Humanizm və şəfqət mücəssəməsi
Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri və nəhayət, sadəcə Azərbaycan qadınının və anasının nümunəvi siması Mehriban xanım Əliyevanın ad günüdür. Təbiidir ki, bu münasibətlə Mehriban xanıma təkcə Azərbaycanın deyil, dünyanın bir çox yerlərindən ən xoş arzuların ifadə olunduğu səmimi təbriklər gəlir. Biz də “Xalq qəzeti” olaraq onu səmimi qəlbdən təbrik edir, ilk növbədə cansağlığı, uzun ömür, ailə həyatında və işlərində böyük uğurlar arzulayırıq.
Bu gün Mehriban Əliyeva Azərbaycanda məşhur olmuş görkəmli, qəhrəman qadınlarla bir sırada dayanır. Tarixi şəxsiyyətlərimiz olan Nüşabə və Sara xatunun xələfi kimi, Mehriban xanım da adını Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edib. Bu, ilk növbədə onun Azərbaycan Prezidentinin yanında olması və bu Prezidentin son 200 ildə görünməmiş tarixi bir Zəfərin müəllifi olması, Qarabağı 30 illik işğaldan azad etməsi ilə bağlıdır. Onu ölkəmizin hər yerində, hər bir şəhərdə, kənddə xeyirxahlıq, humanizm, şəfqət mücəssəməsi kimi tanıyır və sevirlər. Xüsusi qeyd etməliyik ki, “sevirlər” sözünün özü də Mehriban xanıma ümumxalq məhəbbətini tam əks etdirə bilmir. Mehriban xanıma insanlarımız, xüsusilə də qadınlarımız ümid yeri kimi baxırlar. Ondan ilham alırlar, əmindirlər ki, ən çətin anlarında Mehriban xanıma müraciət edəcəklər və ən mürəkkəb problemləri belə asanlıqla həll olunacaq.
Təbii ki, bu adı, bu nüfuz və sevgini Mehriban xanımın özü qazanıb, özünün gərgin əməyi, ürəyini xalqı və Vətəni uğrunda şam kimi yandırması, insanlara sonsuz sevgi və məhəbbətlə yanaşması, bir həkim kimi hər kəsin halına yanması ilə qazanıb. Bu həm də onun ilk olaraq Mir Cəlal Paşayev kimi məşhur və məğrur bir yazıçının, eyni zamanda, Nəsir İmanquliyev kimi görkəmli jurnalistin, Arif Paşayev və Aida İmanquliyeva kimi qüdrətli və məşhur alimlərin, sonradan isə ulu öndər Heydər Əliyev kimi böyük bir siyasi xadimin və Zərifə Əliyeva kimi qayğıkeş insanın, böyük tibb aliminin ailəsində böyüyüb tərbiyə alması ilə də sıx bağlıdır. Mehriban xanımın özü də dəfələrlə bəyan edib ki, məşhur yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsi olması ilə fəxr edir.
Bu böyük insanlıq məktəbini Mehriban Əliyeva, eyni zamanda, 1982-ci ildə bitirdiyi Bakı şəhərindəki 23 saylı tam orta məktəbdə keçib. O, bu tanınmış, səviyyəli təhsil ocağını qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. Şübhəsiz ki, bu cür humanist həkim təhsili alması da onun şəfqətli bir xanım kimi yetişməsində öz rolunu oynayıb.
Mehriban xanım 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988–1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi" mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb. İnkar etmək olmaz ki, bütün bu yaradıcı və humanist mühit Mehriban xanımın xarakterinə öz müsbət cizgilərini əlavə etməmiş deyil.
Mehriban Əliyevanın sonrakı həyatı xalqımızın ümummilli lideri, uzun illər Azərbaycana rəhbərlik etmiş, keçmiş SSRİ-nin siyasi rəhbərləri arasında özünün böyük təcrübəsi və nüfuzu ilə seçilmiş, keçən əsrin 90-cı illərində Azərbaycanı xaos və fəlakətdən xilas edərək bugünkü ağ günlərə çatdırmış siyasi xadim Heydər Əliyevin ailəsi ilə bağlı olub. O, 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub, Leyla, Arzu və Heydər adlı üç övladı var.
Mehriban xanım özünün ailə haqqında təsəvvürlərini belə ifadə edib: “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə – bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”.
Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib: “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”.
Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.
Mehriban xanım Azərbaycanın ictimai-siyasi həyatında da həmişə mühüm rol oynayıb. Onun bu sahədə aktiv ictimai fəaliyyəti 1995-ci ildən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs" jurnalını təsis edib. Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs" jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü maraqlı izah edib: "Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs" jurnalını da mən elə onda təsis etdim. Jurnal əslində fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı".
Mehriban xanım 2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A" kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb. O, 2015-ci ildə Bakıda I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində Təşkilat Komitəsinin sədri kimi böyük rol oynayıb.
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir. Fondun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Mehriban xanım 2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım" statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına gətirmişdir.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2022.- 26
avqust.- S. 6.