Azərbaycan–Qazaxıstan: strateji tərəfdaş və müttəfiq ölkələr

 

 Azərbaycan–Qazaxıstan etibarlı tərəfdaşılığı çoxəsrlik dostluq əlaqələrinə və konstruktiv siyasi dialoqla əsaslanır. Bu il isə iki ölkə arasında diploma­tik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir. Ötən illər ərzində siyasi, ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə yaradılan səmərəli dialoq hazır­da qarşılıqlı münasibətlərin inkişafını şərtləndirir. Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində müasir infrastrukturun və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində həyata keçirilən bərpa-yenidənqurma layihələrində iştirak etməkdə maraqlı olması da bunun bariz ifadəsidir.

Əhəmiyyətli beynəlxalq layihələrin təşəbbüskarları və fəal iştirakçıları olan Azərbaycan və Qazaxıstanın dövlət başçı­ları İlham Əliyevin və Qasım-Jomart Toka­yevin siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr uğurla inkişaf edir, birgə layihələr fəal şəkildə həyata keçirilir. Qaza­xıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Qazaxıs­tan Respublikası arasında 2022–2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” isə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi kontekstində mühüm önəm daşıyır və iki ölkə arasında dia­loqun inkişafı üçün yol xəritəsi rolunu oynayır.

Dövlətimizin başçısı İlham Əliyev Qaza­xıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə keçirilən geniş tərkibdə görüşdə çıxış edərək, aparılan danışıqlarda ölkələrimizin mövqelərinin üst-üstə düşdüyü­nü vurğulayıb və bu səfərin münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb. Ölkə rəhbəri, eyni zamanda, Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeninə layiq görülməsinin isə xalqlarımızın dostluğunun və qardaşlığı­nın təsdiqi kimi diqqət çəkdiyini, Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət olduğunu bildirib.

Prezident İlham Əliyev nitqində ikitərəfli əməkdaşlıq münasibətlərində nəqliyyat-logistika infrastrukturunun inkişafının xüsusi yer tutduğunu qeyd edib: “Bu infrastrukturun yaradılma­sı üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, ölkələrimizin tranzit potensia­lının yüksəldilməsi barədə söhbət gedir. Müvafiq orqanlar artıq müəyyən vaxtdır ki, bu istiqamətdə aktiv qarşılıqlı fəaliyyət göstərirlər. Fikrimcə, Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qaza­xıstanın və Azərbaycanın çox mühüm rolu var”.

Yeri gəlmişkən, hazırda dünyada gedən geosiyasi proseslər fonunda Azərbaycanın yeri və rolu, xüsusən də respublikamız üzərindən Trans-Xəzər Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə tranzit yüklərə olan maraq ölkəmizin əhəmiyyətini daha da artırır.

Tranzit dəhlizində ən başlıca infrast­ruktur layihələrdən biri olan Bakı–Tbi­lisi–Qars (BTQ) dəmir yolu ilə daşın­malar xüsusi önəm kəsb edir. Elə buna görə də hazırda Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə bir sıra tədbirlər həyata keçirilir. BTQ dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönələn əməkdaşlıqda mühüm uğurlar əldə olunur.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayın­da Azərbaycan, Qazaxıstan və Gürcüs­tanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub.

Bu gün marşrut Çin–Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Hazırda qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin artdığı bir şəraitdə üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının gücləndirilməsi regional səviyyədə risklərin və çağırışların qarşı­sının alınması və azaldılması baxımın­dan böyük əhəmiyyət kəsb edir.

 

Onu da deyək ki, Azərbaycan, Qaza­xıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq mövcuddur, habelə bu dövlətlər tərəfindən regional əməkdaşlıq kontekstində, o cümlədən, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Nəqliyyat və kommunikasiya sahələri ölkələrimiz arasında regional iqtisadi əməkdaşlığın təməl daşlarından biridir.

