Ömrün yaşıl
yarpaqları
Hər kəsin həyatı göz qabağında olan kitabdır. Ağlı-qaralı səhifələri olan bu kitabı Yaradan doğuluşdan sona kimi vərəq-vərəq yazır. Yazır və həm də bu ömürdə hər insana bir missiya verir. Təkcə bir nəslin, bir elin-obanın deyil, bütöv bir məmləkətin iftixarı olan Bəxtiyar Süleymanlının bu həyatda iki missiyası var idi: sözün birbaşa mənasında Vətənin, xalqın təhlükəsizliyini qorumaq, ikincisi də böyüklük və ağsaqqallıq etmək.
Yalnız Bəxtiyar müəllim kimi keşməkeşli bir ömür yaşayan, hər addımda çətin sınaqlarla üz-üzə gələn, odun-alovun içindən keçib polad kimi bərkiyən, ən mürəkkəb şəraitlərdə belə öz həyat ideallarına sadiq qalan, heç vaxt və heç bir halda müvazinətini itirməyən insanlar Tanrının ona alın yazısı kimi bəxş etdiyi bu missiyaları yerinə yetirə bilərdi…
Bəxtiyar müəllim xaraktercə çox ciddi, böyük mənəvi gücü olan sərt və zəhmli adam idi. Amma bu sərtliklə yanaşı, adam onun insani səmimiyyətinə, mehribanlığına, mülayim danışığına, sözləri necə incəliklə seçib işlətməsinə, nəzakətli davranışına heyran olmaya bilmirdi. Nüfuzedici danışığı, dəmir məntiqi, iti yaddaşı, bir də incə yumoru adamı dərhal ovsunlayırdı. Köhnə çekist 95 yaşında da saat kimi dəqiq və intizamlı idi. Güclü həyat eşqi vardı. Hər şeydən çox nəzərə çarpan isə onun parlaq şəxsiyyəti, bir də hər addımda özünü büruzə verən dürüstlüyü idi. Onun ləyaqət göstəricisi kimi baxdığı bu doğru-dürüstlük təkcə çekist peşəsindən qaynaqlanmırdı, həm də nəsildən, gendən, qandan gəlirdi. Bir də həyatda çox şeyi Bəxiyar müəllimin öz həyat prinsipləri müəyyən edirdi və o, mənalı ömrünün yaşıl yarpaqlara bənzəyən hər anını bu prinsiplərlə yaşamışdı.
Bəxtiyar müəllim çox maraqlı, film kimi cazibədar olan bir həyat yolu keçmişdi. Və bu barədə sual verəndə çox həvəslə danışardı.
1925-ci ildə Zəngilan rayonunun Bartaz kəndində kasıb bir ailədə anadan olmuşdu. El-obada nəcib bir insan kimi tanınan atası İbrahim kişi vaxtilə Bakıda – milyonçu Tağıyevin neft mədənlərində fəhləlik etmiş, sonralar yenidən kəndə qayıdıb ev-eşik qurmuş, ailə-uşaq sahibi olmuşdu. Ailədə 6 uşaq idilər, Bəxtiyar ikinci övlad idi. Ona görə də atası vəfat edəndən sonra ailənin qayğısını çəkmək onun da üzərinə düşmüşdü. Erkən yaşlarından zəhmətə qatlaşmalı olmuşdu, amma təhsilindən də qalmırdı. 14 yaşı olanda kəndlərindəki yeddillik məktəbi bitirib Zəngilanda şəhər orta məktəbində təhsilini davam etdirirdi.
Böyük Vətən müharibəsi başlanmışdı. İnsanlar hər addımda həyatın sərt üzü ilə qarşılaşırdılar, dolanışıq qayğıları çoxalmış, gün-güzəran ağırlaşmışdı. İşləmək və ailəni dolandırmaq lazım idi. 1942-ci ildə 17 yaşlı Bəxtiyarı əvvəlcə kəndlərindəki poçt bölməsinə rəis qoydular. İş bacarığını görüb bir az da irəli çəkdilər, 1943-cü ilin fevralında onu yaxınlıqdakı Əmirxanlı kənd məktəbinə direktor təyin etdilər. Həmin ilin sentyabrında, yəni 18 yaşı tamam olandan bir neçə gün sonra isə çağırış vərəqəsi alan kimi hərbi komissarlığa yollandı.
