Söz və ifadə azadlığı, yoxsa riyakarlıq

 

Məlum olduğu kimi, bu il avqustun 4-də Azərbaycan Respublikasının Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum olub. Səfirliyə basqın edən dini radikallar burada əsl vandallıq hərəkətlərinə yol veriblər. Belə ki, ekstremistlər beynəlxalq qanun və normaları kobud sürətdə pozaraq, səfirliyin binası önündəki Azərbaycan bayrağını çıxarıb yerə tullayıblar. Onlar guya Azərbaycanda şiələrin təqib olunduğunu iddia edərək, ölkəmizə və ölkə hakimiyyətinə qarşı təxribat xarakterli şüarlar səsləndiriblər.

Böyük Britaniyadakı diplomatik nümayəndəliyimizə qarşı ciddi qanun pozuntu­su ilə müşayiət olunan bu hadisə Azərbaycan ictimaiyyətinin dərin qəzəb və hiddətinə səbəb olub. Azərbaycan ziyalıları bunu ölkəmizə qarşı hörmətsizlik və təxribat hadisəsi kimi qiymətləndirirlər və cinayətkarların layiqli cəza alacaqlarına ümid bəsləyirlər.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva haqlı olaraq hesab edir ki, Londonda Azərbaycan səfirliyinə qarşı törədilən bu arzuolunmaz insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hü­cumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir.

Gözləmək olardı ki, Böyük Britaniaya hökuməti səfirliyimizə qarşı hücumu təşkil edən dini radikalların kimlər və hansı məqsədlərlə idarə olunmaları barədə təcili təhqiqatlar apararaq, onların ifşa olunmalarına və qanun qarşısında cavab vermələrinə çalışacaq.. Bu hadisə ilə bağlı bir çox suallar var ki, onlara konkret və aydın cavablar hələ də verilməyib.

İlk növbədə, təəssüf və təəccüb doğuran budur ki, Londonun mərkəzində səfirliyimizə analoqu olmayan hücumun iki saatdan çox davam etməsinə baxmayaraq, şəhər polisi ekstremistlərə qarşı adekvat tədbirlər görməyə tələsməyib, hətta terrorçulara şübhəli seyirçi münasibət nümayiş etdirib. Bunu sağlam düşüncə və məntiqlə başa düşmək çətindir.

Londonda nəşr olunanMetro” qəzetinin yazdığına görə, Azərbaycanın Londondakı səfirliyinə qarşı törədiən təxribatın arxasında şiə təriqətinə mənsub olan, Britaniya paytaxtında mənzillənən “Mehdinin nökərləri” radikal dini qrup dayanır. İmam Mehdinin zühuruna hazırlaşan qrupun başçısı, əslən Küveytdən olan Yasser Al-Habibdir.

Yeri gəlmişkən, onun “Cənnət xanımı” filmi ilk dəfə Məhəmməd (s) Peyğəmbəri göstərən film kimi xarakterizə olunur. Film peyğəmbərin qızı Fatimə haqqında olsa da, əsasən İmam Əlidən bəhs edir. Sünni müsəlmanlar filmin təhriflərə yer verdiyini deyərək, onun kinoteatr­larda nümayiş olunmasına kəskin etiraz ediblər.

Mehdinin nökərləri” qrupunun rəhbəri Əl-Həbib illər öncəsi Böyük Britaniyada sığınacaq alıb və hazırda “Buckinghamshire-də məscid idarə edir. Qrup 2018-ci İranın Londondakı səfirliyinin əmlakına hücumda da günahlandı­rılır.

Azərbaycan tərəfi Böyük Britaniya hökumətindən Londondakı səfirliyimizə qar­şı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyir.

Düzdür, Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respubli­kasının bu ölkədəki səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini bildirib, həmçinin “fikir azadlığının dinc yollarla ifadə edilməsinin tərəfdarı” olduqlarını söyləyib.

Xahiş edirəm, fikir verin: “fikir azadlığının dinc yollarla ifadəsi” nə deməkdir? Dini radikallar azad, müstəqil bir ölkənin Londondakı səfirliyinə basqın edirbu zaman ölkəmizə qarşı əsassız böhtanlar yağdırırlar. Bu, söz və ifadə azadlığımı sayılır?! Yox, cənablar! Bu, ciddi qanun pozuntusu və açıq-aşkar təxribatdır. Bu, yolverilməzdir. Azərbaycan hökuməti heç vaxt bununla barışa bilməz!

Böyük Britaniya özünü “Qərb demokratiya­sının beşiyihesab edir. Əgər Londonda radikal dini qruplar bu gün diplomatların təhlükəsizliyi ilə bağlı Cenevrə Konvensiyasını və başqa beynəlxalq qanun və normaları kobud surətdə pozmağa özlərində cəsarət tapırlarsa, buna görə də onlara heç kimgözün üstə qaşın var” demirsə, bu, söz və ifadə azadlığı deyil, riyakar­lıq, anarxiya və başıpozuqluqdur. Bunun başqa adı yoxdur!

Bir anlığa təsəvvür edək ki, Böyük Britani­yanın Bakıda səfirliyinə qarşı analoji hadisə baş versəydi, rəsmi London bundan,təbii olaraq çox narazı qalardı. Azərbaycan xalqı və hökumətinin də Böyük Britaniyadan beynəlxalq qanunlara hörmət və ehtiramla yanaşmasını tələb etməyə tamamilə haqqı var!

 

M.HACIXANLI

 

Xalq qəzeti.- 2022.- 18 avqust.- S. 5.