Orta Dəhlizin inkişafı Türk ölkələri arasında əlaqələri daha da gücləndirəcək

 

Hazırda Azərbaycan Xəzər regionunun mühüm tranzit-nəqliyyat qovşağına çevrilib. Ölkə ərazisindən regionun müasir geoiqtisadigeosiyasi vəziyyətini müəyyən edən nəqliyyat və boru kəmərləri çəkilib. Belə strateji tranzit-nəqliyyat qovşağının potensialı Xəzəryanı ölkələr, eləcə də türkdilli ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərir. Son zamanlar Orta Dəhliz üzrə yükdaşımalara marağın artması Azərbaycanın strateji qovşaq kimi mövqelərinin daha da möhkənlənməsinə şərait yaradır. Bundan başqa, Azərbaycanın ixracyönümlü istehsalçıları ölkənin beynəlxalq layihələrdə iştirakından yararlanırlar və ümumilikdə, bütün bunların Azərbaycanın daha da inkişafına, iqtisadi potensialının artmasına gətirib çıxaracağı şübhə doğurmur.

Ümumiyyətlə, Xəzər regionu tarixən Avrasiya qitəsinin mühüm tranzit qovşağı hesab olunub. Onun vasitəsilə həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində müxtəlif ticarət yolları fəaliyyət göstərib. Bu, Xəzər dənizi sahillərində yaşayan xalqların dünya ticarət-iqtisadi əlaqələrində fəal iştirak etməsinə imkan verib. Təbii ki, böyük coğrafi kəşflər dövründə regiondan keçən quru İpək Yolu tənəzzülə uğ­ramışdı. Ancaq müasir dövrdə Xəzər hövzəsi əsas beynəlxalq nəqliyyat və logistika qovşağı kimi əhəmiyyətini yenidən bərpa edib. Bu baxımdan Xəzəryanı ölkələr arasında tranzit-nəqliyyat sektorunda əməkdaşlığın çox əlverişli perspektivləri var. Azərbaycan bu gün Xəzər regionu üçün bir növ birləşdirici platforma kimi çıxış edir. Bunun əsasında Xəzər regionu ölkələri arasında beştərəfli əməkdaşlığın yeni formaları yaradılır. Təsadüfi deyil ki, strateji əhəmiyyətli geosiyasi məkanda yerləşən Azərbaycan çox mühüm beynəlxalq nəqliyyat və kommunikasiya dəhlizlərinin inkişafına maraq göstərir və bu istiqamətdə fəal addımlar atır. Xüsusilə də ölkəmiz Şərq–Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir və bu marşrutun Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcəyindən şübhə yoxdur. Bundan başqa, bu marşrut nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradır. Həmçinin, Azərbaycan Şərq–Qərb və Şimal– Cənub marşrutları üzrə ölkəmizin ərazisindən keçməklə yükdaşımaların hər il artması müşahidə olunur. Son statistik məlumatlara görə, Yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından gələn tranzit yüklərin həcmi artır. Mütəxəssislər bu limanın tikilməsini və istifadəyə verilməsini Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir mühüm töhfəsi kimi qiymətləndirirlər.

Bu gün Xəzəryanı ölkələr, eləcə də Orta Asiya dövlətləri arasında əməkdaşlıq bir çox istiqamətlər üzrə kifayət qədər fəal inkişaf edir. Hazırda Orta Dəhliz adlandırılan marşrut üzrə yükdaşımalarda tədricən artım müşahidə olunur ki, bu da Orta Asi­ya ölkələrinin bu marşruta diqqətini artırır. Orta Dəhliz və yaxud Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TXBNM) Çindən Türkiyəyə və eləcə də Avropa Birliyi ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırıl­masına xidmət edir. O, orta əsrlərdə Asiyanı Aralıq dənizi və Avropa dünyası ilə birləşdirən qədim İpək Yolu kimi fəaliyyət göstərir. Nəqliyyat dəhlizinin idarə olunması və inkişaf etdirilməsi, yaradılmış Konsorsiumun üzvləri tərəfindən həyata keçirilir. Bu dəhliz üzrə hərəkət edən qatarlar orta hesabla 10-12 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. Orta Dəhliz vasitəsilə yüklər Avropaya iki istiqamət üzrə nəql edilir. Onlardan biri Gürcüstanın PotiBatumi limanları vasitəsilə, digəri isə Bakı–Tbilisi–Qars dəmir yolu ilə. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars layihəsi Orta Dəhliz vasitəsilə yükdaşı­maların xərclərini aşağı salaraq tranzit əməliyyatlarının həcminin artırılmasına xidmət edir. Xatırladaq ki, bu dəhliz Azərbaycan, Gürcüstan, Qazaxıs­tan, Ukrayna və Türkiyə dəmir yolu, gəmiçilik və liman administrasiyalarının iştirakı ilə 2014-cü ildə yaradılıb.

