Azərbaycan qadınının fenomenal obrazı

 

Qadının cəmiyyətdəki mövqeyirolu həmişə ictimai fikirdə önəmli yer tutub. Azərbaycan xalqı da tarix boyu qadına dərin hörmət bəsləyib. Bu, onun həyatın davam etməsində, ailənin və ətraf çevrənin qayğılarını bölüşməkdə çəkdiyi yükün ağırlığı və gərəkliyi ilə bağlı olub. Azərbaycan qadını tarix boyu ağılı düşüncəsi, hünəri, zəhməti ilə seçilib. İpək nənələrimizin, xoş diləkli analarımızın arzu-istəkləri dünyamıza əmin-amanlıq, həyatımıza firavanlıq gətirib.

Ən çətin anda xalqın, ölkənin taleyüklü məsələlərinin həll edilməsində kişilərlə çiyin-çiyinə dayanmış görkəmli qadınların həyat və mübarizəsi zaman-za­man qız-gəlinlərimiz üçün örnək, yeni nəsillər üçün öyünc ünvanı olub. Bütün bu ali bəşəri dəyərləri və yüksək insani xüsusiyyətləri, Azərbaycan qadınının nəcibliyini, humanistliyini, incəliyini və güc­lülüyünü, böyük ideallara bağlılı­ğını amal və əməlində yaşadan, zənginləşdirən birinci xanım Mehriban Əliyeva Azərbaycan qadının mükəmməl obrazını dünya üçün də nümunə olan bir yüksəklikdə təcəssüm etdirir. Birinci vitse-prezident olaraq Mehriban xa­nımın cəmiyyət və dövlət həyatında tutduğu uca mövqe Azərbaycan qadınının bütün dünyadan görünən ən mükəmməl simasıdır.

Mehriban xanım Azərbaycan tarixində ilk Birinci vitse-prezident kimi dövlət xadimi olaraq bütün dünyada artıq çoxdandır ki, diqqət mərkəzindədir. Mehriban xanım Əliyevanın mənalı, səmərəli və şərəfli həyatı, sivil, demokratik və bəşəri məramlı ictimai-siya­si fəaliyyəti ölkə daxilində ona hədsiz rəğbət və nüfuz qazandır­mış, beynəlxalq aləmdə ölkəmizin modern imicinə əlavə zənginlik gətirmişdir.

Azərbaycan dövlətinin ikinci yüksək rəhbəri kimi Mehriban Əliyeva ölkənin hərtərəfli inkişafını gerçəkləşdirməkdə müstəsna fəaliyyəti təmin edən ali bir statusdadır. Azərbaycanın birinci xanımı kimi Meh­riban Əliyevanın yüksək humanizm və bəşəri dəyərlərə söykənən ictimai-si­yasi hədəfləri sürətlə reallığa çevrilir, irimiqyaslı yeniliklərin sorağı ölkə hüdudlarını aşaraq dünyaya yayılır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin timsalında ölkəmizin gücü və qüdrəti necə tanınırsa, Mehriban Əliyevanın simasında xalqımızın xeyirxahlıq və sülhpərvərlik məramı da elə populyarlaşıb.

Azərbaycan dövlətçiliyində Mehriban Əliyevanın yaratdığı Birinci xanım institutu müasir dövlət idarəetməsinin xüsusi bir sisteminə çevrilib. Mehriban xanım bu rəsmi statusa xüsusi çəki və dəyər qazandırıb. Azərbaycanın birinci xanımı hər bir vətəndaşın son ümid və pənah yeri olmaqla xeyirxahlığı ümummilli missiya səviyyəsinə ucalmış fenomendir.

Mehriban xanımda təzahür edən yüksək insani xüsusiyyətlər, kübarlıq və zadəganlıq həm də genetik amillərlə bağlıdır. Dün­ya şöhrətli elm xadimləri – fizik, akademik Arif Paşayevin və şərqşünas, filologiya elmləri dokto­ru Aida İmanquliyevanın yüksək elmi-mədəni dəyərlərə bağlı ailəsində məhz belə bir yurdsevər ziyalı və əməlpərvər şəxsiyyət yetişə bilərdi. Azərbaycanın ictimai-siyasi həyatında Mehriban Əliyevanın çoxcəhətli fəaliyyəti artıq müasir dövlət idarəçiliyinin zəruri amilinə, əvəzedilməz elementinə çevrilib.

Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanımın humanitar yönlü missiya­sı, xeyirxah xidmətləri yalnız ölkə hüdudları ilə məhdudlaşmır, onun beynəlxalq layihələri və bəşəri hədəfləri ölkəmizin qlobal arena­da uğurlarına ciddi töhfələr verib. Bu istiqamətdə birinci xanımın gördüyü işlər dünyada modern Azərbaycan xanımının timsalında dövlətimiz və xalqımız haqqında yüksək təəssürat yaradıb.

Birinci vitse-prezidentin ən çox diqqətdə saxladığı məsələlərdən biri də şəhid ailələri, Qarabağ qaziləri ilə bağlıdır. Bu məqamda Mehriban xanım həm bir ana, həm də bir vətənpərvər dövlət rəhbəri timsalında ümumxalq sevgisi qazanmışdır. Bu gün uşaqdan-böyüyə hər bir azərbaycanlının sevgi-sayğılarının yönəldiyi Mehriban xanım həm də mötəbər bir ümid qapısı, həssas bir pənah ünvanıdır. Xəstə övladının taleyi təhlükədə olan, xaricdə təxirəsalınmaz əməliyyata ehti­yacı olan analar əminliklə bildirir ki, “narahat deyiləm, Mehriban xanımın xəbəri var, hər şey yaxşı olacaq”. Belə çoxsaylı nikbin sözlər Vətəninə, xalqına bağlı olan bir Azərbaycan qadınına ümum­xalq sevgisinin parlaq ifadəsidir.

Xəstə uşaqlara, imkansız ailələrdən olan şəxslərə, məcburi köçkünlərə dayaq durması, onların ölkə xaricində belə müalicələrini, ağır cərrahi əməliyyatlarını təmin etmək Mehriban xanımın əsas missiyalarından birinə çevrilib.

Mehriban xanımın belə fövqəladə sevgini qazanmış nümunəvi fəaliyyəti qədirbilən könüllərdə Azərbaycan xanımının çağdaş ali obrazını yeni ştrixlərlə zənginləşdirir. Azərbaycan milli musiqisinin tarixi köklərinə bağlı olan, onun özünəməxsusluğunu qoruyan, xalqımızın məxsusi zövq və tələbatını cavablandıran Mehri­ban xanımın ulu muğam sənətinin yaşadılmasına, inkişafına yönəlik zəruri tədbirlər kompleksi onu haq­lı olaraq, ölkədə və dünyada çağ­daş mədəniyyətimizin hamisi kimi şöhrətləndirib. Mehriban xanım Əliyeva həm də mədəni xilaskarlıq ilahəsi kimi fenomenləşib.

Mehriban xanım Əliyeva beynəlxalq aləmdə və nüfuz­lu dünya təşkilatlarında böyük hörmətlə qəbul edilən, şəxsiyyəti təqdir olunan, fəaliyyəti alqışlanan personadır. Mehriban Əliyeva bütün fəaliyyəti dövründə bəşəri dəyərlərin, insanlığın qorunma­sına yönəlik humanist məram sərgiləyərək xoşməramlı elçi, ədalət carçısı olduğunu əməli işləri ilə sübuta yetirib. Məhz buna görə Mehriban Əliyevanın simasında Azərbaycan dünyadan mərhəmət, humanizm kimi ali dəyərlərin aydın seçilən ünvanı kimi görünür. Alilik, böyüklük, insanpərvərlik bax, budur.

Azərbaycan qadınını dünyanın humanitar düzənində şərəfləndirən, ali məqama ucaldan Mehriban xanım Əliyeva bütün soydaşlarımızı qürurlandıran mis­siya sahibidir. Hər bir Azərbaycan ailəsinin sevimlisi olan Mehriban Əliyeva insana tükənməz sevgi qaynağı, sonsuz ümid və şəfqət mücəssəməsidir. Bir sözlə, Meh­riban xanım Azərbaycan adının, qadınının dünyada haqq səsidir. Onun səsi, sorağı ucalığımızdır. Bizə doğma olan bu səs həm də Azərbaycandır!

 

Rəşad MAHMUDOV,

 

Milli Məclisin deputatı, tibb elmləri doktoru

 

Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 6.