General T.Əliyarbəyovun komandanlıq etdiyi 402-ci diviziyanın 839-cu alayında bir müddət hərbi hazırlıq keçdi, ağır təlim-məşqlərdən sonra avtomatçı və pulemyotçu kimi ön cəbhəyə göndərildi. Qafqaz hərbi dairəsinin 191-ci nişançı alayının tərkibində alman faşistləri ilə qanlı döyüşlərdə iştirak etdi, müharibə alovlarının içindən sağ-salamat çıxa bildi.
1945-ci ilin sentyabrında ordudan tərxis olunan Bəxtiyar Süleymanlını Zəngilan Rayon Hərbi Komissarlığında yazı-pozu işinə götürürlər. Rus dilini yaxşı bilməyi karına gəlir, onu əvvəlcə məxfi işlər müdiri, sonra isə şöbə rəisi təyin edirlər. İşləyə-işləyə yarımçıq qalmış orta təhsilini də davam etdirib tamamlayır. 1952-ci ildə dövlət təhlükəsizlik orqanlarına xidmətə qəbul olunur. Kiyev və Daşkənd şəhərlərində Dövlət Təhlükəsizlik Komitəsinın (DTK) rəhbər işçilərinin təkmilləşdirilməsi kurslarında ixtisas təhsili alır. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirir. 1987-ci ilədək DTK-da müxtəlif məsul vəzifələrdə çalışır, rayon bölmələrinə rəhbərlik edir, polkovnik-leytenant rütbəsində pensiyaya çıxır. Amma qəlbən və ruhən çekist olan, daim ölkənin güvənliyini və xalqın mənafeyini düşünən bütün ləyaqətli zabitlər kimi, Bəxtiyar müəllim də ömrünün son günlərinədək özünü xidmətdəki həmkarları ilə çiyin-çiyinə, eyni sırada hiss edirdi.
Bəxtiyar müəllimlə ünsiyyət adama böyük zövq verirdi, çox səmimi insan idi. Danışıq və davranışlarında hər şey təbii və ürəkdən gələn idi. Nə deyirdisə, nə addım atırdısa, hamısını ürəkdən, qəlbdən gələn bir səmimiyyətlə ifadə edirdi. Vaxtilə bir yerdə çalışdığı insanlara, dostluq etdiyi adamlara yüksək qiymət verirdi. Bu baxımdan onun bir sistemdə çalışıb yaxşı münasibətdə olduğu Heydər Əliyevə xüsusi məhəbbət göstərməsi, onunla bağlı xatirələrini tez-tez dilə gətirməsi həmişə diqqətimi cəlb edirdi. O, konyuktura adamı deyildi, şəraitin diktəsinə yox, ürəyinin səsinə qulaq asar, gerçəyi deməkdən çəkinməzdi. Ona görə də hələ SSRİ rəhbərliyində ikən Heydər Əliyevə qarşı təzyiqlər başlananda Bəxtiyar müəllim böyük şəxsiyyətə sevgisini gizlətmir, nümayişkaranə şəkildə “mən özümü Heydər Əliyevin peşəkarlıq məktəbinin yetirməsi sayıram”– deyirdi.
