Qazaxıstan liderinin səfəri ölkələrarası
münasibətləri daha da
gücləndirəcək
Bu il Azərbaycan və Qazaxıstan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirlər. Ötən müddət ərzində Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında lokomotiv hesab olunan hər iki dövlət siyasi, iqtisadi, mədəni-humanitar inkişafda böyük yol keçmiş, mühüm nəticələrə imza atmışdır. Postsovet məkanında müşahidə olunan mürəkkəb geosiyasi dəyişikliklərə, hamıya təsir göstərən inflyasiya yükünə, ərzaq böhranına və digər neqativ postpandemiya dövrünə baxmayaraq, Azərbaycan və Qazaxıstan inkişaf sürətini qoruyub-saxlaya bilmələri ilə fərqlənir.
Bu il diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edən iki qardaş ölkə ikitərəfli ticarət-iqtisadi əlaqələri keyfiyyətcə yeni səviyyəyə çıxarmaq, nəqliyyat və enerji sektorlarında əməkdaşlığı genişləndirmək, ortamüddətli perspektivdə ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmağı düşünür. Bu mənada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji münasibətlərin güclənməsinə, iqtisadi əlaqələrin intensivləşməsinə, eləcə də humanitar əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verəcəyi şübhə doğurmur.
2022-ci il Qazaxıstanla Azərbaycan arasında 30 il əvvəl – 1992-ci il avqustun 27-də qurulmuş diplomatik münasibətlər üçün əlamətdar ildir. Bu, tarixi ölçüdə nisbətən qısa müddət olsa da, hələ də iki qardaş ölkə arasında dövlətlərarası münasibətlərin formalaşması və inkişafında mühüm mərhələni müəyyənləşdirir. Münasibətlərin səviyyəsini müəyyən edən əsas məqamlara 2005-ci ildə Bakıda imzalanmış Strateji Tərəfdaşlıq və Müttəfiqlik Münasibətləri haqqında müqavilə daxildir. Bu, iki ölkə arasında dostluq və müttəfiqlik münasibətlərinin dərin köklərini qeyd edən strateji xarakterli ilk sənəddir. Xüsusilə qeyd etmək lazımdır ki, hər iki postsovet ölkəsi bir-birinin suverenliyini və ərazi bütövlüyünü təkcə sözdə deyil, həm də konkret əməllərdə açıq şəkildə dəstəkləyir. Çoxvektorlu və balanslaşdırılmış xarici siyasət müasir çağırışlara, o cümlədən son aylarda dünyada müşahidə olunan geosiyasi turbulentliyə davamlılıq nümayiş etdirir.
Ümumiyyətlə, bu il Azərbaycanın Mərkəzi
Asiya ölkələri ilə, xüsusilə
də işgüzar və nəqliyyat
layihələri üzrə əsas tərəfdaş olan Qazaxıstanla iqtisadi-ticari
münasibətlərini genişləndirmək və dərinləşdirmək
üçün əlamətdar oldu. Hələ ötən
ilin sonlarında Türk
Dövlətləri Təşkilatının üzvü
olan ölkələrin bir
neçə zirvə sammiti və nazirlərin
görüşləri zamanı Mərkəzi Asiya
regionu ilə Azərbaycan arasında nəqliyyat,
işgüzar, investisiyaların təşviqi
və Türkiyə ilə preferensial ticarət əlaqələrinin genişləndirilməsi
üzrə uzunmüddətli yol xəritəsi
hazırlanarkən müsbət tendensiyalar
üstünlük təşkil etməyə
başladı. Bununla yanaşı, Rusiya-Ukrayna münaqişəsi və onunla bağlı Qərb sanksiyaları Mərkəzi
Asiya ölkələri ilə Avropa arasında ənənəvi nəqliyyat-logistika marşrutlarını çətinləşdirdi
və nəticədə, bu, ölkələrin
“Orta dəhliz”də iştirakını
genişləndirməyə sövq edən
təkan rolunu oynadı. Məlum olduğu kimi, Azərbaycan
Asiyadan Avropaya enerji resurslarının nəqlində körpü rolunu
oynayır. Bu gün
Qazaxıstan neftinin əhəmiyyətli
hissəsinin Bakı-Tbilisi-Ceyhan marşrutu
ilə nəqlinə dair “KazMunayQaz”
və Azərbaycanın dövlət neft
şirkəti olan SOCAR arasında
danışıqlar aparılır. Yekun nəticə
ildə 1,5 milyon barrel
Qazaxıstan neftinin dünya
bazarına çıxarılmasını nəzərdə
tutur.
