Azərbaycan–Qazaxıstan
əlaqələri müttəfiqlik səviyyəsinə
yüksəlir
Bugünlərdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda səfərdə oldu və səfər çərçivəsində iki ölkə arasında bir sıra vacib sənədlər imzalandı. Həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu barədə Prezident İlham Əliyev də bildirdi ki, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir: “Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.
Azərbaycan Prezidenti onu da qeyd etdi ki, səfər çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışıqlar aparılıb, çoxlu sənədlər imzalanıb. Onlardan bəziləri prezidentlərin iştirakı ilə, 20-dən çox sənəd isə müvafiq strukturlar arasında imzalanıb.
Qazaxıstan Prezidenti Tokayev də səfərə böyük önəm verdiyini, çox geniş məsələlərə dair səmərəli danışıqlar apardıqlarını bəyan etdi: “Azərbaycan Prezidentinin düzgün olaraq qeyd etdiyi kimi, hansısa problem, maneə görmədik, əksinə, istər iqtisadi, istərsə də humanitar sahələrdə konkret nəticələrə nail olmaq məqsədilə səyləri artırmaq barədə qarşılıqlı istək ifadə olundu. Xüsusi qeyd etmək istərdim ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub və bu işdə, əlbəttə ki, Azərbaycanın milli lideri, bizim qardaş ölkənin Prezidenti İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik”.
Səfər zamanı iki ölkə arasında mühüm sənədlər imzalandı. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”ni və “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ı Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzaladılar.
Bundan sonra “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”ı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzaladılar. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”nı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın Baş nazirinin müavini vəzifəsini icra edən, ticarət və inteqrasiya naziri Serik Jumanqarin imzaladılar.
Bundan əlavə, səfər çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”, “ADA Universiteti ilə Qazaxıstan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında Memorandum”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “QazaqGas” Milli Şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” Səhmdar Cəmiyyəti ilə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığa dair Memorandum”, “Azərbaycan Respublikasının Şuşa şəhəri və Qazaxıstan Respublikasının Türküstan şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”, “Azərbaycan Respublikasının Mingəçevir şəhəri və Qazaxıstan Respublikasının Uralsk şəhəri arasında əməkdaşlıq haqqında Memorandum”, “Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında Memorandum”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Qazaxıstanın Xarici Ticarət Palatası arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası ilə Qazaxıstan Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”, “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Vəliyev Nahid Abbas oğlu “Tayqa Trade” və “Maslo-Del” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “Ticarət Siyasətinin İnkişafı Mərkəzi “QazTrade” Səhmdar Cəmiyyəti, “Cool Infinity” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Foodcity Alliance” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Anlaşma və Əməkdaşlıq Memorandumu”, “KTZ Express Hong Kong Limited” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ADY Container” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında tərəfdaşlıq haqqında Saziş” imzalandı.
Prezident İlham Əliyev sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirdi ki, Qazaxıstan Prezidenti ilə görüş zamanı onu Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb və Azərbaycanın Cənubi Qafqaz regionunda uzunmüddətli və möhkəm sülh yaratmaq niyyətini təsdiq edib. Eyni zamanda, əmtəə dövriyyəsinin artırılması məsələsinə toxunulub: “Fikrimcə, əsas diqqətin nəqliyyat-logistika sahəsi çərçivəsində məhz qarşılıqlı fəaliyyətimizin prioritet istiqamətləri üzərində cəmləşdirilməsi, öz növbəsində, daha artıq ixrac-idxal əməliyyatları həyata keçirməyə imkan verəcək. Mənim fikrimcə, burada böyük potensial var. Düşünürəm ki, Qazaxıstan Prezidenti bizim hədəflədiyimiz rəqəmi səsləndirdi – 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi. Məncə, hər iki tərəfin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, bu, tamamilə realdır”.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 3.