Daxili siyasətdəki qətiyyət xarici siyasətimizin təməlidir
Xarici siyasətimiz daxili
siyasətimizin davamıdır. Bu gün Azərbaycanın xarici
siyasəti prinsipiallığı və müstəqilliyi ilə
seçilir.Bunun əsas səbəbi, əlbəttə
ki, güclü siyasi iradənin mövcudluğudur.
Çünki güclü
siyasi iradə olmasa, heç bir ölkə
müstəqil siyasət apara bilməz. Bu siyasi iradə vardır.
Bu siyasi iradə özünü həm daxili,
həm də xarici siyasət məsələlərində
göstərmişdir.
Eyni zamanda,
ölkəmizin uğurlu inkişafı və
son illərdə iqtisadi
müstəqilliyimizin tam şəkildə
təmin olunması bizə imkan verir ki, xarici
arenada da öz sözümüzü
deyək, öz maraqlarımızı
müdafiə edək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın xarici siyasəti uğurla daxili siyasətinin davamıdır. Bu fikir ətrafında düşünərkən əvvəlcə daxili siyasətin əsas hədəflərini müəyyən etmək lazımdır. Əlbəttə, daxili amillər, ölkəmizin hazırkı iqtisadi gücü, eləcə də qlobal arenada yüksələn nüfuzumuz Azərbaycana uğurlu xarici siyasət kursu yetirmək üçün əlverişli şərait yaradır. Aydın məsələdir ki, belə olan halda, bu siyasi kurs beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və təqdir edilir. Bu da öz növbəsində Azərbaycanla ikitərəfli və çoxşaxəli əlaqələr yaratmaq istəyən ölkələrin sayının artmasına səbəb olur. Bunun bir digər səbəbi də, respublikamızın siyasət arenasında özünü etibarlı, sözünə güvənilən tərəfdaş kimi aparması və bunu sübut etməsidir.
Bütün bunlarla paralel olaraq, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatlarla olan əlaqələri də davamlı surətdə möhkəmlənir. Ümumiyyətlə, hazırda ölkəmizin beynəlxalq imici durmadan yüksəlməkdədir. Azərbaycanın uğurlu inkişaf yolu, qətiyyətli və prinsipial mövqeyi, hər zaman haqqın, ədalətin yanında olması, beynəlxalq hüququn norma və prinsiplərini hər şeydən ali qəbul etməyimiz bu nüfuzu şərtləndirən amillərdəndir. Bir sözlə, Azərbaycanın çox uğurlu xarici siyasət kursu var və bu iradə gələcək illərdə daha da möhkəmlənəcəkdir.
Ölkəmiz hər il dünyanı narahat edən qlobal problem və çağırışların həllində daha güclü iştirakçıya çevrilir. Nəhəng bir qasırğa kimi bütün dünyanı cənginə alan koronavirus pandemiyası zamanı görülən tədbirlər buna ən böyük örnəklərdən biridir. Belə ki, dünya iqtisadiyyatının çökdüyü, böyük itkilərə məruz qaldığı bir vaxtda Azəbaycanda pandemiyaya qarşı görülən tədbirlər sayəsində ölkə iqtisadiyyatımızın geriləməsinin qarşısını alıb. Bu həm də əhalinin sağlamlığının əsas təminatı olub. Burada ən sevindirici məqamlardan biri də, dünyanın pandemiyaya qarşı çarə axtardığı, böyük dövlətlərin təkliflər irəli sürdüyü bir vaxtda Azərbaycanın hazırladığı tədbirlər planı bir çox ölkə üçün də nümunə olub. Burada qeyd edilməsi mühüm olan məsələlərdən biri də, Prezident İlham Əliyevin peyvəndlərin dünya ölkələri arasında qeyri-bərabər paylaşdırılması və satılması məsələsi ilə bağlı fikir və iradlarıdır. Belə ki, dövlətimizin başçısı multikultural ənənələrə sadiq bir ölkənin liderinə yaraşan şəkildə sivilizasiyanın ən ali məramlarından biri olan bərabərliyi təbliğ etdi və ölkələrin sosial durumundan asılı olmayaraq, bütün insanların peyvənd olunmağa haqqının olduğunu bildirdi. Bütün bunların fonunda Azərbaycan qlobal pandemiyaya qarşı mübarizə aparan ən öncül dövlətlərdən biri olmuşdur.
