Qarabağın sürətlə bərpası Azərbaycanın iqtisadi gücünün göstəricisidir

 

Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə işğaldan azad edilən ərazilərimizə Böyük Qayıdışın reallaşması üçün mühüm layihələr həyata keçirilir. Zəngilanın Ağalı kəndinin bir qrup sakininin 30 ilə yaxın ayrılıqdan sonra iyulun 19-da doğma yurduna dönməsi dövlətimizin bu torpaqlara həyatı yenidən qaytarması üçün əzm və qətiyyətindən xəbər verir.

Hazırda düşməndən təmizlənən yaşayış sahələrində ən müasir infrast­rukturun yaradılması və mədəni-tarixi abidələrin bərpası istiqamətində geniş­miqyaslı tədbirlər sürətlə gerçəkləşdirilir. Bu çərçivədə görülən layihələr isə həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsini, həmçinin iqtisadi inkişafını şərtləndirir.

Onu da qeyd edək ki, ölkəmizin yenilənmiş dövlət büdcəsində də artı­rılan xərclər hesabına yaranan ehtiyat vəsaitlərin yönləndirildiyi istiqamətlər sırasında Böyük Qayıdışın sürətlə reallaş­dırılması xüsusi yer tutur. Belə ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 milyard 477 mil­yon manat vəsait ayrılıb. Yeni xərclərin 2 milyard 986 milyon manatı isə, ilk növbədə, Böyük Qayıdışın təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında zəruri infrastruktur layihələrinin icrasına yönəldilib.

Bütün bunlar bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərindən bəhs edərkən deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.

Dövlətimizin başçısının bu sözləri deməyə əsas verir ki, ölkəmizin zəngin potensial imkanları düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması istiqamətində səfərbər edilib.

Hazırda işğaldan azad olunan ərazilərə Böyük Qayıdışın reallaşdırılması üçün müasir şəhərsalma qaydaları nəzərə alın­maqla bölgədə yaşayış və qeyri-yaşayış kompleksləri inşa edilir, müasir infrast­ruktura malik “ağıllı şəhər və ağıllı kənd” konsepsiyaları həyata keçirilir. Bu əsasda bütün Qarabağ və Şərqi Zəngəzurda müasir standartlara uyğun sosial-iqtisadi və mədəni infrastruktur qurulur. Kommunal xidmətlər şəbəkəsi, xüsusilə tullantıların səmərəli idarə edilməsi sistemi yaradılır. Sosial xidmət infrastrukturu bərpa olunur.

Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası məqsədilə tədbirlər həyata keçirilir. Erməni faşizmi tərəfindən tamamilə dağıdılan iqtisadiyyatın qurul­ması üçün iqtisadi fəaliyyətin canlanması sürətləndirilir və əlverişli biznes mühitinin formalaşdırılması təmin edilir.

İşğaldan azad edilən ərazilərdə yol tikintisinə xüsusi əhəmiyyət verilir. Çünki yaşayış sahələrində hərəkətin tənzimlənməsi üçün, ilk növbədə, yol infrastrukturunun yenidən qurulması, körpü və tunellərin inşası xüsusi əhəmiyyət daşıyır. Həm bərpa-quruculuq işlərinin intensivləşdirilməsi, həm də tranzit-logis­tik baxımdan bu məsələ daim diqqətdə saxlanılır.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda 14 avtomobil yolu tikilir ki, onlardan 8-inin çəkilişinin cari ildə yekunlaşacağı nəzərdə tutulur. Tikinti işləri davam edən Füzuli-Hadrut, Hadrut-Tuğ-Azıx mağarası, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan, Kəlbəcər və Laçın rayonları ərazisində reallaşdırılan layihələrin son mərhələsi həyata keçirilir.

İnşa edilməkdə olan Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Ağdam-Füzuli, Əhmədbəyli-Füzuli-Şuşa, Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Kəlbəcər-Laçın və Toğanalı-Kəlbəcər-İstisu yol layihələrinin isə növbəti illərdə yekunlaşdırılacağı bildirilir.

Zəfər yolundan sonra Şuşaya ikinci alternativ yolun – Əhmədbəyli-Füzuli-Şuşa avtomobil magistralının tikintisi də sütətlə aparılır. Prezident İlham Əliyev tərəfindən ötən il yanvarın 14-də təməli qoyulan bu yolun əhəmiyyətini dəyərləndirərkən dövlət başçısı vurğulayıb ki, Əhmədbəylidən Şuşaya olan məsafə o qədər də böyük deyil. Xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində bu yolla Şuşa şəhərinə gedə biləcəklər.

Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirən 81,6 kilometr uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun beynəlxalq magistral normalarına uyğun tikintisi sürətlə davam etdirilir.

Prezident İlham Əliyevin tapşırığı ilə ötən il inşasına başlanan Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun salın­masının 3 ilə başa çatdırılması nəzərdə tu­tulduğu halda, işlərin cəmi bir ilə yekunlaş­ması, əlbəttə ki, ilk növbədə, Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatında sözügedən av­tomobil yolunun tikintisi zamanı 7,3 milyon kubmetr həcmində qazma-tökmə və 1,3 milyon kubmetr həcmində qaya partlat­ma və digər mühəndis-texniki işlərinin yerinə yetirildiyi, həmçinin bütün inşaat layihələrinin tərtib olunan cədvələ uyğun texnoloji ardıcıllığa gerçəkləşdirildiyi qeyd edilir.

Xatırladaq ki, tikintisinə ötən ilin iyul ayında başlanılan yeni yolun ümumi uzunluğu 32 kilometr təşkil edir (bundan 10 kilometri Ermənistan ərazisində yerləşir). Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan magistralın layihə üzrə hərəkət hissəsinin eni 7-10,5 metr, torpaq yatağının eni isə 12-15 metrdir.

Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə 10 noyabr 2020-ci il tarixli Bəyannamədə həmin magistralın üç il ərzində çəkiləcəyinin planlaşdırıldığının öz ifadəsini tapdığını və bu bəndin kapitul­yasiya aktında gerçəkləşdirən tərəfindən də məhz Azərbaycan olduğunu xatırladıb. “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”, – deyə dövlətimizin başçısı bildirib.

Burada onu da qeyd edək ki, hazırda Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. Onların arasında ən böyük tunelin uzunluğu təxminən 12 kilometrdir.

Dövlətimizin başçısı çıxışlarından birində bununla bağlı deyib: “Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya gediş-gəliş rahat olsun. Bu həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən lazımdır. Hazır­da bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir. Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, onlarla körpü inşa edilir”.

Nəhayət, Zəngəzur dəhlizinin tikintisi ilə bağlı bəzi məqamları da diqqətə çatdırmaq istərdik. Əvvəlcə onu deyək ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomo­bil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib və I texniki dərəcəli olaraq beynəlxalq magistral normalara uyğun inşa olunur. Yolun ilk 77,5 kilometrlik hissəsi 6, qalan 46,1 kilometrlik hissəsi isə 4 hərəkət zolaqlıdır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Azərbaycanın digər rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi, eyni zamanda, Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək. Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına həm də maliyyə dəstəyi nümayiş etdirir.

Bu, Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də “Şərq-Qərb” nəqliyyat dəhlizinə naxçıvanlı adamlarının qatıl­ması baxımından əhəmiyyətli olacaq. Bu dəhlizin açılması ilə ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artacaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 18 avqust.- S.4.