Doğum günündə torpağa tapşırılan qəhrəman

 

Öncə Vətəndir

 

Sumqayıt Şəhidlər xiyabanında Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun məzarı üstündəki şəklinə baxınca, ötən il Tibb Kollecində onun və digər qəhrəman dostu Mehrab Niftəliyevin xatirə lövhəsinin açılış mərasimini xatırladım. Həmin tədbirə qəhrəmanların həyat yoldaşları da gəlmiş və əzizlərinin xatirəsinə göstərilən ehtiramdan razılıqlarını bildirmişdilər. Tədbirdə və sonra təşkil olunan çay süfrəsi arxasında söhbət zamanı şəhid xanımları kövrək xatirələrini dilə gətirmişdilər.

Bir neçə ay əvvəl Mehrabın haqqında “Xalq qəzeti”nə yazmışdım. Bu dəfə isə Sübhan Cəbrayılovun döyüş yolundan söhbət açmağı qərara aldım. Qəhrəmanlar unudulmur, çünki onlar öz ömür paylarını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayıblar.

Sübhan 23 oktyabr 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində anadan olub. 2002-ci ildə Xüsusi Təyinatlı Qüvvələrdə xidmətə başla­yıb. Uca boyuna, iri cüssəsinə, fiziki qüvvəsinə görə onu seçmişdilər. Kəşfiyyatçı kimi xidmət göstərib, boksla, əlbəyaxa döyüşlə məşğul olub. Müddətli xidmətdən sonra ömrünün sonuna kimi XTQ-də qulluqda qalıb. 2016-cı ilin məlum Aprel döyüşlərində iştirak edib. Daim özünün cəsarəti, qardaşdan da artıq bildiyi dostlarına canıyananlığı və risksevərliyi ilə tanınıb, ən çətin tapşırıqların öhdəsindən layiqincə gəlib. Lələtəpənin alınmasında qəhrəmanlıq göstərdiklərinə görə Prezident İlham Əliyevin şəxsən təltif etdiyi hərbçilərin arasında Sübhan da olub. Ali Baş Komandan ona hədiyyə olaraq qol saatı bağışlayıb. Ondan bir müddət əvvəl Sübhan 3-cü dərəcəli, 2017-ci ildə isə 2-ci dərəcəli "Qüsursuz xidmətə görə" medalına layiq görülüb.

Silahdaşlarının qısaca "Cəbi" deyə çağırdıqları baş gizir Sübhan Cəbrayılov Vətən müharibəsində Suqovuşan, Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunma­sında iştirak edib. Ən çətin əks-hücum əməliyyatlarının başlandığı ilk günlər olub. Buna baxmayaraq, Sübhan­gil ildırım sürətilə hücuma keçərək qısa müddətdə Füzulinin 5 yaşayış məntəqəsini: Aşağı Əbdürrəhmanlı, Yuxarı Əbdürrəhmanlı, Kənd Horadiz, Qaraxanbəyli və Qərvəndi işğaldan azad ediblər. Qəhrəmanımızın döyüş­düyü tabor bundan sonra döyüş zona­sındakı əlverişli mövqeləri ələ keçirib. Ardınca onlar oba-oba, kənd-kənd, zirvə-zirvə irəliləyib, möhtəşəm “Dəmir yumruq” əməliyyatına öz töhfələrini veriblər.

Oktyabrın 19-da Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə iki kənd alındıqdan sonra Sübhan düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşi iki gün neytral ərazidə qalıb. Sübhan Cəbrayılov doğulduğu gün – oktyabrın 23-də Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən az sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib, “Vətən uğrunda” medalı ilə təltif edilib. Prezidentin sonrakı sərəncamları ilə Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə medallarına da layiq görülüb.

Döyüş yoldaşı Səxavət Sübhanı bir an belə unutmadığını bildirir: “O, yanı­mızda olanda biz döyüşə daha ürəklə girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. İşğalçı ordunun 30-dan çox hərbçisini sıradan çıxarıb. Sonra düşmənin bir BMP-sini RPQ- 26 ilə vuraraq məhv edib. Döyüşlərdə həlak olan neçə-neçə şəhidimizi çiynində daşıyıb”.

