Azərbaycan və
Qazaxıstan xalqlarını ortaq köklər
birləşdirir
Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, mədəniyyət, adət-ənənə və köklər bağlayır. Bundan başqa, xalqlarımızı dil və din eyniliyi də birləşdirir. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də qədim tarixi var. Sovet dövründə Qazaxıstanın neft sənayesinin formalaşmasında Azərbaycan mütəxəssisləri böyük rol oynamışlar.
Hazırda hər iki türk dövləti iqtisadiyyat, sosial, mədəniyyət, idman kimi sahələrdə yüksək inkişaf nümayiş etdirirlər. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, strateji tərəfdaş və müttəfiqlərdir. Bu məsələlər gündən-günə müsbət istiqamətdə dərinləşir. Biz, bir çox məsələlərdə Azərbaycan-Qazaxıstanın mövqelərinin üst-üstə düşdüyünü görürük. Bunu iki ölkə prezidentlərinin 24 avqust görüşündə də gördük. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb etməsində müstəsna rol oynayacaq.
Bu fikirləri “Xalq qəzeti”nə Qazaxıstan Respublikası Parlamentinin əslən azərbaycanlı olan deputatı Məhərrəm Məmməd oğlu Məhərrəmov Qazaxıstan Prezidentinin Azərbaycana səfərini şərh edərkən bildirdi. M. Məhərrəmov əlavə edərək dedi:
“İlk növbədə onu qeyd edim ki, Qazaxıstan nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” ali ordeni ilə təltif edilməsi iki xalqın dostluğunun və qardaşlığının təsdiqi, münasibətlərimizin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir”.
Qazaxıstan Parlamentinin deputatı qardaş ölkələr arasında imzalanan sənədlərdən danışarkən bildirdi ki, Qazaxıstan və Azərbaycan nümayəndələri bir-biri ilə sıx qarşılıqlı fəaliyyətdədirlər. Azərbaycana neft məhsulları, dəmir yolu lokomotivləri, taxıl və un konditer məhsulları ixrac edən Qazaxıstan ölkənizdən propilen və etilen polimerləri, tekstil qablaşdırmaları, məftillər, kabellər, kənd təsərrüfatı məhsulları və s. alır. İki ölkə arasında əmtəə dövriyyəsinin artırılması üçün qarşıda böyük layihələrin həyata keçiriləcəyi istisna edilmir.
Müsahibimiz humanitar əməkdaşlığın vacibliyinə toxunaraq, gələcəkdə iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yaxşı əsas olacağını dilə gətirib.
Təqdim etdi: Rizvan
FİKRƏTOĞLU
Xalq qəzeti.- 2022.- 26
avqust.- S. 3.