Ermənistan dağılır...

 

Amma yersiz tərsliyindən əl çəksə, xilas ola bilər

 

Bu gün məğlub Ermənistan acınacaqlı bir durumdadır. Dövlətin siyasəti dalana dirəndiyi kimi, sosial-iqtisadi vəziyyəti də xaos həddinə çatıb. Adi dolanacağını təmin edə bilməyən əhali ölkə rəhbərliyinin qonşu dövlətə qarşı ərazi iddialarını, Qarabağdan erməni qanunsuz silahlılarının çıxarılmasının əngəllənməsini qəbul etmir və etiraz sədalarını ucaldır.

"Ermənistanda vəziyyət yaxın gələcəkdə daha da acınacaqlı olacaq". – Bu fikrin müəllifi, "Kav­kazoved.info" saytının baş redak­toru, politoloq Andrey Areşevin sözlərinə görə, Nikol Paşinyan rejiminin ictimai rəylə bağlı hazırla­dığı manipulyasiya texnikası artıq işləmir. Ermənistan hökuməti həm xarici dəstək, həm də polisin gücü ilə sabitlik görüntüsü yaratsa da, artıq bu ölkədə, necə deyərlər, bıçaq sümüyə dirənib. “Etiraz əhvalruhiyyəsi heç yerdə itməyib və sosial-iqtisadi vəziyyətin pisləşməsinə paralel olaraq daha da artacaq", – deyə Areşev qeyd edib.

Sosial problemlərdən boğaza yığılan ermənilərin baş nazir Nikol Paşinyana qarşı kütləvi etirazlar hər an yenidən güclənə bilər. Bu So­rosçu küçə “demokrat”ı hakimiyyətə gələrkən verdiyi vədlərin heç birinə əməl etməyib. İşğalçı ölkədə sosial gərginlik fəlakət həddinə çatıb. Hakimiyyət isə diqqəti daxili problemlərdən yayındırmaq üçün xarici siyasətlə bağlı populist bəyanatlar verməkdədir. Faktiki olaraq, Ermənistanda daxili ictimai-siyasi vəziyyət nəzarətdən çıxıb. Əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar çox dərin böhran yaşanır.

Ermənistanın iqtisadi problemlərinə gəlincə, müharibənin bu sahəyə vurduğu ziyan özünü qabarıq göstərməkdədir. Zavodlar, fabriklər ya işləmir, ya da yarımcan haldadır. Emal sənayesi iflic olub. Ərzaq qıtlığı, qida təhlükəsizliyi ilə bağlı çatışmazlıqlar onu deməyə əsas verir ki, müharibənin ya­ratdığı iqtisadi problemlər hələ uzun müddət davam edəcək. Ermənistan hakimiyyətinin isə bu problemləri həll etmək imkanları çox məhduddur. Hazırda xaricdəki erməni diasporu və lobbisi də, digər himayədarlar da İrəvana sərmayə qoyuluşunu, demək olar ki, dayan­dırıblar. Bu səbəbdən də müşküllər kəskinləşir, inflyasiya kəlləçarxa çıxıb: Rusiya banklarının bəzilərinin Ermənistanda müxbir hesabları açması isə özünü “saman çöpü” anlamında göstərir. Əslində, “böyük qardaş” tərəfindən bənzər davranış­lar Ermənistanın xilası üçün deyil, Rusiya bankları yaşaya bilsin deyə, “oksigen” uda bilməsi üçündür.

Hazırda dünya dərk edir ki, Ermənistanın bütün siyasi-dip­lomatik maxinasiyaları, yersiz bəyanatları, olsa-olsa, “avamların menyusu” üçündür. Bu ölkədən ötrü tam kapitulyasiya aktı sayılan 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtləri onsuz da yerinə yetirilməli, Azərbaycanın haqlı tələbləri tezliklə həyata keçməlidir.

