İsmayıllı
ismarıcları
Azərbaycan Prezidenti İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində AzTV-yə verdiyi müsahibədəki önəmli ismarıclar, haqlı olaraq gündəmin əsas mövzusu olmaqda davam edir. Öncə onu vurğulayaq ki, son illərdə yalnız işğaldan azad olunmuş bölgələrimiz, sərhədyanı rayonlarımız və böyük şəhərlərimizlə yanaşı, ümumən, bütün bölgələrimizdə intensiv quruculuq-abadlıq işləri geniş vüsət alıb. Prezidentin bölgələrə səfərləri ardıcıl xarakter daşıyır. Göründüyü kimi, bölgələrimizdə aparılan sürətli və keyfiyyətli işlər şəxsən ali dövlət rəhbərliyinin şəxsi nəzarətindədir.
İlk növbədə, nələri fərqləndirmək olar? Elə başa düşürəm, böyük infrastruktur layihələri ön sırada yer alır. İstər yolların tikintisi, istərsə elektrik enerjisi, su, qaz təchizatı ilə bağlı çox böyük layihələr icra edilib. İsmayıllıda qazlaşdırma 80 faizdən çox, Ağsuda isə 100 faizə yaxındır. Bu iki qonşu rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və keyfiyyətli, kəsintisiz elektriklə təchizat tam təmin edilib. Kənd yollarında (eləcə də, İsmayıllı – Muğanlı yolunun yeni bölümündə) icra işləri davam etdirilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib (yaxud əsaslı təmir olunub). Ayrıca, iş yerlərinin yaradılması ilə bağlı da böyük layihələr icra edilib (və edilməkdədir).
“Diri
Baba”
Dövlət başçısının və Birinci xanımın ziyarətindən foto və videolar sosial medianın Azərbaycan seqmentini süsləyən “Diri Baba” türbəsi bütün Qafqazda nadir abidələrdəndir. Yaşı 500 ildən çox olan bu müqəddəs ocaq yüzillərdir xalqımızın ziyarət yeri olaraq tanınıb. Necə deyərlər, “Diri Baba” türbəsi və xalqın ona bəslədiyi münasibət “Bir olalım, iri olalım, diri olalım” ismarıcının energetikasını da doğrulayır! “Diri Baba”nın İslam inanc turizmi xəritəsində bundan sonra daha geniş şəkildə təbliğ olunacağına inanırıq.
Basqal
Basqal yalnız İsmayıllının və yalnız Şirvan bölgəsinin deyil, ümumən, ölkəmizin qədim kəndlərindən biridir. Dövlət başçımızın dediyi kimi, əlbəttə, Basqalın tarixi siması qorunmalıdır, eyni zamanda, çağdaş standartlara, çağırış və tələblərə cavab verməlidir. Yəni Basqalın sakinləri üçün daha yaxşı yaşam, iş və istirahət ortamı yaradılmalı, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Məsələn, qəsəbədə 179 otaqlı yeni hotelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Bu hoteldə, bir qəsəbə üçün az sayılmayacaq qədər – 300-ə yaxın iş yeri açılır və işə cəlb olunanlar da məhz yerli sakinlərdir. Qonaqpərvər, gülərüz Basqalın ən yaxın aylardan etibarən yeni turist dalğası ilə qarşılaşacağına şübhə etmirik.
“İnkişaf
– məqsədimizdir!”
Bayaq vurğuladıq ki, yalnız işğaldan azad edilmiş bölgələrimiz deyil, bütün ölkə ümumi proqram, qəbul edilmiş konsepsiya, başqa sözlə, dövlət strategiyası üzrə inkişaf edir. Bu planda, işğaldan azad edilmiş bölgələrimizin ölkə iqtisadiyyatına yenidən qazandırılması çox önəmli hadisədir. Ölkə başçısı Basqalda bu barədə ətraflı danışdı. Yalnız onu deyək ki, işğaldan azad olunmuş bölgələrimizdə istehsal olunan xalis balın ümumi çəkisi o qədərdi ki, artıq eksport mövzusu gündəmə gəlib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında heyvandarlıq, quşçuluq, taxılçılıq, meyvəçilik və başqa əməli fəaliyyət sahələrinin çox böyük potensialı vardır. Artıq önəmli işlər görülüb və məhsul, bar-bəhər mövsümü yetişir. Sözügedən bölgələrimizdə mineral su ehtiyatları, təbii turizm imkanları da infrastruktur layihələrlə təmin edilincə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımız bütövlükdə Qafqazın cazibə mərkəzinə çevriləcək, – deyə bilərik.
QİSAS!
“Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. “Qisas” əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz, nə kiminsə bəyanatı, nə kiminsə açıqlaması, nə hansısa telefon zəngi”!
– Bu qürurverici sözlər də müzəffər Ali Baş Komandana aiddir. Yəni, 44 günlük müharibədən öncə ilə müharibəni, 10 noyabr Üçtərəfli Bəyanatı ilə müharibəsonrasını və nəhayət, “Qisas” əməliyyatını göz önündə tutmalı olan düşmən, yaxşı-yaxşı düşünməlidir. Buna məcburdurlar! Sülhdən anlamayanlar müharibənin, qisasın, intiqamın hesabına qatlanmalıdır. Bəli, biz yeni müharibə istəmirik. Bəli, biz sülhə hazır və sadiqik. Amma sülh birtərəfli olmur, qarşı tərəf buna tam hazır ola bilmirsə, heç olmazsa istək nümayiş etdirməlidir. Əks təqdirdə sülhə məcburetmə deyə bir anlayış var və müharibəsiz, təxribatsız həyatı təsəvvür etməyənlərə onu xatırlatmaq məcburiyyətində qalacağıq.
Dövlətimiz var olsun!
Qənirə
PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri
Xalq qəzeti.- 2022.- 18 avqust.- S. 6.