Həyat yoldaşı Sevda xanımın dedikləri: “Dostları danışır ki, Sübhan elə hey irəli can atırdı, öndə getməyi sevirdi. Cəbrayıl rayonu alınan zaman 3 gün susuz qalıblar. Erməni dilini səlis bilən Sübhan qarşı tərəfə su dalınca gedib və əliboş qayıtmayıb. Bir dəfə də düşmən tərəfə keçərək erməni hərbçinin həyətinə girib. Ermənicə danışa-danışa həmin hərbçini aldadıb və əsir götürüb. Bir erməni hərbçi isə çoban qiyafəsində kəşfiyyat məqsədilə onlara yaxın gələrək təxribat törətmək istəyirmiş. Sübhan bunu başa düşüb və düşməni yerindəcə məhv edib. Sübhanın şücaətləri saydıqca bitmir. Onun əsir aldığı bir erməni polkov­nikin üzərində döyüş mövqelərinin xəritəsi aşkarlanıb. XTQ döyüşçülərinin məxsusi xəncəri də olur. Sübhan əlbəyaxa döyüşlər zamanı öz xəncəri ilə nə qədər ermənini öldürüb. O, həm də sanitar idi. Neçə silahdaşının yaralarını sarıyıb, əlindən gələn köməyi edib”.

...Qubadlıda sonuncu döyüşdə Sübhangil 12 nəfər olublar. Həmin ərazidə sayca üstün ermənilərin mühasirəsinə düşüblər. Güllələri bitincə, əlbəyaxa döyüşə keçiblər. Sübhan təkbaşına neçə ermənini öldürüb. Birini boğub, birini xəncərlə doğrayıb. Bütün bunları döyüş yoldaşları danışıblar. Dediklərinə görə, ermənilər onunla heç cür bacarmayıblar. Snayper gülləsinə tuş gəlməsəydi, düşmənə hələ çox divan tutacaqdı.

Anası Ləzifə xanımın xatirələri: “Bir dəfə Sübhana dedim ki, ay bala, bəsdir, bəlkə bu işdən çıxasan. “Mənim yanımda yoldaşlarım şəhid olublar. Ata evimdə 18 il qalmışam, 20 ildir ki, oradayam, onların qanını mən almasam, kim alacaq?” – deyə cavab verib. Ürəyi elə hey Qarabağla döyünürdü. Həftələrlə təlimlərə qatılır, evdə az olurdu. Deyirdi, Qarabağı alaq ki, bizdən sonrakı nəsil rahat yaşasın. Füzuli azad olunanda qızına zəng edərək müharibə bitəndən sonra onu Azıx mağarasına aparacağına söz vermişdi. Döyüş yoldaşlarına deyibmiş ki, oktyabrın 23-ü ad günümdür, ona kimi Şuşaya gedib çıxarıq, orada namaz qılaram. Qismət olmadı. Amma mən özüm imkan olan kimi Şuşaya gedəcək və oğlumun arzusunu həyata keçirəcəyəm...”

Ötən il Sübhanın anım və doğum günündə Sumqayıtda onun əziz xatirəsinə abidə-bulaq kompleksi açılıb. Mərasimdə şəhər icra hakimiyyətinin rəsmiləri, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin döyüş yoldaşları, Qarabağ qaziləri, din xadimləri də iştirak ediblər.

Salyan şəhərindəki X.R.Ulutürk küçəsində yaradılmış Şəhidlər lövhəsində Sübhanın şəkli başdan vurulub. Xidmət etdiyi hərbi hissəyə yaxın olsun – deyə, o, Sumqayıt şəhərinə köçsə də, tez-tez doğma Sal­yana gedər, dostları ilə görüşər, gəzib dolanardı. İndi dostları Xatirə lövhəsinin qarşısına gəlib onu salamlayır, sonra isə qəhrəmanın adını daşıyan küçəyə keçərək xatirələrə dalırlar. Buradakı peşə liseyi də qəhrəmanın adını daşıyır. Marışlı kəndinə baş çəkənlər ata evindəki otaq-muzeydə Sübhanın həm idman uğurlarına, həm də döyüş meydanlarında rəşadətinə görə aldığı mükafatlara baxıb qürur hissi keçirirlər.

Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılovun özündən sonra RahimFidan adlı iki övladı yadigar qalıb. Onun ailə üzvləri bu ilin mar­tında “1915, Çanaqqala körpüsünün açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər. Çanaqqala Zəfərinin 107-ci ildönümükörpünün açılışı tədbirlərinə qatılan Rəcəb Tayyib Ərdoğan Sübhanın ailə üzvləri ilə görüşərək onlarla xatirə şəkli çəkdirib.

Sübhan kimi qəhrəmanlarla bütün türk dünyası fəxr edir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 18 avqust.- S. 7.