Məqsəd sabit və inkişaf edən
region yaratmaqdır
Prezident İlham Əliyev Vətən
müharibəsi ilə ədalətin bərpa olunmasından,
parlaq qələbə əldə edilməsindən sonra ordusu
və iqtisadiyyatı acınacaqlı duruma düşən Ermənistana
vəziyyətdən çıxmağın yeganə yolunu
sülh müqaviləsinin bağlanmasında
gördüyünü dəfələrlə
xatırladıb, Qarabağın təhlükəsizlik,
sabitlik və sülh şəraitində inkişafı məsələlərini
önə çəkib. Dövlətimizin
başçısı bu istiqamətdə göstərilən
bütün müsbət səyləri, etimadyaratma tədbirlərini
dəstəkləyib, Azərbaycanın sülh
danışıqları üçün konkret prosesə
başlamağa, mümkün sülh sazişini
hazırlamağa və bu saziş üçün
bütün zəruri elementləri həll etməyə daim
hazır olduğunu diqqətə çatdırıb.
Dövlətimizin
başçısı postmünaqişə dövründə
bölgədə əmin-amanlığın
yaradılmasına daim konstruktiv yanaşıb, hər zaman əsas
diqqəti Cənubi Qafqazda postmünaqişə vəziyyətinə
yönəldərək, Azərbaycanın sülhə,
sabitliyə və proqnozlaşdırılmaya sadiqliyini bəyan
edib. Ölkə rəhbəri regionda hər hansı yeni
müharibə riskinin minimuma endirilməsinə nail olmağa
xüsusi önəm verib. Bu, Prezident İlham
Əliyevin nüfuzlu dövlət başçıları,
beynəlxalq təşkilatların rəhbərləri ilə
söhbətlərində də öz aydın ifadəsini
tapıb.
Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın
sülhə, sabitliyə və proqnozlaşdırılmaya
sadiqliyi xüsusilə Avropa İttifaqı (Aİ) tərəfindən
yüksək səviyyədə dəstəklənib. Bununla
bağlı, ilk növbədə, onu qeyd edə bilərik ki,
dövlətimizin başçısının Aİ
Şurasının prezidenti Şarl Mişellə davamlı
görüşləri və apardığı
danışıqlar nəticəsində postmüharibə
dövründə yeni Brüssel sülh formatı
yaradılıb. İlk üçtərəfli
görüş keçən il
dekabrın 14-də keçirilib, bununla da Prezident İlham
Əliyev və Şarl Mişel tərəfindən Brüssel
sülh gündəliyinin əsası qoyulub. Bunun
davamı olaraq tərəflər arasında intensiv təmaslar
aparılıb, telefon danışıqları gerçəkləşdirilib.
Cari il aprelin 6-da isə Ermənistanla Azərbaycan
arasında sülh müqaviləsi üzrə
danışıqların başlanılması və bununla
bağlı işçi qrupun yaradılması qərara
alınıb. Məsələ ilə əlaqədar
Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq
təlimatlar verilib.
Bu məqamda qeyd edək ki, Azərbaycanla Ermənistan
arasında sülh razılaşmasında Azərbaycanın ərazi
bütövlüyünün şərtləndirilməsi əsas
yer tutur.
Ümumiyyətlə, sülh razılaşmasının əsas
komponentində iki dövlət arasında münasibətlərin
normallaşması üçün ölkələrin bir-birlərinin
suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin
toxunulmazlığı və siyasi müstəqilliyini
qarşılıqlı şəkildə tanıması məsələsi,
dövlətlərin bir-birlərinə qarşı ərazi
iddialarının olmamasının qarşılıqlı təsdiqi
və gələcəkdə belə bir iddianın
qaldırılmayacağına dair hüquqi öhdəliyin
götürülməsi öz aydın ifadəsini tapıb.
Bununla bərabər, dövlətlərarası münasibətlərdə
bir-birlərinin təhlükəsizliyinə hədə
törətməkdən, siyasi müstəqillik və ərazi
bütövlüyünə qarşı hədə və
gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin
məqsədlərinə uyğun olmayan digər hallardan
çəkinilməsi qarşıya önəmli vəzifə
kimi qoyulub.
