? Hər kəsə məlumdur ki, bu dövlət müxtəlif bəhanələrlə münasibətlərin normallaş­ma prosesinə zərər vurmağa çalışır. Əlbəttə, bu, düzgün yanaşma deyil. Əlsində, bu, heç onların maraqlarına belə uyğun deyil. Bir neçə gün əvvəl Xarici İşlər naziri Ceyhun Bayramov məsələ ilə bağlı danışarkən bildirdi ki, Ermənistanın nə vaxtsa bunu anla­yacağına ümid edirik. Nazir ki, bəzi nüansları ictimailəşdirmək olmur. Amma Azərbaycanın mövqeyi açıqdır. Bizim bu istiqamətdə tək qayəmiz RusiyaAvropa İttifaqının vasitəşiliyi ilə əldə olunan razılaşmaların şərtlərini tam icra etməkdir. Məlum olduğu kimi, bu çərçivədə işlərə çoxdan başlanılıb.

Fakt ondan ibarətdir ki, Azərbaycan həm qalib ölkədir, həm də davam­lı sülhün təmin edilməsini istəyir, bu istiqamətdə qarşı tərəfə təkliflər göndərir, yardım əlini uzadır. Doğrudur, bu çağırışlar uzun müddət qarşılıqsız qaldı. Lakin Azərbaycan tərəfi sülh sa­zişinin təməl prinsiplərini siyahiləşdirdi, daha sonra həmin prinsiplər Ermənistana təklif edildi. Bundan sonra dəfələrlə açıq şəkildə ifadə edildi ki, təklifdə qeyd edilən bütün maddələr beynəlxalq hüquqa və hər iki tərəfin ərazi bütövlüyünə uyğundur. Görünür, onlar bunu da tam dərk edə bilmirlər.

Əlbəttə, ortada bir sənəd və onun maddələri var. Ermənilər özləri də yaxşı bilirlər ki, sadəcə prosesi ləngidir, heç kimə faydası olmayan hərəkətlər edirlər. İqtidarda olan şəxslər hər gün fərqli fikirlərlə erməni xalqının onsuz da havada olan düşüncələrini bir qədər də bulandırır. Biri çıxıb deyir ki, Zəngəzur dəhlizinin açılması tam məğlubiyyət deməkdir. Görünür, o elə bilir ki, Ermənistan hansısa bir cəbhədə qalib gəlib. Başqası dəhlizlərin açılmasının ölkə üçün faydalı olacağını bildirir. Biri də çıxıb deyir ki, nə dəhliz, nə Zəngəzur – müqavilədə elə bir maddə yoxdur. Belə bir həssas mövzuda olsa belə, fərqli insanların, fərqli düşüncələrə sa­hib olmasını haradasa anlamaq müm­kündür. İşin gülünc tərəfi Ermənistan baş nazirinin bir-biri ilə heç bir əlaqəsi olmayan vədlər verməsi, açıqlamalar etməsidir. Bir gün Zəngəzur dəhlizinin yaradılmasının öz ölkəsi üçün fayda­larından danışan erməni rəhbər, ertəsi gün bununla heç bir əlaqəsi olmayan ifadələr işlədir.

Qeyd edildiyi kimi, əgər ermənilər doğru seçim etsələr, bu, onların iqtisa­diyyatı üçün faydalı ola bilər. Beləliklə, əhalinin rifah səviyyəsinin bir qədər yüksələ biləcəyi də heç kəs üçün sirr deyil. Lakin ölkə daxilindəki xaosu, anarxiyanı həll etmək görünür, o qədər də asan olmayacaq. Qısası, bu ölkədə hər ağızdan bir avaz gəlir. Belə olan halda xalq da nə edəcəyini, kimə inanacağını bilmir, məcbur olub öz bildiyini edir.

Ortada isə bir həqiqət var, nə olursa-olsun Ermənistan üçtərəfli Bəyanatın müddəalarını icra edəcək. Çünki buna məcburdur. Bu məcburiyyətdən əlavə, vəziyyət bir az çətinləşən kimi, həmin maddələrə əməl etməyə məhkum olduqlarını anlayacaqlar.

Ekspertlərin fikrincə, Ermənistan indiki mərhələdə istəsə belə, sülh danışıqlarına və dəhlizin açılmasına etiraz edə, ayaq dirəyə bilməz. Çün­ki, bu, indiki mərhəldə nə Rusiyanın, nə də Avropa İttifaqının maraqları ilə üst-üstə düşür. Burada qeyd edilməsi mühüm olan məsələlərdən biriodur ki, ermənilərin seçim haqqı da yox­dur. Belə ki, onlar Zəngəzur dəhlizini istəməyib sülh tələb edə bilməzlər. Çünki Prezident İlham Əliyevin də dediyi kimi, Zəngəzur dəhlizi açılmadan heç bir davamlı sülhdən söhbət gedə bilməz. Belə olan halda əməkdaşlıq da müzakirə mövzusu deyil. Ermənilər tezliklə rəsmi şəkildə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetriməli, dəhlizin açılmasına və işlərin davam etdirilməsinə şərait yaratmalıdırlar.

 

İmran ƏLİYEV

 

Xalq qəzeti.- 2022.- 17 avqust.- S.6.