BMT Azərbaycanın
sosial-iqtisadi uğurlarını yüksək
qiymətləndirir
Prezident İlham Əliyev son illərdə sosial-iqtisadi çağırışları nəzərə alaraq ölkədə islahatları daha da sürətləndirib. Bu islahatlar məzmununa görə məqsədyönlü və konkret strateji hədəfə doğru hesablanıb. Genişmiqyaslı yenilənmələr respublikada yüksək dayanıqlı və inklüziv iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi, özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşviqi üçün əlverişli zəmin yaradıb.
Azərbaycanın sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar, rəqabətədavamlı, innovativ iqtisadi sistemin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlar dünyanın nüfuzlu təşkilatlarının, aparıcı iqtisadi-maliyyə institutlarının, iqtisadi azadlıq səviyyəsini tədqiq edən mərkəzlərin diqqətindən kənarda qalmır və yüksək qiymətləndirilir.
Beynəlxalq reytinq agentliklərinin proqnozları təsdiqləyir ki, Azərbaycan artıq iqtisadi cəhətdən azad ölkədir. Respublikada əlverişli biznes, investisiya mühiti mövcuddur. Eyni zamanda, hökumət vergi gəlirlərində və kapital xərclərində, habelə milli valyutanın məzənnəsi ilə bağlı təsirli nizamlayıcı addımlar atmaqla mövcud valyuta ehtiyatlarının azalmasının qarşısını alır. Bu isə liberal iqtisadi islahatların, düşünülən, elmi əsaslara malik inkişaf konsepsiyasının həyata keçirilməsi, siyasi iradə nəticəsində mümkün olur və bütün bunlar dövlətimizin dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq əzmindən, Azərbaycanın uğurlu gələcəyindən xəbər verir.
Fikrimizin təsdiqi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) “Dayanıqlı inkişaf hesabatı”na diqqət yetirək. Xatırladaq ki, bu, hər bir ölkənin 2030-cu ilədək müəyən edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün hansı mövqedə olduğunu qiymətləndirən vacib sənəddir. Hesabat dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyində nəzərdə tutulan 17 ümumbəşəri inkişaf məqsədlərinin nəticələrini özündə əks etdirir.
Cari il üçün hazırlanmış hesabat sənədində ölkəmiz ötən illə müqayisədə 5 pillə irəliləyib və mümkün 100 baldan 73,5-ni toplayaraq 163 ölkə arasında “Davamlı İnkişaf Məqsədləri (DİM) indeksi” üzrə 50-ci yerdə qərarlaşıb.
Bu göstəriciyə görə, Azərbaycan Cənubi Qafqaz regionunda (Gürcüstan 51-ci yer, Ermənistan 66-cı yer) liderdir və dünya üzrə hər üç ölkədən ikisini geridə qoyur. Müqayisə üçün deyək ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda bu indeks üzrə orta göstərici 71,6 baldır ki, bu da göründüyü kimi, Azərbaycanın göstəricisindən aşağıdır.
Hesabatda ölkəmiz BMT-nin “Yaxşı səhiyyə və rifah”, “Keyfiyyətli təhsil”, “Yoxsulluğa son”, “Təmiz su və sanitariya”, “Davamlı şəhərlər və icmalar”, “Məsuliyyətli istehsal və istehlak”, “İqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədləri üçün tərəfdaşlıq” kimi Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyişə nail olub. Sənəddə müəyyənləşdirilən altməqsədlərə gəldikdə isə qiymətləndirilən 83 məqsəddən 35-də (qismən və ya nəzərəcarpacaq) irəliləyiş əldə edilib.
Hər bir ölkənin fəaliyyəti digər ölkələrin DİM-lərə nail olmaq imkanlarına müsbət və ya mənfi təsir göstərə bilər. Bu təsirləri müəyyənləşdirmək üçün hesabatda, eyni zamanda, “Yayılma və ya təsir indeksi” hesablanır ki, bu da üç istiqamət–ekoloji və sosial təsirlərin beynəlxalq ticarətdə təcəssümü, iqtisadiyyat və maliyyə, nəhayət, təhlükəsizlik üzrə qiymətləndirilir. Bu qiymətləndirməyə əsasən, Azərbaycanın göstəricisi 97,3 bal təşkil edir.
