Millət və qeyrət qalası Şuşa

 

Şuşa–270

 

 Bu gün azadlığının hər gününü sonsuz bir qürurla yaşadığımız Şuşa şəhərinin xalqımızın tarixinə şahidlik etməsinə başladığı gündən düz 270 il keçir. Düz 270 ildir ki, Şuşa Azərbaycan xalqı üçün ucalıq, məğlubedilməzlik simvoludur, bu xalqın ən müqəddəs arzularını özünə bağlayan bir şəhərdir. Şuşa taleyimizin şəhəridir və onun hər bir azərbaycanlının həyatında öz silinməz yeri vardır. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə 2022-ci il Azərbaycanda Şuşa ili elan edilmişdir.

Şuşa şəhərinin əsası 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmuşdur. Bu qala-şəhərin tikilməsi Pənahəli xan tərəfindən Qarabağ xanlığının hərbi baxımdan gücləndirilməsi üçün qəbul etdiyi mühüm strateji qərarlardan biri idi. Çünki Pənahəli xan gücləndikcə, bölgədə söz sahibinə çevrildikcə ona qarşı istiqamətlənən xarici təzyiqlər də artmaqda idi. Bu təzyiqlərin qarşısının alınması və xanlığın müstəqilliyinin qorunub-saxlanması üçün möhkəm bir qalanın tikintisinə ehtiyac var idi.

Şuşa qalasının tikintisi üçün elə bir yer seçildi ki, onun təbii-coğrafi şəraiti müdafiə imkanlarını daha da artırdı. Tikinti işləri başlamaz­dan əvvəl Pənah xan özü seçilmiş ərazini nəzərdən keçirdi, bu ərazinin müdafiə və yaşayış üçün yararlı olub-olmadığını yoxladı. O vaxtlar bu ərazinin böyük bir hissəsi meşəlik idi. Burada yalnız otlaq üçün kiçik bir sahə var idi. Bütünlükdə isə ərazi cənub-qərbdən, şimal-şərqdən, qərb və cənub tərəfdən piyadaların gedib-gəlməsi mümkün olmayan sıldırım qayalarla əhatə olunmuşdu.

Dövrün hərbi texnikası ilə həmin istiqamətlərdən tikiləcək qalaya yaxınlaşmaq mümkün deyildi. Ona görə həmin sıldırım qayalar ərazinin müdafiə imkanlarını xeyli artırırdı. Elə bu cəhətə görə seçil­miş ərazi yeni qala tikintisi üçün münasib sayıldı. Pənah xanonun ətrafındakıların nigarançılığına səbəb olacaq bir, yalnız bir məsələ var idi ki, o da qalanın su ilə təmin edilməsi məsələsi idi. Bu məsələnin həlli yolunun tapılması üçün ərazidə bir neçə su quyusu qazıldı və su mənbələri aşkar edildi. Bundan sonra isə orada Şuşa qalasının tikintisinə qərar verildi.

Ərazinin gediş-gəliş mümkün olan hissəsində qala divarlarının tikintisinə başlandı. Həmin tikinti işlərinin aparılmasına xanlıq əhalisi cəlb olundu. Təxminən, 2,5 kilometr uzunluğunda qala divarları tikil­di. Mənbələrdə qala divarlarının tikintisinə və Şuşanın əsasının qoyulmasına 1750-ci ildə başlandığı bildirilir. Qala divarlarının tikintisi üçün çay daşından, əhəngdən geniş istifadə olunub. İşlər başa çatan­dan sonra bu divarlar kifayət qədər möhkəm qala səddinə çevrildi. Bu divarı hətta top gülləsi ilə də uçur­maq mümkün deyildi.

Şuşa qalasının divarlarının hün­dürlüyü beş arşın, eni isə iki arşın idi. Divarlarda dörd darvaza var idi. Bu darvazalardan biri Şuş kəndi istiqamətində açılırdı. O biri dar­vazalardan biri İrəvan istiqamətinə açıldığı üçün ona “İrəvan qapısı”, üçüncü qapı isə Gəncə və ya Çiləbörd qapısı adlanırdı. Çünki bu darvaza Gəncə və Çiləbörd istiqamətinə açılırdı. Şuş kənd istiqamətinə açılan qapı Ağoğlan qapısı və ya Muxtar qapısı və bəzən də Topxana qapısı adlandırılmışdı. Şuşaya açılan dördüncü darvaza isə sonradan sökülüb dağılmış və onun yerinə divar tikilmişdi.

