Azərbaycan
bölgədə sülhyaratma təşəbbüslərində
siyasi iradə nümayiş etdirir
Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda sabitliyin, əmin-amanlığın təmin olunması üçün Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin bağlanması istiqamətində davamlı çağırışlara, təşəbbüslərə başlayıb, bölgədə hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi üçün nüfuzlu dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə təmaslarını genişləndirib. Eyni zamanda, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliklərin, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqət mərkəzində saxlayıb.
Lakin bu məsələdə təkcə Azərbaycanın səyləri kifayət etmir. Ermənistan da sözdən əmələ keçməli, 2020-ci ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. İşğalçı ölkənin başqa seçimi yoxdur. Otuz illik qəsbkarlıq nəticəsində demək olar ki, tamamilə dağıdılan Qarabağın azad edilməsindən sonra barışıq və davamlı sülhün bərqərar olmasının zamanıdır. Xüsusilə enerji təchizatı baxımından çox vacib olan regionun balansı bundan asılıdır.
Təəssüf ki, 30 il ərzində Azərbaycanın bu istiqamətdə göstərdiyi səylər heç bir nəticə vermədi, respublikamız Ermənistanın ekspansionist iradəsi ilə üzləşdi. Bu ölkənin danışıqlardan imtina etməsi, nəhayət, 2020-ci il Vətən müharibəsinin başlanmasına gətirib çıxardı. Azərbaycanın İkinci Qarabağ savaşında ədaləti bərpa etməsi, tarixi zəfərlə bölgədə yeni reallıqlar yaratması sülhün və ikitərəfli əməkdaşlığın yeni mərhələsinə yol açdı.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Fransanın “musulmansenfrance.fr” portalının direktoru, jurnalist Jan-Mişel Brənə müsahibəsində 30 illik işğal müddətində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin viran edilməsindən danışıb. Daha sonra qarşı tərəfin vandal əməllərinə baxmayaraq, Azərbaycan bu ölkə ilə münasibətlərini normallaşdırmağa hər zaman hazır olduğunu bildirib. Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev ilk sülh təklifi ilə çıxış edib. Bununla da ölkəmiz sülh sazişi təqdimatı və təşəbbüsləri ilə siyasi iradəyə malik olduğunu bir daha bütün dünyaya nümayiş etdirib.
L. Abdullayeva müsahibədə Ermənistanın son 30 ildə danışıqlar aparmaq niyyətindən uzaq olduğunu, yeni ərazilər ələ keçirmək istəyini dəfələrlə bəyan etdiyini də xatırladıb. Elə Vətən müharibəsinə başlanılmasının da bu amillə bağlı olduğunu, Azərbaycanın Ermənistanın hücum əməliyyatlarına qarşı savaşa qoşulmasını diqqətə çatdırıb.
“Artıq konkret addımlar atmaq lazımdır. Davamlı
sülhü bərqərar etmək istəyiriksə, indi əsl
vaxtdır. 30 ildən sonra davamlı
sülh üçün real fürsətdir. Ermənistanın götürdüyü öhdəliklərə
riayət etməsi vacibdir. Xüsusilə də,
Ermənistan 2020-ci il atəşkəs razılaşmasında
bütün hərbçilərini Azərbaycan ərazisindən
çıxarmaqla bağlı götürdüyü öhdəliyə
riayət etməlidir”, – deyə Azərbaycan Xarici İşlər
Nazirliyinin sözçüsü vurğulayıb.
Regionun inkişafı üçün kommunikasiyaların
bərpasının vacibliyini vurğulayan L. Abdullayeva Azərbaycan
tərəfinin avtomobil və dəmir yollarının yenidən
qurulması istiqamətində apardığı işlərdən
də söz açıb. Bu infrastrukturların
2023-cü ildə başa çatacağını qeyd edib.
Yeri gəlmişkən,
Prezident İlham Əliyev tərəfindən təməli
qoyulan Horadiz–Ağbənd dəmir yolu xəttinin uzunluğu
110,4 kilometrdir. Belə bir xəttin
çəkilməsi Zəngəzur dəhlizinin fəaliyyətə
başlaması üçün ilkin şərtdir. Bu səbəbdən də Horadiz–Ağbənd dəmir
yolunda işlərin sürətlə həyata keçirilməsinə
xüsusi önəm verilir. Birxətli dəmir
yolu üzərində 8 stansiyanın tikilməsi nəzərdə
tutulur. Bununla bərabər, layihə
çərçivəsində, ümumilikdə, 300-ə
yaxın süni mühəndis qurğusunun inşası da
planlaşdırılır.
Xatırladaq ki, adı çəkilən dəhliz Azərbaycan,
eləcə də dünya və region ölkələri
üçün mühüm önəm daşıyır. Çünki
bu nəqliyyat infrastrukturunun gerçəkləşməsi ilə
Azərbaycandan Türkiyəyə daşınan yüklərin
qısa müddətdə Avropa və Yaxın Şərq
ölkələrinə çatdırılma imkanı
reallaşır. Eyni zamanda, respublikamızın
tranzit imkanları daha da genişlənir. Təbii
ki, Ermənistan da Zəngəzur dəhlizinin imkanlarından
yararlanmaqla sosial-iqtisadi sahələrdə
yaşadığı böhranın aradan
qaldırılmasında xeyli dərəcədə
faydalanır.
