Mehriban xanım Əliyeva: Mənə inanan, ümid bəsləyən insanların etimadını doğrultmalıyam

 

Milli-mənəvi dəyərlərə sədaqət, sərhəd tanımayan xeyirxahlıq və şəfqət simvolu, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, İSESCO-nun ilk qadın xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva xalqa, Vətənə fədakarlıqla xidmət etalonudur.

Mehriban xanım Əliyevanın ifadə etdiyi “Mən əminəm ki, vəzifədən asılı olmaya­raq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaş­malı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.

Tarixi həqiqətdir ki, Vətənə, xalqa xidməti, xeyirxahlığı həyat amalına çevirən Mehriban xanım Əliyevanın təkrarsız şəxsiyyəti gələcək nəsillər üçün nümunəyə çevrilib.

Mehriban xanım Əliyeva illər öncə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilərkən: “Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz”, –deyərək, yardımsevər fəaliyyəti ilə bunları gerçəkləşdirdi. Möhtərəm Prezidentimiz İlham Əliyev vurğulamışdı ki, “Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mü­hüm və fəal rol oynayır. Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.

Böyük və nadir insanlar dünyaya gəldiyi andan yüksək və ali missiyanın daşıyıcıları olurlar. Müdriklər deyirlər ki, anadan olarkən insana qoyulan ad onun taleyinə də sirayət edir. Həyat prinsipi meh­ribanlıq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində xeyirxahlıq ünvanına çevrilib. Ru­siya Federasiyasının Həştərxan vilayətində çıxan “Volqa” ictimai-siyasi qəzetində Meh­riban Əliyeva haqqında “Xeyirxahlıq rəmzi” sərlövhəli məqalədə yazıldığı kimi: “Bu gözəl qadının adının mənası da "xeyirxahlıq, şəfqət, səmimiyyət deməkdir.”

Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və şərqşünas alim Aida xanım İmanquliyevanın ailəsində dün­yaya göz açaraq, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva olmuşlar. Birinci xanımın dediyi kimi, “Əlbəttə, hər şəxsin forma­laşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm.”.

Mehriban xanım Əliyevanın üzərinə götürdüyü böyük missiyanın bir istiqaməti Azərbaycanda qadın hüquqlarının yüksək səviyyədə təmin edilməsidir. Böyük insanlıq yurda, yuvaya, suya həsrət bir ağaca, gözüyaşlı bir anaya diqqətdən, qayğıdan, sevgidən başlayır. “Məsləkim tərcümeyi-halımdır”, – deyən böyük Abbas Səhhətin sözlərini eynilə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya aid etmək olar. Saflıq, gözəllik səltənəti qoynunda doğulan, ana təbiətin saflığını, əzəmətini xasiyyətində, xarakterində yaşadan bu məğrur qadın həyatda yüz minlərin idealına çevrilib. ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında məqalədə qeyd olunur ki, Azərbaycanın birinci xanımı: müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır. Mehriban Əliyevanın dövlətin möhkəmlənməsi yolunda gördüyü işlərin, fəaliyyətinin kökündə mənsub oldu­ğu xalqa böyük sevgisi dayanır. Mehriban xanım Əliyeva sadəliyi, səmimiliyi, meh­ribanlığı, alicənablığı, ürək genişliyi, xoş ovqatı, gözəl aurası ilə ətrafında sağlam bir mühit, atmosfer yaradır. Bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.

Bütün dünyada yüksək ehtiram sa­hibi olmuş Azərbaycanın birinci xanımı Mehriban Əliyeva üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Mehriban xanım Əliyevanın bu sözləri diqqəti cəlb edir: “Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır”.

Mehriban xanımın təşəbbüsü sayəsində Yusif Məmmədəliyevin, Mir Cəlal Paşayevin 100 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilmiş, UNESCO və ISESCO-nun dəstəyi ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” beynəlxalq forumu “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə” mövzu­sunda beynəlxalq konfranslar, “Dünya gənclərinin 4-cü məşğulluq sammiti”, BMT-nin Dövlət Xidmətləri Forumu, Ümum­dünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər uğurla keçirilmişdir.

Fəal ictimai fəaliyyətə 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu yarat­maqla başlayaraq, “Mən nəyi deyirəmsə çalışıram onu həyata keçirim” devizi ilə hərəkət edən Birinici xanım Mehriban Əliyeva “Azərbaycan-İrs” jurnalını təsis etmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr vermişdir.