Şuşa qalasının tikintisi başa çatandan sonra Pənahəli xan Şahbulaq qalasının əhalisini bura köçürdü. Xanlığın ərazisindən də bura köçürülənlər oldu, şəhərdə məhəllələr, məscid və hamamlar tikildi. Qala daxilində ermənilərdən məskunlaşanlar olsalar da, əhalinin əsasını elat camaatı təşkil edirdilər. Mənbə müəlliflərinin yazdıqların­dan da aydın olur ki, qala daxilində formalaşan məhəllələr də türk-elat məhəllələr idilər: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd, Aşağı Məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur Məhlə, Hacı Yusifli, Merdinli, Cuhud­lar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.

Şuşa qalasının inşası başa ça­tandan sonra onun müdafiə sistemiqurulduçox keçmədi ki, qala ətrafında Pənahəli xan ilk ciddi sı­naqla üzləşməli oldu. Bu sınaq İran coğrafiyasında Qacarlar dövlətinin əsasını qoymuş Ağa Məhəmməd şah Qacarın atası Məhəmməd Həsən xanın Qarabağ üzərinə hücumu ilə bağlı idi. Bəllidir ki, 1747-ci ildə Nadir şahın dünyasını dəyişməsindən sonra onun yaratdığı imperiyada parçalanmalar baş verdi. Məhəmməd Həsən xan da bundan istifadə edərək Xəzər dənizinin cənubunda öz hakimiyyətini elan etdi. Sonra isə o, ətraf bölgələri, o cümlədən Arazdan cənubda qalmış Azərbaycan torpaqlarını nəzarət altına aldı. Məhəmməd Həsən xan Qarabağı da öz hakimiyyəti altına gətirmək istəyirdi. Ona görə də bö­yük bir qüvvə ilə 1757-ci ildə Şuşa şəhəri üzərinə hücum etdi.

Bu hücum Şuşa qalası üzərinə həyata keçirilmiş ilk hücum idi. Pənahəli xan Şuşa qalasının müdafiə imkanlarına arxalan­maqla Məhəmməd Həsən xanın hücumunun qarşısını ala bildio, məqsədinə nail olmadan geri qayıtmalı oldu.

1795-ci ildə isə Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmməd şah Qacar Şuşa qalası üzərinə hücum etdi. Bu zaman Qarabağ xanı artıq Pənahəli xanın oğlu İbrahim xan idi.

Qacar qoşunları tərəfindən Şuşa qalası mühasirəyə alınanda İbrahim xan fəal müdafiə taktikası seçdi, Şuşa qalasının imkanlarından istifadə etməklə Qarabağ qoşunları burada etibarlı şəkildə qoruna bildi.

Ağa Məhəmməd şah Şuşa ətrafında gözləmədiyi bir şəraitlə üzləşdi. Bu da Şuşa qalasının böyük müdafiə imkanlarına malik olması ilə bağlı idi. Tədqiqatçılar Şuşa qalasını Kerman qalası ilə müqayisə edirlər. Kerman qalasının möhkəmliyinə baxmayaraq, Ağa Məhəmməd şah onu mühasirədə saxlamaqla ələ keçirə bilmişdi. O güman edirdi ki, Şuşa qalasını da uzun müddət mühasirədə saxlamaqla niyyətinə nail olacaq. Lakin Ağa Məhəmməd şahın topları Şuşa divarlarını dağıt­mağa qadir deyildi.

Qalanın daxilində isə kifayət qədər ərzaq ehtiyatı var idi. Qala ərazisində mövcud olan bulaq­lar əhalinin suya olan ehtiyacını ödəyirdi. İbrahim xanın döyüşçüləri qala divarları üzərində elə mövqe tutmuşdular ki, onları kənardan izləmək mümkün deyildi. Ağa Məhəmməd şahın döyüşçüləri divara yaxınlaşanda dərhal yuxa­rıda mövqe tutanların atəşi altına düşürdülər. Ağa Məhəmməd şah hətta qala divarları altına lağım atıb onun partladılmasına da cəhd göstərdi. Amma məlum oldu ki, bu da gözlənilən nəticəni verməyəcək.

