Soydaşlarımız doğma torpaqlarımıza qayıdışın sevincini yaşayırlar

 

Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. ZabuxSus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

 

Dövlət başçısının “Twittersosial şəbəkə hesabında paylaşdığı bu fikirlər bizə 44 günlük Vətən müharibəsində anbaan keçirdiyimiz həyəcanlı günləri bir daha xatırlatdı. Laçın rayon mərkəzi, ZabuxSus kəndləri istisna olmaqla, rayonun qalan əraziləri müharibədən sonra ordumuzun nəzarətində idi. Lakin 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtləri gec-tez icra olundu və Laçın şəhəri, o cümlədən tarixi ZabuxSus kəndləri də yenidən ordumuzun nəzarəti altına keçdi. Bu, böyük qələbədir, Azərbaycan sərhədlərinin bütövləşməsi istiqamətində növbəti “çox önəmli nailiyyətdir” – desək, yanılmarıq.

Keçək Zabux kəndinin erməni millətçiləri, separatçı quldur dəstələri üçün əhəmiyyətinə. Arxiv sənədlərində qeyd olunur ki, Türkiyə vətəndaşı olan, lakin öz ölkəsinə xəyanət etmiş quldur Andranikin dəstələri Gorusa gəldikdən sonra daha da fəallaşırlar. Azərbaycan ərazilərindən keçərək, Gorusa gələn həmin avantürist burada bütün Qarabağ ermənilərinin ümumi hərbi mükəlləfiyyətini elan edir. O vaxt­dan başlayaraq Andranikin əsgərləri erməni kəndliləri ilə birlikdə Zəngəzur qəzasında müsəlman kəndlərini məhv etməyə, yandırıb dağıtmağa, əhalini vəhşicəsinə qırmağa başlayırlar. Sonra Andranik 3 dəfə Zabux dərəsindən keçərək ermənilərin “Kiçik Ermənistan” adlandırdıqları ərazinin – Qaraba­ğın mərkəzi Şuşa şəhərini tutmağa təşəbbüs edir. Lakin onun hücum­ları yerli müsəlman əhali tərəfindən müvəffəqiyyətlə dəf edilir. Hər dəfə qanlı döyüşlərdə Andranik böyük itki verərək, geri çəkilməyə məcbur olur.

Xatırladaq ki, Zabux dərəsi elə bir relyefə malik nöqtədir ki, Qarabağ erməniləri ilə Ermənistan ermənilərinin separat sövdələşməsi bu ərazidə mümkün olmuşdur. Andranikin, Dro­nun başçılıq etdiyi Gorusda cəmləşən erməni quldur dəstələri Qarabağa daxil olmaq üçün yalnız bu yolu məqbul hesab etmiş, Şuşaya çatmaq üçün əsas bu istiqamətdən hərəkət etməyi qarşılarına məqsəd qoyublarmış. Üzərindən bir əsr keçdikdən sonra da – 1992-ci ildə Laçının alınması əsasən dəhlizin alınmasından sonra mümkün olmuşdur. Ermənilərin önəmli dəhliz hesab etdiyi bu nöqtə Zabux kəndinin yerləşdiyi ərazidən başlayır. Bu kənddə həyata keçirilən qanunsuz məskunlaşdırmanın da təfərrüatına diqqət yetirdikdə ərazinin Ermənistan – “Artsax” münasibətlərində nə qədər önəmli məkan olması aydın olur.

 

Qanlı dərə

 

Zabux dərəsi uzun müddət həm laçınlıların, həm də ermənilərin yaddaşında “Qanlı dərə” kimi xatırlanmışdır. Belə ki, 100 il əvvəl Xosrov bəy və Sultan bəy Sultanov qardaşlarının əzmkarlığı sayəsində Azərbaycan Xalq Cümhuriyyəti Qarabağ və Zəngəzur üzərində hakimiyyətini bərqərar edərək, erməni separatçı-terrorçu dəstələrini məğlub etmişdi. 1919-cu ilin fevralın­da məhz Xosrov bəyin qardaşı Sultan bəyin silahlı könüllüləri Şuşaya hücuma hazırlaşan daşnak qüvvələri komandanı Andranikin rəhbərlik etdiyi qüvvələri Laçının Zabux kəndində darmadağın edirlər. 600-dən çox erməni qulduru əsir götürülür, yüzlərlə silahlı məhv edilir. Zabux döyüşü ermənilərin getdikcə alovlanan separatçı çıxışlarına ciddi zərbələr vurur.

Qeyd edək ki, hələ 1905-1907-ci illərdə baş verən erməni-azərbaycanlı qarşıdurmaları zamanı Sultan bəyin atası Əlipaşa bəy bölgə əhalisini erməni hücumlarına qarşı təşkilatlandıraraq əhalini qoruya bilmişdi. Arxiv sənədlərində əsasən bölgənin ağası, bəyi kimi xarakterizə olunan Sultan bəy də, qardaşı kimi ciddi hərbi-taktiki biliklərə sahib olmuş, bölgəni yaxından tanımış və düşmənin güclü, silahlı hərbi birləşmələrinin olmasına baxmayaraq, manevrlər edərək daşnakları Zabux dərəsində tələyə salmış və məhv etmişdir.