Birinici xanım Mehriban Əliyeva Azərbaycan qadının təfəkkürünü, Şərq gözəlliyini özündə təcəssüm etdirir. Rumıniyanın “Evenimentul Ziley” qəzeti yazırdı: “Viktoriya palatasında NATO sammitinin qonaqlarına verilən ziyafətə 40-dək ölkədən nümayəndə dəvət olunmuşdu. Azərbaycan Prezidentinin gözəlliyi ilə zaldakıların diqqətini cəlb edən xanımı Mehriban Əliyeva müşayiət edirdi.” “Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyənləşdirir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi və dərk edilmiş məsuliyyətin imkan verir”, – deyən Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə daxil olan, önəmli tarix yazan görkəmli şəxsiyyətdir. Türkiyənin “Türkiyə” qəzetindəki bir məqalədə deyilir: “Mehriban xanım Əliyeva “yumşaq və dinləyən tərəf” profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.” Bütünlükdə müsəlman dünyasına örnək şəxsiyyət olan Mehriban Əliyeva şərəfli və məhsuldar həyat yolu keçmişdir. Onun humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz xalqa layiqli xidmət dayanır. Parlament fəaliyyəti çərçivəsində Mehriban xanım Əliyeva amnistiya aktının qəbulu ilə bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış edərək humanist mövqe nümayiş etdirmiş, on minlərlə ailəyə sevinc bəxş etmişdir.

Birinci vitse-prezident kimi ilk çıxışları­nın birində xanım Mehriban Əliyeva demiş­dir: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ömür-gün yol­daşı və ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyaraq, Birinci xanım institutunu şərəfləndirmişdir.

Ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan Mehriban xanım Əliyeva həddindən artıq kövrək, xəlqi insan olmaq­la, mədəniyyətimizin, incəsənətimizin, tarixi irsimizin böyük hamisidir.

Mehriban xanım Əliyeva Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Axşam evinə, ocağına, balalarına bir xoşbəxtlik, bir səadət aparan, yaxşılığı, xeyirxahlığı gündəlik işi bilən Mehriban xanım Əliyeva hər kəsə nur paylayır.

Birinci vitse-prezident “Rossiya 1” telekanalının “Vesti nedeli” proqramına müsahibəsində yeni təyinatın üzərinə qoyduğu böyük məsuliyyət barədə “Mən Prezidentin etimadını, ən başlıcası isə mənə inanan, ümid bəsləyən insanların eti­madını doğrultmalıyam”, - deyə bildirmişdi. Respublikamızda qadın hərəkatının geniş vüsət alması, xanımlarımızın nəcib və xe­yirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişləndirilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycan qadını üçün səciyyəvi olan hu­manizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır. Mehriban xanım Əliyevanın istər Azərbaycanda, istərsə də dünya miqyasın­da həyata keçirdiyi tədbirlər həmişə böyük rəğbətlə qarşılanmış və respublikamızın bi­rinci xanımının səmərəli fəaliyyəti müxtəlif beynəlxalq mükafatlarla qiymətləndirilmiş, ölkələrin ən yüksək dövlət təltiflərinə layiq görülmüşdür.

Bütün bunlar: ölkənin evsahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Azərbaycan Mədəniyyəti Günləri, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Afinada, Kanadada Azərbaycan mədəniyyəti günləri, Avropa Parlamentinin və UNESCO-nun və BMT-nin Cenevrədəki mənzil-qərargahında əsaslı tədbirlərin keçirilməsi ölkənin beynəlxalq arenada möhkəmlənməsinə əsas yaratmışdır.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “2012-ci ildə “Eurovision” mah­nı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi məhz Mehriban Əliyevanın təşkilatçılığı ilə mümkün olmuşdur. 2015-ci ildə birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində mümkün olmuşdur. İki il yarım ərzində bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirmək, əlbəttə ki, böyük nailiyyət idi.”

Mehriban xanım Əliyeva mühüm xidmətlərinə, təqdirəlayiq işlərinə görə “Heydər Əliyev” ordeni, Heydər Əliyev Mü­kafatı, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni, Rusiyanın “Dostluq ordeni”, “Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni, Fransa­nın “Şərəf Legionu”, Koiçiro Matsuura tərəfindən gümüş xatirə və İrina Bokova tərəfindən Qızıl Motsart medalı, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə”, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri, Vatikanın IX Piy Ordeninin Böyük Xaçı Polşanın “Xidmətlərə görə” Böyük Ko­mandor Xaçı, Pakistanın “Hilal-e Pakistan”, Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı”, “Daily Times” qəzeti və “Qadın Könüllülər Təşkilatı” tərəfindən “Humaniz­min Simvolu-2012-ci ilin adamı”, Serbi­yanın “Sreten” ordeni, Rus Pravoslav Kilsəsinin II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni, UNESCO-nun “Qızıl Motsart”, BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl, Krans Monta­na Forumunun Qızıl medallarına və “Prix de la Fondation” mükafatı, Avropa Olim­piya Komitələrinin Ali Ordeni, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qızıl medalı, Kü­veyt Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı, “Qızıl ürək” beynəlxalq mükafa­tı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri müka­fatı, Türk-Alman Dostluq Federasiyasının fəxri mükafatı, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bol­qarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru, Cenevrədə keçirilən 120-ci sessiyasının ali mükafatı kimi dəyərli təltiflərə layiq görülmüşdür.