Əlbəttə, Qazaxıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu vaxtda bir sıra hökumət səfərləri, biznes və humanitar forumlar, o cümlədən ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyasının 18-ci iclasının keçirilməsi ilə əlamətdar oldu. Məhz bu dövrdə dost dövlətlər 2026-cı ilə qədər əməkdaşlığın kompleks inkişaf proqramının hazırlanmasına, həmçinin Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının, yəni iki ölkənin biznes dairələrinin dialoqunun gücləndirilməsinə, qeyri-neft sahəsində ticarət-iqtisadi və investisiya əməkdaşlığının möhkəmləndirilməsinə, habelə regional sənaye inteqrasiyasının istifadə olunmamış potensialına dair platformanın yaradılmasına başlayıblar. Ümumiyyətlə, bu trendlər son illər ərzində kifayət qədər uğurla inkişaf etmişdir.
Azərbaycan sahibkarları böyük investisiya fəallığı göstərirlər. Bu gün Qazaxıstanda Azərbaycan kapitalı (ticarət-vasitəçilik fəaliyyəti, yol tikintisi, emal və logistika) olan 500-dən çox şirkət qeydiyyata alınıb. Azərbaycanda isə sənaye, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti və nəqliyyat sahələrində 145-ə yaxın qazax şirkəti fəaliyyət göstərir. Bununla yanaşı, aydındır ki, ticarətin hazırkı səviyyəsi ölkələrin mövcud iqtisadi potensialını tam şəkildə əks etdirmir və ötən ildən hökumətlər səviyyəsində işgüzar əlaqələrin maksimum genişləndirilməsi, strukturunun diversifikasiyası, o cümlədən investisiya əməkdaşlığının artması hesabına işlər görülür. Qazax liderinin səfəri çərçivəsində ikitərəfli gündəliyin aktual məsələlərinə, regional təhlükəsizliklə bağlı məsələlərə, beynəlxalq problemlərə dair ətraflı danışılar aparıldı və sənədlər imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, imzalanmış sənədlər iki ölkə arasında münasibətlərin daha geniş hüquqi bazasını yaradır.
Xatırladaq ki, Azərbaycan və Qazaxıstan arasında 140-dən çox dövlətlərarası və hökumətlərarası saziş imzalanıb. Həmin sənədlər içərisində Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında imzalanmış Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Dövlət başçımız mətbuata bəyanatında bildirdi ki, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir: “Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.
Prezident İlham Əliyev, həmçinin qardaş ölkənin ali mükafatı olan “Altın Kıran” ordeni ilə təltif edilməsinə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığını bildirdi, iki ölkə xalqlarını tarixə və ortaq köklərə bağlı olduğunu nəzərə çatdırdı. Azərbaycan Prezidenti vurğuladı ki, bu gün iki müstəqil dövlət müstəqillik yolu ilə inamla irəliləyir, uğurlu islahatlar həyata keçirir, yüksək iqtisadi inkişaf templəri nümayiş etdirir, sosial məsələləri həll edir, dövlətlərin dünya miqyasında nüfuzunu gücləndirir: “Mən çox fəxr edirəm ki, Siz məni qardaş ölkə olan Qazaxıstanın ali ordeni ilə təltif etməyi lazım bilmisiniz. Bundan sonra da bizim dostluq və qardaşlıq münasibətlərinin inkişafına töhfə vermək üçün öz tərəfimdən əlimdən gələni edəcəyəm”.
Bir sözlə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji münasibətlərin güclənməsinə, iqtisadi əlaqələrin intensivləşməsinə, eləcə də humanitar əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verəcək. Prezident İlham Əliyevin dediyi kimi, Qazaxıstan ilə münasibətlər bundan sonra da Azərbaycanın xarici siyasətində prioritet olacaq.
Natiq QULUZADƏ,
YAP Zəngilan
rayon təşkilatının sədri, politoloq
Xalq qəzeti.- 2022.-
27 avqust.- S. 3.