 

Bu, o vaxtlar idi ki, AXC hökumətinin birinci kabinetində müdafiə naziri postunu tutan Xosrov bəy Sultanov 29 yanvar 1919-cu il ta­rixli hökumət qərarı ilə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının gene­ral-qubernatoru təyin olunmuşdu. Fak­tiki olaraq bölgənin silahlı qüvvələrinə nəzarət edən, regionun önəmli simala­rından birinə çevrilən hər iki qardaşın Zəngəzurun bütün nahiyyələrindən toplanmış vətənpərvər könüllülərin birgə mübarizəsi nəticəsində Qa­rabağda erməni üsyanları yatırılır, Zəngəzurun Gorus hissəsindən Qarabağa sızmağa çalışan erməni dəstələr məğlubiyyətə uğradılır. Bu, bir cihad idi desək, – yanılmarıq. Təsadüfi deyildir ki, həmin vaxt Zəngəzurun nüfuzlu ruhanilərindən sayılan qazi Bəhlul Behcət əfəndi düşmənə qarşı barışmaz olmağın və döyüşməyin vacibliyi haqqında cihad da elan etmiş­di. Beləliklə, qaniçənlərin hərəkətləri yatırılır və ermənilər AXC dövlət hakimiyyətini qəbul edirlər. 1918-1919-cu illərdə ermənilərin Zəngəzurda törətdiyi türk-müsəlman qətliamı da məhz bu qələbədən sonra dayandırı­lır. Hətta, bu qələbənin 1919-cu ildə Səməd bəy MehmandarovunCavad bəy Şıxlinskinin rəhbərliyi altında apa­rılan Zəngəzur əməliyyatının həyata keçirilməsinə də ciddi təsir göstərir.

 

Yüz il sonra

 

XX əsrin sonlarında Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri Ermənistanla birbaşa əlaqələri tamamilə bərpa etmək üçün Şuşa – Laçın – Zabux yolunu açmağa başladılar. Burada söhbət Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafədən gedirdi. Şuşanın iğalından sonra oranı tərk edərək Turşsu və Laçına doğru geri çəkilən Azərbaycan Ordusu döyüşçülərinin mənəvi-psixoloji vəziyyəti yaxşı deyildi. Texnikanın sayı az idi və Bakıda hakimiyyət böhranı cərəyan edirdi. Bundan məharətlə istifadə edən düşmən Laçın şəhərinin mərkəzini TurşsuGorus, Tex və Xınatsax istiqamətindən qradtoplarla vurdu. Mayın 16–17-də Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar.

Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq, öz ailələrini şəhərdən çıxarırdılar. Müdafiə Nazir­liyinin bölmələri isə bölünərək digər istiqamətlərə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu.

101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX–XV əsrlərə aid tarixi abidə erməni işğalçılarının tapdağı altında qaldı.

Dağlıq Qarabağ üzrə gəlmə ermənilərin ən sıx məskunlaşdığı yer Laçın ərazisi idi. Burada 12 min erməni yerləşdirilmişdi. Laçının adı dəyişdirilərək, “Berdzor”, məşhur Minkənd “Xak”, Alıqulular “Alqumişen”, Sultankənd “Xaşatax” adlan­dırılmışdı. Laçındakı qədim ibadət ocaqları, məscid və digər abidələr erməniləşdirilmişdi. Bir sözlə, kəndlərdəki əsrlərin və qərinələrin yaşıdı olan abidələr, qalalar yadellilərin dəfələrlə etdiyi hücumlardan qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə almış, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirilmiş və dünyaya "qədim erməni xalqının yazılı abidələri" kimi təqdim edilmişdir.

Son 100 ildə ermənilər birdəfəlik ekspansiya planlarına daxil olan Laçın rayonu və xüsusilə, Zabux kəndinə hər zaman iddialardan əl çəkmədilər. Birinci Qarabağ müharibəsindən sonra iki dövlət arasında mövcud olan sülh danışıqlarının aktual olduğu dövrdə də erməni siyasətçilər hər vəchlə Laçın ərazisini güzəştə getmək fikrindən ya­yınmağa çalışmış, Zabuxun üzərindən keçən “Laçın dəhlizi” deyilən keçidin məhz onlarda qalması üçün dəridən-qabıqdan çıxmışdılar.

Lakin üzərindən 100 il keçsə də, məkrli planlarının susmadığı, “Dənizdən–dənizə böyük Ermənistan” xülyasını həyata keçirmək üçün qonşu ölkənin ərazisini uzun illər işğalda saxlayan rəsmi İrəvanın, irqçi erməni ideoloqlarının, düşmənçilik toxumu səpən Qriqorian kilsə xadimlərinin bütün planları alt-üst oldu.100 il öncə AXC hökumətində təmsil olunan Xosrov bəy və Sultan bəy Sultanovların igidliyimahir hərbi-taktiki gedişləri sayəsində düşmənin keçə bilmədiyi Zabux, müvəqqəti işğal dövrünü yaşasa da, artıq azaddır. Bu ərazilər artıq Azərbaycan Ordusunun nəzarəti altına keçmişdir. Şübhəsiz ki, müzəffər ordumuz 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçı qüvvələrinə elə bir toy tutdu, düşmən elə sarsıdıcı zərbə aldı ki, Qarabağ və Şərqi Zəngəzurun öz əzəli sahibinə qaytarılması düşmən üçün qaçılmaz reallığa çevrildi. Nəticə olaraq, bu gün tarixin qanlı səhnələrinə şahidlik etmiş, erməni revanşistləri üçün hər zaman keçilməz olan Laçının Zabux kəndində yenidən üçrəngli bayrağımızın dalğalandığının, tarixiilahi ədalətin bərpa edilməsinin şahidiyik.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2022.- 28 avqust.- S. 5.