Onu da deyək ki, Zəngəzur dəhlizinin
açılmasına dünyanın nüfuzlu ölkələri
tərəfindən böyük maraq göstərilir. Çin,
Rusiya və Türkiyə bu dəhlizin açılmasında
israrlıdır. Üstəlik, Avropa
ölkələri də bu dəhlizin fəaliyyətə
başlamasını dəstəkləyir.
Prezident
İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr
olunan müşavirədəki nitqində Zəngəzur dəhlizinin
əhəmiyyətindən danışaraq deyib: “Bəzi
istiqamətlər üzrə, xüsusilə Şimal–Qərb
Nəqliyyat Dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və
yaradılmış infrastruktur, əlbəttə, imkan verir
ki, biz çox önəmli tranzit ölkəsinə
çevrilək. Onsuz da Azərbaycan üzərindən
tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım
görürük. Əlbəttə, burada Zəngəzur
dəhlizinin imkanları da nəzərə
alınmalıdır. Ona görə biz Zəngəzur
dəhlizinin yaradılmasına daha sürətlə
çalışırıq”.
Təəssüflə
qeyd edilməlidir ki, 2020-ci il noyabrın
10-da imzalanan üçtərəfli Bəyanatda Zəngəzur
dəhlizi ilə əlaqədar nəzərdə tutulan
öhdəliyin yerinə yetirilməsi indiyədək Ermənistan
tərəfindən müxtəlif bəhanələrlə ləngidilib.
Məsələn, işğalçı
ölkədə dəhlizlə bağlı qarşıya
qoyulan vəzifənin gerçəkləşdirilməsi əvəzinə,
bu infrastruktur layihəsindən Azərbaycana qarşı siyasi
şantaj aləti kimi istifadə edilib. Eyni zamanda, məlum
üçtərəfli Bəyanatda öz ifadəsini tapan Zəngəzur
dəhlizinin reallaşdırılması ilə bağlı
Ermənistan tərəfindən heç bir iş
görülməyib, dəhlizin Mehri hissəsində tikiləcək
dəmir yolunun texniki-iqtisadi əsaslandırılması indiyədək
hazırlanmayıb, həmçinin
avtomobil yolu marşrutunun ölkəmizə verilməsi ilə
əlaqədar da işğalçı dövlət öhdəliyi
yerinə yetirməyib.
Ötən
müddətdə 2020-ci il noyabrın 10-da
imzalanan üçtərəfli Bəyanatda nəzərdə
tutulan digər öhdəliklərin yerinə yetirilməsini də
Ermənistan tərəfi müxtəlif bəhanələrlə
ləngidib. Məsələn, Ermənistan ordusu
Qarabağı tam tərk etməyib, hətta həmin yerlərdə
mövqeləri möhkəmləndirmək üçün
vaxtaşırı istehkamların tikintisini aparıb, yeri gəldikcə
təxribatlar törədib.
Burada sözügedən bu məsələ ilə
bağlı bir məqamı da xatırlatmaq istərdik. Belə ki, Ermənistanın
baş naziri Nikol Paşinyan
çıxışlarının birində bildirir ki,
Qarabağda Ermənistan ordusunun əsgərləri deyil,
müqavilə əsasında xidmət edənlər
saxlanılır. Beləliklə, o,
dolayısı ilə Azərbaycan ərazisindəki qanunsuz erməni
silahlılarının məhz Ermənistanın sərəncamında
olduğunu etiraf edir. Çünki Ermənistan
büdcəsinin xərclər maddələrindən biri
“Qarabağla” bağlıdır, yəni oradakı silahlı
birləşmə işğalçı dövlətin
büdcəsindən maliyyələşir.
Halbuki Ermənistan anlamalıdır ki, o, bu cür təxribatçı
mövqeyi ilə özünü daha da zəiflədir. Eyni zamanda,
sözü ilə əməlinin düz gəlmədiyini,
revanşist siyasətinə sadiqliyini, bölgədə
sülhyaratma prosesini əngəllədiyini bütün
dünyaya nümayiş etdirir. Bir sözlə,
Azərbaycan münaqişəni dinc yolla tənzimləməyə,
regionda barış, sabitlik, əmin-amanlıq yaratmağa
çalışsa da, Ermənistan bunun əksinə gedir,
işğalçı mövqeyindən geri çəkilmir.
Lakin ötən müddət ərzində Ermənistan
yuxarıda vurğuladığımız kimi, verdiyi vədə,
üzərinə götürdüyü öhdəliklərə
əməl etməyib, sülhyaratma prosesini müxtəlif
vasitələrlə ləngitməyə
çalışıb. Bütün bunlar işğalçı
ölkənin mahiyyətinin dəyişməz olduğunu,
münaqişənin dinc vasitələrlə tənzimlənməsinə
maraq göstərmədiyini, qəsbkarlıq siyasətini davam
etdirməkdə israrlılığını sübuta
yetirib.