Mehriban xanımın rəhbərliyi ilə Pakistanın Dera İsmail Xan bölgəsində “Heydər Əliyev Su Təchizatı” layihəsi həyata keçirilməklə, on minlərlə insan içməli su ilə təmin olunmuş, “Serebral” iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusu­na qarşı peyvəndləmə və müayinələr aparılmış, Peşavər şəhərində Dünya Donorlar Gününə həsr edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi ilə məşğul olan “Həmzə” Xeyriyyə Fonduna xüsu­si qanköçürmə laboratoriyası ilə təchiz edilmiş “Suzuki” markalı təcili tibbi yardım avtomobili və xeyli sayda qanköçürmə paketi hədiyyə edilmişdir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələ beynəlxalq musiqi festivalı və Rostropoviç klassik musiqi festivalı keçiril­miş, Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilmiş, UNESCO-nun baş qərargahında “Əsrlərdən bəri qorunub saxlanılan ənənəvi təamlar” adlı Azərbaycan mətbəxi həftəsi təşkil olunmuş, Şirvanşahlar Sarayı, Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Novruz bayramı”, “Dədə Qorqud irsi”, “xalça toxuculuğu”, “Lahıc misgərlik sənəti”, “Azərbaycan kəlağayı sənəti”, Qarabağ atları ilə oynanılan Çövkən atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə UNESCO-nun təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, həmçinin Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etmiş, Nəsimi ilində isə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.

Mehriban xanım ən ucqar kəndimizdə belə yaşayan valideynsiz, kimsəsiz uşağa qayğı göstərir. Respublikamızın müxtəlif guşələrində yerləşən körpələr evini ziyarət edir, əziz bayramlarda ölkəmizin ən möhtəşəm saraylarında müxtəlif hədiyyələrlə balalarımızın qəlbinə sevinc, könlünə xoş ovqat bəxş edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmətlər təqdirəlayiqdir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerant­lığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.

Azərbaycanın birinci xanımı çıxışlarında vurğulayır: "Müasir dünyada hər bir ölkənin inkişafı, onun dünya birliyinə inteq­rasiyası üçün təhsilin rolu əvəzsizdir. Məhz buna görə Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsilə yardımı öz fəaliyyətinin prioritet istiqaməti elan etmişdir". Mehriban xanımın rəhbərliyi ilə “Təhsilə dəstək” layihəsi çərçivəsində aztəminatlı ailələrin birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı, Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir.

2013-cü ildə ABŞ-ın Merilend ştatında yerləşən məktəblərə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur. Mehriban xanım Əliyevanın rəhbərliyilə ölkəmizdə həyata keçirilən tədbirlərlə yanaşı, Gürcüstanın Bolnisi rayonunun Həsən Xocalı və Cəfərli kəndlərində yeni məktəb binaları inşa olunmuş, Tiflisdəki M.F.Axundzadə adına orta məktəb, Qardabanidəki Azərbaycan məktəbi və Dmanisidəki Azərbaycan beynəlxalq orta məktəb, Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələ nəticəsində dağılmış təhsil ocağının əvəzində yeni orta məktəb binası, Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzi, Gürcüstanın Marneuli şəhərindəki Azərbaycan ümumtəhsil məktəbi, Hollandiyada, Misirdə, Rumıniyada, Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki orta ümumtəhsil məktəblər tikilmiş və əsaslı təmir edilmişdir.

2014-cü ildə Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu növbəti böyük bir layihəyə – “Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”nın icrasına başlamışdır. Bu layihədən bəhs edərkən Mehriban xanım demişdir: “Uşaqların ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması məhz bu müəssisələrdə formalaşır. Belə olan halda, əlbəttə, biz təhsilin bu sektoruna daha böyük diqqətlə yanaşmalıyıq”. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakı, Gəncə və Mingəçevir şəhərlərində, həmçinin müxtəlif rayonlarda xeyli sayda təhsil müəssisələri inşa və əsaslı təmir olunmuşdur.

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, xal­qın rifahı naminə gördüyü işlər Azərbaycan qadınının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın zəhməti nəticəsində əlillər üçün xüsusi mərkəz istifadəyə verilib. Bu mərkəzdə əlillərin zəruri ehtiyacları ödənilir, onlara dərman vasitələri və s. verilir. Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqlarının inşası və “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihələr Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir. “Sosial bağlar” layihəsi çərçivəsində regionlarda sosial cəhətdən həssas qruplar üçün meyvə bağları salınmış, ailə təsərrüfatları yaradılmışdır.

