Ermənistanın
ərazilərə yeni minalar
basdırması Azərbaycanın təhlükəsizliyini təhdid
edir
Azərbaycan sülh ölkəsi, multikultural dəyərlər məkanıdır. Bu, tarixən belə olub, bu gün də belədir. Bunları görmək üçün uzağa getmək lazım deyil, elə dönüb işğaldan azad edilmiş Qarabağa baxmaq, orda baş verənləri görmək kifayətdir. Həmin ərazilər 30 ilə qədər Ermənistanın işğalı altında olduğu dövrdə daşına, kərpicinə qədər dağıdılmışdısa, bu gün yenidən qurulur, dirçəldilir, abaşlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev tez-tez azad edilmiş ərazilərə səfər edərək görülən abadlıq-quruculuq işləri ilə yaxından tanış olur, eyni zamanda, yeni-yeni obyektlərin bünövrəsini qoyur. Bir sözlə, Azərbaycan dünyada, dünya xalqları arasında qurub-yaradan, ermənilər isə dağıdan, viran qoyan xalq kimi tanınır.
Bu günlərdə Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal kəndində Azərbaycan Televiziyasına müsahibəsində də bəyan etdi ki, ölkəmiz regionda sülhün və əməkdaşlığın bərpasına çalışır. Dövlət başçısı bildirdi: “Deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən təxminən iki il keçir, amma görün bu iki il ərzində nə qədər böyük dəyişikliklər baş verib? Mən hələ orada apardığımız bərpa, yenidənqurma işlərini kənara qoyuram, bunlar hamısı göz qabağındadır. Şüurda nə qədər dəyişikliklər baş verir? Nəyə görə? Düzgün siyasətimizə görə. Çünki müharibə başa çatandan dərhal sonra mən demişəm ki, bizə sülh lazımdır. Biz Ermənistanla sülh danışıqlarına başlamalıyıq. Hələ ki, müsbət cavab almamışıq, amma ümid edirəm ki, alacağıq. Delimitasiya komissiyası yaradılmalıdır. Ona da etiraz edirdilər, nəticədə razılaşdılar. Zəngəzur dəhlizi lazımdır, ona da etiraz edirdilər. İndi yaxın həftələrdə Zəngəzur dəhlizinin marşrutunu biz onlardan gözləyirik. Qarabağda yaşayan ermənilər, onlar da gördülər ki, Azərbaycandan onlara ancaq xeyir gələ bilər”.
Bu gün Azərbaycanın təkidli tələbi ilə Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində qeyri-qanuni məskunlaşmış ermənilərin çıxarılması prosesi gedərkən də dünya ictimaiyyəti onların dağıdıcı xislətinin şahidi olur. Ermənilər nəinki tərk etməli olduqları kəndlərdəki evlərini yandırır, üstəlik meşələrə də od vurur, əraziləri yeni minalarla zibilləyirlər. Bütün bunlar beynəlxalq aləmdə, təbii ki, ikrah doğurur.
Bu gün dünyada hər kəsə məlumdur ki, ermənilər işğaldan azad olunmuş ərazilərimizi plansız şəkildə basdırdıqları minalarla təhlükəli zonaya çeviriblər. Üstəlik, Azərbaycanın qazandığı şanlı Zəfərdən sonra da onlar tərk etdikləri əraziləri minalamaqdan çəkinmirlər. 1999-cu il Ottava Konvensiyasına görə, əraziləri minalamış tərəf müharibə bitdikdən sonra dəqiq hazırlanmış mina xəritəsini qarşı tərəfə verməyə borcludur. Ancaq Ermənistan 2020-ci ilin noyabrında kapitulyasiya aktına imza atmış olsa da, beynəlxalq konvensiyanın bu tələbinə əməl etmək istəmirdi. Yalnız Azərbaycanın təkidli tələblərindən, məsələni bir çox beynəlxalq təşkilatlarda və yüksək səviyyəli görüşlərdə dəfələrlə qaldırmasından sonra erməni tərəfi müxtəlif təzyiqlər nəticəsində mina xəritələrini ölkəmizə təqdim etdi. Bu zaman isə məlum oldu ki, bu xəritələrin dəqiqliyi cəmi 20-25 faiz təşkil edir.
