KURMANQAZI – Ulu Qazax sənətkarının adı Qarabağ torpağında!

 

Avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev qardaş ölkənin “Bİ-GroupHoldinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub. Füzuli şəhərində mərkəzin tikintisi layihəsi Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddətdə hazırlanıb. İki hektar ərazidə məkan müəyyən edilib. Orada çağdaş memarlığa və Füzuli şəhərinin Baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür şərait olacaq.

Qazax qardaşlarımızın klassik bəstəkarı, instrumentalistulu el sənətkarı Kurmanqazını oxucu­larımıza yaxından tanıdaq: Kurmanqazı Sağırbayulı (1818 (və ya 1823)–1896) – Bökey Ordasında (Qərbi Qazaxıstan vilayətinin Bökeyorda rayonunda) kasıb Sağırbayın ailəsində anadan olub. Qazax xalqını təşkil edən üç jüzdən “Kiçik jüzün Bayulı nəslinin Qızılqurd tirəsindəndir. O, hələ uşaq yaş­larında ikən dombra çalmağa başlayıb. Kurmanqazıda erkən yaşlarından musiqiyə qarşı duyulan böyük həvəs və vurğunluq atası tərəfindən birmənalı qarşılanma­sa da, anası oğluna dəstək olub. Parlaq şəxsiyyət və güclü iradə sahibi olan Alka xanım, oğlunun musiqiyə olan sevgisini düzgün dəyərləndirib, ona inanıb.

Kurmanqazının uşaqlığı çətin şəraitdə keçib (yoxsulluq səbəbindən o, 4 il çobanlıq etməli olub). Bununla belə, Kurmanqazı doğma auluna gələn küyşiləri (musiqiçiləri) həvəslə dinləyirdi. O, qoşasimli dombranın səsinə aşiq idi: böyük çölün parlaq musiqi­çisi Sokir Eszhanı dinləməkdən doymur, onun dombrasının “dilini, “dinini anlayır, ona dərin vurğun­luq içində, öz xəyallarını qururdu. Kurmanqazının doğma auluna gələn musiqiçilər arasında ünlü musiqiçi Uzak xüsusi seçilirdi və məhz o, gənc Kurmanqazının musiqiyə böyük marağını görür, onun gələcəkdə parlaq sənətkar ola biləcəyinə inanır. Beləliklə, Kurmanqazı 18 yaşında doğma aulunu tərk edərək, bir növ dərviş kimi yaşamağa – köçəri musiqiçi­nin “sərsəri həyat”ına başlayır. O, dövrünün Bayjuma, Balamaysan, Baybaktı, YesjanŞerkeş kimi tanınmış dombraçılarından dərs alaraq, ustalığını inkişaf etdirməyə davam edir. Kurmanqazı ustadı Uzak ilə yaxın - uzaq ellərdəki müxtəlif sənət yarışlarında iştirak edir və görkəmli dombraçılar sıra­sına yüksəlməyi bacarır.

Kurmanqazının “Kişkentay” (“Kiçik”) adlı ilk bəstələrindən biri xalq üsyanına həsr olunub. O, xalqdan aralı yaşayan, xeyirxahlıqdan uzaq olan varlıları açıq tənqid etdiyi üçün təqib olunurdu. Haqsevər sənətkar bir neçə dəfə həbsə atılsa da, təslim olmayıb. O, Uralsk, Orenburq (və bəzi qaynaqlara görə İrkutsk) şəhərlərinin həbsxanalarında saxlanıb. Onu da vurğulayaq ki, adıkeçən şəhərlərdə o vaxtlar qazaxlar və digər türk xalqları üstünlük təşkil edirdi. Qazaxıstan respublikası qurulanda ilk pay­taxtı Orenburq olub. Öz sənətkar həyatı boyunca, xüsusilə gənclik illərində təhqir və təqiblər görmüş Kurmanqazı bəstələdiyi “Alatau” və “Sarıarka” mahılarında xalqın azadlıq düşüncələrini, qazax ellərinə dərin məhəbbətini təcəlla etdirib. Kurmanqazı Sağırbayu­lının davamçısı – urallı jurnalistşair Nikita SaviçevUralskiye voyskovıye vedomosti” qəzetində yazırdı: “Sağırbayulı nadir musiqi ruhuna sahibdir və əgər o, Avropa təhsili alsaydı, musiqi dünyasının bir saylı ulduzu olardı”...

Kurmanqazı 1862-ci ildə həmyerlisi – başqa bir bö­yük musiqiçi Dəuletkerey ilə görüşüb, tanış olur. Hər iki dombra improvizəçisi bir-birini nəzərəçarpacaq dərəcədə təsirləndirib. Təsadüfi deyil ki, Kurmanqazı Dəuletkereyin “Bülbül” bəstəsini öz repertu­arına daxil edib. “Sınıracam”, “Sabah gedəcəm”, “Kisən akkan”, “Həbsxanadan qaçıb”, “Araba vurdu” və başqa mahnılar Kurmanqazının ünlü əsərlərindəndir...

 

* * *

Kurmanqazının beşinci babası Baltabaylar nəslindən sənətkar olub. Onun yeddinci babası Ərşi isə bəlağəti, natiqliyi ilə seçilən bir insan kimi tanınıb. O, Beriş nəsli ilə də sıx qohumluq bağ­larına malik olub. Qazax elinə kənardan təzyiqlər zamanı igidliyi ilə seçilən Ağatay Batırın adı Beriş nəslinin şüarı sayılıb. Həmin vaxtdan Ötəmiş bi, Mahambet Ötemisulu, İsatay Taymanulı təkcə Beriş nəslinin deyil, bütövlükdə qazaxların şərəfli oğulları olaraq sevilib. Sənətkar fiziki ömrünün son illərini də şagirdlər tərbiyə etməyə və ovçuluğa həsr edib. O, indiki Həştərxan vilayəti, Volodar qəzasının Altınjar şəhərində vəfat edib. Ruhu şad olsun!