Burada onu
da qeyd edək ki, İkinci Qarabağ savaşından sonra
bölgədə yaranan reallıqlar qalib ölkəmizin
sözünün kəsərliliyini daha da artırıb, dost
ölkələrin sayının günbəgün
çoxalmasını şərtləndirib və beynəlxalq
hüququn da onun yanında olmasını
reallaşdırıb, respublikamızı regionda
sülhün, təhlükəsizliyin, açıq,
konstruktiv, bərabərhüquqlu əməkdaşlığın,
sözün əsl mənasında, qarantı kimi
çıxış edən dövlət kimi tanıdıb.
Dövlətimizin
başçısı təkcə Ermənistana deyil, həm
də onun havadarlarına 44 günlük tarixi dərsdən nəticə
çıxartmağın, yeni geosiyasi reallığın
şərtlərini qəbul etməklə
işğalçının yaşadığı dərin
siyasi, sosial-iqtisadi böhrandan xilas etməyin
mümkünlüyünü dəfələrlə
xatırladıb. Dövlətimizin başçısı, həmçinin
müxtəlif vaxtlardakı bəyanatları ilə
Qarabağ münaqişəsinin artıq bitdiyini bildirib,
“Şuşa Bəyannaməsi”nə və “Azərbaycan
Respublikasında iqtisadi rayonların yeni bölgüsü
haqqında” 2021-ci il 7 iyul tarixli fərmana əsaslanan
mövqeyini vurğulayıb, Zəngəzur dəhlizinin
siyasi-iqtisadi əhəmiyyətini diqqətə
çatdırıb.
Yeri gəlmişkən, Zəngəzur dəhlizinin
açılması Cənubi Qafqazdan keçən
marşrutlar sisteminin fəaliyyətini daha da canlandıracaq. Dəhliz, həmçinin
Azərbaycan və İran Culfası arasında dəmiryol xəttinin
açılışına və İranın dəmir
yollarına çıxış əldə etməsinə
imkan verəcək. Bununla bərabər, Zəngəzur
dəhlizi təkcə dəmir yolları deyil, həm də
avtomobil yolları sisteminə malik olacaq. Deməli,
bu dəhlizin yaradılması həm də avtomobil əlaqəsinin
açılmasına imkan yaradacaq.
Hazırda Türkiyədən yüklər Azərbaycana
Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə
çatdırılır. Bu marşrutun
yaradılması Türkiyədən Azərbaycana və əks
istiqamətdə malların birbaşa tədarükünü
asanlaşdıracaq. Beləliklə, daha
bir kommunikasiya xətti türk dünyası
coğrafiyasında, eləcə də Asiya və Avropa
arasında əlaqələrin daha sürətli və asan
olmasına şərait yaradacaq.
Ekspertlərinin fikirlərinə əsasən, Ermənistan
sülh müqaviləsini imzalamağa məhkumdur,
çünki işğalçı ölkəyə qalsa, tərəddüdləri
ilə bunu başqa istiqamətə yönəltməyə cəhd
göstərər. Ancaq Azərbaycanın yaratdığı
mövcud reallıq Ermənistanın məhz
respublikamızın irəli sürdüyü sülh prinsiplərini
imzalamağa, sülh prosesinə qoşulmağa məcbur
edir. Əlbəttə, bu, Ermənistan
daxilində çətinliklər yaradır və
açıq şəkildə müxalifətin pozuculuq fəaliyyətində
nəzərə çarpır. Müharibədən
indiyədək revanşizm Azərbaycana və Türkiyəyə
qarşı provokasiyalara əl atmaqdan belə çəkinmir.
Bu gün İrəvanda davam edən gərginlik,
Azərbaycana qarşı yönələn təxribatlar da
bunu aydın göstərir.
