Böyük Qayıdışın addım səsləri
güclənir
Bu gün, avqustun 26-da biz – azərbaycanlılar
Laçın şəhərinə qayıtmışıq.
Azərbaycan Ordusu Laçın şəhərinə
yerləşdi. Zabux və Sus
kəndləri nəzarətə götürüldü.
Bütün laçınlıları və
Azərbaycan xalqını bu münasibətlə
təbrik edirəm. Yaşasın Laçın! Yaşasın
Azərbaycan!
İlham ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Xalqımızın gözü aydın olsun! Bu günü də gördük! Bu müjdəni də eşitdik! Sevimli Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəsmi “Twitter” səhifəsində Laçınla bağlı paylaşımı hər kəsin qəlbini sonsuz qürurla, iftixarla döyündürdü. Belə sərkərdəsi olan millətə zaval yoxdur. Bu gün məhz onun uzaqgörən siyasətinin, prinsipial məqamlarda qətiyyətli mövqeyinin, cəsarətli addımlarının sayəsində daha uca zirvələrə, daha böyük qələbələrə doğru irəliləyirik.
Özünün doğum günü olan avqustun 26-da həmin xəbəri böyük hədiyyə kimi qarşılayan Birinci vitse-prezident Mehriban Əliyeva da Prezident İlham Əliyevin azərbaycanlıların Laçına qayıdışı ilə bağlı fikirlərini paylaşaraq qeyd edib: “Qarabağ Azərbaycandır!!!”. Bundan böyük fərəh olarmı?
İki ilə yaxındır ki, azadlığına qovuşmuş Qarabağda rəşadətli Azərbaycan Ordusunun döyüş səngərləri qurucu xalqımızın əmək cəbhəsinə çevrilib. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin tapşırıqlarına əsasən, düşmən tapdağından qurtulan ərazilərimizdə irimiqyaslı tikinti layihələri həyata keçirilir, infrastruktur əsaslı şəkildə yenilənir. Qələbədə xalqımızın göstərdiyi yurdsevərlik və rəşadətin davamı olaraq, hərbi əməliyyatlar dayanan vaxtdan başlayaraq Qarabağın dirçəldilməsi geniş vüsət alıb. Laçın şəhərinin, Zabux və Sus kəndlərinin də geri qaytarılması cənab İlham Əliyevin güclü diplomatiyasının parlaq təzahürüdür.
Böyük qürur hissi ilə bir daha xatırladaq ki, Vətən müharibəsində əsl tarix yazmış hərbçilərimiz 2020-ci il oktyabrın 3-də Suqovuşanı, 4-də Cəbrayılı, 9-da Hadrutu, 17-də Füzulini, 25-də Qubadlını, noyabrın 8-də Şuşanı azad ediblər. Məlum Üçtərəfli Bəyanata əsasən isə ermənilər noyabrın 22-də Ağdamı, 25-də Kəlbəcəri, dekabrın 1-də Laçını döyüşsüz geri qaytarmağa məcbur olublar. Bu günlərdə isə həmin Bəyanata uyğun olaraq, Azərbaycan tərəfinin rekord müddətə saldığı alternativ yol hazır olduğu üçün əvvəlki yolun Laçın şəhərindən, eləcə də Zabux və Sus kəndlərindən keçən hissələri də boşaldılıb və rus sülhməramlıları öz hərbi postlarını oradan götürməyə başlayıblar. Bütün bunlar həm də o deməkdir ki, Azərbaycan öz torpaqlarını tam təmizləməkdə, “Böyük Qayıdış”ı sürətləndirməkdədir.
Xatırlayırıq ki, 2020-ci il dekabrın 1-də cənab İlham Əliyev xalqa müraciətində bildirmişdi: “Döyüş meydanında əldə edilmiş parlaq Qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”. Daha sonra dövlət başçısı demişdi ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaq. Həmçinin biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq.
Bəli, söylənən fikirlərin, xalqa verilən vədləri hamısı real olaraq həyata keçir. Bu gün Laçının tamamilə boşaldılması Böyük Qələbənin davamı kimi çox dəyərlidir. O zaman məlum Üçtərəfli Bəyanatın ilkin versiyasında Azərbaycana təklif edilmişdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Prezident İlham Əliyev buna qəti etiraz etdi və dedi ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Ona görə bunu tamamilə qəbuledilməz təklif hesab etdi və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə olundu. Üstəlik də üç il ərzində Laçın şəhərinin hüdudlarından kənardan ermənilər üçün alternativ yolun çəkilməsindən sonra onların şəhəri tamamilə tərk etməsi Bəyanatda öz əksini tapdı. İndi, budur həmin yol hazırdır və ermənilər Laçını, Zabuxu və Susu tərk etməli, rus sülhməramlıları isə öz hərbi postlarını oradan çıxarmalı oldular.
