İslamiada: Azərbaycan idmançıları Konyadan 99 medalla Vətənə alnıaçıq, üzüağ qayıtdılar

 

Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Çox sayda idman komplekslərinin, meydançaların, zalların, idman-sağlamlıq mərkəzlərinin və s. tikilməsi və təmir edilməsi, idmançılara xüsusi qayğı və diqqət qazanılacaq uğurların başlanğıcı olub.

Azərbaycan bu gün dünyada güclü idman ölkəsi kimi tanınır. Bizim qələbələrimiz həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında adi hala çevrilib. Azərbaycan azarkeşləri də bir növ buna öyrəşiblər.

İdmançıların V İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlığı, 281 idmançımızın iştirak etdiyi İslamiadada 99 medalın qazanılaraq iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləni tutması Azərbaycanın idman tarixində növbəti uğurdur.

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva idmanın in­kişafını xüsusilə diqqət mərkəzində saxlamış, hər zaman idmançıları­mıza dəstək nümayiş etdirmişlər. Bunun bariz nümunəsi kimi, avqustun 9-da Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunla­rında ölkəmizi təmsil edən idmançı­larla görüşməsini, onlara xeyir-dua verməsini göstərmək olar. Biz bu diqqəti ölkə başçısı və birinci xanım­dan hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində görmüşük. Bu, bir ənənəyə çevirilib.

Avqustun 9-dan 18-dək Konyada keçirilmiş İslam Həmrəyliyi Oyunlarında Gənclər və İdman nazir Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov və Milli Məclisin deputatı Kamal Cəfərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Velosiped Federasiyasının prezidenti Mədət Quliyev müxtəlif növlərdə idmançılarımızın yarışlarını izləyib, dəstək nümayiş etdiriblər.

Qeyd etdiyimiz kimi, İslamiada­da 99 medal qazanılıb. Bu nəticə ilə Azərbaycan iştirakçı ölkələrin ümumi sıralamasında 4-cü pilləni tutub. Medallardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür. Belə ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bü­rünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-sto­lüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.

V İslam Həmrəyliyi Oyunlarında idmançıların 10-u ağırlıqqaldırma, 12-si atıcılıq, 6-sı atletika, hərəyə 4-ü olmaqla kişi və qadınlardan ibarət 3x3 basketbol komandaları, 14-ü cüdo, 23-ü futbol, 28-i güləş, 5-i, 17-si gimnastika (5-i idman gimnastikası, 3-ü aerobika, 9-u bədii gimnastika), hərəyə 16 olmaqla kişi və qadınlardan ibarət həndbol komandaları, 15-i karate, 24-ü kikboksinq, 8-i qılıncoynatma, 5-i kamandan oxatma, 5-i para-oxatma, 1-i para-atletika, 1-i para-stolüstü tennis, 8-i stolüstü tennis, 14-ü taek­vondo, 10-u velosiped, hərəyə 14-ü kişi və qadınlardan ibarət voleybol komandaları və 11-i üzgüçülük üzrə Azərbaycanı təmsil edib.

V İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 4 mindən çox atlet id­manın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. Oyun­larda ilk 3 sırada medal əyarında uyğun olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb. Ümumilikdə isə İslamiadada 4 200 nəfər idmançı ilə iştirak edən 56 ölkədən 44-ü medal qazana bilib, digər 12 ölkənin id­mançıları isə öz ölkələrinə medalsız qayıdıblar.

Konya şəhərindəki 15 İyul Stadionunda Bakı vaxtı ilə saat 21:00-da V İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib. Mərasimə Azərbaycandan rəsmi şəxs qismində Milli Olim­piya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qatılıblar. Əvvəlcə Türkiyənin Dövlət Himni səsləndirilib, ardınca Konyanın tarixi, mədəniyyəti və turizm potensi­alından bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra Türkiyənin Dövlət bayrağı qaldırılıb və İstiqlal marşı səsləndirilib. Ardınca 56 iştirakçı ölkənin rəsmi keçidi baş tutub.

Türkiyənin Gənclik və idman naziri, Konya-2021-in Hazırlıq və Təşkilat Komitəsinin sədri Mehmet Kasapoğlu çıxış edərək bildirib ki, bu oyunlarda uduzan olmayıb, qa­zanan isə birlik-bərabərlik, dostluq-qardaşlıq olub. Yarışın unudulmaz anlarla yadda qaldığını söyləyən İslam Həmrəyliyi İdman Federa­siyasının prezidenti Abdülaziz bin Türki el Faysal el-Suud idmançıları dəstəkləyən hər kəsə, eyni za­manda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib. O, dünyaya "Həmrəylik adımız, sülh dilimiz, idman meydanlarında şərəfli rəqabət isə yolumuzdur" mesajını verən idmançılara minnətdarlığını bildirib. Bağlanış mərasimi atəşfəşanlıq və müğənni Kubatın konserti ilə bitib.

Oyunların Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam siviliza­siyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi hamı üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır.

Xatırladaq ki, İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013- ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. 2017-ci il mayın 12–22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vit­se-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilirbu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu oyun­lara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı.

V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. VI İslam Həmrəyliyi Oyunlarının isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcəyi gözlənilir.

Qeyd etmək yerinə düşər ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil ediblər. Bu, hamımız üçün böyük qürurverici hadisədir. Çünki biz artıq müzəffər xalqın, qalib ölkənin nümayəndələri kimi bu oyun­larda iştirak etdik. Döyüş meydan­larında əldə edilmiş Qələbə idman yarışlarında da özünü əks etdirdi.

 

Rizvan FİKRƏTOĞLU

 

Xalq qəzeti.- 2022.- 21 avqust.- S. 7.