Azərbaycan –
ŞƏT əməkdaşlığı genişlənir
Son illər ölkəmizin bir çox regional və qlobal qurumlarla əlaqələri genişlənməkdə davam edir. Belə nüfuzlu qurumlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır (ŞƏT). Qeyd etmək lazımdır ki, bu qurum ilə sıx əməkdaşlıq Azərbaycanın milli maraqlarına uyğun olaraq, qarşılıqlı hörmət, inam və etimad əsasında inkişaf etdirilir.
Hörmətli oxucularımıza məlumat vermək istərdik ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin (Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılıbdır. Qurum daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlik hesab olunur.
Sonrakı illər ərzində Hindistan və Pakistan da ŞƏT-ə üzv qəbul olunublar. Əfqanıstan, İran, Monqolustan və Belarus isə təşkilatda müşahidəçi statusuna malikdirlər. Azərbaycan, Türkiyə, Kamboca, Nepal, Ermənistan və Şri-Lanka qurumda “dialoq üzrə tərəfdaş” statusunda təmsil olunublar.
ŞƏT-in əsas məqsədi iştirakçı dövlətlər arasında mehriban qonşuluq, dostluq, qarşılıqlı etimad münasibətlərinin gücləndirilməsi, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.
2015-ci il 10 iyul tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. Həmin il iyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində Prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir.
2015-ci il 16 sentyabr tarixində Çinin Sian şəhərində ŞƏT xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında Azərbaycanın iqtisadiyyat nazirinin müavini iştirak etmişdir.
2016-cı il 14 mart tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında memorandum” imzalanmışdır.
Hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT-ə üzv dövlətlər tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrinin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.
Bu il 27 martda Daşkənddə Hindistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturu Şurasının (RASŞ) 37-ci iclası keçirilib.
İclasda Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın, həmçinin ŞƏT RASŞ İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ŞƏT məkanında regional təhlükəsizliyin mövcud vəziyyəti, terrorizm, separatizm, ekstremizmlə birgə mübarizə tədbirlərinin həyata keçirilməsi və digər məsələlər müzakirə olunub. İclasda ŞƏT RASŞ İcraiyyə Komitəsinin yeni direktoru, Özbəkistanın nümayəndəsi Ruslan Mirzəyev iştirakçılara təqdim edilib. Qərara alınıb ki, ŞƏT RASŞ-nin növbəti iclası Hindistanın paytaxtı Dehli şəhərində keçirilsin.
Bu il mayın 20-də Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin – Özbəkistan, Rusiya, Çin, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın mədəniyyət nazirlərinin 19-cu müşavirəsi keçirilib. Özbəkistanın sədrliyi ilə keçirilən tədbiri bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbekov açaraq ŞƏT çərçivəsində mədəniyyət sahəsində əməkdaşlığın indiki vəziyyəti və perspektivləri haqqında məlumat verib.
Üzv ölkələrin mədəniyyət nazirləri ötən müddət ərzində bu sahədə imzalanan sənədlərin yerinə yetirilməsi, pandemiyanın mədəniyyət sahəsinə təsiri və bundan çıxış yollarının axtarılması, kino, teatr, kitabxana və muzeylər üzrə birgə fəaliyyət planının hazırlanması, ŞƏT ölkələrində yaşayan xalqların adət-ənənələrinin qorunub saxlanması istiqamətində geniş fikir mübadiləsi aparıblar.
Müşavirədə ŞƏT-ə üzv, müşahidəçi və dialoq üzrə tərəfdaş ölkələr arasında mədəniyyət, incəsənət sahələrində birgə tədbirlərin həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi diqqət mərkəzində olub.
2022-ci il mayın 21-də Özbəkistanın qədim Xivə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) nəqliyyat nazirlərinin doqquzuncu müşavirəsi keçirilib.
Tədbirdə təşkilatın üzvü olan Çin, Rusiya, Pakistan, Hindistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nəqliyyat nazirliklərinin və komitələrinin rəhbərləri iştirak ediblər.
