İmzalanan sənədlər münasibətlərin
daha geniş hüquqi bazasını yaradır
Öncə onu deyək ki, avqustun 24-də iki ölkə arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bir sıra önəmli məsələlərlə bağlı mətbuata bəyanat verdilər. Dövlət başçımız Kasım-Jomart Kemeleviçin Azərbaycana rəsmi səfərini xalqlarımız arasında dostluğun və qardaşlığın təzahürü kimi dəyərləndirdi. Səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparıldığını, çoxlu sənədlər imzalandığını vurğuladı.
Ölkə rəhbəri Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannaməni xüsusi qeyd etdi: “Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək.
...Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı əksini tapıb. Fikrimcə, bu da təbiidir, çünki xalqlarımızın tarixi də, ənənələri də, mədəniyyəti də bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir”.
Dövlət başçımız nəqliyyat-logistika sahələrindən danışaraq, hökumətin üzvlərinə əlaqələri intensivləşdirmək barədə müvafiq tapşırıqlar verdiyini, ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri olduğunu qeyd etdi. Bildirdi ki, artıq hər iki ölkədə böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Birgə Bəyannamədə Orta Dəhlizin tərkib hissəsi olacaq Şərqi Zəngəzur rayonunun Naxçıvanla birləşdirilməsinin vacibliyi də qeyd edilib.
Ölkə rəhbəri sonra Qazaxıstan Prezidentinə işğaldan azad edilmiş Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin yaradılması təşəbbüsünə görə təşəkkür etdi. Həmin mərkəzin layihəsinin təqdimatının keçirildiyini və Qazaxıstanda keçmiş məcburi köçkünlərin qayıtması probleminə nə dərəcədə səmimi münasibət bəsləndiyini, bu problemin Qazaxıstan üçün də nə dərəcədə aktual olduğunu diqqətə çatdırdı: “Bu təşəbbüsə görə çox təşəkkür edirik. Bu, dostluğun, qardaşlığın, həmrəyliyin təzahürüdür. Əminəm ki, qazax xalqının böyük oğlu Kurmanqazının adını daşıyacaq Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi həm də Qazaxıstan – Azərbaycan dostluğu mərkəzi olacaq”.
Dövlət başçımız Qazaxıstanın ali ordeni “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif edildiyinə görə Qazaxıstan Prezidentinə təşəkkür edərək, bu təltifin bütün Azərbaycan xalqına ehtiram əlaməti, ölkələrimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin inkişafı üçün göstərilən və göstəriləcək səylərə münasibətin ifadəsi kimi qiymətləndirdi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyanatında Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycanın öz inkişafının yeni dövrünə qədəm qoyduğunu vurğuladı. Bu işdə Azərbaycan Prezidenti İlham Əliyevin çox böyük şəxsi xidmətləri olduğunu qeyd etdi. Qarabağın və Şərqi Zəngəzurun necə dinamik dirçəldildiyindən söz açan qardaş ölkə rəhbəri Azərbaycan Prezidentinin şəxsi səyləri sayəsində yaxın gələcəkdə bu regionun çiçəklənən diyara çevriləcəyinə heç bir şübhə olmadığını bildirdi. Qeyd etdi ki, Qazaxıstan öz tərəfindən bu nəcib işə əlindən gələn töhfəni verməyə hazırdır. Qazax xalqı adından Füzuli şəhərində gələn ilin sonunadək Kurmanqazı adına incəsənət məktəbi tikiləcək.
Sonra o, səfərinin əlamətdar yubiley tarixinə – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsinə təsadüf etdiyini qeyd etdi. Həqiqətən də ölkələrimiz arasında əməkdaşlıq genişləndirilib, şaxələndirilib. Qazaxıstan Prezidenti Bəyannaməni irəliyə doğru real addım hesab etdiyini, ölkələrimiz arasında etimada əsaslanan siyasi dialoq qurulduğunu, dövlətlərimizin beynəlxalq məkanlarda – BMT-də, ATƏT-də, Türk Dövlətləri Təşkilatında əməkdaşlıq etdiklərini vurğuladı. Azərbaycan Prezidentinə Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinə görə təşəkkür edən qardaş ölkə rəhbəri bu il oktyabrın ortalarında Qazaxıstanın paytaxtında təşkil olunacaq Zirvə görüşündə dövlət başçımızın iştirakını səbirsizliklə gözləyəcəklərini dedi. Azərbaycan Prezidentinin bu forumda iştirakının istənilən nəticə əldə etmək baxımından çox müsbət təsirə malik olacağını diqqətə çatdırdı.
Sonda səfərinin yekunlarını çox uğurlu qiymətləndirən Qazaxıstan Prezidenti Azərbaycan Prezidentinə, eləcə də onun hökumətinə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində çox məhsuldar işə görə minnətdarlığını bildirdi.
Aydın
HÜSEYNOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 3.