Mənbələrdə və tədqiqat əsərlərində İbrahimxəlil xanın özünün, onun qoşun başçıla­rının rəhbərliyi ilə, habelə ətraf məntəqələrin əhalisinin iştirakı ilə Qacar qoşunları üzərinə qəfil basqınlar haqqında məlumatlar vardır. Qacar qoşunları qalanı mühasirə etsələr də, özləri də mühasirə olunan qüvvələr tərəfindən ciddi həmlələrə məruz qalırdılar. İbrahim xan həm qala daxilindəki silahlı qüvvələrin, həm də qaladan kənardakı qarabağlıların fəaliyyətini səmərəli şəkildə əlaqələndirə bilirdi. Bunun nəticəsində Qacar qoşunla­rında itkilər artırdı.

Məhərrəm ayının 13-cü günü İbrahim xanın özünün rəhbərliyi altında qala qoşunlarının Qacar qoşunlarına qarşı hücuma keçməsi haqqında da məlumat vardır. Bildirilir ki, İbrahim xanın qoşun dəstəsinin hücumu elə sürətli və təsirli oldu ki, Qacar qoşunları ağır vəziyyətə düşdülər. Ağa Məhəmməd şah Qacar qala qüvvələrinin qəfil və sürətli hücumunun qarşısını saxlayandan sonra FarsMazan­daran tüfəngçilərinə irəli çıxmağı əmr etdi. Ardınca isə topların döyüşə gətirilməsinə tapşırıq verildi. Topların və tüfəngçilərin aramsız atəşləri qala qüvvələrinin hücumunun qarşısını aldı.

Dövrün müasirləri isə İbrahim xanın fəaliyyəti haqqında belə fikir söyləyirdilər: “Qarabağ haki­mi yalnız qalasının müdafiəsi ilə kifayətlənmirdi. Əksinə, düşmənə hissedici zərbə endirmək üçün bütün tədbirləri qəbul edirdi. Tirana qarşı nifrətinin bütün təbəələri tərəfindən qəbul ediləcəyinə inandığı üçün o, xalq müharibəsi elan etdi ki, yalnız bu yolla farsları öz ərazisindən qova bilərdi. Sevimli xanın çağı­rışı əsasında bütün əhali ayağa qalxdı və yerli bəylərin rəhbərliyi altında qurumlanan könüllülər Ağa Məhəmməd şahın arxa ilə əlaqələri üçün qorxuya çevrildilər “.

“Rövzət-üs səfa-ye Naseri” əsərində də İbrahim xanın bir neçə dəfə böyük şücaətlə Qacar qoşun­ları üzərinə hücum etməsi, Qacar qoşunlarına itki yetirilməsi haqqın­da məlumat vardır. Bu mənbədə Qarabağ döyüşçüləri igidlər kimi xarakterizə edilir, Qarabağ atlıla­rının qaraquş kimi öz ovu üzərinə şığımasından söz açılır, Qacar qo­şunları ovda olarkən İbrahim xanın qüvvələri tərəfindən onların tələyə salınmasından danışılır. Qarabağ qüvvələrinin qorxusuz hücumları bir çox hallarda Şuşa qalası divarları üzərində olan əhali tərəfindən də heyranlıqla izlənilirdi.

Hadisələrin şahidlərinin xatirələrində yerli əhalinin özününQacar qoşunlarına qarşı kifayət qədər fəal şəkildə vuruşduqları haqqında məlumatlar mövcuddur. Bu xatirələrə görə, Şuşa qalası­nın Qacar qoşunları tərəfindən mühasirəsi haqqında xəbər alınanda qalanın bütün kişiləri silahlandılar, tüfəng və qılınclarla şəhərin şərq tərəfinə atıldılar. Çünki qalanın bu hissəsi daha zəif müdafiə olunur­du. Adamlar qaya üstünə qalxaraq böyük daş parçaları qoparırdılar və sonra da bu böyük daş parça­larını Qacar qoşunlarının üzərinə yuvarlayırdılar. Qadınlar da qalanın müdafiəsi işinə qoşuldular. Onlar yaxınlıqda toplanmış ağac tirləri yu­varlayaraq divardan aşağı göndərir və Qacar qoşunlarına bu yolla ziyan yetirirdilər. Şahidlərin xatirələrində Şuşa qalasında olan 30 ədəd top­dan Qacar qüvvələri üzərinə atəş açılması haqqında qeydlər vardır.