Mehriban xanımın diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Fond ənənəsinə sadiq qalaraq uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, valideyn himayəsindən məhrum olan və internat məktəblərində təhsildə xüsusilə fərqlənən uşaqlar üçün yeni il şənliyi keçirdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində virtuoz muğam ustadlarının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan uğurlu iş olmuşdur. Həmçinin Vaşinqton Elmlər Akademiyası və UNESCO “Orta əsrlər əlyazmalarında tibb və əczaçılıq” adlı ilk beynəlxalq konfransın təşkilindən sonra tibb elminə aid Azərbaycanda saxlanılan üç nadir əlyazma ümumdünya yaddaş qeydiyyatına salınmışdır. Həmin qeydiyyatda, ümumilikdə, 120 əlyazma öz əksini tapmışdır. Bu əlyazmalar nəinki ayrı-ayrı dövlətlər, o cümlədən, bütün bəşəriyyət üçün çox əhəmiyyətlidir.

Rumıniyanın sabiq baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Petre Roman demişdir: “Mehriban Əliyevanın fəaliyyəti ümumilikdə Azərbaycanın milli-mədəni dəyərlərinin təşviqinə yönəlib. O həm də öz işi ilə Prezident İlham Əliyevin Azərbaycanın inkişafına yönəlmiş uğurlu siyasətinə böyük töhfə verir”.

Birinci xanımın dəstəyi ilə "Tolerantlığın ünvanı – Azərbaycan" layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, Binə qəsəbəsindəki “Möhsün Səlim” və “İmam Rza” məscidləri, Buzovna qəsəbəsindəki “Cümə” məscidi və Müqəddəs Məryəm Kilsəsi, Şamaxıda Cümə Məscidi, Gəncədə Həzrəti Zeynəb Məscidi, XIV əsr Notr-Dam və Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpası, Həştərxanda Knyaz Vladimirin abidəsinin ucaldılması işləri, Müqəddəs Roma kata­kombalarının bərpası, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycanın nadir orta əsr əlyazmalarının və orada yerləşən qədim heykəllərin bərpa işləri, Versal Sa­rayının parkındakı ümumbəşəri abidələrin bərpası, Luvr Muzeyinin bərpası və burada İslam incəsənət bölməsi yaradılması, İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Mosk­vada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti Mərkəzinin yaradılması, Romada Kapitoli Muzeyinin “Filiosoflar zalı”nın təmiri, “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərgi və digər ümumbəşəri layihələr icra edilmişdir.

Həmçinin Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu Parisdə Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı göstərmiş, Vatikanda Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası işləri baş tutmuşdur. 23 fevral 2016-cı il tarixində Kardinal Ravazini qeyd etmişdir ki, məhv olmaq təhlükəsi ilə üzləşən katakombaların bərpası ilə bağlı bütün dünya xristianlarına müraciət etdim. Lakin müsbət cavab almadım. Yalnız Heydər Əliyev Fondu bu çağırışa cavab verdi.

COVID-19 pandemiyası dövründə Azərbaycan dövlətinin vaxtında həyata keçirdiyi mübarizə tədbirləri ölkəmizin bu bəladan az itki ilə qurtarmasına imkan verdi. “Vətənimizə, bizim ümumi evimizə bəla gəlib”, - deyə xalqa müraciət edən Mehriban xanım vətəndaşlarımızı korona­virusla mübarizədə birliyə və həmrəyliyə, vətəndaş məsuliyyəti nümayiş etdirməyə səslədi. 2020-ci ildə möhtəşəm zəfər tarixində Mehriban xanımın “Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri, ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”deyə qələbəyə ruhlandıran müraciətləri hər kəsə böyük stimul verirdi. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı və 44 günlük Vətən müharibəsində ağır yaralanan əsgər və zabitlər reabilitasi­ya üçün Türkiyəyə göndərilmiş və yüksək texnologiyalı protezlərlə təmin edilmişlər. “Qobu Park-1”, “Qobu Park-2” və ”Qobu Park-3” yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə həssaslıqla yanaşmasına nümunədir. Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan məscidlərin bərpası, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu­nun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması, Vaqif Poeziya günləri və Cıdır düzündə "Xarıbülbül" festivalı Qarabağın tacı olan Şuşada yeni həyatın başlanmasını sübut etdi.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dediyi kimi: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğlanacaqdır”. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond Ümummilli lider Heydər Əliyevin Azərbaycanın rifahı­nın yaxşılaşması naminə müəyyən etdiyi siyasətin öyrənilməsi, azərbaycançılığa elmi əsaslarla töhfənin bariz nümunəsi olmaqla, möhtərəm Prezidentimizİlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsinə xidmət edəcəkdir. Sonda Mehriban xanım Əliyevanı elmi ictimaiyyət adından səmimi qəlbdən təbrik edir və bu yazımı onun sözləri ilə bitirirəm: “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız – Azərbaycan xal­qına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

 

Günel MƏLIKLI,

 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri,

 

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 5.