Bu arada, Ermənistan cinayətkar aləminin “görkəmli” nümayəndələri Robert Koçaryan və Serj Sərkisyan da gündəmdə qalmaqdadır. Bütün ermənilər bilir ki, onlar əsl oğru və fırıldaqçılar­dır. Azərbaycanın işğal olunmuş ərazilərini talamaqla sərvət toplaya­raq Ermənistanı və erməni ordusu­nu da soyublar. İndi də revanşist çıxışlarla “bəlkə də qaytardılar” xülyasından əl çəkmirlər. Erməni jurnalist Roman Baqdasaryan yazır ki, 1988-ci ildən 2020-ci ilə qədər bütün ermənilər Qarabağ mafiyası­nın girovuna çevrilib, bu mafiya ona qarşı çıxan yüzlərlə məmur və iş adamlarını sıradan çıxarıb. Orduda bir çox oğlanları narkoman edən, onları buna öyrədən Qarabağ klanı olub. Köçəryan və Sərkisyan “34 il oğurlanmış pullarla Qarabağda sa­raylar tikdilər, əsgərləri məsxərəyə qoydular, ordunu yemək-yanacağa qədər qarət etdilər, Ermənistanın ən yaxşı obyektlərini, dünyanın hər yerindəki səfirlik və konsul­luqları ələ keçirdilər, parlamentin edamını səhnələşdirdilər. İrəvanın küçələrindəki repressiyaları və qırğınları xatırlayın, narkotik satdılar, narkotik alverçilərini qorudular…”

Erməni jurnalist həmvətənlərinin diqqətini daşnakların Ermənistan üçün daşıdığı təhlükəyə də yönəldib. O, sensasion bəyanatla çıxış edərək “Daşnaklar İrəvanın mərkəzindəki mədəniyyət ocaqla­rında orgiyalar (qrup halında seks) təşkil edirlər” - deyib. "Daşnaklar artıq real təhlükəyə çevriliblər. Onlar parlamenti dağıdır, Gümrüdə qocaları, İrəvanda polis məmurlarını döyürlər, Erebuni muzeyində orgiya­lar təşkil edirlər. İndi isə biznesmen Kokobelyanın atasını oğurlayıb­lar”. Son məlumata görə, erməni eks-deputatın atasının oğurlan­ması faktına görə “Daşnaksütyun” partiyasının üzvü Suren Manukyan saxlanılıb.

Azərbaycanın qətiyyətlə irəlilədiyini, sahibsiz “Artsax” ermənilərinə xoş güzəran vədlərini düzgün dəyərləndirən sadə kəndlilər də var. Amma onlara, konkret olaraq Vale Qabaryan və İşxan Verdiyana “vətənə xəyanət” və “casusluq” ittihamları ilə cinayət işi açılıb. Aşkar həqiqətdir ki, erməni işğalını tənqid edən və Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən sıra nəfərləri “casus” deyil, başqa ölkələrə ərazi iddialarından bezən, nəhayət, insan kimi yaşamağı arzulayan kəslərdir.

Daha bir xəbər budur ki, İslamı qəbul etmiş erməni qadın Aqunik Abovyan Bakıya gəlmək, həyat yoldaşının və dostlarının vətənini görmək, mümkün olarsa, Şuşa məscidində namaz qılmaq istəyini rəsmi məktubunda ifadə edib. (İndi, görün, onun başına İrəvanda nə oyun açılacaq).

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına son müsahibəsində Qarabağdakı ermənilər barədə səsləndirdiyi fikirlər Ermənistanda əməlli-başlı təşviş doğurub. İrəvanda əksəriyyət Bakının Rusiya sülhməramlılarının bölgədən çıxarılmasından sonrakı dövrə hazırlıq gördüyünə əmindir. Deputat Tiqran Abramyan iddia edir ki, məqsəd Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsidir və Azərbaycan Prezi­denti Laçın yolunun inşasından bəhs edərkən, bunun mümkün­lüyünü elan etdi. Bu, o deməkdir ki, Azərbaycan sülhməramlıların növbəti müddətdə Qarabağda qalmasına imkan verməyəcək və bölgədəki erməniləri öz vətəndaşına çevirmək istiqamətində hərəkət edəcək”. Prezident İlham Əliyev Laçın yolunun inşasından danışarkən deyib ki, sadə ermənilər Azərbaycan inşaatçılarına kömək ediblər. Dövlət başçımızın bu açıqlaması erməni siyasətçilərində əsl şok effekti yaradıb.