Bax, elə
bütün bunlara görə də iki ölkə arasında
münasibətlərin normallaşması istiqamətində
respublikamız tərəfindən atılan addımlara, Ermənistanla
sülh müqaviləsi imzalamağa hazır
olmağımıza dair ən yüksək səviyyədə
edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində
işğalçı tərəfin bu məsələ ilə
bağlı hərəkətlərində bir ləngimə,
süstlük, laqeydlik nəzərə çarpıb. Ermənistan
hakimiyyəti ölkəmizin yekun sülh sazişi
imzalanması məqsədilə təklif etdiyi beş
şərtin məqbul olduğunu bildirsə də, gecikməyə,
müxtəlif bəhanələrlə vaxtı uzatmağa
çalışıb. Şübhəsiz ki,
işğalçı bəlkə də bu ləngliyin
arxasında hansısa məkrli niyyətlərini də gizlədib.
Çünki 44 günlük savaşdan sonra
revanşist məqsədini gizlətməyən Ermənistanın
qarşılıqlı olaraq, ərazi
bütövlüyünün tanınması, ərazi
iddialarından imtinası, sərhədlərin delimitasiya və
demarkasiya prosesində beynəlxalq hüquqa əsaslanmağın
vacibliyini dilə gətirməsi təbii ki, təəccüb
doğurub.
Yeri gəlmişkən, dövlətimizin
başçısı Vətən müharibəsindən
sonra Ermənistana dəfələrlə xatırladaraq, bu
ölkəyə məxsus qanunsuz silahlı dəstənin Azərbaycan
ərazisindən çıxarılmasını tələb
edib. Prezident İlham Əliyev sonuncu dəfə birgə
bəyanatın tələbinə uyğun olaraq, qanunsuz erməni
silahlı dəstələrinin ərazilərimizdən
çıxarılmadığı və təxribatlar törədildiyi
təqdirdə, Azərbaycan tərəfinin müvafiq formada
öz təhlükəsizliyini gerçəkləşdirmək
üçün ciddi addımlar atacağını bildirib.
Lakin Ermənistan bu sərt xəbərdarlıqdan
nəticə çıxarmayıb, əvvəlki xarakterinə
sadiq qalaraq, təcavüzkar, təxribatçı və
işğalçılıq mövqeyini nümayiş
etdirib. Nəticədə avqustun 3-də
Laçın rayonu istiqamətində Azərbaycan Ordu bölmələrinin
mövqelərinin erməni separatçıları tərəfindən
intensiv atəşə tutulması nəticəsində
müddətli hərbi xidmətdə olan əsgər Anar
Kazımov şəhid olub.
Xatırladaq ki, Ermənistanın sonuncu təxribatına
cavab olaraq, Azərbaycanın keçirdiyi “Qisas” əməliyyatı
çərçivəsində düşmən,
sözün əsl mənasında, növbəti ağır
zərbə aldı. Azərbaycan Ordusu “Qisas” əməliyyatı
ilə Prezident İlham Əliyevin sözü ilə əməli
arasında vəhdət olduğunu bir daha
işğalçı Ermənistanın diqqətinə
çatdırdı, düşmənin silahlı dəstələrinin
ərazilərimizdən çıxarılmadığı və
təxribatlar törətdiyi halda cəzalandırılacağı
fikrinin təsdiqlədiyini sübuta yetirdi.
Azərbaycan qlobal öhdəliklərə, humanizm dəyərlərinə
sadiqliyini daim nümayiş etdirir, sülh və təhlükəsizliyin
gerçəkləşdirilməsi istiqamətində
çevik, konstruktiv siyasət həyata keçirir. Bütün
bu səylər isə dünyada yüksək dəyərləndirilir,
beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir.
Azərbaycan yerləşdiyi regionda davamlı sabitliyin
yaranması, möhkəmlənməsi üçün təkcə
təşəbbüslərlə çıxış etmir,
eyni zamanda, bu məsələdə öz əməli töhfəsini
də əsirgəmir, həmin istiqamətdə real
addımlar atır və bölgənin yeni əməkdaşlıq
formatının qurulması məqsədilə infrastruktur
layihələrinin icrasını sürətləndirir.
