Ermənistan
üçtərəfli Bəyanatın tələblərini
yerinə yetirməyə məcburdur
Laçın şəhərində, eləcə də rayonun Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşdırılmış ermənilər həmin əraziləri tərk edirlər. Xatırladaq ki, ermənilər işğal müddətində Yaxın Şərq ölkələrindən gətirilərək həmin ərazilərdə qanunsuz şəkildə məskunlaşdırılmışdı. Onları Azərbaycan dövlətinə, yaşadıqları torpağa bağlayan hüquqi əsaslar yoxdur. Bu millətin nümayəndələri harada yaşamasına baxmayaraq, öz vərdişlərinə uyğun olaraq, faşizmə xas olan xislətlərini nümayiş etdirirlər. Ermənilər qeyri-qanuni məskunlaşdıqları əraziləri tərk edərkən evləri, meşələri yandırır, kəndi viran qoyurlar. Xalqımız, eləcə də, dünya ictimaiyyəti 30 ildir ki, erməni vandallığının şahididir. İşğaldan azad edilmiş ərazilərimizə səfər edən əcnəbi qonaqlar, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri, QHT rəhbərləri, siyasi partiya təşkilatlarının nümayəndələri, o cümlədən dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əməkdaşları erməni vəhşiliyinin canlı şahidi olurlar.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, həmçinin Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatın 6-cı bəndinə uyğun olaraq, Azərbaycan 3 il müddətində Laçın dəhlizinə alternativ yolun tikintisini bitirməli idi. İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işlərini həyata keçirən dövlətimiz bu yolu 3 ilə deyil, daha az müddətdə bitirdi. Buna görə Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilər avqust ayının sonuna qədər həmin ərazilərdən çıxarılır. Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin boşaldılması üçtərəfli Bəyanatın 6-cı bəndində ös əksini tapıb.
Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin vaxtilə Azərbaycan vətəndaşı olmuş və həmin ərazilərdə məskunlaşmış ermənilərə münasibəti bəllidir. Dövlət başçımız bunu dəfələrlə bəyan edib. Möhtərəm Prezidentimiz İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bununla bağlı açıq şəkildə bildirdi: “Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir”.
Cənab Prezident Qarabağda yaşayan ermənilərə heç bir status, müstəqillik verilməyəcəyini, hansısa xüsusi imtiyazı olmayacağını qəti şəkildə bildirdi. Dedi ki, Azərbaycan dövləti digər vətəndaşlarının, Azərbaycanda yaşayan digər xalqların hüquqlarını necə qoruyursa, ermənilərin hüquqlarını da elə qoruyacaq.
Ermənistana 30 il ərzində dəfələrlə xəbardarlıq edildi ki, işğal etdikləri əraziləri beynəlxalq huququn norma və prinsiplərinə uyğin olaraq azad etsinlər. Hətta dünyanın mötəbər beynəlxalq təşkilatları da Ermənistanın öz qoşunlarını işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarması barədə qətnamələr qəbul etmişdi. Lakin dünyada mövcud olan ikili stnadartlar, həmçinin islamofobiya erməniləri getdikcə daha da quduzlaşdırdı. İşğalçı ölkə təxribatlardan, atəşkəs rejimini pozmaqdan əl çəkmədi. Nəhayət, 2020-ci il sentyabrın 27-də özlərinin başladıqları müharibədə layiqli cavablarını aldılar. Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrini darmadağın edərək tarixi Qələbə qazandı.
2020-ci il noyabrın 10-da Ermənistanın siyasi və hərbi rəhbərliyi təslim olduqlarını rəsmən elan etdilər və Azərbaycan ərazilərini tərk etmək barədə öhdəlik götürdülər. Lakin öz xislətlərinə uyğun olaraq, yenə də işğalçılıq siyasətindən əl çəkmir, təxribatlar törətməkdə davam edirlər. Bu il avqustun əvvəllərində erməni təxribatı nəticəsində Qarabağda qarşıdurma baş verdi. Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı. Bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid oldu. Ancaq dünya ictimaiyyəti də şahid oldu ki, şəhidimizin qanı yerdə qalmadı. Rəşadətli ordumuz dərhal “Qisas” əməliyyatı keçirərək, qarşı tərəfi ciddi cəzalandırdı. Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı erməni silahlı birləşmələri üçün əsl cəza tədbiri idi.
Dövlət başçımız bu əməliyyatdan sonra Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq etdi: “Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz. Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq”.
Məlahət
İBRAHİMQIZI,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 4.