Nəqliyyat bağlantısı məsələsi Azərbaycanın milli iqtisadi inkişaf gündəliyində mühüm yer tutur. Magistral avtomobil yolları, dəmir yolu və sərhəd infrastrukturu, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artan tranzit axınını qarşılamaq üçün səmərəli imkanlar ya­radır. Ölkələrimizin təşəbbüsü və dəstəyi ilə tranzit imkanlarının artırılmasına və hər üç ölkə tərəfindən tranzit daşıma­larda fəal istifadə olunmasına yönələn beynəlxalq nəqliyyat və kommunikasiya infrastrukturu layihələri, o cümlədən, BTQ dəmir yolu layihəsi uğurla fəaliyyət göstərir.

Hər üç dövlət tranzit potensialının artırılmasında “Transxəzər Şərq-Qərb Orta Dəhliz” – Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərindən keçən mul­timodal nəqliyyat marşrutuna xüsusi önəm verir. Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsi üçün birgə səylər gücləndirilir. Məhz bu baxımdan üçtərəfli əməkdaşlıq çox aktualdır, çünki son regi­onal hadisələr Asiya və Avropa arasında ticarət üçün Orta Dəhlizin əhəmiyyətinin artdığını açıq şəkildə nümayiş etdirir.

Orta Dəhlizin tərkib hissəsi kimi Zəngəzur dəhlizinin əhəmiyyəti və perspektivləri böyükdür. Bu dəhliz Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi çərçivəsində daha yaxşı bağlan­tını artırmaq potensialına malikdir və Qazaxıstan–Azərbaycan–Türkiyə nəqliyyat marşrutu üzrə daha qısa əlaqəni gerçəkləşdirir. Dəhlizin tez bir zamanda işə salınmasını reallaşdırmaq üçün bu prosesdə bütün tərəflərin öhdəliklərini yerinə yetirməsi zəruridir.

Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafı baxımından da Qazaxıstan üçün xüsusi maraq doğurur. Şübhəsiz, burada üstünlük Azərbaycana məxsusdur. Amma Qazaxıstanın bir dövlət kimi, burada çox yaxşı perspektivləri var.

Prezident İlham Əliyev nitqində bun­dan sonra da Azərbaycanın Qazaxıstan­la iqtisadi-ticari münasibətlərin inkişafına daha böyük təkan veriləcəyini vurğu­layıb: “Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Bu gün biz gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi apardıq, qarşılıqlı tədarüklərin artırıl­ması baxımından onu konkretləşdirə bilərik. İnvestisiya sahəsində də böyük perspektivlər var. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyala­rın böyük həcmi var. Düşünürəm ki, bizim bu istiqamətdə də səylərimizi birləşdirməyin, Azərbaycanda, Qazaxıstanda, ola bilsin, başqa ölkələrdə də birgə investisiya layihələrində iştirak etməyimizin vaxtı yetişib”.

Bu, təsadüfi deyil. Çünki əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi daha artıq ixrac-id­xal əməliyyatları həyata keçirməyə imkan verir. Xatırladaq ki, son illərdə əməkdaşlığın yeni səviyyəyə çatdırıl­masının nəticəsidir ki, ticarətin həcmi praktiki olaraq 3 dəfə yüksəlib. Cari ilin ilk dörd ayında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfədən çox artaraq 215 milyon dollar təşkil edib.

Bununla belə, ticarət əməkdaşlığının bütün sahələrində əməliyyatların həcminin bundan sonra da artırıl­ması üçün böyük potensial var. Bu istiqamətdə qarşılıqlı ticarət-iqtisadi mis­siyalar, eləcə də özəl sektor təmsilçiləri ilə ölkələrimizin Bakı və Nur-Sultandakı ticarət evləri arasında əməkdaşlıq mühüm rol oynayır. Lakin bu, arxayınlaş­mağa əsas vermir, çünki ticarəti artırmaq üçün daha geniş imkanlar var.