* * *
1995-ci ilin avqustunda Bəxtiyar Süleymanlının anadan olmasının 70 ili tamam olurdu. Bu münasibətlə Mingəçevir Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən ona “Şəhərin fəxri vətəndaşı” adı verilmişdi. Bəxtiyar müəllim bu diqqətdən çox mütəəssir olmuşdu, çünki o, uzun illər həmin şəhərdə təhlükəsizlik orqanının rəhbəri olmuş, Mingəçevirin tərəqqisi üçün zəhmət sərf etmişdi. İndi nəsillərin və ictimai sistemlərin dəyişdiyi bir vaxtda yada salınması Bəxtiyar müəllimi çox kövrəltmişdi. “Sırf dövlətçiliklə bağlı olduğundan bu orqanda işləməyin özü böyük şərəfdir. Dövlət təhlükəsizlik orqanlarındakı xidmətimlə hər zaman qürur duyuram”, – onun bu sözlərində zərrə qədər də pafos yox idi. Bəxtiyar müəllim hər zaman belə düşünür və belə də yaşayırdı, çünki aydın məslək sahibi, əsl dövlət adamı idi.
Bütün sahələrdə peşəkarlıq və gördüyün işə sədaqət çox vacibdir, amma dövlət təhlükəsizliyi xidmətində bunlar ikiqat-üçqat vacibdir, çünki burada söhbət bir adamın yox, milyonların və dövlətin taleyindən gedir. B.Süleymanlı 35 il fasiləsiz çalışdığı təhlükəsizlik sistemində məhz bu peşəkarlıq və sədaqət prinsipi ilə çalışıb. Ona görə də əməyi hər zaman yüksək qiymətləndirilib, 40-a yaxın dövlət təltifinin, orden-medallarının, fəxri fərmanlarının, saysız-hesabsız təşəkkürnamələrinin olması təsadüfi deyildir. Ən böyük təltifini isə 95 illik yubileyində alıb. Vaxtilə çalışdığı dövlət təhlükəsizliyi qurumu böyük diqqət və iltifat göstərərək Bəxtiyar müəllimi “Dövlət təhlükəsizlik xidmətinin fəxri əməkdaşı” kimi şərəfli ada layiq görüb. Bu, həmin sahədə çalışanlar üçün ən yüksək fəxri ad sayılır.
* * *
Bəxtiyar müəllim böyük adam idi və böyük ideallarla yaşayırdı. Son illərdə ən böyük idealı, gecə-gündüz onun beynini məşğul edən cani-dildən sevdiyi Vətənin bir parçası olan Qarabağ idi. Xəyalı göz önündən getməyən Zəngilanı, doğulduğu Bartaz kəndini, xidmət vaxtı qarış-qarış gəzdiyi Qubadlını, Laçını, Şuşanı, Xankəndini, Ağdamı, Kəlbəcəri, Xocavəndi, Cəbrayıl və Füzulini tez-tez xatırlayırdı. Yurdun bu bənzərsiz incilərinin işğal altında olması, hələ üstəlik Moskvaya arxalanan erməni separatçılarının bu torpaqlardakı qıcıqlandırıcı davranışları onu çox üzürdü. Amma ilahi ədalətə, onun varlığına da güvənirdi. Ona görə də Vətən torpaqlarının bir gün işğaldan azad olunacağına çox inanırdı, bu məsələdə ruhdan düşən başqalarına da bu inamı təlqin edirdi.
2020-ci il sentyabrın axırlarında İkinci Qarabağ savaşı başlananda Bəxtiyar müəllimi tanımaq olmurdu, əməlli-başlı cavanlaşmış, hərəkətlərində qəribə bir şuxluq yaranmışdı. Azərbaycan Ordusunun ilk uğurlu hücumlarından sonra yerə-göyə sığmırdı. Hər gün biz dostlarla zəngləşəndə “indi görəcəksiniz nələr olacaq, bu həna o hənadan deyil” sözlərini tez-tez işlədirdi. Hərbçi olduğundan, həm də siyasəti yaxşı bildiyindən, başlanmış “Dəmir yumruq” əməliyyatlarının necə bitəcəyini B.Süleymanov fəhmlə duyurdu. Onun 44 günlük müharibə dövründə Cəbhəyə Yardım Fonduna pensiyasından yığıb topladığı 10 min manat pul keçirməsini eşidəndə heç təəccüblənmədim.
