Azərbaycan
Bakıda keçiriləcək “ADEX” və “Securex
Caspian” hərbi sərgisinə
hazırlaşır
Sentyabrın 6-dan 8-dək Azərbaycan
Respublikası Müdafiə Sənayesi Nazirliyinin
(MSN) təşəbbüsü və təşkilatçılığı,
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin
dəstəyi ilə Bakı Ekspo Mərkəzində
IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX”
keçiriləcək. Tədbirin təşkilati işlərinin
icrası “Caspian Event Organisers”
(CEO) şirkətinə həvalə
edilib.
Qeyd edək
ki, COVID-19 pandemiyası
ilə əlaqədar
yaranan fasilədən
sonra sərgi yenidən təşkil olunur.
Müasir silah və texnika
sərgisi olan “ADEX” Azərbaycanın və dünya şirkətlərinin
hərbi-sənaye komplekslərinin
gücünü və
qüdrətini Bakı
şəhərində nümayiş
etdirəcək.
26 ölkədən 200-dən çox şirkəti bir araya gətirəcək
“ADEX” Bakı Ekspo Mərkəzinin üç
pavilyonunu və açıq sahəsini əhatə edəcək. İştirakçılar arasında Bolqarıstan, Çin, Fransa, İtaliya, Niderland və digər ölkələrin müdafiə
sektorunun aparıcı
şirkətləri olacaqlar.
İordaniyadan olan şirkətlərin də
ilk dəfə qatılacağı
builki sərgidə Türkiyə, Belarus, İran,
İsrail, Qazaxıstan,
Pakistan, Rusiya və digər ölkələr
milli stendləri ilə iştirak edəcəklər.
İran Bakıda keçiriləcək
IV ADEX Beynəlxalq Müdafiə
Sərgisində milli pavilyonla çıxış
edəcək. Sərgidə İrandan 6 təşkilat
və müəssisə
– “Aviasiya Sənayesi
ORG”, “İran Elektronika
Sənayesi”, “Dəniz
Sənayesi ORG”, “Milli Coğrafi Təşkilat”,
“İran Müdafiə
Nazirliyi İxrac Mərkəzi” (Mindex) və “Müdafiə Sənayesi İstehsalçılar
Birliyi” (SASAD) təşkilatı
ilə təmsil olunacaq. İran Müdafiə Nazirliyinin
tabeliyində İxrac
Mərkəzi olaraq fəaliyyət göstərən
“Mindex” İran müdafiə sənayesinin
istehsalı olan məhsulların xarici dövlətlərə ixrac
edilməsində əsas
rol oynayır. Mərkəzin açıqladığı məlumatlara görə,
“Mindex” İranın müdafiə sənayesi təşkilatlarının bir
neçə çeşiddə
istehsal etdiyi məhsullarla 40-a yaxın ölkə arasında işini davamlı olaraq genişləndirir.
Əvvəlki illərdə olduğu
kimi, Belarus hərbi sənaye kompleksi bu il də Bakıda keçiriləcək IV ADEX-2022 Beynəlxalq Müdafiə
Sərgisində geniş
təmsil olunacaq. Belarusu sərgidə “Beltexeksport”
QSC-nin rəhbərliyi
altında 12 şirkət
və dövlət müəssisəsi təmsil
edəcək. Bakı
Ekspo Mərkəzində
keçirləcək ADEX-2022 sərgisində Belarusun
“558-ci Aviasiya Təmiri
Zavodu”, ABC, AQAT, “Belspetsvneshtechnika”,
“Diaproyektor Roqaçevski
Zavodu”, “Kamvol”, “Minsk Traktor Zavodu”, “Orşa Təyyarə Təmiri Zavodu”, “Zenit-BelOMO”, “KB Radar”, “140-cı Təmir
Zavodu” və “LEMT BelOMO” şirkətləri
öz məhsullarını
və xidmətlərini
təqdim edəcəklər.
Belarus şirkətlərinin stendində ən yeni müdafiə texnologiyaları, atəş
sistemləri, döyüş
geoməlumat sistemləri,
optik və elektro-optik cihazlar, müxtəlif tipli hava hücumundan müdafiə vasitələri,
radiolokasiya sistemləri
və s. daxil olmaqla Belarus müdafiə
sənayesinin imkanları
təqdim ediləcək.
İsrailin “Aeronautics Group” şirkəti
ADEX-2022 beynəlxalq müdafiə
sənayesi sərgisində
“Orbiter-4” pilotsuz uçuş
aparatının (PUA) yeni
modifikasiyasını və
yeni hazırlanan
“Trojan” adlı PUA-nın
təqdimatını keçirəcək.
“Aeronautics Group” mühəndisləri
tərəfindən təkmilləşdirilimiş
“Orbiter-4” PUA sələfindən fərqli olaraq vertikal qalxma və enmə xüsusiyyətlərinə malikdir.
Bu isə onu
şəxsi heyət tərəfindən qısa
zaman ərzində havaya qaldırılmasına
kömək edir.
