Qarabağ və
Şərqi Zəngəzurun böyük turizm potensialı var
Azərbaycanda turizm sənayesinin böyük
potensialı var. Son illər bölgələrdə təşkil
olunmuş istirahət mərkəzləri müasir tələblər
səviyyəsində tikilmiş otellər, sanatoriyalar turizm
axınını daha da gücləndirib. Azərbaycan həm
də dünyada sabit ölkə kimi tanınır. Bu da turistlərin ölkəmizə axınına
öz təsirini göstərir. Prezident İlham
Əliyevin bölgələrə, xüsusilə Qarabağ və
Şərqi Zəngəzura müntəzəm xarakterli səfərləri
regionun bütün sahələr üzrə inkişafına,
eyni zamanda, yeni müəssisələrin
açılışında, bəzilərinin isə təməlqoyma
mərasimlərində iştirakı yeni iş yerlərinin
yaradılmasında mühüm rol oynayır. Dövlət
başçımız səfər çərçivəsində
regiondakı vəziyyətlə yaxından tanış
olur, tapşırıq və tövsiyələrini verir. Bu yeniliklər əhalinin həyat tərzinin daha da
yaxşılaşdırılmasında, eləcə də
turizmin inkişafında mühüm əhəmiyyət kəsb
edir.
Turizm sənayesinin inkişafı daha çox özəl
sektora aid olduğundan, bu prosesdə sahibkarların yaxından
iştirakı böyük əhəmiyyət kəsb edir. Buna baxmayaraq,
Azərbaycanda da turizm sahəsinin inkişafı istiqamətində
dövlət tərəfindən mühüm addımlar
atılır. Ulu öndər Heydər
Əliyevin siyasi hakimiyyətə qayıdışından
sonra respublikamızda bütün sahələrdə, o
cümlədən, turizmin inkişafı istiqamətində
mühüm tədbirlər həyata keçirildi. Məhz həmin dövrdə bu sahənin
inkişafına xüsusi önəm verilməsi ölkəmizdə
turizm sənayesinin sağlam bünövrəsinin əsasını
qoydu və turizm tədricən dirçəlməyə
başladı.
Bütün sahələrdə ulu öndərin siyasi
kursuna sadiqliyini nümyaiş etdirən Prezident İlham
Əliyev turizmin inkişafını da diqqət mərkəzində
saxladı. Dövlət başçımız tərəfindən
imzalanan sərəncamlar, qəbul olunan dövlət
proqramları Azərbaycanın turizm ölkəsinə
çevrilməsi istiqamətində mühüm rol oynadı.
Möhtərəm Prezidentimizin imzaladığı sərəncamla
“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi bu sahənin
inkişafında yeni, daha məhsuldar mərhələnin
başlanğıcını qoydu. Prezidentin digər sərəncamı
ilə 2011-ci il Azərbaycanda “Turizm ili”
elan olundu. Bütün bunlar ölkədə turizm sektorunun
dünya standartlarına uyğun şəkildə inkişaf
etdirilməsinə güclü təkan verdi.
Regionların sosial-iqtisadi inkişafı dövlət
proqramlarının qarşıya qoyduğu vəzifələrin
uğurlu icrası rayonların simasını tamamilə dəyişdi. Son illər təkcə
Bakıda deyil, regionlarda da beynəlxalq standartlara uyğun bir
sıra otellər, istirahət mərkəzləri fəaliyyətə
başladı. Sözsüz ki,
bütün bunlar Azərbaycanın turizm ölkəsi kimi
şöhrətini artırdı.