Ötən günlərdə məcburən köç üstündə olan ermənilər Laçını, Zabuxu və Susu, guya tərk etməkdən “qəzəblənərək” dağıdıcı xislətlərinə xas olaraq evlərə, meşələrə, biçənəklərə, bağlara od vurub yandırıblar. Əslində, Ermənistan rəhbərliyi bu bədbəxtləri aldadaraq və beynəlxalq normaları kobudcasına pozaraq, burada məskunlaşdırmışdı. Daşnaklar və erməni siyasi tarixçiləri isə “zavallı”ların beyinlərini, necə deyərlər, sərsəm fikirlərlə doldurmuşdular. Amma Azərbaycanın qətiyyəti, dövlət başçımızın uzaqgörən siyasəti sayəsində Laçın da gəlmə sakinlərdən tam təmizləndi. Bu, cənab İlham Əliyevin nəyi, necə və nə vaxt etmək fəlsəfəsinin həyatiliyini, düzgünlüyünü bir daha göstərdi.
Bildiyimiz kimi, Laçın çox strateji əhəmiyyətli bir rayondur. Təəssüf ki, bir zaman orada dəhliz yaradılmasının ermənilərin işğalçılıq siyasətinin reallaşmasında böyük rolu olub. 1992 ci ildə Laçın düşmənə verilib, azərbaycanlılar doğma yurdlarını tərk etməli, 30 il didərginlik həyatı yaşamalı olublar. Bu fonda indi Laçın şəhərinə Azərbaycan əsgərinin girməsi, Dövlət bayrağımızın qaldırılması və Laçının Azərbaycanın tam nəzarətinə keçməsi tarixi bir hadisədir. Qürurla deyə bilərik ki, bu gün işğaldan azad olunmuş ərazilərə Azərbaycanın nəzarəti tamamlandı və sonuncu rayon mərkəzinə də nəzarət bərpa olundu.
Keçən ilin payızında dövlətimizin başçıs İlham Əliyevin və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə müasir aeroport və “Zəfər yolu” açılıb. Artıq həmin yol düz Laçına qədər uzanacaq. Ən yaxın zamanlarda Zəngilan Beynəlxalq Hava Limanı işə salınacaq. Sayca üçüncü aeroport Laçında tikilməkdədir.
Böyük Qələbədən ötən il yarım ərzində Qarabağda 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər sona yetəcək. Bərpaolunan enerji növlərinin tətbiqi xüsusilə təqdirəlayiqdir. Hazırda Azərbaycanda 710 meqavat gücündə üç Günəş və Külək elektrik stansiyasının tikintisinə başlanıb. İkisi artıq inşa edilir, birinin də -- Cəbrayıl rayonundakı stansiyanın inşasına hazırlıq görülür. Gələn il orada işlərə başlanacaq. Artıq xarici investorlarla əldə edilən razılaşmalara görə, əlavə 4 min meqavat Günəş və Külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdığı su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər gedəndə onları vəhşicəsinə dağıtmışdılar. İndi isə bədxahların acığına Qarabağ və Şərqi Zəngəzur nur gölünə qərq olmaqdadır.
Yeri gəlmişkən, Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan Ordusunun nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq AzərEnerji ASC-nin əməkdaşları xüsusi avadanlıq, texnika, mal-materialla təchiz olunmuş maşın karvanı ilə əraziyə daxil olublar. Məqsəd ən qısa vaxtda enerji infrastrukturu dağıdılmış Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığını yandırmaqdır. Artıq minatəmizləyən qruplarla əlaqəli şəkildə ərazidə işlərə başlanılıb.
Burada Azərbaycan Silahlı Qüvvələrinin avqustun 3-də erməni təxribatlarına cavab olaraq həyata keçirdikləri “Qisas” əməliyyatının önəmini xüsusi vurğulamaq lazımdır. Onlar bizim bir əsgərimizi vurmuşdular, əvəzində neçə-neçə düşmən əsgəri məhv edildi. Mühüm yüksəkliklər ələ keçirildi və ermənilərin canına yenidən vicvicə düşdü. Alternativ yolun çəkilişi başa çatdığı üçün Azərbaycan erməni qanunsuz silahlılarına və Laçında məskunlaşan ermənilərə avqustun 25-nə qədər vaxt verdi ki, şələ-şülələrini yığışdırıb rədd olsunlar. Bax, Laçının tezliklə boşaldılmasının bir səbəbi də bu oldu.
Təəssüf ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçaları Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət keçən iki əsgərinin üzərinə düşüb və onlar Laçının bugünkü azadlığını görmədən həyatlarını itiriblər. Doğma Qarabağımızın azadlığı uğrunda döyüşlərdə canlarından keçmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin. Bu gün onların ruhu şaddır ki, Laçın da azadlığına qovuşdu.
Artıq Laçında Azərbaycan Bayrağı dalğalanır. Laçın şəhəri, Zabux və Sus kəndlərində hərbçilərimiz mühəndis işləri görürlər. Yayılan məlumatda bildirilir ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 1;
4.