Laçın şəhəri, ZabuxSus kəndləri tezliklə öz doğmalarını qarşılayacaq

 

Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin 2020-ci il 10 noyabr tarixli Bəyanatı ilə üzərinə götürdüyü bütün öhdəliklərə sadiq qaldığını, respublikamızın Laçından yan keçən yeni yolun tikintisini və digər addımları da bu öhdəliklər əsasında atdığını bildirib.

Dövlətimizin başçısı, eyni zamanda, Ermənistanın yenə də fitnəkarlıqla məşğul olduğunu, müxtəlif vasitələrlə vaxtı uzatmağa çalışdığını vurğulayıb: “Əgər onlar fikirləşirlər ki, bir ildən, ya­xud il yarımdan sonra nəsə dəyişəcək bunların xeyrinə, səhv edirlər. Nəsə dəyişə bilər, amma bizim xeyrimizə. Çünki dünyada, bölgədə gedən geosi­yasi vəziyyət göz qabağındadır. Böyük siyasətçi olmaq lazım deyil ki, bunu hər kəs görsün. Azərbaycanın artan gücü, həm hərbi, həm iqtisadi, həm siyasi gücü, Ermənistanın faktiki olaraq, əgər belə demək mümkündürsə, təklənməsi. Nə üçün təklənməsi? Ona görə ki, onlar haqsızdır. Onlar nahaq görürlər. Onlar hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər…”

Ölkə rəhbəri, həmçinin tezliklə Laçın şəhərinə, ZabuxSus kəndlərinə də qayıdılacağının əminliyini diqqətə çatdırıb: “ Mən artıq Dövlət QAÇQINKOM-a göstəriş verdim, Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı ilə əlaqə saxlasınlar. Biz yaxın zamanlarda onları öz doğma yerlərinə qaytaracağıq”.

Xatırladaq ki, Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən genişmiqyaslı tikinti, bərpa-quruculuq layihələri sırasında Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yol da mühüm yer tutur. Bu magistralın cəmi bir il ərzində inşa edilməsi infrastruk­turun strateji əhəmiyyət daşımasından xəbər verir.

Yeri gəlmişkən, yeni alternatv yolun 10 noyabr 2020-ci il tarixli Bəyanatda üç il ərzində çəkiləcəyi planlaşdırılıb və bu məsələnin kapitulyasiya aktına sa­lınması da məhz Azərbaycan tərəfindən reallaşdırılıb. Dövlətimizin başçısı yuxarıda adı çəkilən müsahibədə bu barədə deyib: “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”.

Ölkə rəhbəri fikirlərinin davamında Laçın şəhəri, ZabuxSus kəndlərindən qanunsuz məskunlaşdırılan ermənilərin çıxarıl­ması məsələsinə də toxunub. Dövlət başçısı onların o ərazilərdə yaşamala­rının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”.

Artıq demək olar ki, ermənilər azərbaycanlılara məxsus o yaşa­yış sahələrindən çıxarılıb. Amma bu prosesdə də əvvəllər olduğu kimi, yenə də vəhşiliklər, barbarlıqlar nümayiş etdi­rilib. Evlər, meşələr yandırılıb, düşmən, hətta öz doğmalarının qəbirlərini də dağıdaraq cəsədləri özü ilə aparıb.

Azərbaycan Xarici İşlər Nazirliyi ermənilərin Laçın şəhərində, ZabuxSus kəndlərində yaşıllığın məhvinə münasibət bildirib. Bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva tviter səhifəsində yazıb: “Görün, Laçın şəhəri, ZabuxSus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yan­dırlır. Meşələr yanır, florafaunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazır­laşır?!”, – L.Abdullayeva paylaşımda qeyd edib.

Yeri gəlmişkən, bu, ermənilərin törətdikləri ilk barbarlığı deyil, düşmən oxşar vəziyyəti 2020-ci ildə Ağdam və Kəlbəcərdən çıxarılanda da yaradıb, apara bildiyini aparıb, bilmədiyini isə od vurub yandırıb, meşələri qırıb, torpağı minalayıb.

Ermənilər ötən 30 il ərzində yaxşı bilirdilər ki, gec-tez bu torpaqların əsl sahibləri gələcək və onlar bu əraziləri tərk edəcəklər. Amma indi vandal əməllər törətməklə –evləri, meşələri yandırmaqla, infrastrukturu dağıt­maqla bütün dünyaya naqisliklərini, vəhşiliklərini göstərirlər. Amma bilməlidirlər ki, onlar bu murdarlıqları ilə heç nəyə nail ola bilməyəcəklər. İndi xaraba qoyduqları bu yerlər də Şuşa, Füzuli, Zəngilan və digər şəhər və rayonlarımız kimi yenidən tikilib-qurulacaq.

Erməni barbarlığı təkcə dağıntılarla, yanğınlarla bitmir. Onlar özlərini dünyaya məzlum göstərərək, “doğma yurdlarından” zorla çıxarıldıqlarını da id­dia edirlər, heç bir əndazəyə sığmayan fikirlər səsləndirirlər, guya onlar üçün dogma olan bu yerlərdən “didərgin” sa­lınırlar. Amma çox şübhəsiz ki, düşmən bura haradan və nə niyyətlə köçürüldü­yünü yaxşı bilir.

Xatırladaq ki, Laçının Zabux kəndinin hazırda Azərbaycanı haqsız­lıqda ittiham edən erməni “sakinləri” Yaxın Şərqdən köçürülüblər. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar fəal rol oynayıblar. İndi qəribədir ki, 30 il bundan əvvəl həmin gəlmə ermənilər işğal olunmuş ərazilərə yerləşdirilmələrinin və aldanmalarının fərqində deyillər…

Laçın Rayon İcra Hakimiyyəti başçısının Zabux inzibati ərazisi üzrə nümayəndəsi Elsevər Əliyev mətbuata açıqlamasında bu barədə deyib: “Zabux inzibati ərazi vahidi 4 kəndi əhatə edir. Bunlar Zabux, Sus, Qızılca və Bəylik kəndləridir. Bu kəndlərin heç birində erməni əhali yaşamayıb. Ermənilər o kəndlər 1992-ci ildə işğal olunduqdan sonrakı illərdə orada qanunsuz olaraq məskunlaşdırılıb”.

Elsevər Əliyevin sözlərinə görə, həmin kəndlərin ərazisində 7-8-ci əsrə aid azərbaycanlılara məxsus abidələr var idi. Abidələrin hamısı düşmən tərəfindən tamamilə dağıdılıb. İşğalçı Zabuxda və digər kəndlərdəki azərbaycanlılara məxsus evləri söküb, ya da yandırıb. Zabuxda indi qoyub köçdükləri evlərin əksəriyyətini azərbaycanlıların - bizim ata-babalarımızın qəbirləri olan məzarlığın üzərində inşa edib. Qəbirləri traktorla kürüyüb dağıdaraq, məzarlıqda evlər tikib.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 4.