Xarici siyasət kursumuzun əsas məramları digər dövlətlərin ərazi bütövlüyünə hörmət etmək, onların daxili məsələlərinə qarışmamaq və kimliyindən asılı olmayaraq hər zaman haqlının tərəfində dayanmaqdır. Yeri gəlmişkən, Prezident avqustun 16-da İsveçin, Almaniyanın, Türkmənistanın və Argentinanın ölkəmizdə yeni təyin olunan səfirlərinin etimadnamələrini qəbul edib. Prezident Türkmənistanın Azərbaycanda təyin edilən yeni səfirini qəbul edərkən, onun Azərbaycan dilini yaxşı bilməsindən məmnun olduğunu və bunun yeni əlaqələrin yaradılmasında mühüm rolunun olacağını bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan və türkmən xalqlarını tarixi köklər bir-birinə bağlayır. Ümumiyyətlə, bu iki ölkə arasında mövcud olan əlaqələr çox yüksək səviyyədədir. Son dövrdə bu əlaqələr daha da möhkəmlənib və ümid edirik ki, gələcək illərdə intensiv inkişaf edəcəkdir.
Argentinalı səfir xanım, Marianxeles Belluşinin qəbulu zamanı dövlətimizin başçısı iki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, Argetina–Azərbaycan münasibətlərini ticari və iqtisadi sahələrdə də genişləndirmək lazımdır. Əlbəttə, bunun üçün lazımi imkanlar və ən əsası, perspektiv mövcuddur. Səfir də öz növbəsində iqtisadi-ticari münasibətlərin möhkəmləndirilməsi, səhiyyə, texnologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlığın yaradılmasının ölkəsinin maraqlarına uyğun olduğunu qeyd edib.
İsveçin ölkəmizdə yeni təyin olunan səfirini qəbul edərkən Prezident İlham Əliyev ən əsas məsələnin əməkdaşlıq üçün hansı sahələrdə perspektivlərin olduğunu müəyyən etmək olduğunu dedi. Bu mənada, əsas diqqət əməkdaşlığın praktiki məsələlərə yönləndirilməsidir. Qarşımızdakı suallar isə bunlardır: ikitərəfli ticarəti necə inkişaf etdirək, sərmayə qoyuluşu və müxtəlif layihələrin icrası məsələlərində hansı istiqamətdə hərəkət etmək lazımdır? Prezident İlham Əliyev bildirib ki, biz daha çox İsveç şirkətinin ölkəmizdə faəliyyət göstərməsini istəyirik. Bununla da ölkələrimiz arasında əlaqələr daha da güclənəcək və ticarət dövriyyəsi artacaq. Səfir isə qeyd edib ki, Azərbaycan–İsveç münasibətlərinin inkişafı üçün əlindən gələni edəcək.
Dövlətimizin başçısı Almaniyanın Azərbaycanda təyin olunmuş yeni səfirini qəbul edərkən qeyd etdi ki, tərəflər arasında çox geniş gündəlik var. Dövlətlərarası əməkdaşlığımızın yaxşı tarixi olduğunu qeyd edən Prezident İlham Əliyev alman şirkətlərinin ölkəmizdəki geniş fəaliyyətindən danışıb: Bizim yüksək səviyyəli səfərlərimiz və çox yaxşı siyasi əlaqələrimiz var. Əlbəttə, biz yeni fürsətlərin nədən ibarət olduğunu görməliyik. Çünki Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələr region üçün və həmçinin ölkələrimiz üçün çox mühümdür. Biz Avropa İttifaqı–Azərbaycan ikitərəfli gündəliyinə verdiyiniz dəstəyə görə minnətdarıq. Bu gündəlik getdikcə genişlənir və bir çox sahələri əhatə edir. Ölkəmizin Avropa İttifaqı ilə əlaqələrindən də xüsusi bəhs edən dövlət başçısı bu əməkdaşlığın energetika, nəqliyyat, dəhlizlər, ticarət, investisiya sahələrində geniş perspektivlərin olduğunu qeyd edib.
Ölkəmizlə Avropa Komissarlığı arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Belə ki, enerji dialoquna start vermişik. Qeyd edək ki, bu dialoq təkcə qaz sahəsində deyil, həmçinin neft, hidrogen, elektrik enerjisi sahələrini də əhatə edir.
Sevindirici haldır ki, respublikamız enerji bazarında təkcə neft və qaz ilə deyil, neft-kimya və hidrogen məhsullarının idxalı ilə önəmli faktorlardan birinə çevrilmək niyyətindədir. Bu baxımdan nəqliyyat infrastrukturunun yaradılması və tamamlanması önəmli məsələlərdən biri idi. Azərbaycan bu infrastrukturu vaxtında tamamlamağı bacardı.
Ümumilikdə, ölkəmizin xarici siyasət kursu həm nüfuzumuzun artmasına, həm də tərəfdaş dövlətlərin sayının çoxalmasına gətirib çıxarır. Bu, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqillik qazanan gənc respublikamız üçün böyük uğurdur. Ümid edirik ki, ölkəmiz bundan sonrakı mərhələdə də daim inkişaf edəcək, yeni uğur və nailiyyətlərə imza atacaqdır.
İmran ƏLİYEV
Xalq qəzeti.- 2022.- 18 avqust.- S.4.