BMT-nin müvafiq qurumları tərəfindən mütəmadi olaraq uğurlarımız təhlil edilir, naliyyətlərimiz qeydə alınır. Xatırladaq ki, 2021-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatında Azərbaycan regionda ən yaxşı nəticə göstərərək 165 ölkə arasında 55-ci yerdə qərarlaşıb.
Sənəddə Azərbaycanın yoxsulluğun azaldılması, səhiyyə, qidalanma, qadınların əmək bazarında iştirakı, təmiz su və sanitariya, enerjiyə əlçatanlıq, internet istifadəsi, nəsli kəsilmək təhlükəsi olan canlıların mühafizəsi, əhalinin rifahının yaxşılaşdırılması, şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişafı sahələrində əldə etdiyi tərəqqi xüsusi vurğulanıb.
Şübhəsiz ki, bu məsələdə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulması xüsusi önəm daşıyıb. Dövlətimizin başçısı bununla əlaqədar çıxışlarının birində deyib: “Azərbaycan dünyada 2030-cu il Gündəliyinin icrası ilə bağlı 3-cü Könüllü Milli Hesabatını təqdim edən 12 ölkədən biri, öz regionunda isə ilk dövlət olub”.
Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, əldə edilən makroiqtisadi sabitlik və yoxsulluğun aşağı olması həyat səviyyəsinə müsbət təsir göstərir. Respublikamızda yüksək həyat tərzi üçün ən müasir infrastruktur və təminat mövcuddur. Azərbaycanın dünya iqtisadiyyatına sürətli inteqrasiyası ixracın genişlənməsini şərtləndirir, bu şəraitdə ticarət tərəfdaşlarının sayı da ilbəil artır. Hazırda dünyanın 180 ölkəsi ilə ticari-iqtisadi əlaqələr həyata keçirilir.
Xarici bazarda rəqabətin kəskinləşməsinə baxmayaraq, ölkə məhsul ixracında öz payını qoruyur və bu paya görə Azərbaycan 200-ə yaxın dövlət arasında ilk 70-likdə qərarlaşıb. Əlverişli biznes mühiti və iqtisadiyyatın rəqabət qabiliyyəti adambaşına gəlir səviyyəsinin artmasına nail olmaq üçün əsas şərt rolunu oynayıb.
Azərbaycanın uğurları BMT-nin başqa bir hesabatında da öz ifadəsini tapıb. Belə ki, adı çəkilən beynəlxalq təşkilatın Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatında ölkəmizin son illərdə bu sahədə yüksək göstəricilər əldə etdiyi qeyd olunub. Respublikamız BMT-nin müsbət qiymətləndirilən meyarlar üzrə mümkün 100 faizdən 86 faiz toplayaraq, bu sahədə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda liderliyi təmin edib.
Hesabatda
xatırladılır ki, rəqəmsal və
davamlı ticarətin asanlaşdırılması ilə
bağlı ötən il Azərbaycanda geniş islahatlar həyata
keçirilib, “Rəqəmsal Ticarət
Qovşağı” portalı yaradılıb. Bu isə
respublikamızın xarici ticarət əməliyyatlarının
genişləndirilməsi məqsədi daşıyıb.
Ölkəmiz, həmçinin 20 fevral
2021-ci il tarixdən qüvvəyə minən
“Asiya-Sakit Okeanında Sərhədlərarası
Kağız Ticarətin Asanlaşdırılması
Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən
biri olub və bu sahədə aparılan digər islahatlar
qlobal müstəvidə Azərbaycanın mövqeyinin
yaxşılaşdırılmasına öz müsbət təsirini
göstərib.
Hesabatda ölkədə cari vəziyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı, transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqsədilə gələcək üçün tövsiyələr də təqdim olunub.
Azərbaycan dövləti hazırda keyfiyyətcə yeni bir dövrə – 2022‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olub. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşmanın təmin edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.
V. BAYRAMOV
Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 4.