Hər halda bu döyüşdə Qacar qüvvələri müəyyən tələfatla üzləşdi. Qaladan kənarda yaşayan əhali tərəfindən vurulan zərbələr də Qacar qoşunları üçün ciddi bir təhlükəyə çevrildi. Mənbələrdə bil­dirilir ki, Qarabağ müsəlmanlarının atlı və piyadaları Qacar qoşunlarının təchizat yolları boyu səpələnərək azuqə və təchizat karvanları üzərinə hücumlar edir, Qacar qoşunlarına aparılan azuqəni ələ keçirirdilər. Azuqə karvanlarını müşayiət edən çoxlu sayda sərbazlar əsir götürülür­dü. Bu zaman ələ keçirilən azuqə və təchizat qaladakı ehtiyatların daha da artmasına yönəldilirdi. Qarabağın atlıları gecələr hətta Qacar qoşunla­rının düşərgəsinə də hücumlar edir, qoşunların çadırlarını qarət edir, at və qatırlarını özləri ilə aparırdılar. Nəticədə, Qarabağda at və ulaqların sayı o dərəcədə artdı ki, onlar çox ucuz qiymətə təklif olunurdular.

Şuşa qalasını mühasirədə saxladığı 33 gün ərzində Qacar qoşunları mürəkkəb bir vəziyyətlə qarşılaşdılar. Mühasirənin uzanması Qacar qoşunlarının itkilərini artırdı. Böyük iddialarla Cənubi Qafqaza hücum edən Ağa Məhəmməd şah isə niyyətinə nail olmadan geri qayıtmağı qəbul etmək istəmirdi. Mənbələrin yazdığına görə, belə bir durumda Ağa Məhəmməd şahın yaxın adamları ona Şuşanın mühasirəsindən əl çəkməyi və Tiflis üzərinə hücum etməyi məsləhət gördülər. Ağa Məhəmməd şah da bu məsləhəti qəbul etdi və Şuşanın mühasirəsindən əl çəkərək Tiflis üzərinə hücuma yollandı. Beləliklə, Şuşa qalasını fəth etmək Qacar şahına nəsib olmadı.

1797-ci ildə Ağa Məhəmməd şah Qacar yenidən Şuşa üzərinə yürüş etdi. Bu hücum üçün Qacar şahı daha böyük qüvvələr topla­dı və Şuşa qalasını ələ keçirmək arzusuna çatmaq üçün daha bir cəhd göstərdi. Bu hücumu başla­mazdan əvvəl Ağa Məhəmməd şah Azərbaycan xanlarına məktub yolla­dı və onları da tabe olmağa çağırdı. İbrahim xana isə Ağa Məhəmməd şah açıq hədələr göndərdi. Qacar şah bildirirdi ki, İbrahim xan sağ qalmağını istəyirsə, yaxşı olar ki, yerinə oğlunu təyin etsinözü isə Məkkəyə ziyarətə yollansın.

Cənubi Qafqaza ilk yürüşü zamanı Şuşanı işğal edə bilmədiyi üçün Ağa Məhəmməd şahın İbrahim xana qarşı xüsusi qəzəbi var idi. İbrahim xan da yaxşı bilirdi ki, budəfəki yürüşü zamanı Ağa Məhəmməd şah onu cəzalandırmaq üçün bütün imkanlardan istifadə etməyə çalışacaqdır. İbrahim xanı narahat edən yalnız Ağa Məhəmməd şahın böyük qoşun ilə onun üstünə gəlməsi deyildi. Son üç il ərzində davam edən quraq­lıq xanlıq daxilində ağır bir durum yaratmışdı. Məhsul qıtlığına gətirən bu quraqlıq əhalinin dolanışıq vəziyyətini xeyli çətinləşdirmişdi, xanlıq ərazisində aclıq və səfalət güclənmişdi. Buğdanın, arpanın və digər dənli bitkilərin qiyməti xeyli art­mışdı. Həyatlarını xilas etmək üçün insanlar at, qatır və hətta uzunqu­laq əti də yeməyə məcbur oldular. Meşələrdəki palıd ağaclarının toxu­mu üyüdülərək ərzaq kimi istifadə edilirdi. Aclıqdan ölənlərin sayı artırdı. Bu çətinlikdən yaxa qurtar­maq üçün insanlar digər xanlıqların ərazisində məskunlaşmağa çalışır­dılar. Bu da öz növbəsində xanlığın müdafiə potensialını zəiflədirdi.

 

Mehman SÜLEYMANOV,

 

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

 

Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 7.