Bu günlərdə Özbəkistanın Nəqliyyat Nazirliyi Azərbaycan və Türkiyə öz ölkələrinin ərazisindən yüklərin daşınması prosesini daha da sadələşdirməyi hədəflədiklərini bildirib. Nazirlikdən, həmçinin açıqlayıblar ki, Özbəkistanın yükdaşıyıcıları Xəzər dənizi ilə yüklərin daşınmasını artırır. Bu baxımdan Özbəkistan bu dəhlizin keçdiyi dövlətlərin nəqliyyat orqanları ilə birlikdə ən əlverişli şərait yaratmağı planlaşdırır. Öz növbəsində, Azərbaycan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Özbəkistan və Türkmənistanın dəmir yolu təşkilatları artıq konteyner bloklu qatarların daşınmasına 70 faizə qədər endirimlər ediblər. Qeyd edilib ki, bu yaxınlarda imzalanmış üçtərəfli bəyannaməyə əsasən, Şimal–Cənub və Şərq–Qərb nəqliyyat marşrutları çərçivəsində Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialı mövcud problemlərin öyrənilməsi və yüklərin daşınması prosesinin daha da sadələşdirilməsi üçün birgə əlaqələndirilmiş tədbirlər görülməklə inkişaf etdiriləcək.

Xatırladaq ki, avqustun 2-də Türkiyə, Özbəkistan və Azərbaycanın xarici işlər, ticarət və nəqliyyat nazirləri üçtərəfli mexanizmə əsasən, Xəzər ke­çidli Şərq–Qərb Orta Dəhlizinin yaradıl­masında koordinasiya və əməkdaşlığın artırılması ilə bağlı müzakirələr aparıb­lar. Həmin toplantıda xüsusilə bildirilib ki, Türk xalqlarının yaşadığı bu bölgələr min illərdir Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür və Özbəkistan Bakı–Tbilisi–Qars dəmir yolunun tranzit potensialından fəal istifadəyə böyük əhəmiyyət verir. Bu marşrut həm də AvropaAsiya arasında əlaqənin çatışmayan halqasına çevrilərək, digər ölkələrə bu nəqliyyat kommunikasiya­larından istifadə etmək imkanlarını açır. Eyni zamanda, görüşdə qeyd olunub ki, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin tikintisi üzrə texniki-iq­tisadi əsaslandırmalar davam edir. Bu dəmir yolunu TransQafqaz dəhlizinə birləşdirməklə Çindən Avropaya qədər uzanan coğrafiyada şəbəkə yaratmaq layihəsi mövcuddur. Özbəkistandan Xarici İşlər naziri Vladimir Naro­vun sözlərinə görə, bu baxımdan Özbəkistan Zəngəzur dəhlizinin yenidən aktivləşməsini dəstəkləyir. Bu marşrut AsiyaAvropa arasında ən qısa yol olacaq.

Qeyd edək ki, Qazaxıstan da Orta dəhlizin inkişaf etdirilməsində və bu marşrut üzrə yük axınlarının Avropaya yönləndirilməsində maraqlıdır. Güman edilir ki, Rusiyanın əsas tranzit ölkəsi kimi mövqeyi sərt sanksiyalara görə zəifləyəcək və bu mənada uzunmüddətli perspektivdə Orta Dəhliz Avrasiyada əsas tranzit marşrutuna çevrilə bilər. Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, geosiyasi problemlər Şimal dəhlizinə alternativ olan Orta Dəhliz üçün yeni imkanlar yaradır. Onun sözlərinə görə, Orta Dəhlizlə tranzit daşımalar həm qiymət baxımından sərfəlidir, həm də təhlükəsizdir. “Qədim dünyanın ən önəmli ticarət yolu olan “İpək yolunun yenidən canlanması Türk dünyasını daha da bütövləşdirəcək”, – deyə nazir əlavə edib.

Avqustun 12-də Türkiyədə Trans- Xəzər Beynəlxalq Şərq–Qərb Orta Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə tədbirlər, üzv dövlətlər arasında daşıma prosedurlarının rəqəmsallaşdırılması müzakirə olunub. Eyni zamanda, iclasdaTürk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Saziş” layihəsi, üzv dövlətlər arasında uçuşların sayının artırılması və TDT-yə üzv dövlətlərin nəqliyyat nazirlərinin 6-cı iclasına hazırlıqla bağlı müzakirələr aparılıb. Statistika da göstərir ki, 2021-ci ildə daşımalar 586,2 min ton, konteyner daşımaları isə 25 270 ton təşkil edib. Bu ilin sonunadək həmin marşrutla yük daşımalarının altı dəfə artacağı gözlənilir.

 

Səbuhi MƏMMƏDOV

 

Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 10.