“Aeronautics Group” şirkətinin çətin taktiki tapşırıqları yerinə
yetirmək üçün
yeni hazırladığı
VTOL tipli “Trojan” PUA həm
ISR (Intelligence, Surveillance and Reconnaissance), həm
də WAPS (Wide-Area- Persistent-Surveillance) imkanlarına sahib çoxyönlü
və dinamik həldir. Sistem dəqiq, etibarlı,
real vaxt situasiya məlumatlılığını təmin etmək üçün qabaqcıl
analitika imkanları ilə birlikdə çoxsaylı sensorlardan
istifadə edir.
“Trojan”nın UHP (Unmanned Hover Plane) konfiqurasiyasında hazırlanması
ona 2,5 saat havada qalma müddəti,
sürətli uçuş
və 150 kilometrə qədər uçuş uzaqlığı, həmçinin
çəkisi 12 kiloqrama
qədər olan çoxsaylı faydalı
yükləri daşımaq
imkanı verir. PUA əlverişsiz hava şəraitində həm gecə, həm də gündüz vaxtı tapşırıqları yerinə
yetirmək qabiliyyətinə
malikdir.
Sərginin baş sponsoru İordaniyanın “Jadara
Equipment & Defense Systems”, qızıl sponsoru Türkiyənin
TUSAŞ, bürünc sponsoru
isə Türkiyənin
“ASFAT” şirkətləridir.
Qeyd edək
ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı
şanlı Zəfərdən
sonra “TEKNOFEST”in ardınca ilk dəfə keçiriləcək “ADEX” sərgisi
müzəffər ordumuzun
bu qələbəsində
müstəsna rol oynayan müasir silahların əhəmiyyətini,
ölkəmizin hərbi
sənaye kompleksinin qüdrətini vurğulamaq
üçün xüsusi
önəm kəsb edir.
Azərbaycan Respublikası MSN-in stendləri
Bakı Ekspo Mərkəzinin birinci və üçüncü
zallarında yerləşdiriləcək.
Burada yerli istehsal olan ən son silah və hərbi
texnika nümayiş etdiriləcək. Tədbir
iştirakçıları ölkənin müdafiə
kompleksindəki yeniliklərlə,
həmçinin Azərbaycan
Silahlı Qüvvələrinin
mövcud və artmaqda olan imkanları
ilə tanış
olacaqlar.
Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyi (ANAMA) “ADEX” sərgisində
Qarabağda həyata keçirilən fəaliyyətlə
bağlı təqdimatlar,
əməliyyatlar zamanı
zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların maketləri, həmçinin
ən son beynəlxalq
standartlar və metodologiyalara cavab verən avadanlıqlar təqdim olunacaq. “ADEX” sərgisində
agentlik tərəfindən
ərazilərin tədqiqat
işlərində dronlarla
toplanmış məlumatın
süni intellekt vasitəsilə emalını
təmin edən və humanitar minatəmizləmədə dünya
təcrübəsində ilk dəfə geniş miqyas alan
texnologiyadan istifadəsi
ilə bağlı məlumat veriləcək.
“ADEX” ilə paralel olaraq, hüquq-mühafizə,
sərhəd, xilasetmə,
yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların,
kompleks mühafizə
sistemlərinin və silahların perspektivli modellərini nümayiş
etdirəcək 13-cü Beynəlxalq
Daxili Təhlükəsizlik,
Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Bu sərgi
Azərbaycan Respublikası
MSN, Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi
Xidməti, Azərbaycan
Respublikası Fövqəladə
Hallar Nazirliyi, Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyi və Azərbaycan Respublikası
Dövlət Sərhəd
Xidmətinin dəstəyi
ilə təşkil olunur.
“Securex Caspian” sərgisində
siqnalizasiya və əhalini xəbərdaretmə
vasitələri, kriminalistik
optik alətlər, qəza-xilasetmə vasitə
və avadanlıqları,
yanğın təhlükəsizliyi
avadanlığı və
s. bölmələr təqdim
olunacaq. “Securex
Caspian” sərgisi dövlətin,
cəmiyyətin və
vətəndaşların daxili
təhlükəsizliyinin təmin
edilməsi üçün
əlverişli şəraitin
yaradılması, həmçinin
yeni müqavilələrin
imzalanmasına geniş
imkanlar yaradacaq.
“ADEX” və “Securex Caspian” sərgilərin keçiriləcəyi
üç gün ərzində IV Azərbaycan
Beynəlxalq Müdafiə
və Təhlükəsizlik
Konfransı (pilotsuz sistemlər, kibertəhlükəsizlik,
hərbi tibb sahəsində innovasiyalar
və s. aktual mövzularda sessiyalar keçiriləcək), hərbi
orkestrin çıxışları,
hərbi mövzularda
VR oyunları və digər tədbirlər təşkil ediləcək.
Bundan başqa,
sərgi iştirakçıları
ilə beynəlxalq heyətlərin, həmçinin
Azərbaycanın müvafiq
qurumlarının nümayəndələri
arasında ikitərəfli
görüşlərin keçiriləcəyi
gözlənilir.
Rizvan FİKRƏTOĞLU
Xalq qəzeti.- 2022.- 19 avqust.- S. 3.