Bugünlərdə Prezident İlham Əliyev
İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan
Televiziyasına verdiyi müsahibədə regionlarda yeni otellərin
açılışının turizmin inkişafında
mühüm rol oynayacağını diqqətə
çatdırdı. Dövlət başçısı Basqal qəsəbəsinin
inkişafı, tarixi irsinin qorunması ilə bağlı bir
neçə il bundan əvvəl sərəncam
imzaladığını xatırlatdı. Dedi ki, bu sərəncam
əsasında Dövlət Turizm Agentliyi burada artıq bir
müddətdir ki, işlər aparır. İşlərin
təqribən 50 faizi başa çatıb və bu gün hər
kəs bunu görə bilər. Basqal qəsəbəsinin
Lahıc qəsəbəsi kimi, bu bölgənin çox qədim
tarixi yaşayış məkanı olaraq, öz
simasını bütün dünyaya açacağına əminliyini
bildirən Prezident, həm Azərbaycan vətəndaşlarının,
həm də ölkəmizdə olan qonaqların Lahıca
durmadan səfərləri kimi, Basqal qəsəbəsinə də
gələcəklərini bildirdi. Ona görə
də bu tarixi yaşayış yerinin konservasiyası, bunun
tarixi simasının qorunması xüsusi əhəmiyyət
daşıyır.
Basqal qəsəbəsində yeni, 179 otaqlı müasir
otelin açılması bölgənin turizm
potensialını böyük dərəcədə genişləndirəcək. Bu, eyni zamanda, rayonda yüzlərlə
yeni iş yerinin açılması deməkdir. Təkcə
Basqaldakı oteldə 300-ə yaxın iş yeri
açılır və orada işləyənlər də
yerli vətəndaşlardır.
Azərbaycanın müstəqilliyini və sürətli
inkişafını gözü götürməyən ermənipərəst
qüvvələr müxtəlif vasitələrlə ölkəmizin
tərəqqisini və beynəlxalq aləmə
inteqrasiyasını gözdən salmaq üçün
müxtəlif bəhanələr uydursalar da, bunun nəticəsi
olmadı. Hətta dünyanın başı üzərini
koronavirus pandemiyası aldığı bir vaxtda –2021-ci ildə
futbol üzrə Avropa çempionatının 4 oyununun
Bakı şəhərində keçirilməsinə icazə
verildi. Pandemiya təhlükəsi də həmin
yarış keçirilən zaman ölkəmizə turist
axınının qarşısını ala bilmədi.
Dövlət başçımızın sərəncamı
ilə əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin 2021-ci il mayın
1-dən iyulun 5-dək Azərbaycan Respublikasının
dövlət sərhədindən buraxılış məntəqələrində
viza almalarına şərait yaradıldı. Ümumiyyətlə,
oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün viza prosedurları sadələşdirildi.
Bütövlükdə, turizm büdcəyə gəlir
gətirən sahələrdəndir. Hətta, turizmdən gələn
gəlirlər bir sıra inkişaf etmiş ölkələrdə
də dövlət büdcəsinin formalaşmasında əsas
faktor kimi çıxış edir. Turizm
mövsümünün ilboyu davam etməsindən ABŞ,
Böyük Britaniya, Çin, İspaniya, Turkiyə kimi
ölkələrin dövlət büdcəsinə milyardlarla
əlavə vəsaitlər daxil olur. Ölkəmizdə
həyata keçirilən tədbirlər, xüsusilə, yeni
turizm obyektlərinin tikintisi Azərbaycanın da ilboyu turistlərə
xidmət göstərən ölkələr sırasına
daxil edilməsinə imkan yaradacaq. Vətən
müharibəsindən sonra Qarabağda başlanılan
genişmiqyaslı yenidənqurma işləri yaxın illərdə
bu ərazilərin də turizm mərkəzinə çevriləcəyindən
xəbər verir. Sözsüz ki, ölkəmizdə
turizmin inkişafına dair dövlət tərəfindən
mühüm işlər görülüb və bu işlər
davam etdirilir.
İkinci
Qarabağ müharibəsi başa çatdıqdan az sonra Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad
edilmiş ərazilərə səfərlər etdilər və
bununla da həmin ərazilərdə yenidənqurmaya start
verildi. Həm dövlət
başçımızın, həm də birinci
xanımın işğaldan azad olunmuş ərazilərə
etdiyi hər bir səfər Qarabağda turizm sektorunun
inkişafı baxımından böyük əhəmiyyət
kəsb edir. Azərbaycanın “Mədəniyyət
paytaxtı”nda – Şuşada “Shusha Boutique Hotel”in inşa edilməsi
və möhtərəm Prezidentimizin bu işə xüsusi
diqqət göstərməsi, Qarabağın turizm
imkanlarının genişləndirilməsi istiqamətində
tapşırıqlar verməsi dövlətin bu sahəyə
dəstəyinin göstəricisidir. Şuşanın
turizm potensialına uyğun olaraq turizm infrastrukturunun
yaradılmasına xüsusi diqqət ayrılır. Şuşa şəhərində artıq iki –
“Xarıbülbül” və “Qarabağ” hotelləri fəaliyyətdədir.