Sənətkarın doğulduğu rayon hazırda onun şərəfinə Kurmanqa­zı adlanır. Qardaş Qazaxıstanın böyük oğlunun adı, vəfatından 126 il sonra türk dünyasının, baş­qa bir böyük sənətkarı – Şərqin qüdrətli söz ustadı Füzulinin adını daşıyan rayonda da əbədiləşdirilir. Qazaxıstanın Qafqazdakı qar­daşlıq edəcəyi Azərbaycanın Füzuli şəhəri 44 günlük Vətən müharibəsinin gedişində (17 oktyabr 2020) azad olunan ikinci şəhərimizdir. Kurmanqazı adına “Yaradıcılığın İnkişafı Mərkəzi”ndə Füzulinin gələcək sakinləri, baca­rıqlı balalarımız dörd istiqamətə yararlana biləcək: musiqivokalxor oxuma, çağdaş texnologi­yalar, sənət və yaradıcılıq (dulusçuluq, heykəltəraşlıq) və idman, xoreoqrafiya...

Qardaşlığımıza xeyirli - uğurlu olsun! Belə bir düşüncəyə gəlmək, fikir hasil etmək, layihələndirmə aparmaq və gerçəkləşdirmək özlüyündə xeyirdir, uğurdur.

 

Paralellər

 

Kurmanqazı yeniyetmə və gənc yaşlarından doğru ilə yanlışı ayırmağa, həyatda fəal mövqe tutmağa çalışırdı. Onun yeniyetməlik, gənclik illəri çar Rusiyasının müstəmləkəçilik siyasətinin tüğyan etdiyi, qanlar axıdıldığı illərə düşmüşdü. O, taleyin sərt üzünə sənətin gücü ilə çıxırdı. Kurmanqazının həyat eşqi tükənməz idibunu tərənnüm edirdi. Kurmanqazının sənətkar şəxsiyyəti onun konseptual musi­qiçi olması ilə səciyyələnir. Yalnız öz dövrünə qapanıb qalmamaq, nəsillərin taleyinə təsir edən hadisələri, tarixi, çağdaşlığı və gələcəyin üfüqlərini öz yaradıcılı­ğında təcəlla etdirmək Kurmanqa­zının mənəvi tələbatına, sənətçi təbiətinə xas özəllik idi. Kurman­qazının sənətkarlığı, malik olduğu hünəri, ülvi ruhu yalnız özünü ifadə etmir, onu yetirən mühiti, mənsub olduğu xalqın mənəvi zənginliyini göstərir.

Kurmanqazı təkcə öz sənəti ilə deyil, həm də ömrü ilə doğma xalqının bütün keyfiyyətlərini, keşməkeşli dönəmlərdə xalqı diri tutan ruhu, xəlqi cəsarəti təcəssüm etdirir. Onun haqqında belə deyilir: şeirdə Məhəmbət (M.Ötəmişulu) kimi, elmdə Şokan (Ş.Vəlixan) kimi, döyüş meydanında Kenesarı (K.Kasımulı; xan) kimi şan-şöhrətə, var-dövlətə aldanmadan mərd yaşadı...

Füzuli şəhərinin, Qarabağın, Azərbaycanın da taleyi keşməkeşli olub. Bəzən bir insanın ömrü bir şəhərin, ölkənin taleyinə oxşaya bilər. Türk dünyası bir bütövdür, bizim ortaq keç­mişimiz olduğu kimi ortaq gələcəyimizi düşünməyimiz, belə düşüncələrimizi gerçəkləşdirmək haqqımız var! Şəhərlərin, ölkələrin və qardaşlığın ömrü şəxsiyyətlərin, sənətkarların ömrü ilə zənginləşir... Sənətkarlarımız, ziyalılarımız kimi, şəhərlərimiz, Qarabağımız, Azərbaycanımız da çətin günlər yaşayıb, amma sınmayıb, dirəniş göstərib, hünər göstərib və zəfər qazanıb. Qardaş Qazax xalqının mübariz sənətkar oğlunun adı Füzuli şəhərindəki yeni mədəniyyət ocağına çox ya­raşacaq! Orada yetişən yeniyetmə və gənclər Füzulinin, Qarabağın, Azərbaycanın gözəlliklərini bütün türk dünyasına yayacaq.

Heç nə təsadüfi deyil! Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanın ən yüksək dövlət təltifi “Altın kıran” (“Qızıl qar­tal”) ordeni ilə təltif olunması da özündə rəmzlər və dərin məna daşıyır. Qardaş ölkənin ən yüksək ordenini dövlət başçımıza təqdim edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu qürur­verici tarixi sözləri dedi: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq ola­raq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi gö­rüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehti­ram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

Dövlətlərimiz, dövlət başçıları­mız var olsun! Altın kıranın – Qızıl qartalın qanadlandığı göy üzü heç vaxt qaralmasın, üfüqü heç vaxt daralmasın! Füzulinin və Kurman­qazının ruhları şad olsun!

 

Əkbər QOŞALI

 

Xalq qəzeti.- 2022.- 27 avqust.- S. 10.