Minsk qrupunu diriltmək
cəhdi nəyə xidmət edir?
ABŞ dövlət katibi Entoni Blinken “Twitter”də səfir Filip Rikeri Qafqaz danışıqları üzrə baş məsləhətçi və Minsk qrupunun həmsədri təyin etdiyini deyərək, belə bir təyinatın Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli məqsədi daşıdığını vurğulayıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə ABŞ Dövlət katibi Entoni Blinkenin 24 avqust tarixli həmin fikrinə münasibət bildirərkən qeyd edib: “Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki postmünaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur”.
L.Abdullayeva daha sonra Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyinin ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunduğunu diqqətə çatdırıb: “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan – Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”.
Əslində, bu, istər işğal dövründə, istərsə də İkinci Qarabağ müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra “Dağlıq Qarabağ”, “Minsk Qrupu” kimi ifadələrin arxasında öz məkrli niyyətlərini gerçəkləşdirməyə cəhd göstərən Ermənistanın radikal-revanşist qüvvələrini, necə deyərlər, vəcdə gətirib. Başqa sözlə, dolayısı ilə ABŞ Dövlət katibinin Minsk Qrupunu “diriltmək” istəyi ilə bağlı olan bu bəyanatı Ermənistanın Azərbaycanla böyük sülh anlaşmasından qaçmasına, bu məsələdən yararlanmaqla vaxtı uzatmağa, hansısa yeni revanşist planlar qurmağa, işğalçının kapitulyasiya sənədinin tələblərini icra eləməkdən yayınmağa yönəlib.
Beynəlxalq münasibətlərdə tüğyan edən bu cür ikili standartlardan yararlanan Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladı. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. Həmçinin 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu.
Lakin hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtinasına baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq olunmadı. Təcavüzkar Ermənistanla işğala məruz qalan Azərbaycan arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirdi, hərbi cinayətlər törətdi, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirdi, Azərbaycan xalqının mədəni və dini irsini məhv etdi. Bütün bunlar azmış kimi yenidən müharibəyə başlayıb yeni ərazilər işğal etmək iddiasını gizlətmədi.
Yaranan münaqişənin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunan ATƏT-n Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışıb və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalıb. Həm işğalçıya, həm də işğala məruz qalan tərəfə eyni münasibət bəslənilib və beynəlxalq qətnamələr kağız üzərində saxlanılıb. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirərək, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışıb. Digər bir mötəbər beynəlxalq təşkilat olan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirib, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənib. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.
Cəzasızlığı görən Ermənistan isə daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atıb.
İşğalçı ölkə belə bir növbəti təxribatı isə 2020-ci il sentyabrın 27-də törədərək, Azərbaycana qarşı genişmiqyaslı hərbi hücuma başladı. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.
İkinci Qarabağ nüharibəsində tamamilə məğlub edilən Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda vurğulanan qətnamələrinin icrasını reallaşdırdı, uzun müddətli münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Beləliklə, Qarabağ münaqişəsi artıq keçmişdə qaldı.
Beləliklə, Silahlı Qüvvələrimiz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə etdiyi tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçını düşməndən təmizlədi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.
Xatırladaq ki, Vətən savaşından dərhal sora Azərbaycan sülh təşəbbüsləri ilə çıxış etdi. Buna misal olaraq, Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi və beləliklə, Brüssel sülh gündəliyinin əsası qoyuldu. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar davam etdirildi, telefon danışıqları keçirildi. Nəhayət, dövlətimizin başçısının bu il aprelin 6-da Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanla görüşlərindən irəli gələn postmüharibə dövrünün yeni formatı – Brüssel sülh gündəliyi yaradıldı.
Həmin görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alındı. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verildi.
Sülh razılaşmasının əsas komponenti olaraq Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılması qarşıya əsas məqsəd kimi qoyuldu. Bu sənəddə əsas məqam isə Azərbaycanın ərazi bütövlüyü oldu. Eyni zamanda, tərəflər arasında sərhəd məsələləri üzrə birgə komissiya yaradılması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə edildi. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapdı. Bütün bunlarla yanaşı, nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alındı.
Yeri gəlmişkən, həmin sənəddə mühüm bir məqam – “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupu (MQ) həmsədrlik institutina istinad yer almadı. Bu, Avropa İttifaqının İkinci Qarabağ müharibəsindən sonra yaranan yeni geosiyasi reallığı qəbul etməsi və öz mövqeyində bu reallığa əsaslanması demək idi. Həmçinin mövcud vəziyyət münaqişə həll olunduğuna görə, ATƏT-in MQ-nin lazımsız təsisata çevrilməsinin, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və formatın yaranmasının təsdiqi idi.
Bütün bunlar isə Avropa İttifaqının dünyada mövcud olan ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri kimi, qərəzsiz və bitərəf mövqe tutmasından, Azərbaycan və Ermənistan tərəfdən də etimad göstərilməsindən, bu nüfuzlu təşkilatın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına maraqlı olmasından xəbər verir.