Vətən müharibəsindən ötən iki ilə
yaxın bir dövrdə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarında bərpa-quruculuq layihələrinin həyata
keçirilməsində mühüm uğurlar əldə
edilib. Bu məsələdə ərazilərin minalardan təmizlənməsinə
xüsusi diqqətlə yanaşılıb. Təkcə
bu il avqustun 8-dən 13-dək Tərtər, Ağdam,
Şuşa, Xocavənd, Füzuli, Qubadlı, Cəbrayıl və
Zəngilan rayonlarının ərazilərində aparılan
minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə
134, tank əleyhinə 193 mina və 39 ədəd
partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 685 hektar ərazi mina
və partlamamış hərbi sursatdan təmizlənib.
Ümumiyyətlə,
bugünədək yaşayış məntəqələri,
əkin sahələri, yollar və infrastruktur obyektlərini əhatə
edən 20 min hektardan çox ərazidə bu proses başa
çatdırılıb.
Qısa müddətdə Füzuli Beynəlxalq Hava
Limanı inşa olunub, Zəngilan və Laçın
rayonlarında da aeroportların tikintisinə
başlanılıb. Ötən dövrdə yol infrastrukturunun
qurulmasına da böyük əhəmiyyət verilib, bu
istiqamətdə qısa zaman ərzində genişhəcmli layihələr
gerçəkləşdirilib.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda 14
avtomobil yolu tikilir ki, onlardan 8-inin çəkilişinin cari
ildə yekunlaşacağı nəzərdə tutulur. Tikinti işləri
davam edən Füzuli–Hadrut, Hadrut–Tuğ–Azıx
mağarası, Bərdə–Ağdam, Qubadlı–Eyvazlı,
Qubadlı–Mahmudlu–Yazdüzü–Ermənistan sərhədi,
Talış–Tapqaraqoyunlu–Qaşaltı–Naftalan, Kəlbəcər
və Laçın rayonları ərazisində
reallaşdırılan layihələrin son mərhələsi
həyata keçirilir.
Qeyd edilənlərlə yanaşı, Qarabağ və
Şərqi Zəngəzurda artıq bir neçə
su-elektrik stansiyası inşa edilərək, işə
salınıb.
Günəş, eləcə də külək
stansiyalarının yaradılması ilə bağlı
konkret planların da ardıcıllıqla həyata
keçirilməsi diqqət mərkəzində
saxlanılıb. Məsələn, bp
şirkəti ilə imzalanmış icra müqaviləsinə
əsasən, Cəbrayıl rayonunda 240 meqavat gücündə
günəş-elektrik stansiyasının tikilməsi qərara
alınıb.
Yeri gəlmişkən, Qarabağ iqtisadi rayonunda bərpa-quruculuq
işləri başlanandan bugünədək 178 müəssisə
yaradılıb. Şərqi Zəngəzur iqtisadi rayonunda
isə 51 müəssisə fəaliyyətə
başlayıb.
Prezident
İlham Əliyev cari ilin birinci rübünün
yekunlarına həsr olunmuş müşavirədə
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarının bərpasının daim diqqət mərkəzində
saxlanıldığını, indiyədək mövcud sahədə
mühüm uğurlar əldə edildiyini diqqətə
çatdıraraq, qarşıdakı dövrdə müvafiq
struktur rəhbərlərinə bu istiqamətdə
görüləcək işlərlə bağlı öz
tapşırıqlarını da verib. Dövlətimizin
başçısı hazırda Ağdam və Füzuli
şəhərlərinin bərpasının baş planlar əsasında
həyata keçirildiyini, Şuşa, Cəbrayıl, Kəlbəcər,
Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və
Suqovuşan qəsəbələrinin də Baş
planlarının hazırlanmasının, həmçinin
Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya
proqramına əlavələr edilməsinin zəruriliyini diqqətə
çatdırıb.
Bölgədə siyasi müstəvidə də
qarşıda duran bütün vəzifələr yerinə
yetirilib. İlk növbədə, beynəlxalq təşkilatlarla
təmaslar, fəal əməkdaşlıq davam etdirilib və
dünyanın aparıcı beynəlxalq təşkilatları
tərəfindən yeni reallıqlar qəbul olunub. BMT,
Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq
Təşkilatı, Avropa İttifaqı və digər
nüfuzlu beynəlxalq təsisatlarla münasibətlər daha
da möhkəmlənib.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 1; 3.