Azərbaycan
bayrağının Laçın şəhərində
dalğalanması xalqımızın tarixi
uğurudur
Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun misilsiz şücaəti, fədakarlığı sayəsində İkinci Qarabağ müharibəsində haqq-ədalət bərpa edildi, otuz il işğal altında qalan torpaqlarımız düşməndən təmizləndi, əzəli-əbədi ərazilərimiz hesabına ermənilərin “böyük Ermənistan” və “Dağlıq Qarabağ respublikası” yaratmaq xülyalarına birdəfəlik son qoyuldu, qəsbkara öz yeri göstərildi. Bununla da qəhrəman silahlı qüvvələrimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini uğurla yerinə yetirdi və və tarixə “Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adı ilə düşən mürəkkəb bir etno-siyasi qarşıdurma aradan qaldırıldı. Beləliklə, Vətən müharibəsində Ermənistanın rüsvayçı məğlubiyyəti ilə Cənubi Qafqazda bu qlobal münaqişə sona çatdırıldı.
Vətən müharibəsinə qədər “Dağlıq Qarabağ münaqişəsi” məqsədli şəkildə “dondurulmuş” hala gətirilmişdi və uzun müddət elə belə də saxlanılırdı. Düşmən işğalçılıq siyasəti yürütməklə, qəsbkarlığını davam etdirməklə daim demokratiyadan, insan haqlarından dəm vuran havadarlarının dəstəyi ilə status-kvonu ATƏT-in Minsk qrupunun nəzarəti altında əbədiləşdirmək istəyirdi.
Ermənistan bu cəzasızlıq şəraitində, hətta ərazisini “hərbi uğurlarla” bir qədər də genişləndirib Qarabağ məsələsinə nöqtə qoymağı düşünürdü. Amma, səbir kasası daşan Azərbaycan 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı Qüvvələrinin növbəti hücumuna əks-həmlə əməliyyatları ilə cavab verməklə qüdrətini göstərdi, 44 gün ərzində düşməni təslim aktını imzalamağa məcbur etdi. Bununla da ölkəmiz acgöz və xain qonşu Ermənistanı cəzalandırmaqla, beynəlxalq qanun çərçivəsində uzun bir dövr işğal altında saxlanılan ərazilərini düşməndən təmizlədi, özünün ərazi bütövlüyünü reallaşdırdı, bir milyondan çox məcburi köçkünün öz doğma torpaqlarına qayıdışını şərtləndirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 2020-ci il sentyabrın 27-də Qarabağda Ermənistan silahlı qüvvələrinə qarşı başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 300-ə yaxın kənd işğaldan azad edildi. Noyabrın 10-da isə Azərbaycan, Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalandı. Bu bəyanata əsasən, dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verildi. Bununla da ermənilərin “Böyük Ermənistan” xülyasına birdəfəlik son qoyuldu.
Lakin Laçın şəhəri, eləcə də rayonun Zabux, Sus kəndləri Rusiya sülhməramlılarının məsuliyyət zonasında yerləşdiyindən, bu ərazilərdə bərpa-quruculuq işlərinin aparılması təxirə salındı. Yeri gəlmişkən, üçtərəfli Bəyanatda şəhərin və ətraf yaşayış məntəqələrinin məsuliyyət zonasından çıxarılacağı ilə bağlı dövlət başçımızın iradəsi ilə ayrıca bənd əks olunmuşdu. Belə ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən imzalanan bəyanatın 6-cı bəndində tərəflərin razılığı əsasında növbəti üç il ərzində Laçın dəhlizinə alternativ yeni yolun inşası və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanətini öz üzərinə götürmüşdü.
Azərbaycan Laçın şəhərindən yan keçən yolun tikintisini nəzərdə tutulduğu 3 il ərzində deyil, daha qısa bir vaxtda tamamladı. Bununla da Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti, uzaqgörənliyi, diplomatik bacarığı ilə Laçın şəhəri, Zabux və Sus kədlərinin sakinləri doğma yurd-yuvalarına qovuşdular.
Bu gün təkcə laçınlılar deyil, bütün Azərbaycan xalqı sevinc, fərəh içindədir. Çünki Qarabağımızın əsrarəngiz guşəsi olan Laçın öz doğma övladlarını qarşılayır.
Burada onu da qeyd edim ki, Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpasıdır. Bu qələbənin əldə edilməsi isə müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır.
Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi zəfərə nail olmaqla, haqq-ədaləti, ərazi bütövlüyünü bərpa etməklə bölgədə yeni reallıqlar yaradıb. Xalqımızın parlaq, möhtəşəm qələbə qazanması ölkəmizin siyasi nüfuzunun, iqtisadi-hərbi qüdrətinin təsdiqinə çevrilib. Bütün bunlar regionumuzda tamamilə yeni geosiyasi və geoiqtisadi vəziyyəti şərtləndirib. Nəticədə Azərbaycan dünyada öz sözü, mövqeyi, müstəqil xarici siyasəti olan ölkə imicini daha da möhkəmləndirib.
Sevinc HÜSEYNOVA,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2022.- 28 avqust.- S. 5.