Azərbaycan
Şərqə də güvənir, Qərbə də
Avropa İttifaqı hər zaman Azərbaycanın yaxşı tərəfdaşı
olub. Avropa İttifaqı bizim əsas ticarət
tərəfdaşımızdır. Əsas ixracımız Avropa İttifaqının üzv
ölkələri ilə bağlıdır və üzv dövlətlərin üçdəbir
hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq
adlanan sənədləri və bəyannamələri
imzalamışdır və ya qəbul
etmişdir. Hesab edirəm
ki, Azərbaycan lap əvvəlcədən
qoşulduğu “Şərq tərəfdaşlığı”na
üzv ölkələr arasında bu mövqedə olan yeganə
ölkədir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
İslam Konfransı Təşkilatı bütün dövlətləri Azərbaycan ərazilərinin işğalını davam etdirməyə imkan yaradan silah və döyüş sursatı təchizatından imtina etməyə çağırır; İKT-yə üzv dövlətləri və dünya birliyinin digər ölkələrini Ermənistanın təcavüzünə və Azərbaycan ərazilərinin işğalına son qoyulması üçün təsirli siyasi və iqtisadi təzyiqlərdən istifadəyə dəvət edir; hesab edir ki, Azərbaycan ona dəymiş ziyana görə kompensasiya almaq hüququna malikdir.
İKT-nin 2003-cü ildə Malayziyanın Putracaya şəhərində keçirilmiş
X konfransının qəbul etdiyi qətnamədən
Müasir, güclü, regionda və dünyada (Ermənistan istisna olunmaqla), hamının hesablaşdığı Azərbaycan dövləti Cənubi Qafqazda, sözün həqiqi mənasında, yeni reallıqlar yaratmış, öz iradəsini diktə edən dövlətə çevrilmişdir. Bu isə birmənalı olaraq ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasət kursunun təntənəsidir.
Müstəqilliyin ilk illərində iqtidarda olanların “sərhədləri bağlayaraq dövləti inkişaf etdirmək” tezisindən fərqli olaraq, ümummilli liderimiz 1993-cü ilin yayından etibarən ölkəmizə xoş məramla gələn hər kəs üçün sərhədlərimizin açıq olduğunu bəyan etmişdi. Həmin illərdə “bu siyasət bizi haraya aparır?” – deyə vay-şivən qaldıranlar indi anlamış olarlar ki, həmin siyasət bizi hara aparıb.
Xatirimdədir, müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlananda hamının qulağı səsdə idi. Həmin günlərdə müstəqil qəzetlərin birində azadlıq şairi Xəlil Rza Ulutürkün ümummilli lderimizlə maraqlı bir söhbəti verilmişdi. Şair dövlət başçısından soruşur ki, Heydər bəy, yolumuz hayanadır? Ulu öndər cavab verir ki, üzümüz Şərqə, yolumuz Qərbədir. Şair qayıdır ki, Heydər bəy, Qərb təhlükəlidir, Qərbdə Günəş batır. Ümummilli lider cəmi üç-dörd sözlə mükəmməl bir həqiqəti əks etdirir və bizim doğru yolda olduğumuzu sübut edir: – Xəlil bəy, Günəş Qərbdə ona görə batır ki, bir daha Şərqdən doğa bilsin.
Bəli, biz mükəmməl yol tutduğumuza görə, bu gün möhtəşəm uğurlara imza atırıq. Bu uğurları isə ulu öndərin işləyib hazırladığı siyasi kursu böyük yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin siyasi müdrikliyi və liderlik qətiyyəti nəticəsində qazanırıq. İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 19 ildə çoxsaylı mütərəqqi addımlar atıb ki, məhz həmin addımlar nəticəsində gənc müstəqil dövlətimiz 50-60 il müstəqillik tarixi olan ölkələrdən də çox inkişaf edib.
Bu il aprelin 29-da ADA Universitetində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın iştirakçısı, Böyük Britaniyanı təmsil edən enerji təhlükəsizliyi üzrə ekspert Con Roberts jurnalistlərə verdiyi müsahibədə demişdi ki, Prezident İlham Əliyev çoxsaylı mütərəqqi addımların müəllifidir. Ancaq onun təşəbbüsü ilə ərsəyə gəlmiş “Bakı prosesi” dünyanın hər iki qütbünün, bütün sivilizasiyaların eyni masa ətrafında əyləşməsini təmin etdiyinə görə, təkcə Azərbaycanın və ya Qafqazın deyil, ümumilikdə. hamının xeyrinə, bütün dövlətlərin maraqlarına cavab verən addım olmuşdur.
Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz bu gün dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. Məlum olduğu kimi, İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidenti tərəfindən çox ciddi addımlar atılıb. Belə ki, 2008-ci ilin 2–3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 İslam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı Bəyannaməsi qəbul edilmişdi.
Bakı Bəyannaməsi ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13–15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi. Ən maraqlısı isə o idi ki, konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə bəyannamə qəbul edilmiş, 2010-cu ildə isə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsləri irəli sürülmüşdü.
Bundan başqa, 2011-ci ildən etibarən Bakı şəhərində hər iki ildən bir Azərbaycan Respublikası Prezidentinin himayəsi altında, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar forumları təşkil olunur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna evsahibliyi edib.
İndiyədək beş dəfə təşkil olunmuş Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, 2016-cı ildə BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və altı dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarında 180-dən çox ölkədən və 40-dan çox beynəlxalq təşkilatdan ümumilikdə 20 mindən çox xarici nümayəndə –dövlət və hökumət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, diplomatlar, mədəniyyət, təhsil və elm xadimləri, qlobal biznes və media strukturlarının təmsilçiləri, gənclər və digər kateqoriyada insanlar iştirak edib. “Bakı prosesi” çərçivəsində forumlarda, ümumilikdə, 250-dən çox tədbir və layihə həyata keçirilib.
Birləşmiş Millətlər Təşkilatının Baş katibi 2017, 2018 və 2019-cu illərdə BMT Baş Assambleyasına təqdim etdiyi məruzələrində “Bakı prosesi”ni xüsusi vurğulayaraq, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan etmişdir. 2017-ci ildən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT televiziyası tərəfindən canlı yayımlanır.
Bu gün hər bir azərbaycanlı fəxr edir ki, həmin böyük uğurlara məhz bizim dövlət başçımız nail olmuşdur. Bu gün bəzi ölkələrdə tolerantlığın tarixdə qaldığını söyləyənlər olsa da, dünyanın bir qütbündə islamofobiya, digər qütbündə İslamı təhqir edənlərə qarşı kin-kidurət davam etsə də, müdrük təfəkkür sahibləri tərəfləri bir masa arxasına dəvət etməyə cəsarət tapır və bəşəri dəyərlərə öz töhfələrini verirlər.
Həmin liderlərin önündə isə ölkəmizi uğurla inkişaf etdirən Azərbaycan Prezidenti dayanır. Ancaq bu, Prezident İlham Əliyevin təkcə xalqımız və ölkəmiz üçün deyil, ümumilikdə, bütün dünya naminə atdığı yeganə addım deyil.
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 4.