Ələt Azad İqtisadi
Zonasının fəaliyyətində səmərəlilik prioritet istiqamətdir
Azərbaycan Prezidenti İlham Əliyev “Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 25 avqust 2022-ci il tarixli sərəncam imzalayıb. Sərəncamda adıçəkilən iqtisadi zonanın ərazisi qismində müəyyənləşdirilən torpaq sahəsinin dövlət mülkiyyətinə aid 60 hektar təşkil edən hissəsinin birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə səlahiyyətli quruma verilməsi öz ifadəsini tapıb. Bununla bağlı İqtisadiyyat Nazirliyi və Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumuna bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yeri gəlmişkən, bu ilin iyun ayında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi də təsdiqlənib. Qanun layihəsində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin tənzimlənməsi ilə əlaqədar yeni maddələr öz əksini tapıb. Bununla da sözügedən zonanın fəaliyyəti beynəlxalq təcrübəyə uyğun olaraq təkmilləşdirilib, onun hüquq və vəzifələrində, qurumun vergi və gömrük tənzimlənməsində, investorların hüquqlarının qorunmasında, habelə üzləşilən mübahisələrin həlli mexanizmlərində müvafiq təkmilləşdirmələr gerçəkləşdirilib.
Yeri gəlmişkən, “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri vasitəsilə ölkəmizin rəqabətqabiliyyətliliyini təmin etmək mühüm vəzifə kimi qarşıya qoyulub. Son illərdə bu məsələ nəqliyyat və iqtisadi əhəmiyyəti ilə bərabər, geosiyasi rolu baxımından da xüsusi diqqət çəkib. Bu, təsadüfi deyil. Çünki Azərbaycanın həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak etməsi, ölkəmizi regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi tanıdıb. Prezident İlham Əliyevin 2016-cı il mart ayının 17-də Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması da məhz yuxarıda xatırlatdığımız məqamla bağlı olub.
Xatırladaq ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı birinci kateqoriya limanlar üçün müəyyənləşdirilən texniki tələblərə uyğun layihələndirilib və inşa olunub. Bununla da dövlətimizin başçısının nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin və qlobal miqyaslı təşəbbüslərinin Azərbaycanın sosial-iqtisadi inkişafına böyük töhfə verdiyi təsdiqlənib.
Qeyd edək ki, son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli tədbirlər həyata keçirilir, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.
Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Bura su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan hazırda dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək, Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq.
Onu da xatırladaq ki, yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb.
Ekspertlərin sözlərinə görə, adıçəkilən bu qurum daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edir. İnvestisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Belə bir iqtisadi zonanın yaradılması isə Azərbaycana tranzit ölkə olaraq öz imkanlarını genişləndirmək imkanı yaradır və ölkə ərazisinə daha çox yükdaşımaların artırılmasını şərtləndirir.
Ələt Azad İqtisadi Zonası dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, investisiyaların artımına, ehtiyatda olan məhsulların bir qisminin daxili bazara çıxarılmasına, idxaldan asılılığın aradan qaldırılmasına, bir sözlə, Azərbaycan iqtisadiyyatının inkişafına da müsbət təsir göstərib.
Ekspertlərin açıqlamalarına görə,Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ətrafında da Dubaydakına bənzər bir azad iqtisadi zona modelinin reallaşdırılması nəzərdə tutulur. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir.Yəni belə zonalarda kənar müdaxilə ehtimallarını məhdudlaşdırmaqla, azad iqtisadi zonanın səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır. Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər.
V.BAYRAMOV
Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 7.