Zəfər
strategiyamızın parlaq səhifələri
Biz bu səhifələri cəsarətlə,
qəhrəmanlıqla yazdıq
Mən
Baş nazir vəzifəsində
işləyərkən Ankarada cənab
Ərdoğanla bu barədə söhbətim
olub. Baş nazir cənab Ərdoğan məni bir daha əmin etmişdi ki, Türkiyə
Ermənistanla sərhədlərini Dağlıq Qarabağ məsələsi həll olunmayana qədər heç
vaxt açmayacaq. Mənim
üçün bu,
kifayətdir. Yəni əgər mən bu
sözü eşitmişəmsə, mənə
hər hansı başqa izahat
lazım deyil.
Prezident İlham Əliyevin Heydər
Əliyev Beynəlxalq Hava Limanında
jurnalistlərə müsahibəsindən
24 mart 2004-cü il
Son zamanlar həm ölkə mətbuatında, həm də beynəlxalq aləmdəki həmkarlarımızın yazılarında Azərbaycanın 2020-ci ilin payızında qazandığı möhtəşəm Zəfərin yaratdığı yeni reallıqları əks etdirən maraqlı sərlövhə və manşetlərlə rastlaşırıq: “İlham Əliyev ermənilərin iki əsrdə qurduğu fitnə-fəsad torunu darmadağın etdi”, “Ohanyan səddi Azərbaycan Ordusu üçün maneə ola bilmədi”, “Azərbaycan Prezidenti “Şuşasız bizim işimiz yarımçıq qalar” tezisini necə doğrultdu?”, “Azərbaycan Kreml, Ağ Ev və Brüsselin fikrini tamamilə dəyişdirdi”, “Türkiyə verdiyi sözün üstündə durdu” və sair fikirləri artıq mətbuatda tez-tez oxuyuruq.
Fakt ondan ibarətdir ki, Prezident İlham Əliyev düşmən tapdağı altında olan torpaqlarımızın əsarətdən azad edilməsi üçün təkcə müasir ordu və qüdrətli dövlət yaratmadı. O, əsas məqsədinə nail olmaq üçün bəlkə də 15-20 istiqamətdə mükəmməl siyasi-diplomatik işlər görürdü. Məsələn, bu məqsədlə dünyanın aparıcı güc mərkəzlərinin hamısını Azərbaycanın dostuna, müttəfiqinə çevirmək lazım idi. Prezidentimiz həmin vəzifənin öhdəsindən uğurla gəlmişdir.
Bu məqsədlə həyata keçirilən tədbirlər arasında Türk dövlətləri, İslam ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi, region ölkələrinin hamısı ilə bərabərhüquqlu, qarşılıqlı faydalı işbirliyinə nail olunması lazım idi. Dövlət başçımız həmin vəzifələrin hamısının zərgər dəqiqliyi ilə reallaşdırılmasına nail olmuşdur. Bu məqsədlə əhatəli hücum diplomatiyasına və kompleks informasiya müharibəsinə ehtiyac var idi. Biz İlham Əliyevin rəhbərliyi ilə həmin məramları da reallaşdırdıq.
İlham Əliyev Azərbaycanın sözünün kəsərli olması üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlıqda özünəməxsus taktika və strategiya seçərək, xalqımızın haqq səsinin dünyanın hər yerində eşidilməsinə nail ola bilmişdir.
Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək assambleyanın iclaslarına sədrlik etməsi, AŞPA Nazirlər Kabinetinin sədri kimi fəaliyyət göstərməyimiz, Tükkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (indi adı Türkdilli Dövlətlər Təşkilatıdır) və Qoşulmama Hərəkatına uğurlu rəhbərliyimiz Böyük Zəfərə aparan strategiyanın əsas halqaları idi.
Dövlət başçımız BMT Təhlükəsizlik Şurasının keçmiş Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsini tələb edən dörd qətnaməsinin icra edilməmiş qalmasına etirazını bilavasitə BMT Baş Assambleyasının tribunasından səsləndirmişdir. Hamının yadındadır: Azərbaycan Prezidenti 2017-ci il sentyabrın 20-də BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqində Təhlükəsizlik Şurasının qətnamələrini yada salaraq demişdir: “Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar olsun ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır”.
Eləcə də, Davos İqtisadi Forumunun, Münxen Təhlükəsizlik Konfransının və Valday Beynəlxalq Diskussiya Klubunun müxtəlif tədbirlərində iştirak edən dövlət başçımızın çıxış, nitq və müsahibələri bizim Zəfər strategiyamızın uğur səhifələri idi. Məsələn, Ali Baş Komandanımız 2019-cu il oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın həmin tədbirdən bir neçə ay əvvəl riyakarlıqla söylədiyi bəyanatı yada salaraq demişdir: “Bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Yeri gəlmişkən, əgər Nikol Paşinyan “Qarabağ Ermənistandır!” sərsəmləməsini son illərdə dilə gətirmişdisə, dünya ictimaiyyəti Azərbaycan Prezidentinin həmin məsələ ilə barədə fikrini çox illər əvvəl eşitmişdi. Dövlət başçımız 2004-cü il aprelin 29-da Strasburqdakı Avropa Sarayında keçirilən mətbuat konfransında demişdi: “Azərbaycanın mövqeyi aydındır və dəfələrlə bəyan edilib. Bu bəyanatlarla indiyədək tanış olmağa imkanınız olmayıbsa, mən sizin yadınıza salım: Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə, yaxud Ermənistanın bir hissəsi olmasına razılıq verməyəcək. Dağlıq Qarabağ Azərbaycanındır!”
Yəni İlham Əliyev ulu öndər Heydər Əliyevin tarixi müraciətini yüksək qiymətləndirən Azərbaycan xalqının iradəsinə əsasən prezident seçildiyi ilk gündən etibarən işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi məsələsini bir nömrəli vəzifə kimi qəbul etmişdir. Elə 2003-cü ilin oktyabrında Prezident kimi and içdiyi gündə məhz torpaqların qeyd-şərtsiz azad olunmasının vacibliyini vurğulamışdı: “Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaq. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyil. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək”.
O öz sözünü həm ermənilərə, həm də işğalçıların havadarlarına dedi və “edəcəm” – dediklərinin hamısını etdi. Qarabağ və Şərqi Zəngəzur artıq düşmən tapdağından azad edilmişdir.
Bu məqamda xatırladaq ki, dövlət başçımızın 2020-ci il dekabrın 10-da Bakıda keçirilən Zəfər paradındakı nitqində də Zəfər strategiyamızın əsas müddəaları açıq şəkildə səsləndirilmişdi: “Biz uzun illər bütün beynəlxalq tədbirlərdə bu məsələ ilə bağlı həqiqətləri çatdırırdıq, böyük iş aparılmışdır və bu işin səmərəsi oldu. Baxmayaraq ki, biz ərazi bütövlüyümüzü döyüş meydanında qazandıq, hesab edirəm ki, son illər ərzində apardığımız siyasi və diplomatik səylər öz bəhrəsini verdi, bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradılmışdır”.
Bəli, məhz İlham Əliyevin ciddi səyləri nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsinədək münaqişə ilə bağlı, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırılmışdı. Ona görə də Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ bizim əzəli tarixi torpağımızdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub-yaradıb, eyni zamanda, bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
Zəfər sevincin əbədi
olsun, Azərbaycan!
İttifaq MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2022.- 26 avqust.- S. 1; 2.