Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır
Beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl və məqsədyönlü iş Azərbaycanın ötən illər ərzində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsində xüsusi rol oynayıb. Nəticədə ölkəmizin BMT və onun qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, eləcə də Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu beynəlxalq institutlarla əlaqələri daha da möhkəmlənib. Bununla da Azərbaycan son illərdə beynəlxalq arenada öz mövqelərini daha da gücləndirib, dünya ölkələri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirib, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyədə inkişaf etdirib və bu, respublikamıza olan dərin inamı şərtləndirib.
Prezident İlham Əliyev avqustun 18-də Monqolustan, Cənubi Afrika, Çad, Yeni Zelandiya və Efiopiyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərinin etimadnaməsini qəbul edərkən, bu barədə ətraflı danışılıb. Dövlətimizin başçısının Monqolustanın fövqəladə və səlahiyyətli səfiri Qombosuren Munxbayar ilə söhbətində ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verildiyi, siyasi sahədə qarşılıqlı fəaliyyətin müsbət nəticələrlə müşayiət edildiyi, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Ölkə rəhbəri söhbətində iqtisadi əlaqələrin genişləndirilməsi üçün ticarətin səviyyəsinin artırılmasının, biznes dairələri arasında təmasların genişləndirilməsinin zəruriliyini qeyd edib və investisiya layihələrinə baxılmasının da mümkünlüyünü vurğulayıb. Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizi imkanlarının nəzərə alınaraq nəqliyyat sektorunda, bundan başqa, humanitar sahədə də əməkdaşlıq üçün yaxşı imkanlarının olduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri, xanım Dipuo Berta Letsatsi-Duba ilə söhbətində də bir sıra diqqətçəkən məqamlara toxunulub. Ölkələrimiz arasında münasibətlərin çox yüksək səviyyədə qərarlaşdığını bildirən dövlətimizin başçısı siyasət, iqtisadiyyat, ticarət, investisiya sahələrində əməkdaşlığın fəallaşdırılmasının zəruriliyini xüsusi qeyd edib. Dövlətimizin başçısı, eyni zamanda, siyasi sahədə təmasların çox yaxşı səviyyədə olmasına baxmayaraq, iqtisadi-ticari göstəricilərin aşağı həddə olduğunu, bu baxımdan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadə ediləcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev Çad, Yeni Zelandiya və Efiopiyanın respublikamıza yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərini qəbul edərkən də bu dövlətlərlə ölkələrimiz arasında əməkdaşlığın fəallaşdırılması, iqtisadi-ticari əlaqələrin daha da gücləndirilməsi üçün mövcud imkanlardan istifadə etməyin vacibliyini söyləyib.
Ölkəmizə yeni təyin olunan səfirlər də Azərbaycanın böyük təcrübəyə və zəngin potensiala malik olduğunu deyərək, münasibətlərimizin inkişafı istiqamətində səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Dövlətimizin başçısı ölkəmizə yeni təyin olunan səfirlərin etimadnaməsini qəbul edərkən, Azərbaycanın bir sıra beynəlxalq qurumlarla, o cümlədən, Qoşulmama Hərəkatında fəal əməkdaşlığı haqqında fikirlərini də diqqətə çatdırıb. Ölkəmizin bu nüfuzlu qurum çərçivəsində həmrəyliyin gücləndirilməsi istiqamətində çox ciddi səylər göstərdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilməsini bunun parlaq nümunəsi kimi dəyərləndirib.
Dövlətimizin başçısı söhbətlərində beynəlxalq təşkilatlarda Afrika ölkələri tərəfindən Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyini və Qarabağın işğaldan azad edilməsinin alqışlandığını da yüksək qiymətləndirib. Ölkə rəhbəri işğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda maddi-mədəniyyət abidələrimizin, İslam dininə aid mədəni irsimizin, 65 məscidimizin yerlə yeksan olunduğunu diqqətə çatdırıb.
Səfirlərlə söhbətdə həmçinin Azərbaycanın Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələrində həyata keçirdiyi humanitar xarakterli layihələrin böyük önəm daşıdığı vurğulanıb, adları çəkilən həmin təşkilatların üzv ölkələrindən olan tələbələrin Azərbaycanda təhsil almaları üçün ölkəmiz tərəfindən qrantların ayrılması yüksək qiymətləndirilib.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın milli təhlükəsizliyinin möhkəmlənməsinə əsaslanan müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasət kursu Prezident İlham Əliyevin müəyyənləşdirdiyi istiqamətlərə uyğun olaraq uğurla həyata keçirilir. Dövlət başçımızın vurğuladığı kimi, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması xarici siyasətimizin başlıca prioritetidir.
Azərbaycan diplomatiyasının bu prinsip əsasında fəaliyyəti onun həm qonşu, həm də regiondan kənarda yerləşən dövlətlərlə münasibətlərinin sabit əsasda inkişafına zəmin yaradır. Beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı indiki dövrdə Azərbaycan dövlətinin dünyada bölücü deyil, birləşdirici xətləri təşviq etməsi bu baxımdan xüsusi önəm daşıyır.
Belə bir şəraitdə respublikamıza yönələn inam və etimadın arxasında isə ölkəmizin beynəlxalq səviyyədə irəli sürdüyü təşəbbüsləri uğurla reallaşdıraraq, müsbət nəticələr əldə etməsi amili dayanır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin birləşdirilməsi sahəsində qlobal liderlik nümayiş etdirməsi bu amilin bariz ifadəsidir. Bu, eyni zamanda, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri olmasının təsdiqidir.
Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi qəbul edilməsində Qoşulmama Hərəkatındakı sədrlik fəaliyyəti də önəmli rol oynayıb. Qeyd edək ki, Prezident İlham Əliyev bu nüfuzlu qurumun güclənməsinə mühüm töhfələr verib. Dövlətimizin başçısı qlobal çağırışların həlli istiqamətində təşəbbüsləri və səmərəli fəaliyyəti ilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzu daha da yüksəlib.
Təşkilata üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərarı Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisi, ölkə rəhbərinin şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir.
Azərbaycan Respublikası Qoşulmama Hərəkatında sədrliyini uğurla davam edərək üzv dövlətlərin potensialının Hərəkatın qarşısında duran məqsədlərin reallaşdırılmasına yönəlməsində fəal rol oynayıb.
Azərbaycanın hər bir təşəbbüsü beynəlxalq aləmdə əməkdaşlığın inkişafına, regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, dünyada əks qütblər arasında birliyin, həmrəyliyin yaradılmasına xidmət edir. Bu, eyni zamanda, respublikamızın sabitləşdirici amil kimi mövqeyini möhkəmləndirir, nüfuzunu gücləndirir.
Ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün Bandunq prinsiplərini əsas tutan Azərbaycan Qoşulmama Hərəkatının sədri olduğu müddətdə ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı nümayiş etdirilən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı ciddi mübarizə tədbirləri həyata keçirib. Bu, təsadüfi olmayıb, çünki Azərbaycan uzun illər dünyada ən böyük ədalətsizliklə üzləşib. Ermənistan tərəfindən ərazimizin 20 faiz hissəsi işğal altında olduğu 30 ilə yaxın bir müddətdə belə haqsızlıq özünü qabarıq büruzə verib. Ölkəmiz etnik təmizlənməyə məruz qalıb, Qərbi Azərbaycandan, habelə Qarabağ və ətraf rayonlardan bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, tarixi və dini irsimiz qəsbkar tərəfindən yer üzündən silinib.
Qoşulmama Hərəkatının üzv dövlətləri məhz belə bir şəraitdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib. Belə bir fədakar, haqlı mübarizə Vətən müharibəsi gedişində də özünü aydın göstərib. Bu Hərəkatda təmsil olunan ölkələr tərəfindən həmin vaxt anti-Azərbaycan mahiyyətli bəyanat, Azərbaycana yönələn ittiham bloklanıb və bununla da ermənipərəst güclərin respublikamız qarşı hücumunun qarşısı alınıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 30-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında da bu məqama toxunaraq, ölkəmizin hər zaman regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdiyini və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya, həmçinin ayrı-seçkiliyə qarşı mübarizə apardığını bir daha diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra deyib: “Biz həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələr bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Təəssüflər olsun ki, bu, sadəcə, şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq”.
Azərbaycanın bir sıra nüfuzlu təsisatlarla, məsələn, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvü kimi bu quruma daxil olan dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərə daim xüsusi önəm verib. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarından birində bununla bağlı deyib: “İslam Əməkdaşlıq Təşkilatı ənənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyən beynəlxalq təşkilatdır. Biz bu dəstəyi daim hiss etmişik, müharibədən sonra müharibənin nəticələrinin qəbul etdirilməsi üçün İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirirəm”.
Azərbaycanın Vətən müharibəsindən əvvəl və sonra haqlı mövqeyini dəstəkləyən beynəlxalq qurumlar arasında Türk Şurası da xüsusi yer tutur. Xatırladaq: 2021-ci ilin noyabr ayında keçirilən Zirvə görüşündə Türk Dövlətləri Təşkilatı yaradılıb və bu təşkilat Qoşulmama Hərəkatı kimi, Azərbaycanın haqlı işində daim ölkəmizə dəstək nümayiş etdirib və son Zirvə görüşündə bütün üzv ölkələrin adından Azərbaycana torpaqlarımızın azad edilməsi ilə əlaqədar təbriklərini bildirib. Digər bir təşkilat – NATO da öz Zirvə görüşlərində Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul edib.
Azərbaycan beynəlxalq təşkilatlarda etibarlı tərəfdaş kimi qəbul edilməsi Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyinin dost və qardaş ölkələr, eləcə də bir çox beynəlxalq təşkilatlar tərəfindən müdafiə edilməsi, siyasi və mənəvi dəstək göstərilməsində də önəmli rol oynayıb. Nəticədə ölkəmiz yeni güc mərkəzlərinə və yeni ittifaqlara qoşulmaqla mövqeyini daha da gücləndirib. Sirr deyil ki, bu reallıq, belə bir mövcud şərait təhlükəsizlik və tərəfdaşlıq müstəvisində maraqların koordinasiya edilməsi və uzlaşdırılmasından irəli gəlib. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən il iyun ayında Azərbaycana səfəri çərçivəsində Şuşada Prezident İlham Əliyevlə birgə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin, həmçinin Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında Bakı Bəyannaməsinin imzalaması da məhz Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıyıb və tarixi hadisəyə çevrilib.
Bu cür xoşməramlı addımlar qalib Azərbaycanın sözünün daha kəsərli olmasını, dost ölkələrin sayının günbəgün artmasını və beynəlxalq hüququn onun yanında olmasını reallaşdırıb, respublikamızı artıq regionda sülhün, təhlükəsizliyin, açıq, konstruktiv, bərabərhüquqlu əməkdaşlığın, sözün əsl mənasında, qarantı kimi çıxış edən dövlət kimi tanıdıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 20 avqust.- S. 1;
3.