Ermənistanın
Azərbaycana qarşı indiyədək yönələn
bütün təxribatları, vəhşilikləri də, əslində,
bu dövlətin 2020-ci il 10 noyabr tarixində
imzalanan birgə Bəyanata olan laqeyd münasibətinin məntiqi
nəticəsidir. Həmin sənədin
dördüncü maddəsinə uyğun olaraq,
işğalçı silahlı birləşmələrini
Azərbaycan ərazilərindən dərhal
çıxarmalı idi. Lakin məlum bəyanatın
digər maddələrinə münasibətdə olduğu
kimi, bu maddəyə də saymazyana yanaşdı.
Fransa
Prezidenti Emmanuel Makronun avqustun 4-də ölkə rəhbəri
İlham Əliyevlə telefon söhbətində də
dövlətimizin başçısı Ermənistan tərəfindən
növbəti hərbi təxribatın törədildiyini və
Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti
yerləşdirildiyi Azərbaycan ərazisində baş
vermiş bu təxribat nəticəsində hərbi
qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan
Silahlı Qüvvələrinin bu təxribatın
qarşısını aldığını, lazımi cavab tədbirləri
gördüyünü deyib və baş vermiş gərginliyə
görə bütün məsuliyyətin Ermənistanın
üzərinə düşdüyünü bildirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın
Qarabağ bölgəsində mövcudluğunu davam etdirən
Ermənistan özünün silahlı qüvvələrinin
və qanunsuz erməni hərbi birləşmələri
ünsürlərinin ərazimizdən
çıxarılmasını indiyədək
reallaşdırmayıb. Beləliklə, rəsmi İrəvan 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının
müddəalarını pozub və üzərinə
düşən öhdəlikləri yerinə yetirməyib.
Azərbaycan
tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın
müddəalarına uyğun olaraq, Ermənistan silahlı
qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin
ərazilərimizdən çıxarılması məsələsini
dəfələrlə gündəliyə gətirsə də,
işğalçı ölkə tərəfindən bu
öhdəlik yerinə yetirilmir, müxtəlif bəhanələr
və ziddiyyətli bəyanatlarla qəsdən vaxt
uzadılır. Nəticədə Ermənistan
silahlı qüvvələri və qanunsuz erməni hərbi
birləşmələri ünsürləri sülh
sazişinin imzalanmasına təhlükə törədir.
Bax, elə bunun nəticəsi idi ki, bir müddət əvvəl
düşmən ölkənin növbəti təxribatı
zamanı Azərbaycan Ordusunun bir əsgəri şəhid oldu
və Azərbaycan cavab olaraq “Qisas” əməliyyatı
keçirdi. Bununla da Silahlı Qüvvələrimiz
işğalçını növbəti dəfə məğlubiyyətə
uğratdı, bir neçə strateji yüksəkliyi nəzarətə
götürdü. Beləliklə, ordumuz
postmünaqişə dövründə hərbi mövqelərimizi
əhəmiyyətli dərəcədə gücləndirdi.
İndi
Azərbaycanı bir sual düşündürür: Görəsən,
erməni faşizmi “Qisas” əməliyyatından dərs
çıxara biləcəkmi? Separatçı
dəstələri Azərbaycan torpaqlarından geri çəkərək,
tezliklə sülh müqaviləsinin bağlanması istiqamətində
addımlar atmağı bacaracaqmı?
Bax, bu suallara mənfi cavab Ermənistanı fəlakətə
aparacaq. İşğalçı ölkənin ordusu təbii
ki, daha da gücdən düşəcək, iqtisadiyyatı tənəzzül
dövrünü yaşamaqda davam edəcək, sosial şəraiti
isə bir qədər də pisləşəcək.
Xatırladaq
ki, Prezident İlham Əliyev Vətən müharibəsi ilə
ədalətin bərpa olunmasından, parlaq qələbə əldə
edilməsindən sonra ordusu və iqtisadiyyatı
acınacaqlı duruma düşən Ermənistana vəziyyətdən
çıxmağın yeganə yolunu sülh müqaviləsinin
bağlanmasında gördüyünü dəfələrlə
xatırladıb, Qarabağın təhlükəsizlik,
sabitlik və sülh şəraitində inkişafı məsələlərini
önə çəkib. Dövlətimizin başçısı
ayrı-ayrı çıxışlarında bu istiqamətdə
göstərilən bütün müsbət səyləri,
etimadyaratma tədbirlərini dəstəkləyib, Azərbaycanın
sülh danışıqları üçün konkret prosesə
başlamağa, mümkün sülh sazişini
hazırlamağa və bu saziş üçün
bütün zəruri elementləri həll etməyə daim
hazır olduğunu diqqətə çatdırıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 1;
5.