Laçın 30 ildən sonra öz doğmalarına qovuşur

 

Bu gün Ermənistan və Xankəndidə yerli əhalinin etnik təmizləməyə məruz qalması ilə bağlı əsassız hay-küy başlanıb. Erməni revanşizmi yenə də beynəlxalq ictimaiyyəti aldatmaq, özlərini hüquqları pozulan, yurd-yuvalarından didərgin salınan insanlar kimi tanıtmağa çalışıb. Halbuki Laçın dəhlizinə alternativ yol salındıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisindən kənarda yerləşən yaşayış məntəqələrinin, o cümlədən, ermənilərin 30 il ərzində məskunlaşdıqları Laçın şəhəri, ZabuxSus kəndlərinin Azərbaycana təhvil veriləcəyi 10 noyabr 2020-ci il tarixli Bəyanatda öz aydın ifadəsini tapıb. Belə ki, həmin Bəyanatda yeni alternatv yolun üç il ərzində çəkiləcəyi öz əksini tapıb və bu məsələnin kapitulyasiya aktına salınması da məhz Azərbaycan Prezidentinin iradəsi ilə reallaşıb. Dövlətimizin başçısı avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində də bu barədə deyib: “Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”.

Xatırladaq ki, Vətən müharibəsindən ötən iki ilə yaxın bir müddətdə Qarabağ və Şərqi Zəngəzurda gerçəkləşdirilən ge­nişmiqyaslı tikinti, bərpa-quruculuq layihələri sırasında Ermənistanı Xankəndi ilə birləşdirən 32 kilometr uzunluğunda olan yeni alternativ yol cəmi bir il ərzində inşa edilib və artıq Rusiya sülhməramlılarının həmin yol ətrafında qərarlaşması başlayıb. Təbii ki, Laçın şəhəri, ZabuxSus kəndlərindən qanunsuz məskunlaşdırılan ermənilər də həmin yaşayış məntəqələrindən də tamamilə çıxarılıb.

Dövlətimizin başçısı yuxarıda adı çəkilən müsahibədə onların o ərazilərdə yaşamalarının hərbi cinayət olduğunu, Cenevrə konversiyalarının qaydaları ilə ziddiyyət təşkil etdiyini vurğulayıb: “İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zaman­larda öz doğma yerlərinə qayıdacaq”.

Separatçıların qondarma naziri Ayk Xanumyan erməni mətbuatına müsahibəsində soydaşlarının bar­barlığı haqqında danışaraq, Laçın şəhərində və rayonun Zabux, Sus kəndlərində yaşayan ermənilərin törətdiyi vandalizm aktlarından, həmçinin oğurluqlarından ətraflı bəhs edib. Ayk Xanumyan deyib: “Avqustun ortalarında Zabuxa La­çındakı yarımstansiyadan verilən elektrik enerjisi dayandırıldı. Laçın şəhərinə və Zabuxa elektrik ener­jisi Xankəndidən çəkilən elektrik xətti ilə verildi. Amma bir neçə gündən sonra törədilən yanğınlar elektrik dirəklərini və yeni çəkilmiş xətləri sıradan çıxartdı. Laçında transformatorun yağı oğurlandı.

Laçında törədilən yanğınlar Ermənistandan Xankəndinə gələn yüksək gərginlikli elektrik xətlərinə ciddi təhlükə yaratdı. Zabux ərazisində optik internet kabelləri oğurlandı və bu səbəbdən də Xankəndi bir müddət internetsiz qaldı.

Telefon qüllələri metal oğruları tərəfindən darmadağın edildi. Biz dəfələrlə çağrış etdik ki, evləri yandırmasınlar, uçurmasınlar, inf­rastrukturu dağıtmasınlar, amma nəticə olmadı…”.

A.Xanumyanın sözlərinə görə, baş verənlərdə Ermənistandan gələn “feysbuk qəhrəmanları”nın – “fərari fəallar”ın rolu olub və onla­rın “dezinformasiya hücumları” bir sıra problemlərə zəmin yaradıb.

Göründüyü kimi, indiki erməni vəhşiliyi bizi heç də təəccübləndirmir. Çünki 30 il ərzində onlar bu barbar, vandal xislətləri ilə Qarabağ və Şərqi Zəngəzuru yerlə yeksan ediblər. Qaniçənlər bu müddətdə çox­saylı iqtisadi, ekoloji, mülkiyyət əleyhinə, insan hüquqları, mədəni soyqırımı, şəhərlərin məhv edilməsi və təbiətə qarşı cinayətlər törədiblər. Məsələn, onlar keçmiş Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 məscidin 63-nü tamamilə, 4-nü isə qismən dağıdaraq, yararsız hala salıblar. Xalqımıza insanlıq əleyhinə ən ağır soyqırımı cinayəti sayılan Xocalı qətliamını yaşadıblar. İşğal altındakı ərazilərdə qa­nunsuz məskunlaşma kimi hərbi cinayətlərə imza atıblar.