İki ölkə arasında iqtisadi əməkdaşlıqda aqrar sektor məsələri də xüsusi yer tutur. Burada Qaza­xıstanın taxıl, buğda, habelə kənd təsərrüfatı məhsullarının digər növlərini tədarük etmək imkanı var. Eyni zaman­da, Azərbaycandan meyvə-tərəvəz məhsullarının idxalını genişləndirmək mümkündür. Ümumiyyətlə, Qazaxıstan Azərbaycana 100 adda, 300 milyon dollardan artıq məbləğdə mal tədarükünü artırmağa hazırdır. Bunun üçün, ilk növbədə, əmtəə dövriyyəsinin logistikası təmin edilməlidir.

Bir faktı da xüsusi qeyd edək ki, Azərbaycan son illərdə sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır. İqtisadiyyat inamla artır. Cari ilin birinci rübündə ümumi daxili məhsulun təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çat­ması məhz bunun bariz ifadəsidir.

Burada son 19 ilin göstəricilərinə əsaslanıb deyə bilərik ki, Azərbaycanda həyata keçirilən köklü institusional islahatlar nəticəsində milli iqtisadiyya­tın strukturu dəyişib, qeyri-neft sek­torunun payı xeyli yüksəlib, nəticədə 2012‒2021-ci illərdə qeyri-neft sektoru ÜDM-i hər il orta hesabla 3,5 faiz arta­raq, 2011-ci ildəki 25,4 milyard manat­dan 2021-ci ilə 57,8 milyard manata, qeyri-neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.

Aparılan məqsədyönlü siyasət nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85 faiz olub. Pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8 faizə ensə də, artıq ötən il 83 faizi ötüb.

Yeri gəlmişkən, Qazaxıstan Respub­likasının Prezidenti Kasım-Jomart Toka­yevin respublikamıza səfəri çərçivəsində Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agent­liyi – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının I iclası keçirilib. Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, qida sənayesi, tekstil, tikinti, logistika, nəqliyyat və sair sahələrdə fəaliyyət göstərən 60-dək sahibkar iştirak edib.

Tədbirdə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum, AZPROMO və Qazaxıs­tanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu, Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş, KOBİA və Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu, “QazTrade” SC, “Tayqa Trade” və “Maslo-Del” arasında dəyəri 2 milyon ABŞ dolları olan, “QazTrade” SC, “Cool Infinity” və “Foodcity Alliance” MMC arasında dəyəri 9 milyon ABŞ dolları olan Anlaşma və Əməkdaşlıq memorandumları, eləcə də Qazaxıs­tanın “KTZ Express Hong Kong” və Azərbaycanın “ADY Container” şirkətləri arasında Tərəfdaşlıq Sazişi, həmçinin Qazaxıstan-Azərbaycan İşgüzar Şurası­nın I iclasının protokolu imzalanıb.

Sonda xatırladaq ki, geniş tərkibdə görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb. Dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıs­tan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”, eləcə də “Azərbaycan Respublikası ilə Qa­zaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”, həmçinin mədəniyyət, ticarət-iqtisadi əməkdaşlıq, informasiya-kommunika­siya texnologiyaları və digər sahələrin inkişafl ilə bağlı sənədlər iki ölkənin münasibətlərinin daha geniş hüquqi bazasını yaradır.

Həmin sənədlər içərisində Qaza­xıstan ilə Azərbaycan arasında stra­teji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzala­nan Bəyannamə xüsusi yer tutur. Prezident İlham Əliyevin vurğuladığı kimi, təkcə bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Yəni Azərbaycan və Qazaxıstan strateji tərəfdaşlar olmaqla bərabər, həm də müttəfiqlərdir. Şübhəsiz ki, bu, hər iki dövlət üzərinə xüsusi məsuliyyət qoyur. Ümumiyyətlə, Bəyannamə qardaş ölkələr arasında əməkdaşlığın bir çox istiqamətlərini ehtiva edir və gələcək birgə fəaliyyəti üçün ciddi baza rolunu şərtləndirir.

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 1; 3.