Bu günlərdə İrəvanın “Sürməli” topdansatış ticarət mərkəzində baş vermiş partlayış da siyasi kuluar­larda müxtəlif aspektlərdən dartı­şılmaqdadır. Orada ölənlərin sayı onlarcadır, yaralananların sayı isə daha çoxdur. Ticarət mərkəzindəki partlayış Ermənistanda siyasi qüvvələrin mübarizəsinə fəal təsir edib: müxalifət hökuməti suçlayır, hakimiyyətə yaxın media isə artıq “sui-qəsd nəzəriyyələri” haqda mötərizələr açır. Mümkündür ki, bu ssenari bir qədər də inkişaf etdiril­sin və bundan məharətlə istifadə olunsun. “Sui-qəsd” ssenarilərində revanşistlərin də adı bu və ya digər formada hallandırılır və bundan siyasi təzyiq olaraq istifadə edilə bilər. Partlayışın gün ərzində bütün metro stansiyalarına, parlamentə və bir sıra hərbi obyektlərə bomba qoyulması haqda verilən anonim məlumatlar fonunda baş verməsi də “sui-qəsd” ssenarisini qüvvətləndirir. Hər bir halda Ermənistan özü bütünlüklə “partlayış” dövrünü yaşamaqdadır.

Məlum olduğu kimi, hələ 1992-ci ildə ermənilər ələ keçirdikləri strateji Laçın dəhlizini bilavasitə humanitar mahiyyətlə pərdələyərək, separatçı qurumla Ermənistanı birləşdirmiş, illərcə maneəsiz olaraq oradan silah və sursat daşımışdı. İkinci Qarbağ savaşına qədərki dövrdə aparılan danışıqlarda isə qarşı tərəf heç vəchlə Laçın mövzusu­nu yaxına buraxmamışdı. Hətta tərəflərin münaqişənin həllinə və sülh razılaşmasına maksimal ya­xınlaşdıqları məlum Kazan prosesi zamanı Ermənistan qəti olaraq ultimatum vermişdi ki, Qarabağın beş aran rayonunun qaytarılma­sı müqabilində işğalçının əlində olan Laçın dəhlizi 15 kilometr enində genişləndirilməlidir. Bu isə Azərbaycanın Laçına tam nəzarəti itirməyi demək idi.

Odur ki, Vətən müharibəsində qələbəni rəsmiləşdirən üçtərəfli Bəyanata üç il ərzində Laçın dəhlizinə alternativ yolun çəkilməsi və Rusiya sülhməramlılarının oraya köçürülməsi ilə bağlı müddəanın salınması həm dünya ictimaiyyətinin gözündə Azərbaycanın huma­nizm prinsiplərinə riayəti, həm də Laçının ilhaqdan azad olunması və bütünlüklə, geri qaytarılması baxımından cənab İlham Əliyevin müdrik diplomatiyasının parlaq nümunəsi sayılmalıdır.