Burada onu da xatırladaq ki, Azərbaycan tərəfi ilk olaraq Ermənistanla sülh sazişinin imzalanması təklifini yuxarıda qeyd olunduğu kimi, ən yüksək səviyyədə irəli sürüb və sazişin əsaslanmalı olduğu konkret prinsipləri səsləndirib. Lakin Ermənistan tərəfi bu istiqamətdə ciddi, konkret addımlar atmaqdan, əsassız olaraq, müxtəlif bəhanələrlə, eləcə də ATƏT-in Minsk Qrupunu bu məsələyə qoşmaqla yayınıb.
Beləliklə, rəsmi İrəvan Vətən müharibəsindən ötən dövr ərzində məlum üçtərəfli Bəyanatda, eləcə də Brüssel görüşündə vurğulanan məsələləri reallaşdırmaq, Azərbaycanla Ermənistan arasında normallaşdırma siyasətini gerçəkləşdirmək əvəzinə, mövcud situasiyanın gərginləşməsini şərtləndirən bəyanatlar verib. Bundan çıxış yolu kimi bir daha vurğulayaq ki, ATƏT-in Minsk Qrupuna sığınmağa cəhdlər göstərib.
Ancaq Azərbaycanın bəyan etdiyi kimi, Minsk Qrupu artıq mövcud deyil. Onu təkrarən bərpa etmək üçün isə heç bir geopolitik səbəb və əsas yoxdur. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Minsk Qrupu həmsədrlərinin 30 il ərazində sadəcə, müzakirə etdiyi “Dağlıq Qarabağ problemi” artıq həll olunub. Xankəndi və ətraf bölgə ilə bağlı məsələ Azərbaycanın daxili işidir. Rəsmi Bakı isə Azərbaycanın daxili işlərini hər hansı xarici dövlət və ya qurumla müzakirə etmək niyyətində deyil.
Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı çıxışında son vaxtlar Ermənistan rəhbərliyinin yenə də hansısa status haqqında danışmağa başladığını xatırladaraq, deyib: “Halbuki müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq...”.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays keçirilən brifinqdə Vaşinqtonun Azərbaycana və Ermənistana “istənilən yolla, daha səmərəli olacaq formatda yardım etməyə hazır olduğunu” təsdiqləyib.
Bakının ATƏT-in Minsk Qrupuna qarşı davam edən tənqidi ilə bağlı sualına cavabında isə Prays deyib: “Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, lakin biz artıq göstərmişik ki, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülh əldə etməsinə kömək etmək üçün ikitərəfli əsasda da qarşılıqlı fəaliyyətə hazırıq”.
Beləliklə, ABŞ da Minsk Qrupunun “köməyinə” ehtiyac qalmadığını bildirib və tərəflər arasında sülh sazişinin bağlanmasında, normal əlaqələr qurulmasında yardımını təklif edib. Elə Ned Praysın keçirdiyi brifinqdən az sonra ABŞ-ın Dövlət katibi Entoni Blinken də Azərbaycan və Ermənistan liderləri ilə telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin qurulmasına ABŞ-ın kömək etmək arzusunda olduğunu deyib.
Burada vaxtilə ATƏT-in Minsk qrupunun həmsədrlərindən bir olan Fransanın bölgədə yaranan yeni reallığa münasibətinə də qısa nəzər salaq. Belə ki, Fransa Prezidentinin bu il fevralın 4-də keçirilən videoformatda görüşə ATƏT-in Minsk qrupunun həmsədri kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi qatılması da artıq postmünaqişə dövrünün reallıqlarını qəbul etdiyinin təsdiqi kimi diqqət çəkdi. Sirr deyil ki, Fransa daim ermənipərəst mövqeyi, işğalçı Ermənistana dəstəyi ilə diqqətdə olan ölkə olub. İstər 30 illik işğal dövründə, istərsə də Vətən müharibəsinin davam etdiyi günlərdə Fransanın yürütdüyü siyasətə, səsləndirdiyi bəyanatlara diqqət yetirsək daim özünə qarşı etimadsızlıq mühitini yaratdığını görərik. Artıq bu günədək keçirilən Moskva, Soçi, Brüssel görüşlərinin, həmçinin bu il fevralın 4-də keçirilən videoformatda görüşün birgə Bəyanatına diqqət yetirsək Minsk qrupuna istinadın olmadığı aydın görünər.
Beləliklə, 30 illik işğal dövründə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən, ikili standartlara əsaslanan siyasəti ilə münaqişənin həllinin uzanmasına yardımçı olan ATƏT-in Minsk qrupunun fəaliyyəti artıq başa çatıb. Azərbaycan özü ədaləti bərpa edib, BMT qətnamələrini təkbaşına gerçəkləşdirib. Bir sözlə, 28 illik fəaliyyəti dövründə işğalçını adı ilə çağırmaq istəməyən, amma münaqişənin həllinə vasitəçilikdən danışan quruma hazırkı dövrdə - işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin geniş vüsət aldığı mərhələdə ehtiyac qalmayıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 7.