Bəxtiyar müəllimin inandığı ilahi ədalət Zəfər çaldı, Azərbaycan Ordusu dünya hərb tarixinə düşəcək qeyri-adi əməliyyatlarla işğal altında olan əraziləri, o cümlədən hər bir azərbaycanlı üçün müqəddəs sayılan Şuşa şəhərini düşməndən azad etdi. O, Zəngilanın azad olunması xəbərini böyük həyəcanla qarşıladı, içindəki 30 illik torpaq həsrətinin gilə-gilə əriməsinin həzzini yaşadı. Onu sıxan Vətən niskilindən azad olub rahatlandı. Oğlu Azərə “hə, hazırlaşın, gedib bir o tərəfləri ziyarət edək” – dedi. Amma getmək qismət olmadı, çünki ölkədə pandemiyanın yeni dalğası başlanmışdı və heç kim, o cümlədən Bəxtiyar müəllim koronovirusun onun üçün hansı qara sürprizlər hazırlamasından xəbərdar deyildi…
* * *
Bəxtiyar müəllim pensiyaya çıxandan sonra onunla tez-tez görüşürdük, maraqlı söhbətlərini dinləmək imkanım olurdu. Xatirələrini və silsilə oçerklər yazdığını bilirdim və buna çox sevinirdim, ona görə ki, bu ranqda bir adamın yazdıqları bizim müasir tariximizin çalarlarını özündə əks etdirəcəkdi. Mətbuatda çıxan yazılarına rast gələndə zəngləşib fikir mübadiləsi aparırdıq. Məqalələrini oxuyub rəy bildirməyimdən məmnun olurdu. Bu yazılarda fakta, hadisəyə, reallığa sadiq qalmaq, heç nəyi şişirtmədən olanları təsbit etmək istedadı Bəxtiyar müəllimin həm də bir vicdanlı qələm sahibi olmasının ifadəsi idi.
Yaradıcılığa, ədəbiyyata və maarifə meyilliliyi ilə seçilən, daim elm və incəsənət adamları ilə ünsiyyətdə olan Bəxtiyar müəllim Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü idi. O, tanınmış elm adamları olan Qulu Xəlilov və Famil Mehdi ilə dostluq edər, Məmməd Xələfov, Məmmədxan Rəsulov kimi böyük hüquqşünaslarla birgə yol gedər, Tofiq Quliyev kimi bənzərsiz bəstəkarın yaradıcılığını təbliğ edər, hamının “ürəklərə nur saçan mömin kişi” saydığı məşhur din adamı Seyid Həsən ağa ilə şəxsi münasibət saxlayardı. Bəxtiyar müəllim hamı üçün maraqlı insan idi, həmkarları və dostları üçün də, qohum-əqrəbası üçün də. Böyüklər ona sevgi ilə yanaşar, gənclər ona büt kimi baxardı.
Bəxtiyar müəllimin diqqətçəkən cəhətlərindən biri də gördüklərini, müşahidə və qənaətlərini yazıb tarixin yaddaşına həkk etməyi bacarması idi. Vaxtaşırı mətbuatda çıxış etməsi onu yaradıcı insan kimi tanıdırdı.Təsadüfi deyildir ki, müxtəlif qəzetlərdə onun 100-dən çox publisistik məqaləsi çap olunmuşdu. Bir neçə kitabın müəllifi idi. Həmin kitablardan biri haqqında ayrıca danışmağa dəyər, çünki “Əbədiyaşarlar” adlanan həmin kitab təkcə memuarlar və oçerklər toplusu deyil, həm də gerçək tarixdir, daha doğrusu, tarixin sözlərdə görünən rəngidir. Həmin kitabı oxuyandan sonra bir daha bu qənaətə gəlirsən ki, tarix geniş mənada dünyanın, eləcə də bəşər övladlarının taleyindən bəhs etdiyinə görə dəqiq və vicdanlı yazılmalıdır. Tarixin və keçmişin qaranlıqlarında qalan bir çox hadisə və tarixi şəxsiyyətlərin həyatı yalnız vicdanla qələmə alındıqda müəyyən əhəmiyyət kəsb edir. Bax, “Əbədiyaşarlar” kitabı insanın ətrafda baş verənləri dərk etməsinə yardım edən maraqlı bir mənbədir, həm də tarixi şəxsiyyətlərə kamil bir müşahidəçinin gözü ilə baxmaqdır. Bu kitabda toplanmış ayrı-ayrı xatirə-oçerklər, publisistik məqalələr müəllifin özünün şəxsən tanıdığı, həyatı və xidməti təmasda olduğu görkəmli şəxsiyyətlər haqqında yazılmış təkrarsız bir topludur. Kitab müəllifin daim sevgi və rəğbətlə yad etdiyi “Dövlətçilik memarı və idarəçilik ustadı ulu öndər” adlandırdığı Heydər Əliyev haqqında xatirələrlə dolu maraqlı yazı ilə başlayır. Daha sonra görkəmli partiya və dövlət xadimləri olan Əbdül Xalıqov, İsmayıl Sayılov, Məhəmməd Əsədov, Vahid İsmayılov və başqaları haqqında maraqlı xatirə-oçerklər kitabda yer alır.