Müşavirədə ŞƏT-in üzvü olan dövlətlər arasında əməkdaşlığın daha da gücləndirilməsi, yeni səmərəli nəqliyyat dəhlizlərinin yaradılması, bu ölkələr arasında nəqliyyat sahəsinin inkişaf etdirilməsi ilə bağlı xüsusi işçi qrupun yaradılması və digər məsələlər müzakirə olunub.
Tədbirdə üzv dövlətlər arasında hazırlanan çərçivə konsepsiyasının layihəsi, əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqədar bir sıra sənədlərin layihəsi də qəbul edilib. Bildirilib ki, müşavirədə qəbul olunan sənədlərin ŞƏT Dövlət Başçıları Şurasının bu il sentyabrın 16-da Səmərqənddə keçiriləcək Zirvə görüşündə təsdiq olunacağı gözlənilir.
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min Milli bayramımız – Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sənəddə deyilir ki, bu gün Azərbaycan Respublikası millətlər birliyində xüsusi yer tutur. Ölkə xalqın rifah səviyyəsinin və beynəlxalq aləmdə nüfuzunun daim artmasına səy göstərərək uğurla inkişaf edir. Bakının xarici siyasət vektoru ölkənin milli maraqlarına xidmət edir, daxili potensialını artırmağa və tərəqqi yolu ilə irəliləməsinə imkan yaradır.
ŞƏT-in Baş katibi ŞƏT-ə fəaliyyətinə göstərdiyi daimi diqqətə görə Azərbaycan Prezidentinə dərin minnətdarlığını bildirib. Eyni zamanda əmin olduğunu vurğulayıb ki, təşkilatın gündəliyində duran məsələlərə maraq göstərmək və ŞƏT ilə dialoqda tərəfdaş qismində fəal iştirak etmək Azərbaycan dövlətinin qurumdakı statusunun yüksəlməsinə, həmçinin ŞƏT çərçivəsində bundan sonrakı səmərəli əməkdaşlığa zəruri şərait yaradacaq.
Bu il avqustun 19-da Daşkənd şəhərində Özbəkistanın sədrliyi ilə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) II İqtisadi Forumu keçirilib. ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı tədbirdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil edib.
Tədbirə dövlət qurumlarının, bankların, şirkətlərin, sənaye assosiasiyalarının, ticarət və sənaye palatalarının rəhbərləri və ekspertlər qatılıblar. AZPROMO-nun rəhbəri forumda plenar iclasın “Beynəlxalq əməkdaşlığın xüsusiyyətləri və iqtisadi-ticarət əlaqələrinin bərpası” panelində çıxış edərək, Azərbaycanın iqtisadi inkişafı, ixrac və investisiya imkanları, eləcə də ölkəmizin ŞƏT ölkələri ilə iqtisadi tərəfdaşlığının, işgüzar dairələr arasında əlaqələrin inkişafı istiqamətləri barədə məlumat verib, Azərbaycan– Özbəkistan münasibətlərinin inkişaf etdiyini, iki ölkə arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərəfdaşlığın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Y.Abdullayev forum çərçivəsində təşkil olunan Sənaye İnnovasiyaları Sərgisi ilə tanış olub, bir sıra görüşlər keçirib.
Bu il avqustun 24-də ŞƏT-in müdafiə nazirlərinin Daşkənddə keçirilən növbəti müşavirəsində Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və MDB ölkələri müdafiə nazirlərinin görüşünü keçirməyi təklif edib.
O bildirib ki, ŞƏT, MDB və digər dost ölkələrin müdafiə nazirləri bu ilin dekabrında Moskvada görüşüb koalisiya təhlükəsizliyi məsələlərini müzakirə edə bilərlər. Bundan əlavə, nazir gələn il Rusiyada ŞƏT ölkələrinin (Sülh missiyası – 2023) birgə antiterror təlimlərinin də təşkil olunacağını qeyd edib.
Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2022.- 27
avqust.- S. 11.