Separatçılar üçün “həyat yolu” olan Laçını nəyin bahasına olur-ol­sun, qaytarmaq istəməyən ermənilər uzun müddət bu yöndə siyasi manipulyasiyalar edib, Azərbaycan tərəfi Laçından yan keçməklə 32 kilometrlik alternativ yolu rekord müddətə çəkib qurtarsa da, yolun Ermənistana aid olan 8 kilometrlik hissəsində heç bir iş görməyiblər. Onlar yalnız indi, Prezident İl­ham Əliyev avqustun sonuna qədər köç etmək tələbi qoyandan sonra əl-ayağa düşüb və texniki layihələndirmə işlərinə start veriblər. Bu isə o deməkdir ki, vaxt bitən kimi Azərbaycanın tələbi yerinə yetiriləcək və Ermənistanın siyasi rəhbərliyinin başısoyuqluğu ucba­tından separatçı qurumun əhalisi İrəvan və Üçkilsə (Eçmiadzin) tərəflərə toz-torpaqlı yolla gedib-gəlməli olacaq.

Yeri gəlmişkən, məkrli informa­siya savaşı aparan ermənilər yalan xəbərlərlə gündəmi zəbt etməkdə və çaşqınlıq yaratmaqda mahirdirlər. Bizim bəzi media vasitələrimiz də bu yalana uyub yanlışları qarşı tərəfin xeyrinə tirajlayırlar. Məsələn, bir həftə öncə erməni mediasında reallıqla heç cür səsləşməyən, cəfəng xarakterli belə bir məlumatlar yayılmışdı ki, sən demə, Qara­bağdakı separatçı tör-töküntünün rəhbəri Araik Arutyunyan Moskvada “azərbaycanlı rəsmilərlə” görü­şüb, Laçın şəhəri, Sus və Zabux kəndlərinin təhvil verilməsi vaxtını “müzakirə edib”. Başından yekə danışan Araik son təhvil vaxtının 5 avqustdan 25 avqusta vaxtın uzadılmasın xahiş edərək buna nail olub və sair.

Həmin günlərdə daha bir xəbər yayıldı ki, guya qondarma qurumun təhlükəsizlik şurası katibi, qatil Vitali Balasanyan Laçın, Sus və Zabuxun boşaldılacaq evlərini yüksək çinli Azərbaycan hərbçilərinə göstərib və onlarla müzakirələr aparıb. Bu, həm separatçı ünsürlərin varlığı­nı göstərmək, həm də qondarma rejimdə keçirilməsinə hazırlıq gedən seçkilər ərəfəsində cinayətkarları təbliğ etmək məqsədi daşıyan feyk-nyusdan başqa bir şey deyil. Təəssüf ki, Azərbaycanın ucuz sen­sasiya düşkünü olan bəzi informa­siya saytları da bu “tor”a düşdülər, Azərbaycan Baş Prokurorluğunda haqqında cinayət işi qaldırılmış Arut­yunyan və Balasanyanı aydan-arı rəsmilər kimi təqdim etdilər.

Hələ bu, harasıdır? Daha bir ağlasığmaz yalan bugünlərdə Qarabağa girişi qadağan olunan Ermənistanın keçmiş xarici işlər naziri və “İrs” partiyasının lideri Raffi Ovannisyanla bağlıdır. O, İrəvanda mindiyi taksinin sürücü­sünün azərbaycanlı (?!) olduğunu, onunla Qarabağ mövzusunda mübahisə etdiyini bildirib. Armine Adibekyan isimli erməni xanım ekspert isə bir az da uzağa gedərək, azərbaycanlıların İrəvanda sayları­nın artdığını və metronu partlatmağa hazırlaşdıqlarını vurğulayıb. Siyasi təhlilçilərimiz haqlı olaraq bütün bun­ları İkinci Qarabağ müharibəsinin və son anti-terror əməliyyatının təsiri, kütləvi psixoz, paranoya, dəhşətli qorxu səbəbindən hər yerdə gözlərinə azərbaycanlı görünməsi ilə izah edirlər.

Yekun olaraq qeyd edək ki, həqiqətən də, Ermənistan özünün ən kataklizmli dövrünü yaşayır və əgər, neçə ki gec deyil, reallığı lazımınca dəyərləndirə bilsə, ölkəni və hakimiyyəti bürümüş öldürücü xaosdan qurtula bilər.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2022.- 19 avqust.- S. 9.