Halbuki 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, qanun­suz məskunlaşdırlımış ermənilər Laçın şəhərini, ZabuxSus kəndlərini tərk edərkən, qondar­ma Qarabağ rəhbərliyi tərəfindən onlara evlərə, meşələrə ziyan vurmamaq tapşırılmışdı. Ancaq bunun əksi baş verdi, 44 günlük Vətən müharibəsində alınan acı məğlubiyyət belə erməni xislətini dəyişdirmədi. Belə ki, erməni faşizmi Laçındakı evləri, meşələri yandıraraq, bunları utanmadan sosial şəbəkələr vasitəsilə yaydı.

Erməni mediasının məlumatına görə, işğalçı ölkə hökuməti evlərin yandırılmadan təhvil verilməsi üçün kompensasiya müəyyənləşdirməsinə baxma­yaraq, erməni diasporu bunun əksinə olaraq, daha yüksək məbləğ vəd edib. Bu isə o deməkdir ki, diaspor Livandan, Suriyadan qanunsuz gətirilərək Qarabağda məskunlaşdırılan erməniləri öz çirkin niyyətlərinin gerçəkləşməsinə yönəldib.

Yeri gəlmişkən, Azərbaycan Baş Prokurorluğu tərəfindən ermənilərin Laçın və Xocalıda törətdikləri yanğınlarla bağlı cinayət işi başlanılıb. Prokurorlu­ğun mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, bir sıra me­diasosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mü­hiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşa­yış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb: “Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən dərhal araş­dırmalara başlanılaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib”.

İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın La­çın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyənləşdirilib.

“Azərbaycanın ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyasının tələblərini kobud şəkildə po­zaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyənləşdirilərək, cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində qanunamü­vafiq bütün tədbirlər görüləcəkdir”, – məlumatda qeyd edilib.

Xatırladaq ki, Laçın rayonu­nun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyek­ti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb.

Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəd olan Laçın rayonunda işğal ərəfəsində 60 min nəfərə yaxın azərbaycanlı yaşayırdı. Lakin 30 il əvvəl erməni faşizmi tərəfindən işğal edilən La­çın şəhəri yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi isə qaçqın düşür.

Təbii ki, 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri və separatçı qondarma rejimin qeyri-qanuni silahlı dəstələri tərəfindən Laçının işğalından sonra ey­foriyaya qapılan ermənilər 44 günlük müharibəyə kimi daim bu yerlərdə yaşayacaqlarına, Qara­bağın yeni sahibi olduqlarına hər dəqiqə özlərini inandırsalar da, Azərbaycan ordusunun “dəmir yumruğu” nəticəsində böyük və ağır zərbə aldıqları hər gün daha çox hiss edilir. Bu, xüsusən də bu cür həssas məqamlarda ön plana çıxır.

Bu gün 30 il əvvəlki hadisələrin əksinə olaraq, Azərbaycan bütün beynəlxalq hüquq prinsipləri əsasında həm hərb meydanın­da, həm də diplomatik cəhətdən Ermənistan tərəfini məcbur edir ki, vaxtilə işğala məruz qoyduğu bu əraziləri tərk etsin. Ermənilərin bundan başqa çıxış yolu qalmayıb.

Erməninin niyyəti tarixin müxtəlif dövrlərində özünü çılpaq­lığı ilə göstərdiyi kimi, bu gün də açıq şəkildə büruzə verir. Amma revanşistlər, rəsmi İrəvan və ha­vadarları bilməlidirlər ki, qanunsuz məskunlaşmış ermənilər mütləq şəkildə Azərbaycan torpaqlarını tərk etməlidirlər.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı rəsmi Bakının mövqeyini çox açıq şəkildə son müsahibəsində belə ifadə edib: “Avqustun 5-i olmasın, 25-i olsun, sentyabrın 1-i olsun böyük fərq etmir. Eyni zamanda, Qara­bağda yaşayan ermənilər bizə müraciət etdilər ki, Ermənistan sərhədinə birləşdiriləcək nöqtəyə qədər 4 kilometr qrunt yolu da Azərbaycan tiksin. Ona da biz razılaşdıq. Amma əlbəttə ki, Laçın şəhərindən, ZabuxSus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılma­lıdır. Bu, təbiidir. Onların orada qalması, əslində, hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyaları­nın qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanun­suz məskunlaşma apara bilməz”.

 

V.BAYRAMOV

 

Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 10.