Odur ki, bu gün Azərbaycanın işğaldan azad edilmiş əraziləri təhlükəli zona olaraq qalmaqdadır. İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə vətəndaşımız bu minalar səbəbindən həyatını itirib və ya xəsarət alıb. Hazırda ərazilərdən çıxarılan minaların 1 kvadratmetrinə düşən nisbətə baxdıqda məlum olur ki, Ermənistan işğal etdiyi ərazilərimizdə təxminən 5 milyona yaxın mina basdırıb. Bu da orta hesabla işğalçı ölkənin bir illik dövlət büdcəsinin 15 faizinə bərabərdir. SSRİ-nin dağılmasından sonra səfalət içində yaşayan, əhalisinin böyük əksəriyyətinin miqrasiyaya meyil etdiyi bir ölkəyə bu, nə qədər lazımdır?
Görünən budur ki, İkinci Qarabağ müharibəsinin məğlubiyyətlə başa çatmasından sonra da Ermənistan terror siyasətindən, işğalçılıq ambisiyalarından əl çəkmir. Ermənilər regionda sülh yaranmasında, sivil dünyaya inteqrasiyada, ölkədə ədalətli cəmiyyət qurulmasında, beynəlxalq kommunikasiya xətlərindən yararlanmaqda, eləcə də Azərbaycanın təqdim etdiyi 3+3 formatında əməkdaşlıqda maraqlı görünmürlər. Onlar yenə terror və təxribatlar törədir, təkcə insanlara deyil, təbiətə, tarixi abidələrə qarşı da amansız davranır, üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq azad edilmiş ərazilərimizdən çıxmaq əvəzinə, meşələri yandırır, ağacları kəsir, tarixi və mədəni abidələri məhv edirlər. Bütün bunlar isə Ermənistanın hələ də təhlükəsizliyə təhdid olaraq qaldığını göstərir.
2020-ci il noyabrın 10-dan bəri azad edilmiş ərazilərimizdə mina partlaması nəticəsində 7 hərbi qulluqçu, 32 mülki şəxs həlak olub. Azərbaycanın Baş Prokurorluğunun məlumatına görə, mina partlaması zamanı 117 hərbi qulluqçu, 67 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu, o deməkdir ki, 2 il ərzində Ermənistanın apardığı səssiz müharibə nəticəsində Azərbaycanın 39 vətəndaşı həyatını itirib, 184 vətəndaşı isə yaralanıb. Bu, qeyri-döyüş şəraitində Azərbaycana böyük maddi-mənəvi zərbədir. Sayın belə çox olması sübut edir ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük hissəsi minalanıb. Hətta 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçın rayonlarını tərk edərkən ermənilər həmin ərazilərə əlavə minalar basdırıblar.
Prezident İlham
Əliyev də bu il
yanvarın 12-də yerli telekanallara
müsahibəsində bildirib ki, azad edilmiş
ərazilərdə ilk növbədə minalardan təmizləmə işləri
aparılmalıdır: “Bu sahədə həm
ANAMA, həm Müdafiə Nazirliyi fəal
işləyir, eyni zamanda,
Fövqəladə Hallar Nazirliyi.
Bu proses
gedir. Əfsuslar olsun ki, bu günə qədər biz insanları
itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı
– mülki və hərbi vətəndaş
ya həlak olub, ya da
ki, ciddi yaralanıb”.
Ermənistan artıq Azərbaycanla sərhədləri minalayır. Bu isə onların əsl düşmən xislətindən xəbər
verir. Son məlumatlara görə, sərhəd zonalarında
basdırılmış minaların
əksəriyyəti Ermənistanda
2021-ci ildə istehsal olunmuş minalardır.
Bu isə həmin
partlayıcı ölüm
qurğularının son zamanlarda
basdırıldığını göstərir. Bu, eyni zamanda, Ermənistan
hökumətinin Azərbaycanla
sülh məsələsində
nə qədər səmimi və ardıcıl olduğundan
xəbər verir.
Ona görə də birmənalı şəkildə
deyə bilərik ki, Ermənistan yenə də regionda təhlükəsizliyi
təhdid edir, sabitliyə və əməkdaşlığa qarşı
çıxır.
Bu günlərdə ABŞ Senatının Qarabağın
minalardan təmizlənməsi
adı altında Ermənistana 2 milyon dollar yardım verməsinə dair məlumatlar yayılıb. Paradoksal vəziyyətdir: basdırılan
partlayıcı qurğulardan
faktiki olaraq Azərbaycan əziyyət
çəkir, yardım
isə Ermənistana verilir.
Beləliklə, Ermənistan yenə də region üçün
təhlükə olaraq
qalmaqdadır və onun normallaşma prosesinə, əməkdaşlığa
və regionda sülhün bərpasına
töhfə verəcəyinə
inanmaq çətindir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 6.