Qarabağ həmişə gözəlliyi, səfalı,
gəzməli, müalicəvi əhəmiyyətli mineral və
isti suları, bulaqları ilə həm yerli, həm də əcnəbilərin
diqqət mərkəzində olub. Bu ərazilər, əsasən,
dağlıq və dağətəyi zonadır. Bu
baxımdan Şuşa, Kəlbəcər, Laçın,
Hadrut və Zəngilanda turizmin inkişafı
üçün əlverişli şərait var. Hazırda
Şuşada, eləcə də işğaldan azad edilmiş
digər ərazilərimizidə genişmiqyaslı yenidənqurma,
tikinti-bərpa işləri gedir, həmçinin otellər
tikilir. Füzuli Beynəlxalq Hava Limanının
artıq istifadəyə verilməsi, Zəngilan aeroportunun yaxın
vaxtlarda sərnişinlərini qəbul edəcyi,
Laçın rayonunda da hava limanının tikintisi bölgədə
turizmin inkişafına təkan verəcəkdir.
Artıq Qarabağın bəzi şəhər və
rayonlarına xüsusi avtobus reysləri təşkil olunub. Bəzi turizm
sektorlarının verdiyi məlumata görə, nəinki yerli
vətəndaşlar, hətta xarici turistlər də
Qarabağa səfərlərlə bağlı müraciətlər
edirlər. Tezliklə işğaldan azad
edilmiş digər ərazilərimizdə də turizm
infrastrukturu bərpa olunacaq. Dövlət
başçımız ötən ilin oktyabrında Xocavənd
rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşündəki çıxışı
zamanı demişdi: “Hadrut qəsəbəsinin və Xocavənd
rayonunun inkişafı ilə bağlı əsas istiqamət
kənd təsərrüfatı olacaq – bitkiçilik,
heyvandarlıq, üzümçülük. Burada
üzümçülük ənənələri olubdur,
üzüm üçün çox münbit şərait
var. Kənd təsərrüfatı ilə bərabər, bura
çox dəyərli turizm mərkəzi olacaq. Çünki Xocavənd rayonunun turizm potensialı
çox genişdir. Bura təbiətcə
çox zəngin məkandır, hər tərəf
dağlar, meşələr, çaylar, cənnətə
oxşayan bir yerdir. Tarixi abidələr,
körpülər, eyni zamanda, məşhur Azıx
mağarası, Tağlar mağarası - bunlar burada yerləşir”.
Bölgədə
aparılan genişmiqyaslı quruculuq işlərinin tərkib
hissəsi kimi, bu il Ağdamda müasir tələblərə
cavab verən yeni hotelin, Suqovuşanda isə turizm kompleksinin təməli
qoyulub. Mütəxəssislərin fikrincə,
işğaldan azad olunan ərazilərimizdə turizmin
inkişafı üçün ilkin olaraq, infrastrukturun
yaradılması – otellərin və turizm komplekslərinin
tikintisi önəmli amildir.
Qarabağda
yenidənqurma və bərpa-tikinti işlərinin geniş
vüsət alması yaxın bir neçə il
ərzində azad olunan torpaqlarımızda turizmin daha da
inkişaf edəcəyindən xəbər verir. Ümumilikdə, 2025-ci ilə qədər
işğaldan azad edilmiş ərazilərə bir milyona
yaxın yerli və xarici turistin səfər edəcəyi
proqnozlaşdırılır. Turizm sektoru
spesifik bir sahə olduğundan, burada beynəlxalq əməkdaşlığın
genişləndirilməsi çox mühümdür. İnanırıq ki, Qarabağ əcnəbi turistlərin
də ən sevimli yerlərindən birinə çevriləcək.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2022.- 19
avqust.- S.8.