Canlı bir dildə yazılmış "Əbədiyaşarlar" kitabı çalışdıqları sahələrdə fərqlənən böyük peşəkarlar, xalqın və dövlətin şərəfinin daşıyıcılarına çevrilən, öz parlaq əməlləri ilə gələcək nəsillərə nümunə olan insanların həyatının bir növ publisistik salnaməsidir. Bu yazılarda zamanın canlı nəfəsi duyulur. Bəxtiyar müəllimin bu kitabı təkcə dünyagörmüş bir müdrik müşahidəçinin sevgi və könül xoşluğu ilə qələmə aldığı biblioqrafik faktlar, ibrətamiz həyat hekayətləri, canlı epizodlar deyil, həm də tarixin ab-havasını özündə əks etdirən və real faktlar əsasında yazılmış bir əsərdir.
Kitab qəhrəmanlarının bir çoxu (məsələn, professorlar Qulu Xəlilov, Məmməd Xələfov, Cəmil Sayılov, bəstəkar Tofiq Quliyev və b.) günümüzdə Azərbaycan elminin, onun çoxşaxəli mədəniyyətinin canlı təmsilçiləri olan, ən başlıcası isə milli ruhu daşıyan, onu gələcək nəsillərə çatdıracaq görkəmli yaradıcı simalardır. Belə görkəmli şəxsiyyətlərdən bəhs edən kitab, həm də ona görə maraqla oxunur ki, hadisələrin içərisində olan müəllif müdrik insanların dilindən çıxan kəlamları ən incə detallarla yerli-yerində işlədə bilib. Qəhrəmanlarının ayrı-ayrı sahələri təmsil etməsi də kitabın oxunaqlılığına təsir edib. Əlbəttə, əsas odur ki, bu qəhrəmanların hər birinin həyatı bu və ya başqa epizodunda müəllifin ömür yolu ilə kəsişir. Bəxtiyar Süleymanlı bütün bunları özünün şirin təhkiyəsi ilə oxucuya çatdırır və beləliklə kitabın təsir gücünü qat-qat artırır.
* * *
Bəxtiyar müəllim həyatda rastlaşdığı, birgə fəaliyyətdən tanıdığı, Vətən üçün qiymətli hesab etdiyi görkəmli şəxsiyyətlər, tanınmış insanlar haqqında yazmağı belə hesab edirdi ki, öz əməlləri ilə Vətənin çiçəklənməsinə xidmət edənlər, xalqına başucalığı gətirənlər insanların xatirəsinə həkk olunaraq, əbədiyaşarlıq qazanırlar. Bu gün Bəxtiyar müəllim özü də həmin o əbədiyaşarlar sırasındadır. Əbədiyyətə qovuşsa da, öz ibrətamiz həyatı, nümunəvi şəxsiyyəti və işıqlı əməlləri ilə daim onu sevənlərin yaddaşında yaşayır, ehtiramla yad olunur.
Qulu
MƏHƏRRƏMLİ
Xalq qəzeti.- 2022.- 23 avqust.- S. 7.